Pedaqogikanın ən inkişaf etmiş sahəsi və özünün dəqiq müəyyənləşmiş tədqiqat mövzusu olan, habelə konkret məsələləri əhatə edən didaktika bir sıra anlayışlara istinad edir: təhsilin məzmunu, təhsil sistemi, təhsil sisteminin prinsipləri, təhsilin məqsədi, təlim, təlimin mahiyyəti, təlimin mərhələləri, təlim prinsipləri, təlim üsulları, təlimin təşkili formaları, təlim vasitələri, müəllim, şagird, dərs, dərsin tipləri, dərsin mərhələləri, təlimdə mənimsəmə, təlim texnologiyaları, müvəffəqiyyət, nailiyyət, mənimsəməyə nəzarət, şagird nailiyyətlərinin qiymətləndirilməsi, bilik, bacarıq , vərdiş və s Pedaqogikanın formalaşmış sahələrindən biri olan didaktika özü qollara şaxələnmişdir: ümumi didaktika, xüsusi didaktika, məktəbəqədər təlim-tərbiyə didaktikası, məktəb didaktikası, ilk-peşə ixtisas məktəbi didaktikası, orta ixtisas məktəbi didaktikası, ali məktəb didaktikası, hərbi təhsil didaktikası, yaşlıların təhsili didaktikası, xüsusi məktəb didaktikası, ixtisasartırma didaktikası, əlahiddə didak-tika və s.
Ümumi didaktika təlim və təhsil haqqında nəzəriyyə kimi başa düşülür. Didaktikanın tədqiqat obyekti təhsil prosesidir. Onun predmeti isə didaktik münasibətlərdən, bu münasibətlərin mücərrəd səviyyədə modelləşdirilməsindən ibarətdir. Didaktika müəllimin rəhbərliyi altında verilən təhsil növünü (yəni təlimi) “müəllim-vasitə-şagird” (və ya tələbə) sistemi dairəsində tədqiq edir, müstəqil təhsili isə “öyrənən-material” sistemi çərçivəsində araşdırır. Təlim–tərbiyə müəssisələrində təhsil müəllimin rəhbərliyi altında verildiyindən orta məktəb didaktikası, əsasən təlim haqqında nəzəriyyə hesab edilir. Ümumi didaktika təlim prosesinin obyektiv qanunauyğunluqlarını, onları şərtləndirən amilləri üzə çıxarmağa çalışır. Söhbət bu və ya digər fənnin, yaxud bir qrup fənnin tədrisi qanunauyğunluqlarından deyil, bütün fənlərin tədrisinə xas olan ümumi qanunauyğunluqlardan gedir. Ümumi didaktika müəyyən etmişdir ki, məsələn, bütün fənlərin tədrisində təkrar olunan səciyyəvi hallar vardır; müəllim və şagird fəaliyyətinin bir-birini şərtləndirməsi, tədris vəzifələrini şagirdlərin başa düşməsinə müəllimin rəhbərliyi; tədris vəzifəsinə uyğun gələn obyektlərin əlamətlərinə aid şagirdlərdə təsəvvürlərin əmələ gəlməsi və bu əsasda anlayışların formalaşdırılması; təlim zamanı formalaşan anlayışların əməli işə tətbiqi; biliyin tətbiqi zamanı bacarıq və vərdişlərin formalaşması və s.
Xüsusi didaktikaların (bunlara çox vaxt “metodikalar” deyirlər; bəzi ədəbiyyatda “xüsusi didaktika” əvəzinə “fənn didaktikası” anlayışı da işlədilir, təbii ki, “ümumi didaktika” anlayışı ilə yanaşı “xüsusi didaktika” anlayışının işlənilməsi daha məntiqidir) vəzifəsi konkret fənlərin təlimi xüsusiyyətlərini meydana çıxarmaqdan ibarətdir. Ümumi didaktika ayrı-ayrı fənlərin tədrisi metodikasına və xüsusi didaktikaya əsaslansa da, onlara xas spesifik halları özündə ehtiva etmir. Halbuki, konkret fənni (məsələn, botanikanı, zoologiyanı, insan anatomiyası və fiziologiyasını, ümumi biologiyanı) tədris edən müəllim üçün iki cəhəti: ümumi didaktikanın müəyyənləşdirdiyi qanunauyğunluqların konkret fənnin tədrisində necə təzahür etdiyini və konkret fənnin tədrisi üçün səciyyəvi olan qanunauyğunluqları bilməsi daha vacibdir. Xüsusi didaktikaya, məsələn, bioloji fənlərin tədrisi problemlərini ümumiləşmiş şəkildə əhatə edən biologiyanın tədrisi metodikası, fizikanın ayrı-ayrı sahələrinin tədrisi məsələlərini əhatə edən fizikanın tədrisi metodikası və s. aiddir .
Ümumi didaktika bütün xüsusi didaktikaları ümumiləşmiş şəkildə özündə birləşdirir və onların özəyinə çevrilir, fənlərin tədrisinə vahid mövqedən yanaşılmasına imkan verir.