Texniki diaqnostikanın əhəmiyyəti
Sənayenin, nəqliyyatın, inşaatın müxtəlif sahələrində istifadə olunan texniki qurğu və sistemlərin praktiki istifadəsi onların texniki vəziyyətinin nəzarəti və qiymətləndirilməsi aparılmadan mümkün deyil. Texniki diaqnostika texniki sistemin vəziyyətinin təyin edilməsi elmidir. Bu zaman diaqnostik informasiyanın alınması üçün müxtəlif tərkibli ölçmə-nəzarət əməliyyatları aparılır və təcrübi, texniki, riyazi, məntiqi və intellektual qaydalar əsasında texniki sistemin vəziyyəti qiymətləndirilir.
İlk texniki diaqnostika sistemləri nüvə enerjisi və aeronavtika qurğuları üçün yaradılmışdır.
Bir qayda olaraq texniki sistemlərin vəzifələri və quruluşları olduqca mürəkkəbləşir və hər bir sistemin vəziyyətinin təyin olunması, idarə qəraralarının qəbul edilməsi, xidmət və təmir əməliyyatları üzrə xidmətçi və idarəedici heyət çətinliklər çəkir. İlk anda elə təsəvvür yaranır ki, baxılan qərarların qəbul olunması üçün baxılan texniki sistem üzərində təcrübələrin aparılması onun sökülməsi və ayrı-ayrı tərkib hissələrinin elementlərinin öyrənilməsi kifayətdir. Ancaq bu zaman qeyri-məhsuldar əmək sərf olunur, istismar xərcləri artır və hətta sistemin və onun tərkib hissələrinin iş fəaliyyəti pisləşir.
Beləliklə, diaqnostika dolayı üsullarla ölçmələr aparılması və qərarlar qəbul edilməsini əhatə edir. Vəziyyətlərinin təyin olunması tələb olunan texniki sistemin tərkib hissələri bir qayda olaraq müşahidə və ölçmələr aparılmasına imkan vermir. Odur ki, vəziyyəti bilavasitə xarakterizə edən əsas parametrlərin əvəzinə ölçülməsi mümkün olan sistemin və onun hissələrindəki prosesləri xarakterizə edən parametrlər ölçülür və diaqnoz qoyulur.
“Diaqnostika” termini “diaqnozis” yunan sözündən əmələ gəlib və tanımaq, müəyyən etmək, bilmək, öyrənmək mənası daşıyır, yəni xəstənin (tibbi diaqnostika) və ya texniki sistemin (texniki diaqnostika) vəziyyətini müəyyən etməkdir.
Texniki diaqnostika texniki sistemin (ümumi halda baxılan obyektin) vəziyyətinin müəyyən edilməsi barədə elmdir.
Dostları ilə paylaş: |