Tərbiyəvi tədbirlər zamanı hər bir uşağın fərdi xüsusiyyəti tərbiyəçi tərəfindən düzgün nəzərə alınmalı
Həyatın IV yaş dövrünün xüsusiyyətləri.
Məktəbəqədər yaşlı uşaqların bağça dövrü dörd qrupa bölünür: 3-cü yaş dövrü kiçik qrup; 4-cü yaş dövrü orta qrup; 5-ci yaş dövrü böyük qrup; 6-cı yaş dövrü məktəbə hazırlıq qrupu. Hər qrupa daxil olan uşaqların özünəməxsus yaş xüsusiyyətləri olduğu kimi, hər bir uşağı başqalarından ayıran fərdi xüsusiyyətləri də vardır. Bağça yaşlarında uşağın orqanizminin daha da möhkəmlənməsinə, inkişafına, həmçinin, onun zehni, əxlaqi, fiziki və estetik tərbiyəsinə ciddi diqqət yetirilir.
Uşaq bağçasında uşaqların tərbiyəsini həyata keçirmək üçün aşağıdakı məsələlərə ciddi əməl olunmalıdır: a) uşaqların sağlamlığı qayğısına qalınmalı, bağçada bütün şərait və rejim gigiyenik səhiyyə tələblərinə müvafiq surətdə təşkil olunmalı, oyunlar keçirilməli, fiziki təmrinlər yerinə yetirilməlidir; b) əyləncəli oyunlar və məşğələlər, bədii söz, nəğmə, təbiətə ekskursiyalar və gəzintilər, ətraf həyatla tanışlıq vasitəsilə uşaqlar zehni və bədii cəhətdən tərbiyə edilməlidirlər; c) oyun prosesində və əmək tapşırıqlarının icrasında gücləri çatan qədər iştirak etməklə uşaqlara kollektivdə özünü aparmaq bacarığı öyrətmək lazımdır; d) uşaqların başa düşəcəyi maraqlı misallarla onlarda müstəqil Azərbaycan dövlətinə, xalqımıza, Vətənimizə, Milli Ordumuza məhəbbət hissi tərbiyə olunmalıdır. Uşaq bağçası bu vəzifələri yerinə yetirməklə uşaqları məktəbə hazırlayır. 6 yaşlı uşağın fiziki inkişafında böyük dəyişikliklər əmələ gəlir. Onun skeletində kalsium duzları artsa da, hələ sümüyün tərkibində elastiklik çox olur. Bu dövrdə uşağın boyu və çəkisi sürətlə artır ( çəkisi 14 kq-dan 22 kq-a qədər, boyu isə 92 sm-dən 116-sm-ə qədər). Uşağın fiziki qüvvəsinin artması ona bir sıra yüngül məişət işlərində iştirak etməyə imkan verir. Bu yaşda uşaqların təfəkkürləri sadə və daha konkret olur. Lakin bu yaşda uşaq artıq əşyaları müqayisə etməyi, onlarda oxşarlıq və fərqi tapmağı, ümumi cəhətləri görməyi bacara bilər, çünki onda artıq ümumi təsəvvürlər var. Təfəkkürlə yanaşı uşaqda nitq də inkişaf edir. 6 yaşında uşaq artıq bütöv cümlələrlə sərbəst danışır və rabitəli nitq qurmağa başlayır.