155
Rəsul Rza tərcüməçilik fəaliyyəti də Azərbaycan bədii irsinin qorunub
saxlanılmasına, onun müasir soydaşlarımız tərəfindən unudulmamasına
yönəlmişdır. Dünya ədəbiyyatından etdiyi tərcümə nümunələri ilə yanaşı Rəsul
Rza, həmçinin Azərbaycan ədəbiyyatında fars və ərəb dillərində qələmə alınmış
klassiklərin əsərlərini doğma dilimizə tərcümə edərək Azərbaycan oxucularının
ixtiyarına verməyə nail olmuşdur. Rəsul Rzanın XII əsr Azərbaycan şairi Nizami
Gəncəvinin «Xosrov və Şirin» poemasını, XIII əsr Azərbaycan şairi Şəms
Təbrizini, XIII əsr türk şairi Cəlaləddin Rumini, XIV əsr türk şairi Yunis İmrəni və
digər ədiblərin yaradıcılıqlarını tərcümə etməsi xüsusi əhəmiyyət kəsb edir.
Rəsul Rza yaradıcılığı ilə yanaşı onun həyatı da keçmişi müasirliklə
birləşdirən mədəni-mənəvi körpü olmuşdur. Rəsul Rzanın Nigar Rəfibəyli ilə ailə
həyatı qurması da bunu əks etdirir. Rəsul Rza komsomol qəzeti olan «Gənc işçi»də
işləyərkən, 1931-ci ildə Nigar Rəfibəyli ilə tanış olur. Nigar Rəfibəyli isə xalqının
azadlığı yolunda mübarizə aparan siyasi və ictimai xadim olmuş Xudadat bəyin
qızı idi. Bəy nəslindən olan Nigar Rəfibəyli Sovet ideologiyası baxımından həmişə
şiddətli tənqidlə üzləşmişdir. Qeyd etməliyik ki, Nigar xanımın babası Ələkbər bəy
Rəfibəyli tanınmış maarifçi, «Difai» partiyasının yaradıcılarından biri olmuşdur.
Atası isə Azərbaycan Demokratik Cumhuriyyəti dövründə ilk səhiyyə və sosial
təminat naziri, daha sonralar isə Gəncə quberniyasının valisi olmuş Azərbaycanın
şuralaşdırıldığı ilk günlərdə daşnaklar tərəfindən həbs edilərək Nargin adasında
güllələnmiş ilk ali təhsilli cərrah-həkim Xudadat bəy Rəfibəyov idi. Nigar
Rəfibəyli özünün poetik dillə qeyd etdiyi kimi şanlı nəsilə aid idi:
Vətən torpağında iftixar olan
Şanlı nəsillərin yadigarıyam.
Nigar Rəfibəyli bəy nəslindən olduğu üçün Sovet hakim dairələr tərəfindən
təzyiqlərə məruz qalırdı. Lakin Nigar xanıma qarşı olan birtərəfli münasibətlər
Rəsul Rzanı qorxutmur. Rəsul Rza 1937-ci il fevralın 11-də Nigar Rəfibəyliylə
evlənir. Rəsul Rzanın bu addımı dövrü üçün, yəni 1937-ci ildə hökm sürən
represiyaların tüğyan etdiyi dövr üçün cəsarətli addım idi. Rəsul Rza bu addımı ilə
yalnız Bağırova verilən siyahıda adı yazılmış bəy qızını sürgündən xilas etmir,
həmçinin Nigar Rəfibəyli imzasını Azərbaycan ədəbiyyatına qaytarır. Rəsul Rza
özü qeyd etdiyi kimi «ağıllı, qayğıkeş, mərd bir qadın» olan Nigar xanım ona lazım
olan xanım kimi onunla birlikdə dövrün keşməkeşli sınaqlarına bərabər sinə
gələrək, Azərbaycan ədəbiyyatına Anar kimi ədib də bəxş edirlər.
Dostları ilə paylaş: