Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə63/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   59   60   61   62   63   64   65   66   ...   99
“Sudan gələn sürməli qız,
Çox incidir kuzə səni…”
Çanaqlı bulaq kim bilir neçə əsmər üzlü gözəlin kuzəsinə su doldurub, 
üz-gözünə çisək ələyib, bulaq qənşərindən keçən hansısa bir igidin oğrun 
baxışlarına tuş gələn qız sonra barmağına nişan üzüyü taxıb. Şair “Kaş bir 
çoban olaydım” bölməsində təbiət rahatlığını çobanlığın sehrli çubuğu ilə 
ölçür. Uzun yollar qət edən çobanların dağda, düzdə keçən həyatını misra-
lar içində mirvaritək sapa düzür:
Obaşdan örüşlərdə hər gün açam səhəri,
Tütəyimlə otaram, yatıram sürüləri.
Fəqət qoyun-quzudan ayrı bir şey qanmayam,
Bekara bir söz üstə alışmayam, yanmayam.


193
Ümumiyyətlə, şairlik, yazıçılıq, söz, misra pərvanəsi olmaq ürək ağ-
rısından, ağrılı-acılı günlər içində çalxalanmaqdan başqa bir şey deyildir, 
bunu  dərdi  söz  içində  dağ  edənlər  yaxşı  bilərlər,  üstəlik,  həmkarlarının 
sənə olan basqıları, soyuq baxışlar, soyuq üzlər, nifrət dolu gözlər… 
Şair “İlk bahar lövhələri” hekayətində doğulduğu elin, obanın güllü-
çiçəkli ormanlarının, yamyaşıl düzlərinin, boy-boya verib təbiətə bir loğ-
man dəqiqliyilə məlhəm edən ağacların çiçək açan vaxtında ətrafa rayihə 
səpdiyini, ruhu dilləndirdiyini rəssam təki boyalara tutur, amma rənglərlə 
yox, qəlbi təlatümə gətirən sözlərlə… O əsərə baş qəhrəman seçdiyi dostu 
Mir Mahmud ağaya üzünü tutaraq deyir:
 
Gəl, düşək maşından, Mir Mahmud ağa,
Çoxdandır bu yerə ayağım dəymir.
Üz tutaq dərədən axan bulağa,
Onun saf suyuna dodağım dəymir.
Yuxarıda  qeyd  etdiyim  kimi,  Hafiz  Rüstəm  hər  birimizin  gizli  bir 
xiffətinə çevrilmiş ocaq həsrətini, yuva istəyini “İlk bahar lövhələri”nin 
qəlb yandıran, ruh tirədən misralarında sözə gətirir, nəzmə çəkir. Ali dü-
şüncələr burulğanında özünə yer tapmayan şairin ilhamı bir qanadlı quşa 
bənzəyir.  Daxilən  öz  dünyasına  çəkilir,  hüdudsuz  səmalarda  səkdikcə 
səkir. O, onu içəridən rahat buraxmayan ruhuna qoşulub istəkli məkanlarda 
şahin təki süzdükcə süzür. Müəllif hərdənbir talalara enir, yemliklərdən, 
quzuqulağından  dadır,  boynubükük,  kol  dibində  nazlanan  bənövşələrin 
başına  tumar  çəkir,  nazlı  təbiətin  gül  qoxuyan,  bal  dadan  havasını  ci-
yərlərinə çəkir:
 
Bilirəm, yol gəlib susamısan sən,
İç dərə döşündə soyuq bulaqdan.
Dər güllü təpənin yemliklərindən,
Həzz al çeynədikcə quzuqulağından.
Şair təbiətin saf və bol nemətlərini, qarın doyduran bərəkətini saydıqca, 
insanda  şəhərin  hay-küyünü  atıb  təsvir  etdiyi  məkanlara  qaçmaq  istəyi 
yaranır.  Bax  budur,  dəyərli  oxucu,  şairin,  yazıçının  ürəyinin  təbiətlə 
həmahəng  vurmağı,  onun  nəbzini  tutmağı…  Bizlər  təbiətə  nə  qədər  di-


194
van tutsaq da, onun qədrini bilməsək də, hər addımda çirkləndirsək də tor-
paq bizdən hələ öz bar-bərəkətini əsirgəmir. Bizlər isə, sanki onun bitib-
tükənməyəcəyinin fərqindəyik. Daha fikirləşmirik ki, heç nə əbədi deyil. 
Hər bir canlı kimi torpaq da canlıdır, yalnız və yalnız onun ömrünü uzada 
bilərik,  çünki  bugünkü,  sabahkı  insanın  taleyi  ayağımızı  basıb,  üstündə 
gəzdiyimiz yerdən asılıdır. O bizi bir gün qoynundan kənara tullaya bilər. 
Bu faciənin tezliklə baş verməməsinin qarşısını almaq üçün dəyərli söz 
adamı  Hafiz  Rüstəmin  təsvir  etdiyi  ruh  oxşayan,  qəlb  ovlayan  təbiətin 
istəkli övladı olan torpağı qorumalıyıq!..
Ürəyimizi  yandıran,  qəlbimizi  sızladan  şəhid  balalarımız  bizlərə  nə 
qədər  kədər  şərbəti  içirtsələr  də,  onların  Böyük  Yaradan  qarşısında  da, 
vicdanımız qarşısında da müqəddəs mərtəbəsi var. Hər kəsə o mərtəbəyə 
qalxmaq  nəsib  olmaz!  Şair  Şəhid  bacısı  oğlu  Füzulinin  nakam  taleyinə 
misralarla heykəl yonaraq deyir:
Deməyin yatıbdır bir uyqu kimi,
Təkcə məhşər günü qalxar Füzuli.
Günəş dan yerindən çıxdığı kimi,
Hər gün qarşımıza çıxar Füzuli. 
 
