5. Sosial tədqiqatların statistikada rolu Tədqiqat metodları məsələnin, hadisənin və proseslərin öyrənilməsində, habelə yeni kirlərin və nəzəriyyələrin sınanmasında və yaradılmasında başlıca rol oynayır.
Tədqiqat işləri hər şeydən öncə praktiki problemlərin həlli ilə məşğul olur və əldə olunan nəticələr sonralar nəzəriyyənin inkişafına yönəldilir. Bu işlər həmçinin yeni hadisələrin dərk edilməsində yaranan çətinliklərin aradan qaldırılmasında, əvvəllər məlum olan faktların izah olunmasında və yaxud köhnə faktların kifayət qədər araşdırılmadığı hallarda yerinə yetirilir.
Tədqiqatlar qəbul edilən metodoloji mövqeyə görə iki yerə ayrılır: kəmiyyət və keyfiyyət tədqiqatları. Bu haqda müvafiq fəsillərdə geniş söz açılacağından burada kəmiyyət və keyfiyyət tədqiqatları barədə, sadəcə, qısa informasiya vermək və araşdırmanın məqsədləri ilə onlar arasındakı əlaqələri izah etmək məqsədəuyğun olardı.
Kəmiyyət tədqiqatları əsasən təsviredici və izahedici xarakterə malik olur. Onlar problemin miqyasını, tendensiyasını və gedişatını təsvir, dəyişənlər arasındakı əlaqələri müəyyən edərək, hadisələrin başvermə səbəbini izah edə bilərlər. Sosial xassələrin ədədi formaya çevrilməsi və ədədi informasiyanın toplanması kəmiyyət tədqiqatı metodologiyasına xas cəhətlərdir.
Kəmiyyət tədqiqatı metodologiyası çərçivəsində öncədən müəyyənləşdirilmiş və formallaşdırılmış strukturdan istifadə edilərək, sayca böyük seçmə məcmu üzərində sorğular aparılır, araşdırma mövzusu tədqiq olunur. İnanılır ki, çoxsaylı elementlər üzrə aparılan tədqiqatın nəticələri etibarlı ola və ümumi əhalinin səciyyəvi xüsusiyyətlərini özündə əks etdirə bilər.
Kəmiyyət tədqiqatçıları rəqəmlərlə və ədədlərlə işlədiyi halda, keyfiyyət tədqiqatçıları üçün sözlər və ifadələr əsas diqqət mərkəzindədir. Denzin və Linkoln yazırlar ki, keyfiyyət metodlarının başlıca məqsədi fərdlərin və təşkilatların davranış və fəaliyyətinin motivlərini, habelə onların baxış və müxtəlif məsələlər barəsindəki fikirlərini müfəssəl şəkildə, təfsilata vararaq öyrənməkdir. Keyfiyyət tədqiqatçıları sosial reallığı iştirakçıların gözü ilə görməyə çalışır, çünki inanırlar ki, fərdlərin dünyagörüşünü və fəaliyyətini yalnız bu üsulla başa düşmək olar. Keyfiyyət tədqiqatları sual altındakı problemi mikro-səviyyədə öyrənib izah edir.