Ümumi hidrologiya-hidroloji hadisələrin əsas qanunlarını və fiziki mahiyyətini öyrənir.
Hidrometriya-su obyektlərində, suyun hərəkət və vəziyyətini səciyyələndirən kəmiyyətləri təyin edən üsul və vasitələri öyrənən elmdir. Beləliklə, hidrometriya suyun sürətini, səviyyəsini, dərinliyini və s. ölçmə üsullarından bəhs edir.
Hidroqrafiya-müəyyən ərazilərdəki su obyektlərinin təsvirini verir və onların həmin ərazinin fiziki-coğrafi şəraiti ilə qarşılıqlı əlaqəsini və yayılması qanunauyğunluqlarını öyrənir.
Mühəndis hidrologiyası-çayların hidravliki rejimini, su balansını, çay axımının təyini üsullarını, yatağın formalaşma prosesini və s. yəni su təsərrüfatı məsələləri üçün lazım olan hidroloji hesablamalar və proqnoz üsullarını öyrənir.
Hidrologiyanın və hidroloji hesablamaların su təsərrüfatı tikintisi işlərində böyük əhəmiyyəti var.suvarma kanallarının, su anbarlarının, körpülərin və b. hidrotexniki, meliorativ tikintilərin layihələndirilməsində su obyektlərinin hidroloji
rejiminə dair məlumatlardan geniş istifadı edirlər. Sahələrin suvarılmasında və
bataqlıqların qurudulması işlərində, çayların göllərin, bataqlıqların və digər su obyektlərinin rejiminin öyrənilməsi geniş əhəmiyyət kəsb edir. Çayın hidroloji rejimini öyrənmədən onun suvarma və su təchizatı qabiliyyətini müəyyən etmək
mümkün deyildir.
Axımı nizamlamaq məqsədilə layihələndirilən su anbarlarına aid aparılan ilkin hesablamaların əsasını hidroloji hesablamalar təşkil edir. Anbardakı olan suyun miqdarı, ondan buxarlanmaya və suvarmaya sərf olan itkilər, anbara aid olan hidrotexniki qurğuların hesabi sərfləri hidroloji hesablamalar yolu ilə müəyyənləşdirilir.
Müasir hidrologiya elminin həll etdiyi əsas məsələlərə su obyektlərinin müəyyən edilməsi, onların hesabi sərflərinin təyini, axımın paylanması, çay hövzəsindən və su səthindən olan buxarlanmanın təyini, su obyektlərinin hidroloji
rejiminin paylaşdırılması, təbii suların çirklənməsi və ona qarşı mübarizə tədbirlərinin hazırlanması və s. daxildir.
Hidrologiyada müxtəlif tədqiqat üsullarından istifadə olunur. Bunların ən geniş yayılmışları ekspedisya, stasionar və laboratoriya üsullarıdır.
Ekspedisya üsulunda geniş ərazilərin suları və ya hidroloji obyektlər kompleks şəkildə, xüsusi hazırlanmış proqramlar əsasında öyrənilir. Bu üsul
zamana görə ləng dəyişən, lakin ərazi üzrə, əksinə, kifayət qədər dəyişkən olan hidroloji hadisələrin öyrənilməsində daha çox tətbiq edilir.
Hal-hazırda çöl tədqiqatlarında hidroloji elementlərin (səviyyə, axınlar, dalğalanma, suyun temperaturu, buz hadisələri və s.) ölçülməsinin müasir üsullarından geniş istifadə edilir. Belə tədqiqatların nəticələri yalnız su obyektlərinin regional təsviri üçün deyil, həm də hidroloji proseslərin və onların amillərinin öyrənilməsi üçün vacibdir.
Stasionar müşahidələr üsulu, su obyektlərinin hidroloji rejim ünsürlərinin zamana görə dinamikasını öyrənmək üçün çox əlverişlidir. Hidrometeoroloji məntəqələrdə suyun səviyyəsi və sərfi, dalğalanma, gətirmələrin hərəkəti və s.
üzərində müntəzəm müşahidələr aparılır. Bu müşahidələr elmin və praktikanın tələblərinə müvafiq olan vahid proqramla yerinə yetirilir.
Hidrometeoroloji məntəqələrin və çöl ekspedisyalarının məlumatları xüsusi informasiya mərkəzlərində toplanır. Orada bu məlumatlar işlənir və coğrafi ümumuləşdirmələrdə, məlumat kitablarının, xəritə və atlasların, hidroloji proqnozların tərtib edilməsində geniş istifadə olunur. Ekspedisya şəraitində eksperimental tədqiqatlar da yerinə yetirilir. Məsələn, elmi-tədqiqat gəmilərində okeanla atmosferin qarşılıqlı əlaqəsi problemi üzrə elmi eksperiment həyata
keçirilir. Ayrı-ayrı ekosistemlərin su balansının dəyişməsini öyrənmək üçün xüsusi stasionarlarda eksperimentlər aparılır.
Laboratoriya üsulu suyun fiziki və kimyəvi xassələrini öyrənməyə, hidrodinamiki prosesləri modelləşdirməyə imkan verir. Laboratoriya modellərində müxtəlif hidroloji hadisələri tədqiq etmək mümkündür. Məsələn, çay yataqlarının
modellərində axınların, su sərfinin, dib gətirmələrinin tərkibinin məcra proseslərinə
təsiri öyrənilir.
Dostları ilə paylaş: |