Su çərşənbəsi boz ayın dörd çərşənbəsindən biridir. Su həyatdır.Su dirilikdir.
Əski inamlarda su sağlamlığın, təmizliyin ,paklığın rəmzidir. Su çərşənbəsi günü səhər ertədən üz tutarlar axar suyun üstünə çillə kəsdirər,niyyət eləyib suyun üstündən tullanar və bu sözləri deyərlər: "Ağırlıgımı su götürsün
Bu çərşənbədə hamı bulaqda,axar çayda əl-üz yuyar, bir-birinin üstünə su çiləyirlər. Bu mübarək sudu-deyirlər.Təzə sudan gətirib evə həyət bacaya.mal-qaranın üstünə səpirlər. Deyirlər, belə il ruzili olar, bərəkət artar. Qucaqda körpələri, hətta qocaları, xəstələri də su üstündən hoppandırırlar ki, salamatlıq əmin-amanlıq, xoşbəxtlik olsun.
Bulaq başında,arx kənarında,çay kənarında,çay qırağında suyu çağıran,onun müqəddəsliyini tərənnüm edən nəğmələr oxuyurlar. Əski etiqadlara görə, su çərşənbəsi günü bir anlıq "təzə suya" qovuşanlar, azar -bezarını ona verənlər ilboyu xəstəliklərdən uzaq olarlar, günahlarını su yuyub aparar.