Novruz inanclarının əsasında insane, təbiətə həyat verən dörd ünsürün-Yelin (Havanın), Suyun, Torpağın və Odun isinməsi, "dirilməsi" durur. Odur ki, Novruz şənlikləri təzə ilin başlanmasına, yəni martın 21-nə dörd həftə qalmış keçirilməyə başlayır. Bu aya Boz ay deyirlər. Həmin ayın hər çərşənbəsi tabiətin bir ünsürü ilə əlaqələndirilmiş və beləliklə insanların təsəvvüründə ilaxır çərşənbələr yaranmışdır. Əski inamlara görə bu çərşənbələrin hər birində təbiətin dörd ünsüründən biri "dirilmişdir". İlin Novruzdan əvvəlki dörd axır çərşənbəsi müqəddəs sayılır. Bunlar Yel çərşənbəsi, Su çərşənbəsi, Torpaq çərşənbəsi va Od çərşənbəsi adlanır. Bu çərşənbələrdə də xalqımızın adət-ənənələri yaşayır. Novruzda evlər və həyətlər tozdan, çirkdən, zir-zibildən təmizlənir. Bahar bayramina 15 gün qalmış buğda və ya mərciməkdən səməni qoyulur, bayram şirniyyatı hazırlanır.