SÖZÜN DƏRDİ
Həyata göz açıb, dünyanı dərk edən gündən bəşər övladının dərdə
düşdüyünün, dərddən yanıb-yaxıldığının şahidi olmuşam. Amma sözün
dərd içində çapaladığını və fəryad etdiyini görməmişdim. Yəqin ki, əziz
oxucular məndən sual edib soruşa bilərlər ki, söz niyə dərdə düşüb və onun
dərdə düşməyinin səbəbi nədir? Nədən insan xəlq olandan anlaşılmazlıqlar
içində fəğan etdiyi bir halda onun dilindən qopan sözlər də özündən beşbetər
günə qalıb? Mən bilmirəm başqa xalqlarda necədir? Çox dəqiq bilirəm
ki, bizim ölkədə söz həqiqətən də dərdə düşüb. Axı bütün ağrı-acıların
beşiyi də deyəsən söz özüdür. Deyirlər: “Gedər bıçaq yarası, getməz söz
yarası”, çünki sözdən başlayır insanın uğuru da, qəlbinə vurulan yaranın
ağırı da! Söz insanı alçaldar, müvəffəqiyyətinə əl çaldırar. Onu zirvələrə
qaldırar, dildən öz vaxtında çıxmayanda zirvələrdən kəllə-mayallaq yerə
saldırar. Ona görə sözlə oynamaq, onunla zarafat etmək düşündüyümüz
qədər də asan deyil. Söz ehsan deyil ki, dünyasını dəyişənin dostu da,
düşməni də dadsın o ehsanı! O bədənində gəzdirdiyin can deyil ki, cismin
ağrıyanda təbibə, dərmana üz tutasan ki, o sənin, azacıq da olsa, ağrılarına
şəfa bulsun. Söz insanın həm əziz dostu, həm də qəvi düşmənidir. Mən
bu yaxınlarda “Kredo” da çapdan çıxmış “Sözüm haqqı, dözüm haqqı”
məqaləmdə demişdim ki, söz adamı həm xeyir tərəfə, həm şər tərəfə çəkə
bilər, ona görə də onunla çox diqqətli və ehtiyatlı davranmaq lazımdır.
Əks halda o insanı gülüş hədəfinə və yaxud qanlı düşmənə çevirə bilər.
34
O da canlıdır, o da bizim hər birimiz kimi qayğı, sayğı, ülfət, mərifət,
ən nəhayət, böyük məhəbbətlə sevir. Bu məhəbbəti onu dildən çıxaran
sahibindən görməyəndə quduzlaşır, azğınlaşır, qəzəb içində aşıb-daşır,
bəzən də ucuzlaşır, cılızlaşır, sönükləşir, üzü bizdən dönükləşir…
İstəkli oxucular, mən bu gün bir söz adamı kimi yox, dinləyici, tamaşaçı
və oxucu kimi mənə əzab verən dərdləri sizinlə bölüşmək istəyirəm. Yəqin
ki, güman edirəm bu dərdlər sizi də azdan-çoxdan narahat etməmiş olmaz.
Ən əvvəl televiziya və radio kanallarımızda üzdən iraq, ət tökən teleşou
proqramlarında səhərdən axşama qədər at oynadan, sözü, bəstəkarı, mü-
ğən nisi özü olan, birtəhər səsilə sənətkarlıq iddiasına düşənləri heç cürə
başa düşə bilmirəm. Evlərində olan ab-havanı, ev əşyalarını, zinətli bər-
bəzəkləri geniş tamaşaçı toplumunun gözü qarşısında nümayiş etdir-
mək ən azından bu adamların səviyyəsizliyindən xəbər verir. Axı bu
tamaşaçıların içində kasıblıqdan da aşağı səviyyədə yaşayan ailələr var.
Bu insanların əsəblərilə oynamaq tamaşaçı məhəbbəti qazanmaqdırmı?
Artıq biz onların simasız üzünü görməkdən, olmayan səsini eşitməkdən
zara gəlmişik. Niyə dahi Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin,
Qara Qarayevin, Arif Məlikovun, Tofiq Quliyevin, Şəfiqə Axundovanın,
Elza İbrahimovanın, Emin Sabitoğlunun, Ələkbər Tağıyevin, Cavanşir
Quliyevin, Qulu Əsgərovun, ustad xanəndə və bəstəkar Əlibaba Məmmə-
dovun, Məmmədbağır Bağırzadənin və adını sadalamadığım bir çox ünlü
sənətkarlarımızın nəfəsindən və istedadından doğan sənət incilərimiz
bu günə qədər bizim canımızda, qanımızda dərin-dərin kök atıb ruhu-
muzun və mənəviyyatımızın kamilliyinə xidmət edir. Sözü, musiqisi,
səsi mənim deyib, səhərdən axşama qədər ekranlardan düşməyən bu
üzdəniraq müğənnilərin dəstək aldığı adamlar düşünmürlərmi fəlsəfi və
mənəvi kamilliyilə zəngin olan milli dəyərlərimizə xələl gətirirlər? Bə-
zən dəyərlərimizin varlığına xələl gətirməsələr də, gənc nəslin düşüncə
tərzinin formalaşmasına ciddi zərbə vururlar. Mənim musiqi təhsilim yox-
dur, amma onu bilirəm ki, musiqidə mahnı janrı heç də asan janr deyil.
Yəqin ki, bəstəkarlarımız bunu çox gözəl bilirlər. Bu janrda öz möhürünü,
imzanı qoymaq üçün sənin istedadın olmalıdır. İstedadsız, səriştəsiz əqldən
süzülən mahnı təbsiz yazılan şerə bənzəyir. Sözlər qupquru, ürək tellərini
titrətmir. Belə bəstəkarların yazdıqları mahnılarda ritm var, ancaq melodiya
yoxdur. Mahnı çalınır, bitən kimi sözü də, özü də bir göz qırpımında yaddan
çıxır. Musiqi bitənə kimi müğənni əl-qol atır, olmayan səslər çıxarır, mahnının
35
sözü də, özü də adamın ürəyini sıxır. Elə bilməyin ki, mən estradanı sevmirəm.
Xeyr, mənim klassik musiqidən tutmuş xalq musiqisinə, muğamata, aşıq
musiqisinə, dünya musiqisinin ən yaxşı incilərinə sonsuz eşqim və ehtiramım
var. Dəyəri olmayan sözləri və bəstəsi ilə radio və televiziya məkanlarından
səsləri və özləri düşməyən kəslərdən gedir söhbət. Bu kəsləri isə ekranlara
və radio qovşaqlarına təqdim edənlər sözdən istifadə edir. Bədbəxt söz isə
hönkür-hönkür ağlayır, bu göz yaşı onun içinə axır. Onun hönkürtüsünü bir
özü bilir, bir də onu xəlq eləyən Allahı…
İndi isə SMS barədə öz fikrimi bildirmək istəyirəm. Bu SMS deyəsən
aparıcılarına və orda işləyən işçilərin başına bəla olub, çünki indiki
zəmanədə ədəbiyyatımızda və tariximizdə, elmimizdə görkəmli yer tu-
tan şəxsiyyətlərimiz SMS vasitəsilə ya dahi olur, ya da yox, çünki bu ona
verilən səslərin çoxluğu ilə bağlıdır. Dahi adını qazanmaq üçün gərək
ki, çoxlu SMS qazansın, əks halda tarix boyu millətin yaddaşında dahi
kimi iz qoymuş şəxs də dahilikdən çıxmalı olacaq. Belə ki, ona veriləcək
dahi adının taleyi SMS-dən asılıdır. Adlarıyla tarixin yaddaşında qalmış
bu şəxslərə divan qurub, divan tutmaq, görəsən, nə dərəcədə düzgündür?
Və yaxud hər hansı televiziya verilişi gedərkən ekranın aşağı hissəsində
şıdırğı SMS yarışması başlayır. Kimi özünə nişanlı axtarır, kimi özünə dost
axtarır, kimi kimə evlənmək təklif edir, kimi kimə məhəbbətini bildirir?
Bilmirsən ki, televiziyada gedən verilişi izləyəsən və yaxud ekranın aşağı
hissəsində baş alıb gedən bu biabırçı yazışmalara diqqət kəsiləsən. Bütün
bu proseslər hamısı da bədbəxt sözlə baş verir. Bütün bunlara diqqət
kəsiləndə adam özünün hansı ölkədə yaşadığını, hansı millətə və hansı
dinə məxsusluğunu, hansı millətin təmsilçisi olduğunu unudur, sanki
hansısa yad bir planetə düşmüsən. Nə burda abır-həya, nə ismət, nə böyük-
kiçik yeri bilmək, heç nə yoxdur. Çoxsaylı tamaşaçının gözü qarşısında
kimlərsə kimləri evlənməyə, ərə getməyə, dost olmağa, bilmirəm hara,
niyə çağırır? Bütün bu hali-hekayətlər də hamısı SMS vasitəsilə, başıbəlalı
sözün iştirakıyla həyata keçirilir. Görəsən, bu yazışmalar hələ həyatın
ağrı-acısından o qədər də baş çıxarmayan, yaşının azlığıyla əlaqədar
həyat təcrübəsi olmayan gənc oğlan və qızlarımıza necə təsir edər? Bu
yaxınlarda bizim qonşuluğa SMS vasitəsilə bir qız qaçıb gəlib. Özü də
deyir ki, ərə gəlmişəm, indi hamı belə ərə gedir. Həm valideynlərinə, həm
də ər evinə qan uddurur. Budurmu inkişaf etmiş ölkələrlə ayaqlaşmaq?
Bizə inkişaf etmiş ölkələrin mənəviyyatı yox, elmi ilə, savadıyla ölkəsinin
36
yüksəlişi üçün atdığı addımlar lazımdır. Yoxsa oğlanların qulağına sırğa
taxıb saç uzatması, qızların yarıçılpaq halda ekranlarda istedad adıyla
fəğan etməsi hansısa milləti təlqin etməkdən savayı bir şey deyildir. Adam
özününküləşməkdən çıxdıqda çox rüsvayçı görünür.
Bu yaxınlarda televiziya kanallarının birində “Yasaq sevgilər” adlı bir
veriliş gedirdi. Aparıcı cavan bir qız idi. Televeriliş boyu tamaşaçılar da
ara-sıra zəng edir, öz fikirlərini bildirir. Mövzu belə qoyulmuşdu ki, sənin
ailən oldu, olmadı, sən kiməsə vurulub, kimisə sevə bilərsən. Bir tamaşaçı
qadın zəng edib evlənən gündən 20 il ərini aldatdığını və ərinin dostuyla,
evli bir kişilə yaşadığı haqda televiziya vasitəsilə aləmə car çəkdi. İyirmi
il ərinin papağını yerə soxan bir qadının fikrini camaata car çəkməklə bu
televeriliş nə məqsəd güdürdü? Bunun gənc ailə quranlara və qurmaq
istəyənlərə nə kimi xeyri ola bilər? Bu bizim mənəviyyatımıza nə kimi
xidmətlər edə bilər? Hələ həyatın ağrı-acısını dadmayan, bərkinə-boşuna
düşməyən bu gənc aparıcı qız yasaq sevginin adamın, xüsusən də ona aludə
olan bəzi qızlarımızın, qadınlarımızın başına hansı bəlalar aça biləcəyinin
fərqinə varırmı, görəsən? Öz ərini 20 il aldatmış o hiyləgər qadının dünya-
ya gətirdiyi övladları, görəsən, ondan necə tərbiyə alıb? Onlar vətənə lay-
iqli övlad ola bilərmi? Və bu kimi verilişlər həyata gözünü təzəcə açmış
gənclərə hansı tərbiyəni aşılayır? Burada hansı sevgidən söhbət gedə bilər?
Bu yalnız ağılsız hissin və heyvani ehtirasın törətdiyi fəsaddır. Bu da çox
vaxt böyük faciələr və fəlakətlərlə, hətta insan ölümüylə də nəticələnir.
İnsanın heyvandan bir fərqi olmalıdır, ya yox? Bəs dini kitablar niyə insanı
canlıların ən alisi sayır? Bəli, çünki Tanrı tərəfindən ona şüur verilib və
bu şüur da bəşəriyyəti idarə edir. Əgər insan öz hisslərinin əsirinə çevrilsə
və onu məhəbbət adlandırsa, onda onun sabahından nə olacaq? Söhbət
burda bizim ölkədən gedir, mənim qeyri-ölkə və millətlərlə işim yoxdur,
çünki hər millətin özünüaparma tərzi var. Bu da onun kimliyini həyat boyu
büruzə verir. Görəsən, ekran qarşısından və radionun pultu arxasından
insanlarımıza bu kimi cəfəngiyyatları təbliğ edənlər bilmirlərmi ki, əksər
halda xalqın nifrət və qınağına tuş gəlirlər?
Hazırda telekanallardan və radio qovşaqlarında səhərdən axşama
qədər meyxana deyənlər, bədihəçilər at oynadır və özlərini də şair adıyla
millətə təqdim edirlər. Əvvəla, hansısa qafiyəni tutub getmək şairlik demək
deyil. Meyxana ilə şairliyi bir-birinə qatmaq ən azı ustadlarımızın ruhu-
na hörmətsizlikdir. Onlar bir-biriylə tamamilə əks qütblərdə dayanırlar.
Şairlik adına layiq olanlarımız ədəbiyyatda öz sözünü deyib və indi
37
də deməkdədirlər. Düzdür, onların içində hazırda bu adın öhdəsindən
gəlməyənlər çoxdur, necə deyərlər, sözü qurtarıb və yaxud əvvəldən heç
olmayıb “yarım-yarım” deyənlərimiz yox deyildir. Meyxana deyənlərin
əksəriyyəti sözü elə bədbəxt günə qoyurlar ki, hətta onu söyüş səviyyəsinə
gətirib çatdırmaqdan belə çəkinmirlər. Bu da birbaşa efirdən və televiziya
kanallarından, çoxmilyonlu dinləyicinin və tamaşaçının gözü qarşısında
baş verir. Bu, nəinki şairin, yazıçının, bütünlükdə söz adamının, həm
də mənəviyyatımızın qədir və qiymətini bilən hər bir kəsin ürəyinə tox-
unur. Mən tamamilə meyxanaya qarşı çıxmıram. O da hansısa insanların
zövqünə müvafiqdir. İnsanlarda xarakterlər müxtəlif olduğu kimi, zövqlər
də müxtəlifdir, amma o kəslərdən xahişim budur ki, onlar özlərinə heç ol-
masa şair deməsinlər, çünki şair adı çox ağır bir addır, o adın öhdəsindən
hər şeir yazan gələ bilməz, o da ola meyxana, bədihə deyən...
Gün ərzində radio və televerilişlərimizdə aparıcıların sözün axırında “ğ,
q” səsi əvəzinə “x, f” səsini işlətmələri, sözlərinin içində yerli-yersiz “ç”
səsinin qulaqlarımızı dəlməsi ədəbi dilimizin xüsusiyyətlərindən xəbərsiz
olmasından və az mütaliə və yaxud heç mütaliə etməməsindən xəbər verir,
habelə mikrofon mədəniyyətinin olmaması, qışqıra-qışqıra danışmaqları.
Axı mikrofonun qabağında qışqırmaq niyə lazım? Efirdən səslənən hər bir
aparıcının gözəl danışıq qabiliyyəti olmalıdır. Aparıcıda nəsə çatmayan-
da və ədəbi dilin xüsusiyyətlərindən xəbəri olmayanda bu o saat verilişin
əvvəlindən özünü çılpaq şəkildə büruzə verir. Bəlli olur ki, aparıcı hansısa
bölgənin dialektinin içində batıb qalıb və o dialektdən heç vəchlə çıxa bilmir.
Ədəbi dilimiz isə onun danışığında yox dərəcəsindədir. Bu təkcə aparıcılara
yox, ədəbiyyatımızın, mədəniyyətimizin, mənəviyyatımızın keşiyində duran
bir qisim adamlara da aiddir. Onlar da efirdə çıxışları zamanı dillərindəki kəm-
kəsirlər özünü açıq məziyyətlərilə nümayiş etdirir.
Ümumiyyətlə, zəngin ədəbiyyatımız olmasına baxmayaraq bizim söz
cəhətdən dilimiz kasaddır. Az bir qisim insanlarımız var ki, onların zəngin
danışıq qabiliyyəti var, ancaq onların da çoxu bölgə dialektlərindən qopa
bilmir, çox vaxt da bunu özlərinə fəxr sayırlar. Mənə elə gəlir ki, bizi uşaq
vaxtdan evdə valideynlərimiz, məktəbdə isə müəllimlərimiz qorxudur. Ona
görə nitq mədəniyyəti bizdə bu qədər zəifdir. Bir də kitabxanalardan uzaq
düşmək, mütaliə etməmək, az bədii ədəbiyyat oxumaq və yaxud heç oxu-
mamaq da bu bəlanı törədən səbəblərdəndir. İndi ali təhsilli cavanlarımızın
çoxu bir-iki bədii kitab oxuyub, ya yox?
38
Əksəriyyətinin də kompüter və internetə başı qarışıb. Kompüteri bil-
mək və onu idarə etmək hər birimizin müasirlik baxımdan borcudur, çünki
onu bilmədən indi heç bir işdə çalışmaq mümkün deyil. Lap elə yaradıcılıqla
məşğul olanlarımız da kompüteri bilsələr, bu onların yaradıcılıq işlərinin
sürətli getməsinə kömək edər. Belə ki, onun dairəsi, gücü, tutumu makinanın
imkanlarından min dəfələrlə çox və əladır. Əla isə hər kəsin işinin irəliləyişində
uğurlu vasitədir, amma o mütaliə etmək üçün vasitə deyil. Mütaliə kitab vasi-
təsilə həyata keçirilməlidir və o insana ruhu oxşar bir dad və qida verir. Bu
qidanı özündə əxz etdirmək üçün buna uşaqlıqdan alışmaq lazımdır. Mən
qeyri-azərbaycanlılarla uzun müddət işlədiyim üçün o insanların, xüsusən
rusların kitaba, qəzetə sonsuz maraqlarının şahidi olmuşam. Onların
süpürgəçisindən tutmuş ali təhsillisinə qədər əllərində daim kitab, jurnal,
qəzet gördüm. Bizimkilər isə bir yerə cəm olanda ya bahalı əşyalardan,
pul-paradan, ya kimlərinsə varından, sərvətindən bəhs edərdilər. Mən buna
çox vaxt uzun yolu gəmi vasitəsilə qət edərkən təsadüf edərdim və bu da
məni ruhən çox ağrıdardı…
Bizim evdə öz televiziya kanallarımızla bərabər rus televiziyasını
izləmək üçün də imkan var. Mən onların televiziya kanallarında gedən
verilişlərində uşağından tutmuş böyüyünə kimi necə gözəl danışıq qabi-
liyyətlərinin olduğunu həmişə heyranlıqla və həsədlə izləyirəm. Bu da
onların, yəqin ki, mütaliə vərdişlərinin zənginliyindən xəbər verir. Mən
onların hər zaman imperialist fikirlərinə nifrət etsəm də, özlərinin dillərinin
və nitqlərinin gözəlliyinə xidməti və bu müsbət cəhətlərini misal gətirməyi
dil mədəniyyətimizdən söz açdığım üçün vacib saydım.
Dilimizdəki söz kasadlığı təkcə televiziya və radio kanallarımızda
baş alıb getmir, bu həm də müasir ədəbiyyatımızda özünü bariz şəkildə
büruzə verməkdədir. İndi əksər çapdan çıxan kitablara tez-tələsik təqdimat
mərasimləri keçirilir. Cavan yazarlarımız bədii ədəbiyyat oxumur, bu
onların yazdıqları bədii mövzunun söz kasadlığında özünü nümayiş etdirir.
Bu yaxınlarda cavan yazarlardan birinin romanını oxumağa başladım.
Birinci fəsli maraqla mütaliə etdim, ikinci fəsil tamam ayrı bir süjet
xəttindən, üçüncü fəsil bir ayrı süjet xəttindən bəhs edirdi. Beləliklə, 120
səhifəlik roman adlandırılan bədii əsər hər fəsildə ayrı bir mövzudan bəhs
edirdi. Deməli, bu müəllifin nəinki romandan, heç onun xüsusiyyətlərindən
xəbəri yoxdur. Bəlkə də ömründə bir roman belə oxumayıb. Əgər oxusaydı
o bilmiş olardı ki, roman geniş bir zaman dairəsində çoxlu obraz bolluğuyla
39
fərqlənən bədii nəsrin bir formasıdır. Bəlkə bu formaya bir yenilik gətirib,
bir oxucu kimi mənim xəbərim yoxdur? Təqdimatlar keçirilir, bəzi təqdimat
mərasimlərində müəllif öz yeni çapdan çıxmış kitabını da bəzən mərasimə
gələnlərə ərməğan edir, amma mərasimdən adamlar dağılışanda kitabların
çoxu masaların üstündə qalır. Adi etik davranış qaydalarına belə məhəl
qoymadan kitab müəllifinin ürəyini qırmaqdan belə çəkinmirlər. Düzdü,
bu ürəyi qırmaq dil ilə olmur, kitabı masanın üstündə atıb getməklə baş
verir. Əgər bu müəllifin yaradıcılığı səni qane etmirsə bəs niyə onun təşkil
etdiyi mərasimə gəlmisən? Gəlmisənsə, bəs niyə kitabı atıb gedirsən?
Burdan belə nəticə çıxarmaq olar ki, kitabı masa üstündə atıb gedənlər
özləri kitab yazmasına baxmayaraq, kitab oxumurlar. Əslində indiki vaxt-
da, demək olar ki, heç kim heç kimin kitabını oxumur... Sonra bu təqdimat
mərasimi keçirilirsə, müəllif özünü buna layiq bilirsə, qoy bunu kitabx-
analarda, mədəniyyət ocaqlarında oxucu qarşısında keçirsin, oxucu da bil-
sin ki, filankəs oxunan müəllifdir və onun filan kitabı çıxıb. Yoxsa yazar
bir neçə yazarı yığıb onların qabağında özünün yazdığını nümayiş etdirir.
Bu da yəqin yazar üçün bir təsəllidir. Bəlkə bu təsəlli də biganəliklərdən
narahat olan ürəyinə bir məlhəmdir. Zənnimcə, söz xiridarlarının bir-
birinin sənətinə hörmətsizliyi bütövlükdə ulu SÖZƏ edilən biganəlikdən
irəli gəlir. Bu biganəlik ədəbi aləmdə mükafat yarışmalarından tutmuş,
yazarın yaradıcılığına yaraşıb-yaraşmadı, ağızdolusu təriflərə qədər ged-
ib çıxır. Bu təriflər, təltiflər, mükafatlar, nəinki ədəbi aləmin iştirakçısı
və təşkilatçısı olan adamı, hətta sözün özünü də yıxır. Ədəbiyyatımız,
mədəniyyətimiz, mənəviyyatımız isə sözün özündən keçir. O təriflər də öz
sahibinə yaraşmayanda fəryad qoparır, bu fəryadın əks-sədası sonradan öz
fəsadlarıyla mənəviyyatımızda tüğyan edir.
Əziz oxucular, işğal altında olan torpaqlarımızın ağrısından dərd
içinə təkcə özümüz düşdük, amma başıbəlalı sözümüz isə ona etdiy-
imiz haq sızlıqlardan dərdə düşüb. Görürsünüz ki, sözün nə boyda dərdi
var? Bu dərd ən əvvəl bizim dilimizdən, dil vasitəsilə ədəbiyyatımızdan,
mədəniyyətimizdən və mənəviyyatımızdan keçib düz ürəyimizə zərbə
vurur. Bu zərbənin ağrısını ürək hələm-hələm çəkə bilmir. Bu ağrıya tuş
olanların çoxusu bir oxucu kimi, ən azından mənim sadaladıqlarımı qərib-
liyə salmazlar. Əslində vicdanım ağrıdığı üçün mən bunları qələmə aldım.
Bir para əhvali-vaqiyyələrimizdən bəhs etdim, bəlkə də çox uzağa getdim.
Təkcə özümüzü yox, həm də sözümüzü dərddən xilas etmək lazımdır, çün-
40
ki bizim canımızda, qanımızda ata-babalardan keçmə bir ətalət var. Bu,
bugünkü işi sabaha qoymaq ətalətidir. Allah bu ətalətdən xilas etsin bizi!
Əgər bu ətalətdən xilas yolunu taparıqsa, onda nə özümüz, nə də sözümüz
dərd içində olar. Sözün dərdi – keçər səddi, əyər qəddi. Bunu duyanlar
mərddi, duymayanlar özləri bu dünyaya dərddi! Allah heç kəsin nə özünü,
nə də sözünü dərdə salmasın. Amin!
21.04.2009
Dostları ilə paylaş: |