BAKI-2021
Çayların qida mənbələri və hidroqrafın genetik
parçalanması.
Çaylar səth və yeraltı sularla qidalanırlar. Ümumiyyətlə qida mənbələri 4
növdür: yağış, qar, buzlaq və yeraltı sular. Bunlardan ilk üçü səth sularına aiddir.
Çayların qidalanmasının əsas amilllərindən biri iqlim şəraitidir və məşhur
meteoroloq A.İ.Voeykov dediyi kimi-çaylar iqlimin məhsuludur.
Müxtəlif çay hövzələrində bu və başqa qida mənbəyinin üstün olması yerli
şəraitdən asılıdır. Bəzən hövzələr üçün hansı növ qidanın üstün olduğunu
müəyyənləşdirmək mümkün olmur. Bu halda qarışıq qidalanma məfhumundan
istifadə edilir.
Çaylarda axımın yaranmasına iqlimdən başqa bitki örtüyü, torpaq, relyef və
antropogen amillər də böyük təsir göstərir. Çay hövzələrinin geoloji quruluşundan
asılı olaraq yeraltı suların qidalanmada rolu müəyyən edilə bilər. Yağışla
qidalanma əsasən leysan və uzun müddət davam edən yağışlar hesabına olur.
Leysan yağışlar qısa müddət davam edir, bu vaxt çayların sululuğu kəskin artır və
yağışdan sonra isə tədricən azalır. Uzun müddət davam edən yağış, əsasən böyük
ərazini əhatə edir və çayı uzun müddət qidalandırır. Ekvatorial və iqlim qurşağının,
Lənkəran təbii vilayətinin çayları əsasən yağış suları ilə qidalanır.
Qış zamanı yığılmış qar yazda əriməyə başlayır və ərinti suları çayları
qidalandırır. Qar sularından qidalanma qarda olan su ehtiyatlarından və ərimə
dövründəki hava şəraitindən asılıdır. Şərqi Avropanın düzənlik çaylarının axımının
50%-dən çoxunu qar suları təşkil edir.Buzlaq suyu ilə qidalanma yüksək dağlıq
rayonların çayları üçün səciyyəvidir. Buzlaq suyu ilə qidalanan çaylarda sululuq
yay dövründə artır (Amudərya, Sırdərya). Qar əridikdə və yağışdan sonra suyun bir
hissəsi torpaq-süxur təbəqəsinə hopur və yeraltı suların ehtiyatını artırır. Sonra isə
il ərzində müntəzəm olaraq çayı qidalandırır.Cənubdan şimala doğru çayların
qidalanmasında yeraltı suların rolu artır. Daimi donuşluq yayılmış ərazilərdə
yeraltı sularla qidalanma çox cüzidir. Volqa çayının illik aximının 30%-ni yeraltı
sular təşkil edir. Ümumiyyətlə, çayların su ilə qidalanmasında 2-3 qida mənbəyi
iştirak edir. Belə qarışıq qidalanma çayların əksəriyyəti üçün xarakterikdir.
Çayların axım həcmini hesabladıqda və axımın il ərzində paylanmasını
müəyyənləşdirdikdə onların qida mənbələrini öyrənmək vacibdir.
Mülayim qurşaqda çayların çoxu qar suları ilə qidalanır. Qar suları ilə yanaşı,
şimala getdikcə yeraltı və yağış sularının da payı artır.Dneprin aşağı axınından
Azov dənizinə kimi olan ərazidə, Aşağı Volqaboyunda və Şimali Qazaxıstanda
çaylar demək olar ki, ancaq yazda qqarın əriməsindən əmələ gələn sularla
qidalanır. Bu rayonlarda yeraltı sular çox dərində yerləşir, yağış suları isə əsasən
buxarlanmaya sərf olunur. Kiçik hövzəyə malik olan çayların çoxu yay aylarında
tamamilə quruyur. Çöl və meşə-çöl zonalarında yeraltı sular çox da dərində
olmadığı üçün çayların qidalanmasında iştirak edir. Ancaq yenə də həmin
zonalarda çayların əsas qida mənbəyini qar suları təşkil edir və onların axımının
əsas hissəsi yaz gursululuğu dövrünə təsadüf edir. Dağ çaylarında qidalanma çox zaman qar və buzlaq suyunun hesabına olur.
Buzlaq çayları qış aylarında ancaq yeraltı sularla qidalanır. Qeyd edək ki, dağ
çaylarının qidalanma xüsusiyyətləri yüksəklikdən asılı olaraq dəyişir.
Böyük çayların qidalanması, onların axıb keçdiyi ərazilərin müxtəlif fizikicoğrafi
şəraitə malik olması ilə əlaqədar mürəkkəb xarakter daşıyır. Belə çaylarda
qidalanma çox zaman qarışıq olur. Şərqi Asiya çaylarının qidasının əsasını musson
yağışları təşkil edir. Musson yağışları ilin isti dövründə yağır.
Qeyd etmək lazımdır ki, daimi donuşluq yayılmış ərazilərdən keçən çayların
yeraltı sularla qidalanması çox cüzi olur və həmin ərazidəki çayların qida
mənbələri qar və yağış sularıdır.
Dostları ilə paylaş: |