Beşinci mərhələ (müasir mərhələ). Yer qabığının dərin qatlarının geofiziki metodlarla öyrənilməsi sahəsində əldə olunan böyük nailiyyətlər, geotektonika elminin sıçrayışlı inkişafına səbəb olmuşdur. Dərin fokuslu zəlzələlərin kəşfi göstərdi ki, tektonik hərəkətlər Yerin böyuk dərinliklərində (Yerin nüvəsinə qədər) yaranır. Beləliklə, tektonik hərəkətləri yalnız Yer qabığına, hətta yalnız onun yuxarı hissəsinə aid edən fərziyyələrin (Vegener) tamamilə əsassız olduğu təsdiq edildi.
Geofizikanın böyük nailiyyətlərindən biri də qitələrdə və okean sahələrində qabığın müxtəlif quruluşa malik olmasının kəşf edilməsidir (hətta son zamanlarda aydınlaşdırılmışdır ki, müxtəlif quruluşluluq, mantiyanın yuxarı hissəsinə də aiddir). Bu kəşf okeanların mənşəyi məsələsini geotektonikanın əsas məsələlərindən birinə çevirmişdir. Planetar miqyasda üst mantiyada nisbətən zəif özlülüyə malik qatların- astenosferin mövcüdluğunun müəyyən edilməsi də böyük əhəmiyyətə malikdir. Astenosferin yüksək mütəhərrikliyi və onun maddəsinin ərimə halına keçməsi, Yerin tektonik fəaliyyətində mühüm rol oynayır.
Kosmoqoniya sahəsində də mühüm irəliləyişlər olmuşdur. 1944-cü ildə O.J.Şmidtin yeni kosmoqonik hipotezinə görə planetlər, soyuq halda olan qaz-toz dumanlığından əmələ gəlmişdir. Astronomlardan V.Q.Fesenkovun fikrinjə qaz-toz dumanlıqlarında ulduz yaranması prosesləri hazırda da davam edir.
Geotektonikanın özündə də böyük dəyişikliklər baş vermişdir. Yer qabığının qayma quruluşlu olması məsələsi (N.S.Şatski, A.V.Peyve) demək olar ki, hamılıqla qəbul edilmişdir.
Maqmatik ocaqların əmələ gəlməsində və geosinklinalların yaranmasında dərinlik yarıqlarının həlledici rolu aydınlaşdırılmışdır. Qabığın üfüqi hərəkəti hipotezinə maraq yenidən artmışdır. Müasir mərhələdə okeandibi strukturların intensiv öyrənilməsinə başlanmışdır. Hazırda okeanların öyrənilməsində fundamental kəşflərdən biri Yerin mütəhərrik qurşaqlarının yeni tipinin- aralıq okean qurşaqlarının kəşfidir.
Mütləq geoxronologiyanın radioloji metodlarının tətbiqi Kembriyəqədərki tektonik inkişaf tarixini ilk dəfə obyektiv qiymətləndirməyə imkan verdi.
Kosmik fəzanın müvəffəqiyyətlə öyrənilməsi Yerin tektonik həyatı ilə Qalaktikada və Günəş sistemində gedən proseslər arasında əlaqə olması ehtimalına marağın daha da artmasına səbəb oldu. Bu istiqamətdə aparılan axtarışlar artıq dəqiq və inandırıcı nəticələr vermişdir.
Bu gün bunlar şübhəsiz ki, nəzəri geotektonikanın inkişafında mühüm rol oynayır. Lakin həqiqəti aşkara çıxarmaq üçün müxtəlif tektonik hipotezlərin dialektik sintezi, qlobal tektogenez nəzəriyyəsinin yaradılması zəruridir.
Dostları ilə paylaş: |