SUAL 7. Məktəbəqədər təhsil mühitinin inkişaf etdirilməsi. Müasir məktəbəqədər pedaqoji elm və təcrübənin ən mühüm vəzifələri uşaqların sağlamlığının qorunması, onların hərtərəfli inkişafı, təlim və tərbiyə prosesinin humanistləşdirilməsi və gücləndirilməsi məsələləridir. Məktəbəqədər təhsil proqramı həyata keçirilən müəssisədə əşyavi-inkişaf mühiti təhsilin keyfiyyətinin qiymətləndirilməsi üçün ən vacib meyarlardan biridir. Məktəbəqədər müəssisələrdə təhsil mühitinin inkişaf etdirilməsi standartların həyata keçirilməsində əsas amil hesab olunur. Bu zaman fəalliyyət əsasdır və o, psixikanı qurur. Fəaliyyətsizlik şəxsiyyətin formalaşmasına mənfi təsir göstərir və imkanları məhdudlaşdırır. Bir çox alim şəxsiyyətin inkişafında fəaliyyət və fəaliyyətsizlik haqqında fikirlər bildirmişdir. Məsələn, A.V.Zaporojes fəaliyyəti yüksək dəyərləndirir və fəaliyyəti uşaqların zehni inkişafının gücləndirilməsi (zənginləşdirilməsi) kimi izah edirdi.
Təhsil mühit: • Uşaqların fiziki və psixi sağlamlığının qorunması və möhkəmləndirilməsinə təminat verir;
• Uşaqların emosional rifahını təmin edir;
• Pedaqoji işçilərin peşəkar inkişafına kömək edir;
• Dəyişən variativ məktəbəqədər təhsil üçün şərait yaradır;
• Məktəbəqədər təhsilin açıqlığını təmin edir;
• Valideynlərin (qanuni nümayəndələrin) təhsil fəaliyyətində iştirakına şərait yaradır.
Məktəbəqədər təhsil müəssisəsinin təhsil mühiti təhsil prosesinin nəticələri, şəxsiyyətlərarası münasibətlərin xarakteri və hər bir uşağın inkişafına təsir göstərir. Təhsilləndirici mühit uşaqların inkişafına şərait yaradır.
Məktəbəqədər təhsil müəssisəsinin inkişafda olan təhsil mühiti aşağıdakı komponentlərdən ibarətdir:
• Pedaqoji proses iştirakçılarının qarşılıqlı əlaqəsindən;
• Əşya-məkan mühitindən;
• Məktəbəqədər təhsilin məzmunundan.
Təhsil mühitinin bütün komponentləri bir-birilə bağlıdır və bir-birindən asılıdır: 1. Məktəbəqədər təhsil müəssisəsinin təhsilləndirici mühitinin strukturunda böyük əhəmiyyət kəsb edən təlim prosesində iştirakçıların qarşılıqlı əlaqəsi vardır. Qarşılıqlı əlaqə məktəbəqədər təhsil müəssisəsinin kollektivinin peşəkar səriştəsindən asılıdır. Kollektivin yaradıcılıq və innovasiya fəaliyyətinə hazır olması, uşaqlar və onların valideynləri ilə qarşılıqlı əlaqədə kommunikativ qabiliyyətlərin təzahürüdür. Nəticədə, təkcə hər bir uşağın deyil, həm də tərbiyəçi-müəllimin peşəkar və şəxsi inkişafı baş verir.