İnsanlar qavrayış prosesində bir-birlərini müxtəlif sosial etalon və stereotiplər baxımından qiymətləndirirlər. Etalon fransız sözü olub ölçü nümunəsi deməkdir. Sosial etalonlar müxtəlifdir. Kişilik və qadınlıq etalonlarını buna misal göstərmək olar.
İnsanların bir-birini qavraması prosesində sosial stereotiplərin (yunanca stereos – möhkəm, turos – ad deməkdir) də öz rolu vardır. Stereotiplər müəyyən bir irqə, millətə, peşəyə və s. mənsub olan adamlar, qruplar haqqında təsəvvürlər kimi meydana çıxır
Gözümüz başqasının gözünə sataşanda həyəcanlanırıq, halına yanırıq, dərdinə şərik oluruq, özümüzün, tələbəlik illərini yadımıza salıb, ona haqq qazandırırıq, ‘‘mən də onun yerinə olsaydım elə edərdim”, - deyərik. Bu o deməkdir ki, özümüzü onun yerinə qoyuruq, başqa sözlə, özümüzü onunla eyniləşdiririk. Psixologiyada buna identifikasiya (latınca eyniləşdirmək deməkdir) deyilir.
Refleksiya (latınca geriyə müraciət etmək deməkdir) geniş anlayışdır. Refleksiya dedikdə, insanın özünü, öz daxili aləmini dərk etməsi, özünün fikir və hisslərini təhlil etməsi, özünü, öz əməllərini, özü haqqında mühakimələrini nəzərdə tuturlar. Bundan başqa, refleksiya-başqa adamların sənə necə münasibət bəslədiyini, onların səni necə başa düşdüklərini görmək və dərk etmək deməkdir. Ünsiyyət prosesində identifikasiya və refleksiya vəhdətdə meydana çıxır.
Başqa adamların qavranılması prosesində insanın onların davranış və rəftarının səbəblərini və motivlərini şərh etməsinə kauzal atribusiya deyilir
İnsanın bir başqa adam tərəfindən qavranılması prosesində müxtəlif effektlər müşahidə olunur, onların işərisində oreol effekti və yenilik effekti mühüm yer tutur.
Oreol effektinin mahiyyəti ondan ibarətdir ki, biz hər hansı bir adamı yaxşı adam kimi tanıdıqda sonralar onun nöqsanlarını adətən görmürük, davranışını, əməllərini, ayrı-ayrı keyfiyyətlərini yaranmış ilk xoş təəssürat əsasında qiymətləndiririk və əksinə, adam yeni kollektivdə özünü pis adam kimi tanıdıqda, onun hətta yaxşı əməllərinə də inanmırlar.
Oreol effekti iki formada- müsbət və mənfi oreol effekti kimi özünü göstərir.
Yenilik effekti isə tanıdığımız və tanımadığımız adamlar haqqındakı informasiyanıın əhəmiyyəti ilə bağlıdır. Müəyyən edilmişdir ki, tanımadığımız adamın davranışını izah edərkən onun haqqında başqa adamdan aldığımız yeni informasiyanı istər-istəməz nəzərə alırıq.