Mövzu 21. Məktəbə psixoloji xidmətin əsasları
Plan:
Məktəbə psixoloji xidməti
Məktəb psixoloqunun vəzifələri
Məktəb psixoloqunun əsas fəaliyyət növləri
Müasir məktəbdə təlim-tərbiyə prosesinin effektiv şəkildə həyata keçirilməsi üçün şəxsiyyətin formalaşmasının, kollektivin inkişafının, idrak proseslərinin formalaşma qanunauyğunluqlarının yalnız nəzəri əsaslarını bilmək kifayət etmir. Eləcə də bu proseslərin konkret tədris müəssisəsinə, konkret sinif kollektivinə və konkret uşağın şəxsiyyətinə uyğun gələn spesifikasını aydınlaşdırmaq tələb olunur. Bu məsələlərin həllinə məktəbə psixoloji xidmət kömək etməlidir.
Məktəbə psixoloji xidmət özündə ekspertiza, konsultasiya və diaqnostikanın kompleks məsələlərinin həlli üçün psixologiyanın praktik istifadə sistemini əks etdirir. Müəllimlər, məktəb rəhbərliyi təlim-tərbiyə prosesinin psixoloji məsələləri, şagirdlərin potensial imkanları haqqında düzgün təsəvvür yaratmalı, şəxsiyyət və kollektivə praktik pedaqoji təsir göstərmək üçün psixoloji metodlardan, fundamental psixoloji biliklərdən yerli – yerində istifadə etməlidirlər.
İ.V.Dubrovin, M.K.Akimov, E.M.Borisov məktəbə psixoloji xidməti inteqral təhsil kimi başa düşür və ona üç aspektdə yanaşırlar:
1. Pedaqoji və yaş psixologiyasının müasir məktəb şəraitində psixoloji biliklərdən peşəkar istifadə üsullarının vasitə və metodlarının işlənilməsi məqsədilə şagird şəxsiyyətinin formalaşması və inkişafının psixi qanunauyğunluqlarının öyrənilməsinə yönələn nəzəri-tətbiqi istiqaməti kimi;
2. Tədris proqramlarının hazırlanmasını, dərsliklərin tərtib olunmasını, didaktik və metodik materialların psixoloji əsaslarla işlənilməsini həyata keçirən təlim-tərbiyə prosesinin psixoloji cəhətdən bütövlükdə təmin olunması kimi;
3.Psixoloqların məktəbdə uşaqlarla və yaşlılarla vasitəsiz işi kimi.
Birinci məktəbə psixoloji xidmətin problemlərinin metodoloji cəhətdən işlənilməsini nəzərdə tutur. Onun əsas vəzifələri elmi tədqiqatların keçirilməsi, məktəbə psixoloji xidmətin psixodiaqnostika, psixokorreksiya, inkişafetdirici metodlarının və proqramlarının nəzəri əsaslarla işlənilməsidir.
Ikinci tətbiqi aspekt-milli təhsil işçilərinin psixoloji biliklərdən istifadəsini nəzərdə tutur. Bu istiqamətin aparıcıları olan müəllimlər və metodistlər ya müstəqil şəkildə, ya da psixoloqla əməkdaşlıq edərək tədris proqramları və planlarının hazırlanmasında, dərsliklərin tərtib olunmasında, didaktik və metodik materialların işlənilməsində, təlim-tərbiyə proqramlarının qurulmasında yeni psixoloji bilikləri tətbiq edirlər.
Qeyd olunan üçüncü praktik aspektin təminatçısı məktəb psixoloqudur. Onun əsas vəzifəsi konkret problemlərin həlli sahəsində uşaqlarla, kollektivlə, müəllimlərlə və valideynlərlə işləməkdir.
Qeyd etmək lazımdır ki, psixoloji xidmətin tətbiqi və praktik aspektlərinin inkişafı bütünlükdə elmi aspektin inkişafından asılıdır. Elmi aspekt məktəbə psixoloji xidmətin məzmunu, funksiyalarını və modelini müəyyən edən nəzəri konsepsiyaları formalaşdırır.
Məktəb psixoloqu aşağıdakı məsələləri həll etməlidir:
Uşağın məktəbə psixoloji hazırlığını müəyyən etmək, kiçik məktəblilərin
məktəbə daha yaxşı adaptasiya olunması məqsədilə onlarla fərdi iş proqramlarını müəllimlə birgə hazırlamaq;
Şagirdlərin fərdi və yaş xüsusiyyətlərini nəzərə alaraq müəllim və valideynlərlə birlikdə inkişafetdirici proqramlar işləmək və onları icra etmək;
Şagirdlərin həyatındakı keçid dövrlərini xüsusi nəzarət altına almaq;
Təlimdə geri qalan və intizamsız şagirdlərlə diaqnostik-korreksiya işi həyata keçirmək;
Şagirdlərin təlim-tərbiyə prosesinin normal gedişinə mane olan intellektual, şəxsi və emosional-iradi xüsusiyyətlərinin diaqnoztikasını aparmaq və onların korreksiyasını həyata keçirmək;
Şagirdlərin müəllimlərlə, həmyaşıdları ilə, valideynlərlə və digər insanlarla
şəxsiyyətlərarası münasibətlərindəki pozulmaların psixoloji səbəblərini müəyyən etmək və onları aradan qaldırmaq;
Uşaqların təlim-tərbiyəsinin psixoloji problemləri, onların diqqətinin,
hafizəsinin, təfəkkürünün, xarakterinin və s. inkişafı sahəsində məktəb rəhbərliyi, müəllimlər və valideynlərlə məsləhətləşmək;
Təlim, inkişaf məsələləri, özünütəyin, özünütərbiyə, həmyaşıdlarla və
yaşlılarla qarşılıqlı münasibətlər sahəsindəki problemlərə görə fərdi və qrup konsultasiyaları keçirmək;
- Peşəyə bələdləşmə işini təşkil etmək. Məktəbə psixoloji xidmət
çərçivəsində peşəyə bələdləşmə dedikdə, şagirdlərin qabiliyyətlərinin, maraqlarının müəyyən olunması və inkişafı, adekvat özünüqiymətləndirmənin, dəyərlər oriyentasiyasının, həyati perspektivlərinin və s. formalaşması sahəsində şagirdlərlə daimi iş nəzərdə tutulur.
Məktəb psixoloqu özündə müəllimlər, şagirdlər və valideynlər arasındakı qarşılıqlı münasibətlərin həm müsbət, həm də mənfi tərəflərini əks etdirən sosial orqanizmi yaratmalı və inkişaf etdirməlidir. O, hər bir şagirdə və ya müəllimə ayrı-ayrılıqda deyil, mürəkkəb qarşılıqlı təsir sistemində baxmalıdır (şəkil 1).
Psixoloq
Dostları ilə paylaş: |