Yumurta döyüşdürmədə həm bişmiş, həm də bişməmiş yumurtalardan istifadə olunur. Yumurta döyüşdürənlər əvvəlcə onların bərk-boşluğunu yaxinləşdirmağa çalışırlar. Bunu,yəni döyüşdürüləcək yumurtaları dişə vurmaqla müəyyənləşdirirlər. Bu, "yumurtadadma" adlanır. Bilinəndə ki, döyüşdürülən yumurtalardan birininki digərininkindən bərkdir, boş olan yumurtanın sahibi ona: - Əy, vurum, deyir. "Əy, vurum" yumurtanın sivri tərəfindən azca aşağı nişan qoymaq deməkdir.
Döyüşmədə sındırılmış yumurtalarla oyun da maraqlıdır. Uduzulmuş sınıq yumurtaları sıraya düzürlər. Sonra buraya bir xoruz buraxırlar. Xoruz sıradakı hansı yumurtanı dimdikləyirsə, sahibi qalib sayılır. Bir oyun da bişmiş yumurtaları yoxuşdan üzüaşağı diyirlətməkdir. Hansı yumurta daha uzağa diyirlənirsə, yenə də sahibi qalib bilinir.
Tonqalçatma
Tonqalçatma ilaxır çərşənbə və Novruz bayramı axşamlarında tonqal üstündən hoppanma mərasimidir. Adətən, tonqal daha çox hər tərəfdən görünən bir yerdə yandırılır. Tongal alovlandiqca odun-ocağın şərəfinə nəğmələr deyilir, odun müqəddəsliyi tərənnüm edilir. Böyükdən kiçiyədək hamı yeddi dəfə tonqalın üstündən hoppanır. Alov səngiyəndə ağsaqqal babalar da, ağbirçək nənələr də, odun üstündən keçir bələkdə olan körpəni də tonqalın üstündən keçirirlər ki, çillədə qalmasın. İnama görə, bununla da ilin ağrısını-acısı, uğursuzluğu oda düşürüb yandırırlar.