Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)


AZƏRBAYCAN TELEVİZİYA KANALLARINDA



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə64/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   60   61   62   63   64   65   66   67   ...   99
196
AZƏRBAYCAN TELEVİZİYA KANALLARINDA 
 ApARICILARIN LƏHCƏ YARIŞI
 Bəlkə də bu səhər televiziya kanallarının birində aparıcı “nəzərinizə 
çatdırım”, “nəzərinizə yetirim” əvəzinə “nəzərinizə salım” kəlməsini işlət-
məsəydi, bu yazını yazmaq qərarına gəlməyəcəkdim. Çünki fikirləşirdim ki, 
bu iş gündəlik jurnalist peşəsində çalışan qələm əhlinə aid olan məsələdir. 
İnanın Allaha, “nəzərinizə salım” kəlməsini eşidəndən sonra necə deyərlər 
hirs vurdu kəlləmə və yazını qələmə almaq qərarına gəldim. Dəyərli qələm 
əhli,  hörmətli  internet  oxucuları,  siz  də  mənimlə  razılaşarsınız  ki,  tele-
viziya aparıcılarının çox qisminin ədəbi dilimizə necə divan tutduğunun 
hər gün şahidi oluruq. 
 Biz bu gün ədəbi dilimizin inkişafında danılmaz xidmətləri olmuş yaşlı 
televiziya,  radio  diktorlarımızı  minnətdarlıq  hissilə  yad  edirik.  Onların 
ruhumuzu oxşayan səsi, heç bir ləhcə içində itib-batmayan təmiz, saf ədəbi 
dilimizdən qaynaqlanmış danışıq qabiliyyətləri ürəyimizin içində özlərinə 
yer edib və əziz bir xatirə kimi yaşayır. Gəlin onların adların sadalayıb 
iftixarla yada salaq. 
Aydın Qaradağlı, Sabutay Quliyev, Valid Sənani, Ofeliya Sənani, Rafiq 
Hüseynov,  Natəvan  Hacıyeva,  Roza  Tağıyeva,  Hicran  Hüseynov,  Sabir 
Ələsgərov, Şərqiyyə Hüseynova, Həqiqət Əsgərzadə, Dilsuz Mustafayev, 
Gülşən Əkbərova və başqaları. 
Bu  insanlar  efirə  çıxan  zaman  hər  hansı  verilişə  və  yaxud  xəbərlərə 
aparıcılıq edərkən biz heç vaxt ayırd edə bilməzdik ki, onlar Azərbaycanın 
hansı  bölgəsindən,  hansı  məkanındandırlar.  Əksinə,  onların  nitqindən 
ədəbi dilimizin gözəlliklərini mənimsəyirdik, çalışırdıq ki, cəmiyyət içinə 
çıxanda biz də onlar kimi ədəbi dilimizdə danışmağı bacaraq.
Bu gün Azərbaycan radio və televiziya məkanında gənc aparıcı vətən-
daşların dilimizə hansı pisliklər etdiyi sözlə deyiləsi, yazılası deyil. Bəs 
hanı Aydın Qaradağlı, Rafiq Hüseynov və o nəsil aparıcılar məktəbi? Niyə 
televiziya kanalları o nəsil aparıcıların ənənəsini davam etdirmir? Nə baş 
verir? Bəlkə doğrudan da bizə ədəbi dil lazım deyil? Efirdən addımbaşı 
sözlərin və şəkilçilərin yanlış tələffüzü eşidilir. Məsələn: Uşaq-uşax, qa-
laq-qalax, olaq-olax kimi... Bildiyimiz kimi ədəbi dilimizdə “q” səsi “ğ” 
səsi, “x” səsi “h” səsi ilə əvəz oluna bilər. Yəni uşaq yazılır, uşağ kimi 
eşidilir. Düzgün tələffüz olunmayan söz və söz birləşmələrinin, ən nəhayət, 


197
şəkilçilərin ədəbi dilimizdə nə fəsadlar törətdiyi göz qabağındadır. Əgər 
ləhcə  danışığını  biz  televiziya  kanallarına  çıxartsaq,  ədəbi  dil  dediy-
imiz  məfhum  kimə  və  nəyə  lazımdır?  Onda  qoy  hər  kəs  öz  ləhcəsində 
yazmağa və danışmağa başlasın. Ləhcələrə gəldikdə isə bir kənd bir neçə 
tayfanın, nəslin birliyindən yaranır. Hər tayfanın da özünəməxsus danışıq 
xüsusiyyətləri olur, hətta bir kəndin içində fərqli ləhcələri tutmaq müm-
kündür.  Elə  ona  görə  də  hörmətli  dilçilik  üzrə  alimlərimiz  ədəbi  dilin 
formalaşmasına qərar verdilər. Bəs bu gün nə baş verir ki, ədəbi dilimizə 
belə biganə yanaşmalar telekanallarda baş alıb gedir?!
Gəlin  indiki  aparıcıların  çoxunun  hər  hansı  bir  ölüm  xəbərini  insan-
lara  necə  çatdırmasının  təhlilini  aparaq.  Filankəs  cəbhə  xəttində,  maşın 
qəzasında, suda və yanğında öldü və yaxud vəfat etdi. Əvvəla, hörmətli 
aparıcı  xanım  və  bəylər,  cəbhə  xəttində  hər  hansı  ölüm  istər  mülkü  və-
tən daş, istərsə əsgər olsun, düşmən gülləsinə tuş gəlirsə ona deyirlər ki, 
şəhid  oldu.  Avtomobil,  helikopter,  təyyarə,  yanğın  qəzası  zamanı  dün-
yasını  dəyişənlərə  deyərlər  ki,  həlak  oldu,  suda  dünyasını  dəyişənlərə 
de yərlər,  dənizdə,  çayda,  göldə  batdı,  boğuldu.  Hər  hansı  xəstəlikdən 
dünyasını dəyişənlərə deyərlər ki, vəfat etdi. Öldü ifadəsini it, pişik, hər 
hansı heyvanla bağlı məlumat verəndə deyərlər. Hətta hər hansı məişətdə 
saxladığımız heyvanlar kütləvi şəkildə öləndə, ona da heç öldü demirlər, 
deyirlər ki, tələf oldu.
Aparıcıların  mikrofon,  səs  gücləndirici  ola-ola  efirdə  qışqıra-qışqıpa 
danışması,  sözləri  tökə-tökə,  tələsə-tələsə  tələffüz  etməsi,  öz  doğulduğu 
yerin, məkanın ləhcəsini televiziya məkanında nümayiş etdirməsi və sair. 
Görəsən,  bütün  bunlara  nə  zaman,  son  qoyulacaq?  Bəs  görəsən,  onlara 
rəhbərlik edən başçılar, rəhbərliklər bu barədə nə düşünürlər?
Hələ  mən  keçmiş  SSRİ-nin  hegemon  dili  olan  rus  dilinin  dilimizin 
ətəyindən  tutub  buraxmamasını  demirəm.  Aparıcıların  bu  dilin  yad-
daşımızda kök salmış uje, koroçi, net, obşim sözlərini sevə-sevə işlətməsi 
də ki, öz yerində. 
Hörmətli, şərafətli aparıcı əhli qoy məndən inciməsin, mən heç kəsin 
qazancına, işinə, peşəsinə mane olmaq istəmirəm. Sadəcə, bir dinləyici, 
tamaşaçı, seyrçi kimi istəyim odur ki, ədəbi dil dediyimiz məfhumun dil 
alimlərimiz  tərəfindən  tərtib  olunmuş  qayda-qanunlarına  əməl  etsinlər. 
Bu nə söz azadlığının pozulması, nə də kiminsə hüquqlarının tapdanması 
kimi  başa  düşülməməlidir.  Orta  və  ali  məktəblərimizdə  ədəbi  dilimizin 


198
incəliklərilə  tanış  olan,  bədii  kitablar  oxuyan,  mütaliəsi  bol  olan  insan 
təbii ki, aparıcılıq zamanı söz qıtlığı ilə üzləşməz. Əksinə, ədəbi dilimizi 
bizə  şərbət  kimi  daddırar,  könlümüzü,  ruhumuzu  şad  edər.  Çox  təəssüf 
hissilə qeyd etmək yerinə düşər ki, axır illər biz belə insanlarla tele-mə-
kan larda təsadüfən rastlaşırıq. Bəs bu nəyin, bəlkə pis təhsilin və ya özü-
nə məsuliyyətsiz yanaşmanın nəticəsidir? Bilmirəm. Bir onu bilirəm ki, 
Azərbaycan  telekanallarında  səhərdən  axşama,  axşamdan  səhərə  qədər 
ləhcə yarışması gedir. Mən hələ mənəviyyatımızı heçə-puça endirən şou 
xatirinə səviyyəsiz verilişlərin efirdə tüğyan etməsini demirəm. Bununla 
teleməkana tamaşaçı cəlb etmək olmaz. Siz də mənimlə razılaşarsınız ki, 
indi səviyyəli, savadlı, məlumatlı tamaşaçı, ya dilini bildiyi başqa ölkələrin 
telekanallarına üz tutur, ya da ki, virtual aləmə, yəni internet aləminə. Azər-
baycan efiri isə gündən-günə öz tamaşaçısını itirməklə məşğuldur. 
Mən  telekanallar  barədə  dərdlərimizin  bir  parasını  möhtərəm  qələm 
əhlinin və oxucuların nəzər-diqqətinə yetirdim. Allah elə eləsin ki, tele-ka-
nallarda baş alıb gedən acınacaqlı vəziyyət düzəlsin və mən bir də bu möv-
zuya qayıtmayım. Tanrı sizlərə yar olsun, ey Vətən əhli, ey məni duyanlar 
və  duymayanlar,  mənə  haqq  qazandıranlar və  qazandırmayanlar,  hələlik 
deyirəm sizlərə, hələlik…
 15.12.2012

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin