Texniki diaqnostikanın əsas vəzifələri və strukturu
Texniki diaqnostika geniş məsələlər dairəsini əhatə edir və onların çoxu digər elm sahələri ilə qarşılıqlı əlaqəli istiqamətlə xarakterizə olunur: nəzarət edilə bilmək və təyin edilə bilmək istiqamətləri (şəkil 1.)
Texniki diaqnostikanın mühüm istiqaməti nəzarət edilə bilmək qabiliyyətidir. Nəzarət qabiliyyəti məmulatın və ya obyektin texniki vəziyyətinin etibarlı qiymətləndirilməsi və nasazlıqların əvvəlcədən aşkara çıxarılması xüsusiyyətidir. Nəzarət qabiliyyəti məmulatın və ya obyektin strukturu və qəbul olunmuş texniki diaqnostika sistemi vasitəsiylə yaradılır. Bu zaman yerinə yetirilən ölçmə-nəzarət və məntiqi əməliyyatlar obyektin işləmə qabiliyyətinə nəzarət prosesinin əsasını təşkil edir.
Mürəkkəb obyektlərin vəziyyətinin qiymətləndirilməsinin mötəbərliyinin artırılması vacibliyi və nəzarət əməliyyatlarının tez bir zamanda aparılması tələbatları texniki diaqnostikanın nəzarət proseslərinin avtomatlaşdırılmasını tələb edir. Odur ki, hazırki zamanda müxtəlif tipli obyektlərin işləmə qbiliyyətinin qiymətləndirilməsi üçün avtomatlaşdırılmış nəzarət (diaqnostika) sistemləri mövcuddur. Qeyd etmək lazımdır ki, obyektin işləmə qabiliyyətinin ümumilikdə nəzarəti və vəziyyətinin diaqnostikası üçün həmin obyektlər aşağıdakı xüsusiyyətlərə malik olmalıdır.
Ən azı bir-birini istisna edən iki vəziyyətdə: iş qabiliyyətli və iş qabiliyyətsiz, yəni imtina vəziyyətlərində ola bilməli.
Funksional elementlərə ayrıla bilməli və hər bir element sistemin özü kimi eyni zamanda əvvəlki vəziyyətlərdən birində ola bilməlidir. Avtomatik idarəetmə, informasiya və telekommunikasiya sistemləri bu göstərilən şərtləri ödəyir.
Yeni avtomatik nəzarət sistemlərinin (ANS) yaranması ilə texniki həllərin müxtəlifliliyi fasiləsiz olaraq artır. Belə şəraitdə müxtəlif ANS-lərinin qiymətləndirilməsi zamanı imkan xarakteristikalarının seçilməsi məsələləri mühüm əhəmiyyətə malik olur. Belə qiymətləndirmə nəticəsində hər bir konkret halda ən yaxşı ANS seçilir.
Nəzarət qabiliyyəti nəzəriyyəsinin mühüm məsələsi diaqnostik informasiyanın alınması vasitələrinin və üsullarının öyrənilməsidir.
Avtomatik idarəetmə və informasiya sistemləri yüksək informativlikli çıxış parametrlərinə malik olduğundan bu parametrlərin avtomatik nəzarəti əsasında diaqnostik informasiya işlənir və idarə qərarları qəbul olunur. Beləliklə, nəzarət edilə bilmə qabiliyyəti (nasazlıqların nəzarəti və axtarışı) nəzəriyyəsinin əsas istiqamətlərindən biri avtomatlaşdırılmış nəzarət sistemlərinin layihələndirilməsi üsullarıdır. Nəhayət nəzarət edilə bilmə qabiliyyəti nəzəriyyəsinin mühüm məsələləri nasazlıqların axtarılması alqortimlərinin və diaqnostik testlərin yaradılması və diaqnozun təyin olunma prosesinin minimumlaşdırılması məsələləridir. Təsnifat məsələləri kimi baxılan diaqnostika məsələlərinə tətbiq olunan təyin olunma alqoritmləri texniki diaqnostikada öyrənilir. Texniki diaqnostikada təyin olunma alqoritmləri müəyyən dərəcədə diaqnostik modellərin qurulmasına əsaslanır. Bu zaman obyektin vəziyyətləri ilə onların diaqnostik siqnallar oblastındakı surətləri (əks olunmaları) arasında əlaqələr yaradılır. Təyin olunma probleminin vacib hissəsi qərarlar qəbulu qaydalarıdır (həlledici qaydalar).
Diaqnostik məsələnin həlli (obyektin saz və nasaz qəbul edilməsi) həmişə yalnış həyəcan və ya məqsəddən yayınma təhlükəsi (riski) ilə əlaqəlidir. Əsaslı qərar qəbul olunması üçün statistik qərarlar qəbulu üsullarından istifadə etmək lazımdır. Texniki diaqnostikanın həlli məsələləri həmişə gələcək yaxın dövrdə (sonrakı baxışa qədər) istismar etibarlılığının qiymətləndirilməsi (proqnozu) ilə əlaqədardır. Bu zaman qərarlar etibarlıq nəzəriyyəsində öyrənilən imtinalar modellərinə əsaslanmalıdır.
Dostları ilə paylaş: |