Məncə, Şəhidi olmayan xalq yoxdur, əgər varsa belə xalqın yaşadığı 
yer Vətən  deyil… Vətən sahibi olmaq çox çətin bir işdir. Vətən itkisiz, 
qansız, qadasız olmayır. Onu qorumağa hünər gərək, ər gərək… Nə yaxşı 
ki, bizdə belə ərlər var… Nə qədər soyqırımlarına məruz qalsaq belə Vətən 
təəssübünü çəkənlərimizin sayı azalmayıb, azalsaydı bu gün biz Vətənsiz 
qalardıq… Minlərlə şəhidimizin yurd-yuvalara tökülən qanıyla yoğrulan, 
Vətən  torpağı,  sən  Füzuli  kimi  igid  balalarımızı  qoynunda  bəslədikcə 
məmləkətimizin  var  olma  qisməti  canımızdan  boylanacaqdır!  Onların 
ruhu  bizlərin  ruhundan  çox-çox  yüksəklərdə  olacaqdır,  hərçənd  ki,  bəzi 
sağlarımız belə düşüncə tərzinin fərqində deyillər. Sağ ikən qarın doldurub 
dünyanın naz-nemətlərini dörd əllə qucaqlayıb başqalarına daddırmayanlar, 
xəstə  ruhlarının  şəfasına  çarə  ummalıdırlar.  Bu  çarə  haqqın  tərəzisini 
əyməməkdən, başqasının qəlbinə dəyməməkdən keçir. Sizsə, dəyərli şair, 
öz bacıoğlunuzla qürur hissi keçirə bilərsiz, o bu dünyadan pak getdi, o 
qədər aramızda ruhunu çirkaba batıranlar, vicdanını yatıranlar var ki…


195
Hafiz Rüstəm “Bakıdan Yardımlıya səyahət” kitabında əsər boyu adını 
çəkdiyi, yer, yurd adları, ordan çıxan şəxsiyyətlər, maraqlı adamlar barədə 
izahlar verir, onların kim, nəçi olduğu, hardan gedib hara gəldiyi barədə 
gen-bol məlumatlar, açıqlamalar verir. Şair şahidi olduğu və olmadığı bir 
çox məqamlar barədə oxucunu hali edir. Onun “Məcnun dağ havasında” 
hekayətində təmiz bir etirafla qarşılaşırsan:
Şəhərdə kəndliyəm, kənddə şəhərli,
Yarı sevincliyəm, yarı kədərli.
Mənim kənd mənşəyim, əslim, zatım var,
Əslində ikili bir həyatım var.
Çağırır hüsnünə təbiət məni… 
Dəyərli oxucu, şərafətli, ləyaqətli söz xiridarları, fikir adamları Hafiz 
Rüstəmin “Bakıdan Yardımlıya səyahət” əsəri yaddaş-poemadır. Müəllif 
beynimizin  dərin  qatlarında  uyuyan,  hərdənbir  diksinib  ayılan  və  ruhu-
muzu  göyüm-göyüm  göynədən  ocaq  həsrətini,  yuva  istəyini  misra-mis-
ra  nəzmə  çəkir,  onun  yaddaş-poeması  bizi  geriyə  səsləyir,  gəldiyimiz 
yerlərin görüşünə tələsdirir. Unutqanlığın daşını atıb o yerlərin şirin qoxu-
sunu nəfəsimizə çəkməyə, ciyərimizə daddırmağa çağırır. Yad baxışların 
əhatəsində ötüb keçən ömrümüz istəkli yurdlarımızın, ellərimizin həsrət 
dolu ağrısını canda bəsləyir. Əsər başdan-başa bir elin, bir yurdun həyat, 
yaşam kitabıdır. 
Böyük şairimiz Məhəmmədhüseyn Şəhriyarın Heydərbaba məktəbinə 
sadiq qalıb Hafiz Rüstəm… Əsər barədə “Kredo” qəzetinin baş redakto-
ru, dəyərli araşdırmaçı-şair Əli Rza Xələfli “Yaddaşa aparan yollar” adlı 
sanballı bir kitab hasil edib. Hər iki müəllifə – Hafiz Rüstəmə və Əli Rza 
Xələfliyə yeni-yeni yaradıcılıq uğurları arzulayıram. 
Vətən duyğulu belə bir əsərin meydana gəlməsində şair qardaşım Hafiz 
Rüstəmə cansağlığı diləyi ilə:
 14.10.2012 
  



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin