Tərtib edən: Səid Mirzai Giriş İkinci Qüds Günündən bir xatirə


Beşinci bölmə: Çıxış yolları



Yüklə 307,26 Kb.
səhifə11/17
tarix07.09.2017
ölçüsü307,26 Kb.
#29208
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

Beşinci bölmə: Çıxış yolları



Birinci fəsil: Səhv çıxış yolu

Fələstin son əlli ildə dünyanın və Orta Şərqin mühüm məsələsi olmuşdur. Bu mühüm məsələnin və bu dolaşıq problemin həlli üçün iki yol təklif olunur: bir səhv yol və bir düzgün yol.

Səhv çıxış yolu budur ki, nə insani dəyərlərə boyun əyən, nə beynəlxalq qanunlara və beynəlxalq təşkilatların qətnamələrinə tabe olan işğalçı ilə müzakirə aparıb razılığa gəlsinlər. Bu, səhv həll yoludur. Bu hər hansı bir formada olsa, səhvdir. İsrail özünün heç bir imzasına sadiq olmadığını göstərmişdir; əgər razılaşsalar da, imzalasalar da, əməl etməyəcək. Buna ən böyük və ən güclü dəlil Ramallahın bugünkü vəziyyətidir. Bəli, özləri oturub Osloda imzaladılar. Muxtar hökuməti rəsmən tanıdılar. İndi buyurun, bu, muxtar hökumətlə və müzakirə tərəfi ilə - yəni Yasir Ərəfatla etdikləri rəftardır. Bunlar öz imzalarına sadiq qalmırlar. Qarşı tərəfin bunlara verdiyi hər bir imzanın üstünə ayaqlarını qoyur və bir addım irəliləyirlər. Xislətləri belədir. Bu, düzgün həll yolu deyil. Əlbəttə, bu sözdə müraciətim nəyin bahasına olursa-olsun bu xərçəng vəzisini qorumaq istəyənlərə deyil. Onlar bu sözü qəbul etmirlər, biz bunu bilirik. Mənim sözüm ərəb, İslam hökumətlərinə, müsəlman xalqlara və dünyanın hər bir yerində olan ayıq vicdanlaradır. Mən onlarla danışıram. Təcavüzkarın ağzına yem atıb onu daha da kökəldən və sonrakı addıma qadir edən bu həll yolu düzgün deyil. Bunu Fələstinin əlliillik təcrübəsi deyir. Birləşmiş Millətlər Təşkilatında qətnamə qəbul olundu. Sionistlərin müdafiəçisi olan ABŞ da formal olaraq o qətnamələri imzalasa da, bu işğalçı onlara əməl etməyib. Heç kim də deməyib ki, gözünün üstə qaşın var. İnsan belə bir rejim və tərəflə necə müzakirə aparsın?! Bu, səhv həll yoludur, düzgün deyil.370
Müqavimətin və sülhün nəticələrinin əyan olması

Müqavimət və mübarizə örnəyi bizim qarşımızdadır. Yəni müqavimət və mübarizə ilə və sözsüz ki, ziyanlara dözməklə qələbə çalmaq olar. Eyni zamanda məğlubiyyət örnəyi də bizim qarşımızdadır və o, sülh yollarına könül verməkdən, sülhün dilənçi kasasını əldə tutmaqdan ibarətdir. Onun nəticəsi də təhqir olunmaq, xar olmaq və sonda İsrailin istəklərinin birtərəfli təminidir. Bunu da eynilə müşahidə etdik.371


Mübariz xalqın düşmən və xainləriə əhəmiyyət verməməsi

Bu gün bunlar Fələstin məsələsinin bitdiyini xəyal edərək bayram keçirirlər. Mən deyirəm: Fələstin məsələsi bitməmişdir. Səhv etməsinlər. Əlbəttə, hegemon dünya "Allah onların işığını keçirər və özlərini zülmət içərisində qoyar, (heç nə) görməzlər"372 səbəbindən bütün elmi təhlilləri ilə bu insani həqiqətləri gizli saxlaya bilməzlər.

Məsələ bitməmişdir, dəyişməmişdir. Fələstin məsələsi öz vəziyyətində qalır. Fələstinli tərəf, yəni zahiri fələstinli olan, əslində isə nə olduğunu yalnız Allahın bildiyi əskik, bədnam və üzüqara imza sahibi gedib nəyisə satası deyil. Məgər Fələstin xalqı Ərəfatdır?! Ərəfat nə karədir ki, gedib Fələstini onun işğalçıları ilə, qeyd olunmayanlardan əlavə tarixdə yüzlərlə faciəsinin qeyd olunduğu sionistlərlə bazarlıq etsin?! Məgər Deyr-Yasin hadisəsi, dinamitlə xalqın başına uçurulan kəndlər unudulmuşdur?! Məgər unutmaq olar?! Bunları kim etmişdir?! İndi onlar gəlib heç kim olan bir şəxsdən imza alırlar ki, biz dörd-beş ildir buranı işğal etmişik, indi sən gəl buranın bizim özümüzünkü olduğunu imzala. Məgər bunu edə bilər?! Məgər kimsə bunu qəbul edər?! ABŞ və sionizmin başçıları, eləcə də bu müzakirə və imza stolu arxasında oturan o zəbun və əskik adamlar bilsinlər ki, fələstinli yumruqlar daim işğalçıların başına endiriləcək. Beynəlxalq mediada hamıya göstərirlər ki, bir qrup fələstinli sevinir. Bəli, muzdur, zəif adamlar, sabahlarının nə olacağını bilməyən məlumatsız insanlar sözsüz ki, hər yerdə var. Nə üçün bu məsələdə İslam dünyasının fikri soruşulmur?! Bu məsələ bir İslam məsələsidir. Ərəb dünyasında təəssüf ki, bəzi ərəb başçıları rüsvayçı şəkildə bu xəyanətə razılaşdılar.

Gedib xalqdan müsahibə alsınlar, görsünlər xalq nə deyir. Məgər İslam ümməti bu 40-50 ildə verdiyi bütün bu qurbanlara göz yummağa razıdır?! Məgər İslam ümməti amerikalıların ürəyindən keçən hər bir şeyi ikiəlli təqdim edən bu üç-dörd xəyanətkar şah və prezidentdən ibarətdir?! İslam ümməti İslam ümmətidir. Ərəb ümməti də öz dairəsində bunlardan daha cəsarətli və daha başucadır. Bu mübarizə xalqların daxilinə keçəcək; necə ki, keçmişdir.373

Şərmüşşeyxdə və digər yerlərdə məsuliyyətsiz tərəflər arasında bağlanan bu müqavilələrin heç bir təsiri yoxdur. Bu, müqavilələri imzalayanların rüsvayçılığına səbəb olacaq, heç bir faydası və təsiri də olmayacaq.374
Müzakirənin qadağan və faydasız olması

Fələstin xalqı öz azadlığını və hüquqlarını ərəb dövlət başçılarının konfranslarında axtara bilməz. Bu toplantılar məzlum fələstinlilər üçün uğursuz və pis sonuclu olmasa da, ən azı faydasız və təsirsizdir. Bu günlərdə Fələstin tərəfindən toplaşan başçılar Fələstinin xilası fikrində səmimi olsaydılar, ABŞ prezidentinin hiyləgər təklifi qarşısında güclü və qətiyyətli mövqe seçib işğal olunmuş Fələstin daxilindəki mübarizlərə maliyyə, silah və siyasi yardım edərdilər, puç şüarlarla kifayətlənməzdilər. Əgər belə olmamışsa, ərəb dünyasının və onun hakimlərinin indiki vəziyyətinə görə olmayacaqsa da, daxildəki mübarizlər Allaha, xalqın və İslamın qüvvəsinə arxlanmalı və bilməlidirlər ki: "Nə qədər olub ki, azsaylı bir dəstə Allahın izni ilə çoxsaylı bir dəstəyə qalib gəlib! Allah dözümlü olanlarladır!375"376



Sülh, yoxsa zülm müzakirələri?

İndi dırnaqarası sülh müzakirələrinə başlayıblar ki, Fələstin müsəlmanlarının qiyamını yatırtsınlar. Məgər bacararlar?! Adını da qoyublar sülh. Bu, sülhdür, yoxsa zülm?! Məzlum Fələstin xalqının başı üzərindən aparılan bu müzakirələrə qarşı çıxmağımız sülhə qarşı çıxmaq deyil. Biz sülhün tərəfdarıyıq. Biz sülhün carçısıyıq. Biz sülhdən də üstününün tərəfdarıyıq. Biz deyirik ki, dünya müsəlmanları ilə digər insanlar arasında qardaşlıq olsun. Biz qardaşlığın tərəfdarıyıq. Biz sülhə qarşı deyilik. Amma bu gün ABŞ-da baş tutan müzakirələr sülh müzakirəsi deyil, zülm müzakirəsidir. Onlar zülmü leqallaşdırmaq, rəsmiləşdirmək istəyirlər. Biz əlbəttə ki müxalifik. Dünyanın bütün alicənab insanları müxalif olmalıdırlar. Bütün müsəlmanlar müxalif olmalı və ona qarşı çıxmalıdırlar.

Məgər kiminsə Fələstin xalqı tərəfindən bir şey imzalamağa haqqı çatır?! Məgər kiminsə ayrısının əvəzinə o xalqın evini işğalçıya satmağa haqqı çatır?! Biz ümidvarıq ki, bu müzakirələr imzalanmayacaq. Amma oraya getmiş ərəb hökumətləri imzalasalar da, o imzalar Fələstin xalqına, dünya müsəlmanlarına və bizə görə, etibarsızdır.

Məgər ərəb xalqları dövlət başçılarının gedib Fələstin xalqının evini satmalarına razıdırlar?! Əgər Allah eləməmiş belə bir imza baş tutsa, onlarla xalqlar arasındakı məsafə daha da artacaq. Bu iş xalqlarını daha da qəzəbləndirəcək. Misir xalqını daha da qəzəbləndirəcək. O misirli yazıq377 qalxıb dilənçi kimi ABŞ-a gedir ki, İrandan şikayət etsin. Elə bir yazığa şikayət edir ki, onun özü İrandan ondan artıq şikayətçidir.

Nə üçün İrandan şikayət edirsən? İslamdan şikayət et, öz müsəlman xalqından şikayət et. O kişi kimdənsə şikayət etməlidirsə, gərək Misir xalqından şikayət etsin. Misir xalqı müsəlman xalqdır. Misir xalqının İslamda parlaq keçmişi olub. Misir xalqı yeni İslam düşüncələri və İslam mübarizələri yolunda böyük nailiyyətlərə malikdir. Bu xalq qeyrətli xalqdır. Şübhə yoxdur ki, bu xalq öz başçılarının xəyanətinə razı deyil və onlarla vuruşacaq.378
Qeyrətli Fələstin gəncləri ölmüşlər?!

Qeyrətli Fələstin gəncləri ölmüşlərmi?! Fələstinə qonşu olan İslam ölkələrinin və digər İslam ölkələrinin gəncləri ölmüşlərmi düşmənlər İslam dünyasının ən böyük məsələsini rahatlıqla öz xeyirlərinə və İslam ümmətinin ziyanına həll etmək istəsinlər?! Bu gün İslam dünyasında mövcud olan bu sükut nədir?! Bir neçə il öncəyə qədər məgər İslam dünyasında kimsə “işğalçı İsrail dövləti ilə müzakirə” sözünü dilinə gətirə bilərdi?! Bir xain - o misirli tağut379 cürət etdi, addım atdı və qısa müddətdən sonra öz əməlinin cəzasını da gördü.380


Döyüş meydanında məğlubiyyətdən sonra fələstinli tərəfi müzakirəyə çəkmək hiyləsi

Çox güman ki, sionizm rejiminin və onun cinayətinin şəriki olan ABŞ-ın son bir neçə aydakı əməliyyatda uğursuzluğu onları bu bataqlıqdan xilas olmaq üçün yeni hiyləyə vadar edəcək. Fələstinli tərəfi müzakirə stolu arxasına çəkmək hiyləsinin Fələstinə yeganə təsiri fələstinli mübarizlərin sıralarında ixtilaf yaratmaq və intifazə şöləsini söndürmək olacaq. Bu hiyləyə uymaq lazım deyil. İşğalçı rejim sübut etmişdir ki, heç bir qərara boyun əymir, heç bir haqlı məntiq onu qane etmir, hegemonluqdan və ekspansiyadan başqa heç bir məntiqə inanmır. Şübhəsiz, mömin və doğruçu mübarizlər və Fələstin məsələsində xeyirxah hökumətlər bu hiyləyə aldanmayacaqlar.381



Muxtar hökumətin xəyanəti

Bu günün özündə siz baxın, görün Fələstin xalqı adlı bir şeyin ümumiyyətlə, unutdurulmasına necə çalışırlar. Sanki Fələstin adlı heç bir torpaq və bu torpağın sahibi olan heç bir xalq mövcud olmamışdır. İşə belə hazırlıq gördülər və insan çox təəccüblə, təəssüflə və heyrətlə görür ki, bəziləri də təslim olurlar. Bu gün bu, baş verir: bir dırnaqarası fələstinli təşkilatı böyük Fələstin topağının bir hissəsinə gətirir, Fələstin ölkəsinin dörd faizində yarımçıq, yalançı, formal bir hakimiyyət verirlər. Qarşılığında onlardan istədikləri budur ki, Fələstin hadisəsi, torpaq və millət məsələsi ümumiyyətlə, unudulub kənara qoyulsun, bu ziyanlı bazarlığı edənlər Fələstin xalqının, ölkəsinin və tarixinin adını çəkən hər kəsi məhv etsin.

Bu, çox məntiqsiz və axmaq bir bazarlıqdır. Belə bir bazarlığı kim qəbul edər?! Əgər bu iş görülməzdən öncə məsələnin təfərrüatını dünya xalqlarının, xüsusən də müsəlman xalqların önünə qoysaydılar və "biz Fələstin torpağının bir küncündə - bu bir qarış yerdə bir neçə fələstinliyə xəyali və yalançı bir hakimiyyət verib qarşısında bütün Fələstin məsələsini, xalqını, ölkəsini, qaçqınlarını və Fələstinin keçmişini unutdurmaq istəyirik" - desəydilər, İslam dünyasında bəlkə də belə bir işin mümkünlüyünə inanan çox az olardı. Amma bu gün bu hadisə baş vermişdir. Yəni həqiqətən, nəinki Fələstin xalqının nümayəndəsi, hətta fələstinli adlandırmağa layiq olmayan əskik və dəyərsiz bir qrup bu işi görür. Qarşı tərəflər - işğalçı dövlət və onun arxasında duran ABŞ da sadəlövhlükə Fələstin məsələsinin bitdiyini güman edirlər. Bilmirlər ki, Fələstin xalqı öz yerindədir. Bir xalqı tarixdən silmək olmaz. Xoşbəxtlikdən, insan bu gün bu xalqın arasında rəşadətli, cəsarətli, ağıllı, qeyrətli və İslama söykənən insanların mövcud olduğunu və belə bir bazarlığın baş tutmayacağını hiss edir.382
İsraillə müzakirənin nəticəsi: Qəzzəyə zalımcasına hücum

Siz görün indi Fələstində nə baş verməkdədir. Hər gün fələstinlilər qətliam olunurlar. Onlar İsraili məğlubedilməz göstərmək üçün əlli il çalışdılar. Lakin bu əlliillik əzəmət otuz üç gündə buxar olub havaya uçdu. Mütərəqqi aviatexnikadan və digər silahlardan məhrum olan mücahid və mömin bir qrup o məğrur və hegemon ordunu xar edə bildi, ona güclü zərbələr endirdi, onu dünya səviyyəsində gülünc vəziyyətə saldı. Əlli il ərzində əldə olunmuş bu hərbi əzəmətini itirən sionistlər sanki o məğlubiyyətin və rüsvayçılığın intiqamını yazıq fələstinlilərdən almaq istəyirlər. İndi bir neçə həftədir ki, Qəzzə sionsitlərin daimi hücumuna məruz qalır. Qəzzəyə bu amansız və zülmkar hücumun özü işğalçı İsraillə müzakirənin aqibətini göstərməlidir. Bəziləri deyirlər ki, müzakirə ilə sionistlərlə olan problemlərimizi həll edək. Buyurun, bu da müzakirə! Bu gün bu böyük zülm baş verir. İnsan hüquqları tərəfdarları, insan hüquqları iddiaçıları, dünyanın hər hansı bir nöqtəsində sözlərinə baxmayan dövlətləri xırda bir şey üstündə insan hüquqlarını pozmaqda ittiham edən cənablar Avropada və Qərbdə əllərini əllərinin üstünə qoyub oturublar, rahat şəkildə və laqeydliklə bu gündəlik qırğına baxırlar. Əgər bir Avropa paytaxtında küçədə bir qoyunun başını kəssələr, bu qədər rahat baxmazlar. Onlarla və yüzlərlə insanın öldürülməsi, müdafiəsiz uşaqların, qadınların, kişilərin və heç bir silahlı aksiyada iştirak etməyən şəxslərin məhvi onlar üçün bir qoyunun qanını tökmək qədər deyil. Bu gün dünyada ədalət bu vəziyyətdədir. Bəzi adamlar bu vəziyyətə baxanda deyirlər ki, siz ictimai ədalətdən danışırsınız, məgər bu, mümkündür?!383


Uay-River-2 kimi memorandumların fələstinlilərə az mənfəəti

Bu gün ortaya atılan sözlərdən biri bu qrupla İsrail başçıları arasında sülh müzakirələri məsələsidir. Bu, ən çirkin hiylələrdən biridir. Nə üçün? Ona görə ki, bunların apardığı son müzakirələrdə - öz sözləri ilə desək, Uay-River-2 müzakirələrində israillilərin götürdüyü bu öhdəliklərin hamısı həyata keçsə, ən yaxşı halda bu zavallı fələstinli təşkilata nəsib olan Fələstin torpağının dörd faizindən bir qədər artığıdır. Yəni hamısı fələstinlilərə məxsus olan bir ölkənin dörd faizini bunlara verirlər; özü də necə dörd faiz? Bu dörd faiz bir yerdə deyil, parça-parça və pərakəndə halda on yerdədir. "Gəlin burada hökumət qurun" dedikləri şəxslərə - bu bədbəxtlərin təşkilatına da əsla bir hökumət kimi rəftar etmək icazəsi verməyiblər. Bunlardan istəyiblər ki, oraya getsinlər və bu bölgənin fələstinlilərinin İsrail dövləti əleyhinə iş görməsinə nəzarət etsinlər. Yəni idarəsi mümkün olmayan məhdud, kiçik və pərakəndə bir zonanı bir ölkə adı ilə və yarımçıq formada bunların ixtiyarına veriblər. Qarşılığında İsrailin təhlükəsizlik idarələrinin özündən əlavə, bunlar da işğal olunmuş torpaqlar daxilindəki mübariz fələstinlilər əleyhinə işlər görsünlər. Bundan böyük xəyanət ola bilərmi?!384


İsraili rəsmən tanımaq xəyanətinin və ərəblərin xarlığının çıxış yolu

Tam olmasa da, çıxış yolu qalır və ərəb hökumətləri baş verən bu çirkin işi müəyyən həddə düzəldə bilərlər: bütün ərəb hökumətləri elan etsinlər ki, biz İsraili rəsmi olaraq tanımırıq və İsrailin bu rəftarına görə orada deyilən sözlər də qüvvədən düşür. Bu qərarla xalqları sevindirsinlər. Bu işi görə bilərlər, lakin ümid xalqlara və gənclərədir.385


İslam dövlət başçılarının İsrailin məhvinə iradəsizliyi

Təəssüf ki, əksər İslam dövlət başçılarının rəftarı bu böyük təhlükənin irqçi sionizm rejiminin məhvindən başqa bir şey olmayan əlacı üçün iradələrinin olmadığını göstərir, hətta əksinə, bəzi ərəb hökumətlərində Kemp-Devidin genişləndirilməsindən və Sadat xəyanətinin təkmilləşdirilməsindən əlamətlər də nəzərə çarpır. Mən bilmirəm ki, bu hökumətlər bu rəzil rəftarla, müsəlmanların və ərəblərin inadkar düşməni qarşısında rüsvayçı təslimçiliklə öz xalqlarına, eləcə də Allaha nə cavab hazırlamışlar?!386



İkinci fəsil: Düzgün həll yolu

Fələstin məsələsinin həll yolu

Fələstin məsələsinin həll yolu məcburi və yalançı yollar deyil. Fələstin məsələsinin yeganə həll yolu budur ki, işğalçı mühacirlər yox, Fələstinin həqiqi əhalisi - istər Fələstinin daxilində qalanlar, istərsə də Fələstindən bayırda olanlar özləri ölkələrinə hakim quruluş təyin etsinlər. Əgər dünyada demokratiya iddiasında olanlar xalqın iradəsini həqiqətən, meyar sayırlarsa, Fələstin xalqı da bir xalqdır və özü qərar verməlidir. Bu gün Fələstində iş başında olan işğalçı rejimin bu torpağa dair heç bir haqqı yoxdur, zalım qüvvələrin əli ilə düzəldilmiş qondarma və yalançı bir rejimdir. Buna əsasən, Fələstin xalqından bu rejimi rəsmən tanımağı istəməməlidirlər. Əgər İslam dünyasında kimsə bu səhvi etsə və bu zalım rejimi rəsmən tanısa, özünə nifrət qazanmasından əlavə, həm də faydasız bir iş görmüş olar; çünki bu rejim davam edəsi deyil. Sionistlər elə bilirlər ki, Fələstinə hakim ola bilmişlər və Fələstin həmişəlik onlara məxsusdur. Xeyr, belə deyil. Fələstinin taleyi bir gün mütləq Fələstin dövlətinin qurulmasıdır. Fələstin xalqı bundan ötrü ayağa qalxmışdır. Müsəlman xalq və hökumətlərin vəzifəsi budur ki, bu məsafəni bacardıqca azaltsınlar və Fələstin xalqının o günə çatmasına yardım etsinlər.387

Bu regionda sülh istəyənlər fələstinlilərin evini özlərinə qaytarsalar, sülh yaranar. Siz nə üçün müxtəlif milliyyətli - rus, ingilis, amerikalı, afrikalı, asiyalı şəxsləri dünyanın müxtəlif bölgələrindən buraya toplamısınız ki, bir xalqı öz evindən çıxarasınız?! Əgər sülh istəyirsinizsə, sülh digər ölkələrə məxsus olan insanların öz evlərinə qayıtması və Fələstinin fələstinlilərə verilməsi ilə mümkün ola bilər.

Fələstin fələstinlilərə məxsusdur! Əgər Fələstin torpağının əhalisi Fələstinin daxilində - yəni bölünməmiş bütöv Fələstində bir dövlət qursalar, sülh yaranar. Əgər siz doğru deyirsinizsə, Fələstin xalqı, İslam xalqları və İslam əleyhinə təxribat nəzərdə tutmamısınızsa, həll yolu budur. Lakin bu həll yoluna əməl etmək istəməsəniz, hegemon düşərgə bilsin ki, bu yığıncaqlarla və bu qərarla Fələstin məsələsi həll olunmayacaq, Fələstin mübarizləri sakit oturmayacaqlar və oturmamalıdırlar.388

Başqa bir mühüm məsələ budur ki, Fələstin məsələsi bu güzəştlərlə həll olunmaycaq; bunu bilsinlər. Həm ABŞ bilsin, həm sionistlər bilsinlər, həm də dəllallıq edənlər. Bir hissədən geri çəkilməklə məsələ bitməyəcək. Birisi gəlib sizin evinizi zorla işğal etsin, bir müddətdən sonra kiçik bir otağı, evin bir küncünü sizə verib digər yerlərini də öz adına qeyd etdirsin. Məgər belə bir şey mümkündür?! Fələstini tutublar. İndi Fələstinin bir küncündən geri çəkilməyə məcbur olublar. Kimsə deyə bilərmi çox yaxşı, indi ki, buranı verdiniz Fələstinin digər yerləri sizinki olsun?! Məgər belə bir şey mümkündür?! Fələstin məsələsi belə həll olunmayacaq. Fələstin məsələsinin yalnız bir yolu var. Bu, bizim bir neçə il öncə elan etdiyimiz yoldur: əsil-nəsəbli fələstinlilər - istər Fələstinin daxilində olanlar, istər düşərgələrdə olanlar, istər digər ölkələrdə olanlar; istər müsəlman, istər yəhudi, istər məsihi olan bu insanlar arasında sorğu keçirilsin; onlar necə istəsələr, elə də dövlət qurulsun. Bu dövlət müsəlman olsa da, məsihi olsa da, yəhudi olsa da, bunların qarışığı olsa da, fələstinlilərin öz səsindən irəli gələrsə, məqbuldur və Fələstin məsələsini həll edəcək. Əks təqdirdə, Fələstin məsələsi həll olunmayacaq.389
Bizim təklifimiz: Referendum

Möhtərəm məclis iştirakçıları! Bu toplantıda iştirak edən sizlər Fələstin məsələsində fikir sahibi və düşüncə adamısınız. Bizim bugünkü tarixi vəzifəmiz keçmişin zəif nəzəriyyə və sözlərini təkrarlamaq deyil, Fələstini sionizm rejiminin zülmü altından azad edəcək yol göstərməkdir. Bizim təklifimiz demokratiyaya tam uyğun bir çıxış yoludur. Bu, dünyanın bütün düşüncələrinin müştərək məntiqi ola bilər. O təklif budur ki, Fələstin torpağında bütün haqq sahibləri - istər müsəlmanlar, istər məsihilər, istərsə də yəhudilər bir referendum keçirib öz dövlətlərinin formasını seçsinlər və illərdir qaçqınlıq məşəqqətinə dözən bütün fələstinlilər də bu referendumda iştirak etsinlər.

Qərb dünyası bilsin ki, bu həll yolunu qəbul etməmək daim dəm vurduqları demokratiyaya sadiq olmamalarını göstərir və bu sınaq onların əleyhinə başqa bir ifşaçı olacaq.

Onlar qərb sahillərində və Qəzzədə keçirilən seçkilərin qalibi olan Həmas hökumətini də qəbul etmək istəmirdilər. Demokratiyanı sərf etdiyi təqdirdə qəbul edən şəxslər müharibə istəyən avantüristlərdir. Əgər sülhdən dəm vururlarsa, bu da yalan və hiylədən başqa bir şey deyil.390

Biz deyirik ki, həll yolu Fələstin xalqı arasında sorğu keçirməkdir; Fələstindən qaçqın düşmüş və Fələstinə, öz evlərinə qayıtmaq istəyən bütün şəxslərdən. Bu, məntiqli bir işdir. Livanda, İordaniyada, Küveytdə, Misirdə və digər ərəb ölkələrində sərgərdan qalmış bu şəxslər istəyirlərsə, öz Fələstin ölkələrinə və evlərinə qayıtsınlar. 1948-ci ildən - yəni qondarma İsrail dövlətinin qurulduğu ildən öncə Fələstində olmuş müsəlman, məsihi və yəhudilərdən fikir soruşulsun. Bunlar referendumda iştirak edib Fələstin torpağına hakim rejimi təyin etsinlər. Bu, demokratik yoldur. Necə olur ki, bütün dünya üçün demokratiya yaxşıdır, Fələstin xalqı üçün yaxşı deyil?! Necə olur ki, dünyanın bütün xalqları öz talelərini həll edirlər, lakin Fələstin xalqının buna haqqı yoxdur?! Heç kəsin şübhəsi yoxdur ki, bu gün Fələstində iş başında olan rejim zorla, hiylə ilə, kələklə və təzyiqlə hakimiyyəti ələ keçirmiş bir rejimdir. Buna heç kimin şübhəsi yoxdur. Sionistlər sülhlə gəlməyiblər, bir qədər hiylə və kələklə, bir qədər də silah və təzyiq gücünə iş başına gəliblər. Çox gözəl. Fələstin xalqı toplaşıb səs versin və öz dövlətini seçsin. Bu dövlət qurulsun və 1948-ci ildən sonra Fələstin torpağına gəlmiş şəxslər barədə istədiyi qərarı çıxarsın. Əgər qalmalarına qərar versə, qalsınlar, getmələrinə qərar versə, getsinlər. Bu həm xalqın səsverməsidir, həm demokratiyadır, həm insan hüquqlarıdır, həm də dünyanın indiki məntiqinə uyğundur.

Bəziləri deyirlər ki, belə bir şey yuxu və xəyaldır, mümkün deyil. Xeyr, mümkündür. Baltikyanı ölkələr SSRİ-nin tərkibində olduqları qırx ildən artıq bir müddətdən sonra qayıdıb müstəqil oldular. Qafqaz regionu ölkələrinin bəziləri Sovetlərin yaranmasından təxminən yüz il öncədən çar Rusiyasının tərkibində idilər, sonra müstəqil oldular. İndi Qazaxıstan, Azərbaycan, Gürcüstan və digərləri müstəqildirlər. Deməli, mümkündür, lakin iradə və əzmkarlıq, cürət və cəsarət lazımdır. Kim cəsarət göstərməlidir? Xalqlar, yoxsa hökumətlər? Xalqlar cəsarətlidir, qorxmurlar, hazır olduqlarını göstərmişlər. Deməli, hökumətlərin üzərinə vəzifə düşür; ilk növbədə də ərəb hökumətlərinin.391

Bunun tamamilə humanist və məqbul bir formulu var. O da budur ki, bütün Fələstin əhalisi - dünyanın digər yerlərindən Fələstinə mühacirət edənlər yox - düşərgələrdən və dünyanın hər bir yerindən Fələstinə qayıdıb dövlətlərini seçsinlər. Əlbəttə, bəllidir ki, istər müsəlman, istərsə də məsihi və ya yəhudi olan heç bir fələstinli London avaralarının, yaxud Moskvanın başıqapazlı ailələrinin, yaxud Amerika tüfeylilərinin bir qrupunun gəlib onların ölkəsində dövlət qurmalarına razı olmayacaq və icazə verməyəcək. Bir zaman quldurluq və qəddarlıq edən və məharətləri yalnız yaxşı vurmaqdan, yaxşı öldürməkdən, sionist və yəhudi oliqarxlarının istəklərinə uyğun yaxşı işləməkdən ibarət olan şəxslər gəlib Fələstində hakim olsalar, bəllidir ki, Fələstin xalqı və İslam dünyası belə bir şeyə icazə verməyəcək. Bu, dünyanın qəbul etdiyi formuldur. Xalqın səsinə və demokratiyaya inandıqlarını deyən insanlar, buyurun, bu da demokratiya!392
Bizim həll yolumuz

Fələstin məsələsinə dair bizim sözümüz məntiqli və məqbul sözdür. Onillər öncə ərəbin sevimli şəxsiyyəti sayılan Camal Əbdünnasir deyirdi ki, biz Fələstini işğal etmiş yəhudiləri dənizə tökəcəyik. Ondan illər sonra ərəbin ən mənfur şəxsiyyəti sayılan və sayılmaqda olan Səddam Hüseyn deyirdi ki, biz Fələstin torpağının yarısını odlayacağıq. Biz bu iki sözün heç birini qəbul etmirik. Bizim İslam prinsipimizə görə, nə yəhudiləri dənizə tökmək, nə də Fələstin torpağını odlamaq məntiqlidir. Bizim sözümüz budur ki, Fələstin xalqı öz haqqını əldə etməlidir. Bu ölkə Fələstin xalqına məxsusdur. Fələstin fələstinlilərə məxsusdur və Fələstinin taleyini də onlar müəyyən etməlidirlər. Bu, demokratiya və insan hüquqlarının iddiaçılarının iddiasının doğruluğu üçün bir sınaq meydanıdır. Xalqların və ölkələrin demokratiyasının tərəfdarı olduqlarını iddia edən şəxslər üçün Fələstin sınaq meydanıdır. Fələstin xalqı - Fələstinin sahibi olan müsəlman, məsihi və yəhudilər seçki keçirsinlər, dünya əhalisinin gözü qarşısında keçirilən bir referendumda Fələstin dövlətinin taleyini müəyyən etsinlər. O dövlət qanuni dövlət olacaq. Fələstində cinayət törədən cinayətkarlar o dövlət tərəfindən cəzalandırılsınlar; misal üçün, Şaron və digər cinayətkarlar. Dünyanın müxtəlif yerlərindən bu torpağa mühacirət etmiş insanlar barədə də o dövlət qərar çıxarsın. Bu, məntiqli sözdür. Bu gün milyonlarla fələstinli digər ölkələrdə qaçqındırlar, milyonlarla fələstinli də düşərgələrdə ən pis vəziyyətdə yaşayırlar. Onların torpağı isə digər insanların əlindədir. Bu, məntqli deyil. Üstündən əlli, yaxud əlli beş ilin ötməsi cinayəti ortadan götürmür, yüngülləşdirmir.393


Xalqların imanının atomdan güclü olması

Onlar bilmirlər ki, onların silahlarından daha güclü bir qüvvə var və o, xalqların qüvvəsidir. Hər hansı bir xalqın bir başlanğıca, bir məntiqə və bir düşüncə əsasına etiqadı olsa və möhkəm iradə ilə o məntiqin arxasında dayansa, heç bir qüvvə - nə atom, nə atomdan üstün bir qüvvə onu məğlub edə bilər. Bunlar xalqın qüvvəsini, onun iradə və əzmkarlığının arxasında dayanan Qadir və Uca Allahın qüvvəsini əhəmiyyətsiz saymışlar: "Onların və bunların hər birinə Rəbbinin nemətindən verərik".394 Hər hansı bir qrup iman bəslədiyi məqsədlər üçün çalışsa, Allah-Taala ona yardım edəcək. Əgər bir qrup Allaha imanlı olsa, o zaman onunla vuruşmaq və onu məğlub etmək onqat çətin olacaq. Məgər asandır?! Kim bu qüvvə ilə - xalqların və insanların qüvvəsi ilə dartışsa, əziləcək. ABŞ da əziləcək. Bunlar Fələstin xalqının müqavimət qüvvəsini məhv etmək istəyirlər, amma bacarmırlar. Yaxşı, bəs indi nə olacaq? Bu gün baş verən bu hadisənin zahiri və batini tərəfləri var. Zahiri tərəfi dediyimizdir: bir qrup zorla, süngü ilə, tüfənglə, tankla və ABŞ-ın siyasi dəstəyi ilə qadının, kişinin, qarının, uşağın və digərlərinin canına düşmüşdür; onları öldürür, evlərini dağıdır, qollarını bağlayır, özlərini təhqir edir, təhqirlə evlərindən qovur, ailələri didərgin salır. Bu, məsələnin zahiri tərəfidir. Amma məsələnin məğzi budur ki, zahirən qüdrətli olan həmin qüvvə öz daxilində əriyir, su olur. Fələstin xalqı qərar vermişdir. Fələstinin mübariz təşkilatları - Fəth, Həmas, Xalq cəbhəsi, Cihad, Hizbullah və digərləri əl-ələ verib qərar vermişlər. Hamısı bir nəticəyə çatmış və fədakarlıq yolunu seçmişlər; anlamışlar ki, Fələstinin qurtuluşunun yolu fədakarlığa hazır olmaqdır. Şəhadəti təcrübə edib anlamışlar ki, düşmən şəhadət istəyi və ölümdən qorxmamaq qarşısında acizdir. Yasir Ərəfat da bəyanat verib ki, mən şəhadətə hazıram. Bu, yaxşı qərardır. Ümidvarıq ki, o bu qərardan daşınmasın və sözünün arxasında dayansın. Allah yolunda şəhid olan şəxs qalır, fikri və şəxsiyyəti yaşayır. Öz ixtiyarı ilə amalı üçün fədakarlığa sarı getməyən şəxsin isə cisminin bir neçə gün qalması mümkündür, lakin şəxsiyyəti və kimliyi məhv olacaq. Şəhadət! Bunu Fələstin xalqı tapmışdır. Ümidvarıq ki, muxtar hökumətin məsul şəxsləri də dedikləri sözün arxasında dayansınlar və bu yolda öz xalqları ilə bir olsunlar, təslim olmasınlar. Düşmən də günbəgün zəifləməkdədir.395


Fələstinlilərin bugünkü mübarizəsinin iki xüsusiyyəti

Bugünkü mübarizənin iki xüsusiyyəti var. Fələstinlilərin mübarizələrində və Fələstin üçün mübarizələrdə heç zaman bu iki xüsusiyyət bir yerdə mövcud olmamışdır: biri bu mübarizənin İslam mübarizəsi olması, ikinci xüsusiyyət isə ümumxalq mübarizəsi olmasıdır. Bu iki xüsusiyyətin birliyi sionizm rejimini lərzəyə gətirmişdir. Anlayır və düzgün təyin edirlər ki, ümdə və əsas təhlükə bu gün yaranmışdır. Bu gün sionizmin varlığı qarşısında dayanan bir qrup deyil, siyasi şəxsiyyətlər deyillər ki, onları müzakirə stolu arxasında qane etmək mümkün olsun. Siz bilirsiniz ki, müzakirə stolu arxasında müxtəlif üsullarla insanları qane etmək olar; təhdidlə, tamahlandırmaqla, yalançı vədlərlə. Mübarizə xalqın içinə keçdikdə, xalqda özünüdərk yarandıqda, onlar vəziyyət qarşısında dayanmaq vəzifələrini bütün vücudları ilə hiss etdikdə, əks təqdirdə, bütövlüklə məhv olacaqlarını bildikdə, digər tərəfdən də mübarizə ifadəsi İslam inancından qaynaqlanıb qəlblərə və canlara söykəndikdə düşmən üçün çox təhlükəli olur. Bu gün belə bir vəziyyət yaranmışdır.396


Siyasi və maddi qaydaların Allahın vədinə və mömin gənclərin fədakarlığına məğlub olması

Livan İslam Müqavimətinin və başıuca Hizbullah təşkilatının qələbəsi və öz xalqı üçün yaratdığı uğurlu nailiyyət hamıya öyrədir ki, azadlığa və müstəqilliyə doğru yol cəsarətli və ədalətli rəftardan və haqqı tələb edən gənclərin iman və ayıqlığına arxalanmaqdan başqa bir şey deyil.

İndi bütün siyasi və maddi qaydalar mömin və ixlaslı gənclərin fədakarlığına məğlub olmuşdur. Onlar işğalçı sionist ordusunun aldadıcı görkəmi və məğlubedilməzliyi barədə tələsik mühakimələri əhəmiyyətsiz sayıb İslamın və Quranın aydın ayələrinin onların beynində və qəlbində yaratdığı fədakarlıq qüvvəsini düzgün dəyərləndirdilər. Allahın vədinə əmin oldular və pak canlarını səhnəyə çıxardılar.

İndi işğalçı sionistlərin hegemonluğunun və rəhmsizliyinin əlacını yalnız müqavimət, cihad və fədakarlıq məntiqində görən aydın insanların mühakiməsinin düzgünlüyü aşkara çıxdı.

Şübhəsiz, bu böyük təcrübə fədakar fələstinli gəncləri və ərəbin digər pak gənclərini işğalçı və qaniçən düşmən əleyhinə amansız mübarizə yolunda öncəkindən daha möhkəm edəcək.397
Millətçilik yox, İslam işığında mübarizə

Aydın oldu ki, nasionalizm və millətçilik böyük problemləri həll edə bilməz. Bu məsələləri İslam həll etməlidir və Allahın lütfü ilə həll edəcək. Müsəlman xalq İslam ölkələrinin hər bir yerində vardır, İslam qeyrəti və İslam qayğıkeşliyi var. Məgər bunlar asanlıqla əl çəkəcəklər?! Bir nəfər gedib imzalamışdır; qələt eləyib imzalamışdır. Onun imzalamağa nə haqqı var?!398

Mən inqilabın əvvəlində buraya gəlmiş fələstinli liderlərin birinə dedim ki, siz nə üçün İslam devizi ucaltmırsınız. Əsassız bəhanələr gətirdi. Bunu etmək istəmirdilər, İslama güvənmirdilər. Bu gün 12-13 ildən artıqdır ki, müsəlman Fələstin xalqı İslam adı və İslam şüarı ilə səhnəyə çıxmışdır. Düşmən məsələnin nə olduğunu cəld anladı. Öncəki onillikdə Fələstində intifazə başlayanda düşmənlər - yəni sionistlər və onların amerikalı dostları hamıdan öncə təhlükə hiss etdilər. Gördülər ki, bunu məhv etməlidirlər; çünki İslam adı ilədir. Çıxış yolu axtardılar, lakin tapmadılar.399
Fələstin məsələsinin həll yolu: müqavimət və mübarizə

Mənim sözüm budur ki, bu müqaviməti, bu ruhiyyəni xalqda bacardığınız qədər möhkəmləndirin. Siz haqlı olaraq dediniz ki, Fələstin məsələsinin yeganə həll yolu müqavimət və mübarizədir. Bu, düzgündür, lakin bu müqavimət və mübarizə bu xalqın əhval-ruhiyyəsini, bu xalqın ümidini qorumağa, xalqı səhnədə saxlamağa bağlıdır. Mənim fikrimcə, bu, fələstinli qurpların, Fələstin təşkilatlarının və mübarizlərinin üzərinə düşən ən böyük işdir.400

İsrail sübut etmişdir ki, zor dilindən başqa bir şey anlamır. Onunla bir xalqın və bütün dünyadakı İslam ümətinin qüdrət dilindən başqa bir yolla danışmaq olmaz. Siz İslam xaqlarının, Fələstin xalqının nümayəndələri, deputatları buraya toplaşmısınız ki, Fələstinə dair qərar qəbul edəsiniz. Qərar Fələstinin xilası olmalıdır, başqa bir şey yox. Bunun da yalnız bir yolu var: Fələstinin müqəddəs intifazə qüvvələrinin tanıdığı və izlədiyi yol, Fələstin torpaqları daxilində mübarizə yolu. Çarə yalnız budur.401
Müsəlmanlarda sülh yerinə mübarizə təfəkkürü

O zaman İsraillə rəftar barədə həmişə iki yol irəli sürülürdü: Ərəb ordularının İsraillə hərbi qarşıdurması - deylirdi ki, bu sahədə bütün təcrübələr iflasa uğramışdır - və sülh yolu. Sülh yolu dinc şəkildə İsrailin istəklərinin həyata keçməsinə səbəb olurdu və bəzi işğal olunmuş ərazilərdən geri çəkilmək qarşısında ərəb ölkələrinin hərbi gücünün inkişaf etməməsinə zəmanət verirdi. Biz bunun bənzərinə Kemp-Deviddə şahid olduq. O günlərdə müqavimət örnəyi irəli sürülmürdü və deyilirdi ki, ümumi şəkildə qəbul olunmur. Lakin indi bu bizim qarşımızda olan uğurlu bir örnəkdir. Bu örnək ilk dəfə olaraq işğal olunmuş torpaqları İsrailə heç bir imtiyaz vermədən azad edə və sionizm rejiminin bu ərəb ölkəsinin – yəni Livanın paytaxtında öz bayrağını ucaltmaq istəyinin həyata keçməsinə mane ola bildi. Kemp-Deviddə İsrailin geri çəkilməsinin şərti Misir ordusunun Sinayın şimalına göndərilməməsi idi, lakin Livanın cənubunda həmin İsrail İslam müqavimətinin qüvvəsindən nigaran halda yalvararaq Livan ordusunun Fələstin və Livan sərhədinə göndərilməsini istəyir. Yəni müqavimət üstünlüyü tam şəkildə Livanın cənubuna və digər işğal olunmuş bölgələrə qaytarmağı bacardı.402


İşğalçı rejimlə mübarizənin ümumi xətti

İşğalçı rejimlə mübarizənin ümumi xətti bu olmalıdır:

a) İşğalçı rejimi işğal olunmuş torpaqların sərhədləri daxilində həbs etmək, onun iqtisadi və siyasi tənəffüs şəraitini daraltmaq və ətraf mühitlə əlaqələrini kəsmək;

b) Fələstin xalqının ölkə daxilində müqavimət və mübarizəsini davam etdirmək və son qələbəyə qədər onlara lazım olan hər növ köməyi göstərmək.403


Fələstin Bəsici

Mənim əzizlərim! Fələstində də Bəsic var. Fələstin Bəsici bu gün dünyanın diqqətini özünə yönəltmişdir. Fələstin məsələsinin taleyi bir neçə siyasətçinin əlində olanda, onda xalqın rolu olmayanda, gənclərin sözü keçməyəndə tale gördüyünüz olur: rəzillik ardınca rəzillik, güzəşt ardınca güzəşt, düşmənə imtiyaz vermək, biri o birindən sonra səngərləri boşaltmaq. Bu, xalqın səhnədə olmadığı zamana aiddir. Xalqı kənara qoydular, xalqı cəlb edən həqiqi iman maraqlarını unutdular və Fələstin məsələsini on illərlə geri saldılar.


Sionistlərin geri çəkilməsi

Sionistlərin otuz səkkiz illik işğaldan sonra Qəzzədən geri çəkilmələri çox mühüm hadisədir. Bilməniz maraqlıdır ki, bu, sionizm rejiminin seçimi deyildi, məğlubiyyət və məcburiyyət idi, çarəsizlikdən baş verdi. İndi bu məğlubiyyətin psixoloji təzyiqi sionist xalqın və dövlətin bütün sahələri üzərində təsir buraxmışdır. Onların bəzisi küsür, bəzisi etiraz edir. Bir neçə gün öncə Tel-Əvivdə iki yüz min nəfərlik bir mitinq keçirildi. Onlar təlatümdədirlər, lakin çarələri yoxdur. Bəziləri bu geriçəkilmənin müzakirə səbəbindən baş verdiyinə inandırmaq istəyirlər. Bu, çox uşaqcasına sözdür. Fələstinin yetmişillik işğalı boyunca sionistlər müzakirə ilə işğal olunmuş bir metr torpaqdan da geri çəkilməyiblər. Nə müzakirəsi?! Bu geriçəkilmə fələstinlilərin müqavimətinə görə idi. Birinci hadisə Livanın cənubundan gerikəkilmə və qaçma idi. Bu da müqavimətin təsirindən yaranan ikinci hadisədir. Fələstin xalqı bilsin, Fələstinin cihad qrupları bilsinlər və bu tələyə düşməsinlər ki, guya müzakirə Qəzzəni azad etdi. Xeyr, müzakirə Qəzzəni və ya başqa bir yeri azad etmədi. Heç zaman da heç bir yeri azad etməyəcək. Qəzzəni azad edən Fələstin xalqının müqavimət gücü oldu. Onlar çarəsiz qaldılar.404


Fələstinin dərdinin dərmanı: İslam və söz birliyi

Əfqan mücahidlər İslamın və söz birliyinin sayəsində əcnəbi ordunu qova bildilər. Əgər yenə də bu iki amilə arxalansalar, o ölkədə özlərinin istədikləri ləyaqətli hökuməti qurub indiki asılı rejimi devirə bilərlər. Bu iki amil eynilə Fələstin və Livanın da bütün dərd və problemlərinin açarıdır.405


İman sayəsində günbəgün artan iqtidar

Bizim Fələstin məsələsində müşahidə etdiyimiz bu inkarolunmaz nailiyyətlər hegemon və küfr cəbhəsi qarşısında müqavimətin günbəgün artan iqtidarını göstərir. Bu, aydın məsələdir. Bu sahədə görünənlər Allaha imandan, təvəkküldən və mübarizəyə mənəviyyat amilini daxil etməkdən irəli gəlir. Əgər mübarizə imanla yanaşı olmasa, təhlükəyə uğrayar. Mübarizə o zaman müvəffəqiyyət qazanar ki, onda Allaha iman və təvəkkül olsun. Siz xalqda din ruhiyyəsini, ilahi vədlərə həqiqi imanı və Allah-Taalaya təvəkkülü gücləndirməlisiniz. Allah-Taalaya və ilahi vədə qarşı nikbinliyi xalqda gücləndirin. Bizim özümüz də Allah-Taalaya nikbin olmalıyıq. Allah-Taala ən doğru danışandır. O bizə deyir: "Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər".406 O bizə buyurur ki, kim Allah üçün olsa, Allah da onun üçün olar. O deyir ki, düşməndən qorxmayın, şeytanın hiyləsi həqiqətən, zəifdir407. O bizə bunu bildirir. Allah-Taala doğruçudur. Biz bu yolda öz vəzifəmizə əməl etsək, Allah üçün çalışsaq, mübarizə aparsaq, Allahın razılığını məqsəd seçsək, qələbə mütləq bizim olacaq.408


Fələstinin azadlığının müqavimətlə şərtlənməsi

Mən sizə deyirəm: Fələstin xalqının öz hüquqları uğrunda qələbəsi İran xalqının İslam Respublikası qurmaq qələbəsindən çətin deyil. Tağutun bu ölkədə hakim olduğu zaman kimsə dünyanın və regionun vəziyyətinə baxsaydı, burada tağut rejiminin dəyişilməsinin və özü də bir İslam quruluşuna çevrilməsinin qətiyyən imkansız olduğunu deyərdi. Bu, qeyri-mümkün görünürdü, təbii və adi meyarlara görə belə bir şey mümkün deyildi. ABŞ-ın bu regionda hədsiz qüdrəti vardı, şah rejimini qeyd-şərtsiz müdafiə edirdi. Burada mübarizlər üçün də heç bir imkan yox idi. O zaman bizim imkanlarımız bu gün sizin Qəzzə, yaxud qərb sahillərində olan imkanlarınızdan çox az idi. Amma eyni zamanda qələbə baş tutdu. Bu qeyri-mümkün iş mümkün oldu və həyata keçdi; mübarizənin davamı, Allaha təvəkkül və Böyük İmamımızın iradəli və qətiyyətli rəhbərliyi sayəsində. Mən deyirəm ki, Fələstində də bunun baş tutması mümkündür. Bəzi adamlar vəziyyətə, ABŞ-ın gücünə, Qərbin sionistlərə dəstəyinə, sionistlərin ABŞ-da və dünyanın digər yerlərində maliyyə şəbəkələrinin, təbliğatlarının gücünə baxırlar. Düşünürlər ki, Fələstini fələstinlilərə qaytarmaq imkansız bir işdir. Mən deyirəm ki, xeyr, bu imkansız iş müqavimət və dirəniş şərti ilə mümkün olacaq. Allah-Taala buyurur ki, buna dəvət et və əmr edildiyi kimi möhkəm dayan409. Müqavimət lazımdır, dirəniş lazımdır, yolu davam etdirmək lazımdır. Yolu davam etdirməyə lazım olan işlərdən biri sizin bu toplantılarınızdır, həmrəyliyinizdir, beynəlxalq təbliğatınızdır. Onlar dünyanın ictimai rəyini zəhərləyiblər.410


Allahın dünyada mübarizlərə yardımı

Bir çox ərəb hökumətləri Qəzzə hadisəsində və ondan öncəki digər hadisələrdə çox pis imtahan verdilər. Nə zaman Fələstin məsləsindən söz düşdüsə, daim dedilər ki, Fələstin məsələsi ərəb məsələsidir, əməl zamanı çatdıqda isə Fələstin məsələsi ümumiyyətlə, kənara qoyuldu. Fələstinə, fələstinliyə, özlərinin ərəb qardaşlarına kömək etmək əvəzinə hamısı geri çəkildilər, çox pis imtahan verdilər. Bunlar da tarixdə qalacaq. Bu cəzalar yalnız axirətə məxsus deyil, dünyada da belədir. Necə ki, Allahın mübarizə aparan sizlərə yardımı oraya məxsus deyil. Burada oxunan və cənab Xalid Məşəlin də təkrarladığı bu ayədə mələklər deyirlər: "Biz dünyada da, axirətdə də sizin dostlarınızıq".411 Buna əsasən, yalnız axirət üçün deyil, dünyada da Allahın mələkləri və mənəvi qüvvələri "Rəbbimiz Allahdır" - deyib sonra möhkəm dayanan412 şəxslərə kömək edirlər. İndi biz onların yardımını dünyada öz gözlərimizlə görməkdəyik. Allahın mələkləri səkkizillik müdafiədə bizə kömək etdi. Biz bu köməyi öz gözlərimizlə gördük. İndi maddiyyata qərq olmuş bir insan inanmırsa, inanmasın. Biz bu yardımı gördük. Bu gün Allahın mələkləri bizə kömək etməkdədirlər. Bu gün də biz Allahım yardımı ilə duruş gətiririk. Bizim hərbi gücümüz ABŞ-la müqayisəolunası deyil. İqtisadi gücümüz, maliyyə, təbliğat imkanlarımız, siyasi fəaliyyət dairəmiz ABŞ-la müqayisəolunası deyil. Amma eyni zamanda biz ABŞ-dan güclüyük. O, daha pullu, daha silahlı, onun təbliğat, maliyyə və siyasi imkanları daha geniş olsa da, zəifdir və biz daha güclüyük. Bizim güclü olmağımızın dəlili budur ki, ABŞ-la qarşılaşdığımız bütün sahələrdə o, addım-addım geri çəkilir, biz isə geri çəkilmirik, irəliləyirik. Bu, İslamın, ilahi yardımın və Allahın mələklərinin köməyi sayəsində mümkün olub. Bizim bunlara etiqadımız var, bunları öz gözlərimizlə görməkdəyik.413


Həll yolu: birlik

Bu gün İslam ümmətinə hər şeydən çox birlik lazımdır. Birlik əldə edək, sözümüzü, qəlbimizi bir edək. Bu, böyük müsəlman ümmətində bütün aparıcı şəxslərin vəzifəsidir. Hökumətlər, ziyalılar, din alimləri, müxtəlif siyasi və ictimai fəallar İslam ümmətini oyatmağa, bu həqiqətləri deməyə, İslam düşmənlərinin yaratdığı bu acı vəziyyəti aydınlaşdırmağa və izah etməyə, xalqı vəzifəsini yerinə yetirməyə çağırmağa borcludurlar. Bu bizim hamımızın vəzifəsidir.414


Fələstin məsələsinin həllinə örnək: İmam Hüseyn (ə) hərəkatı

İmam Hüseyn (ə) bu hərəkəti etməli idi ki, belə bir şəraitdə müsəlman üçün yolu göstərsin. O, sonrakı əsrlərin bütün müsəlmanlarına örnək göstərdi, proqram yazdı. Lakin bu proqram boşboğazlıq və uzunçuluq, "əmr et, özün otur" proqramı deyildi, əməli proqram idi. Onun özü hərəkət etdi və göstərdi ki, yol budur. O, Peyğəmbərin dilindən söyləyir ki, siz İslamın kənara qoyulduğunu, zalımların xalqa hakim olduğunu, Allahın dinini dəyişdirdiklərini, fasiqliklə və günahla xalqla rəftar etdiklərini gördüyünüzdə buna qarşı çıxıb qiyam etməsəniz, Allah-Taala sizinlə Onun haramlarını halal edən şəxs kimi rəftar edəcək. Proqram budur. İmam Hüseynin (ə) qiyamı budur. Bu qiyam yolunda dünyanın ən əziz canı olan İmam Hüseynin (ə) pak, mübarək və dəyərli canı qurban getsə də, İmam Hüseynə (ə) görə, çox deyil; İmam Hüseynin (ə) sahəbələri olan ən yaxşı insanların canı da qurban olunsa, İmam Hüseynə (ə) görə, ağır qiymət sayılmır. Allah ailəsi, Peyğəmbər hərəmi və Zeynəb kimi bir şəxsiyyət yadlara əsir olsa da, - Hüseyn ibn Əli (ə) bilirdi ki, bu biyabanda öldürüldükdə onlar bu qadın və uşaqları əsir edəcəklər - bu əsirlik və ağır qiyməti ödəmək İmam Hüseynə (ə) görə, bu məqsəd üçün çox deyildi. Bizim ödədiyimiz bədəl bu ödənişlə İslam, müsəlmanlar, İslam ümməti üçün əldə olunanla ölçülməlidir. Bəzən insan yüz tümən xərcləyir, amma israf etmiş olur. Bəzən isə yüz milyard xərcləsə də, israf sayılmır. Baxmaq lazımdır ki, qarşılığında nə alırıq.

İslam inqilabı bu proqrama əməl etdi. Bizim Böyük İmamımız bu proqrama əməl etdi. Bir qrup yaxıngörən və dayaz düşüncəli insan - sözsüz ki, onlar yaxşı insanlar idilər, pis adamlar deyildilər - deyirdi ki, bizim ən yaxşı gənclərimizi ölümə verilirlər. Elə bilirdilər ki, imam bu gənclərin canının təhlükəyə düşdüyünü bilmir, ona ürəkləri yanırdı. Bu, hesablamanın düzgün aparılmamasından irəli gəlirdi. Biz məcburi müharibədə də çoxlu şəhid verdik, nə qədər insan əlil oldu, nə qədər ailə yasa batdı. Bu, böyük bədəldir, amma qarşılığında nə oldu? Qarşılığında ölkənin müstəqilliyini, İslam bayrağını, İslam İranının kimliyini nəhəng tufandan qoruduq. Yaratdıqları Səddamın tufanı deyildi. Səddam düşmən cəbhəsinin önündəki əsgər idi. Səddamın arxasında bütün küfr və hegemonizm dünyası dayanmışdı. Əgər əvvəldən bu təxribata qoşulmadıqlarını fərz etsək belə, sonrakı dəstəkləri aydın idi. Hamılıqla Səddamın arxasında durdular. ABŞ gəldi, ozamankı Sovetlər gəldi, NATO gəldi, mürtəce və hegemonizmə bağlı ölkələr gəldilər; pul, informasiya, plan verdilər, təbliğat apardılar. Bu nəhəng birlik böyük, rəşadətli, cəsarətli və mömin İranı bütünlüklə məhv etməyə gəlmişdi. Hegemonizm üçün əlaltı bir bölgəni birinci növbədə Səddam kimi əskik və kiçik bir ünsürə məğlub etsinlər və sonrakı mərhələdə də ABŞ-ın caynağında qalsın. İki yüz il boyu ölkəmizin başına gətirdikləri müsibəti daha yüz, iki yüz il davam etdirsinlər. Bizim xalqımız və Böyük İmam möhkəm dayandı. Əlbəttə, əziz canlar, böyük şəhidlər verdik, sevimli gənclərimizi fəda etdik. Amma bu, o nailiyyətin qarşısında böyük qiymət deyildi.

Bu gün Fələstin məsələsi də belədir. Hadisələrin kökü bundan ibarətdir ki, heç bir insani prinsipə məhəl qoymayan hegemon düşərgə coğrafi və iqtisadi sərvətlə dolu olan Orta Şərq regionunu ələ keçirmək istəyir. Məsələ bundan ibarətdir... Gördünüz ki, otuz üç günlük müharibədə ABŞ-ın Xarici işlər naziri dedi: "Bu, yeni Orta Şərqin doğuş ağrısıdır". Yəni bu hadisədən ABŞ-ın istədiyi Orta Şərqdən ibarət yeni bir məxluq doğulacaq. Əlbəttə, bu pərişan yuxunun açması başlarına gələn idi. Livanda mömin gənclərin cəsurluğu, ayıqlığı, fədakarlığı və cihadı yalnız İsrailə yox, hətta ABŞ-a, onların himayədarlarına və ardıcıllarına da zərbə vurdu. Qəzzə hadisəsi də belədir.415


Yeganə yol: Mübarizə

Sionistlər zordan başqa bir şey anlamırlar. Qırx ildir Birləşmiş Millətlər Təşkilatı Fələstinə dair sionistlər əleyhinə nə qədər qətnamə qəbul etmişsə, onlar rədd etmişlər. Onlar ərköyün olmuşlar, böyük güclərin, digər xalq və hökumətlərin sükutunu, güzəştini görüb cürətlənmişlər. Onlar qətnamədən qorxmurlar. Məgər İsraili qətnamə ilə geri oturtmaq olar?! İsrail zorla, silahla və yumruqla geri oturacaq.416





Yüklə 307,26 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin