STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018
339
çatdırılması nəzərdə tutulmuşdu. Bu dərslərin aparılmasına ən təcrübəli
zabitlər və hissələrin mollaları cəlb edilirdilər [15, 44-45].
Milli ordu quruculuğunda atılan ilk addımlardan biri də yeni hərbi ge-
yim formasına keçilməsinin qərara alınması oldu. Milli üslubda hazırlan-
mış yeni hərbi geyim əsgər və zabitlərdə milli ruhun formalaşdırılması-
na müsbət təsir göstərirdi. Bu məqsədlə xüsusi komissiya yaradılmışdı.
Həmin komissiyaya general-leytenant Əlağa Şıxlinski rəhbərlik edirdi.
Azərbaycan ordusu 1919-cu il yanvarın 11-dən yeni milli hərbi formaya
keçdi [8, 50-51]. Ancaq buna qədər artıq hərbi geyim formasında qismən
dəyişiklik edilmişdi. Həmin dəyişikliyə əsasən, yeni geyim layihələri ha-
zırlanana kimi furajkalar baş geyimi kimi istifadədən çıxarılmış və onun
yerinə papaq qəbul edilmişdi. Cümhuriyyət ordusunda tətbiq edilən yeni
geyim formasının maraqlı elementlərindən biri də poqonlar idi. Qərara
əsasən, həm hərbi qulluqçuların, həm də orduda qulluq edən hərbi
məmurların poqonları üzərinə “Azərbaycan” sözü yazılmışdı.
Ordu qruculuğu sahəsində izlənilən siyasətin mühüm istiqamətlərindən
biri də milli hərbçi kadrların hazırlanması məsələsi idi. Bu vəzifənin həllinə
nail olmaq üçün hələ 1918-ci il mart ayının 1-də əsası qoyulmuş Milli
Hərbiyyə məktəbinin fəaliyyəti yenidən quruldu və onun statusu artırıla-
raq Praporşiklər məktəbinə çevrildi [1, 15]. Məktəbdə təlim-tərbiyə prosesi
də yeni statusa uyğun olaraq yenidən quruldu. Bu statusun mahiyyəti on-
dan ibarət idi ki, əgər əvvəlcə məktəbi bitirənlər ilkin zabit rütbəsini yalnız
hissələrdə bir neçə ay xidmət etdikdən və zabitliyə layiq olduğunu sübut
etdikdən sonra alırdısa, Praporşiklər məktəbini bitirənlər isə dərhal ilkin
zabit rütbəsi olan praporşik (kiçik leytenant) rütbəsinə layiq görülürdülər.
1919-cu ilin sonunda Praporşiklər məktəbinin də statusu qaldırıldı və
onun bazasında Hərbiyyə məktəbi yaradıldı [2, 26]. Bu məktəbdə təlim-
tədris prosesi daha da təkmilləşdirildi və bu məktəbi bitirənlərə leytenant
rütbəsi verildi. Bu məktəbdən başqa Cümhuriyyət ordusunun tərkibində
milli hərbçi kadrlar hazırlayan İstehkam məktəbi, Hərbi dəmiryolçular
məktəbi və Hərbi feldşer məktəbi də açılmışdı. İstehkam məktəbi zabit
kadrları hazırlayan məktəb idisə, digər iki məktəb hərbi qulluqçuların ix-
tisasının təkmilləşdirilməsi üçün nəzərdə tutulmuşdu.
Milli ordunun sürətlə təşkilatlandırılması üçün Hərbi Nazirliyin qarşısın-
da duran mühüm vəzifələrdən biri də çağırış və səfərbərlik işinin yenidən
qurulması idi. Cümhuriyyətin təşkilindən keçən dövr ərzində bu sahədə
də dövlət maraqlarına cavab verən lazımi təcrübə hələ formalaşmamışdı.
Bu sahəyə məsul olan məmurlar, vəzifəli şəxslər arasında müşahidə edilən
qanunsuzluq və rüşvətxorluq halları, imkanlı şəxslərin müxtəlif yollarla
öz övladlarını xidmətdən kənarlaşdırmaq cəhdləri, zabitlər arasında şəxsi
|