V sinif üçün “Təbiət” dərsliyi əsasında tədrisin təşkili Oxu materialı


Təbiət fənninin öyrənilməsində tədqiqat əsaslı təlimin əsas komponentləri



Yüklə 235,86 Kb.
səhifə11/13
tarix27.09.2022
ölçüsü235,86 Kb.
#64218
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   13
Təbiət fənninin tədrisi metodikası oxu materialı

8. Təbiət fənninin öyrənilməsində tədqiqat əsaslı təlimin əsas komponentləri
Elmi tədqiqat və ya TƏT ( Tədqiqat Əsaslı Təlim): Elmi tədqiqat alimlərin dünyanı tədqiq etdikləri və fakt, müşahidə və ölçməyə əsaslanan izahlar təklif etdikləri müxtəlif metodların adıdır.Tədqiqat həm də şagirdlərin elmi ideyaları və alimlərin təbiəti necə öyrəndiklərini anlamaq üçün icra etdikləri fəaliyyətlərin adıdır. TƏT öyrənmənin başlıca motivi kimi şagirdin malik olduğu maraq hissini nəzərə alan bir mühiti nəzərdə tutur. Bir senari və fasilitatorun rəhbərliyi ilə başlayır, şagirdlər onlara tannışolan real həyat konteksində düşünməyə və izahlarını səsləndirməya çağırış edən suallara cavab verirlər. Real problemlə əlaqəli olan və fəaliyyətlə qazanılan bilik daha yaxşı mənimsənilir.
Müəllimin rolu şagirdin bilik və bacarıqlarının inkişafında fasilitator olmaqdır. Müəllim şagirdin bildiklərindən və ona tanış olan situasiyadan yola çıxır və onların bilik və bacarıqlarını qurmalarına dəstək olur. Effektiv suallarla şagirdi daha sadə koqnitiv bacarıqlardan daha mürəkkəb koqnitiv bacarıqlara istiqamətləndirir. Konkret varlıqlarla mühakimədən abstrakt mühakiməyə, fundamental bacarıqlardan (məs. müşahidə etmək) inteqrasiya olunmuş bacarıqlara ( məs. fərziyyə irəli sürmək) doğru inkişaf etdirir.
V sinif üçün nəzərdə tutulmuş Təbiət fənni üzrə dərslik komplekti fənn proqramının tələbinə uyğun olaraq təbiət fənlərinin – fizika, kimya, biologiya, coğrafiyanın inteqrativ öyrənilməsini təmin edir. Dərslik komplektinin fərqləndirici xüsusiyyəti məzmunun öyrədilməsində aktiv təlim üsulu olaraq tədqiqata əsaslanan tədris metodundan istifadə olunmasıdır. Tədqiqata əsaslanan təlim metodunun məqsədi şagirdlərin təbii maraq hissini daha da inkişaf etdirmək və onlara məzmunla bərabər, elmi məlumatları müstəqil əldə edə bilmək bacarıqları aşılamaqdır. Bu zaman şagirdlər hazır bilikləri didaktik üsulla öyrənmək əvəzinə, sadə praktik araşdırmalar əsasında konstruktivist təlim nəzəriyyəsinin nəzərdə tutduğu kimi, qazanılan bilik və bacarıqların mənimsənilməsində passiv deyil, aktiv iştirakçı olurlar.
Tədqiqata əsaslanan təlim zamanı şagirdlərə öyrənəcəkləri məzmunla əlaqəli və onlara gündəlik həyatlarından tanış olan bir situasiya təqdim olunur, onlar bu situasiyaya görə seçilmiş suallarla müzakirəyə qoşulmağa və ilkin biliklərini ifadə etməyə dəvət olunurlar. Oyun, yemək, idman, təbiət, mətbəx, sinif otağı – autentik situasiyalar şagirdlərin diqqətini çəkir və onların bu situasiyaya dair fikirləri olur. Konstrutivist nəzəriyyəyə görə şagirdin bilik və bacarıqları onun sahib olduqları ilə əlaqələndirilməlidir. Növbəti mərhələdə müvafiq yaş qrupunun psixologiyasına uyğun olaraq fəaliyyətlərdən və konkret misallardan istifadə edərək şagirdlərin mühakimə bacarığı verilən nümunələrin abstrakt formada ümumiləşdirilməsinə istiqamətləndirilir. Bu metodda öyrənmə prosesinin konkret misallardan onları vahid çərçivədə izah edən ümumi anlayışlara doğru inkişafı nəzərdə tutur.
Mütəxəssislər hesab edir ki, tədqiqata əsaslanan təlim təbiət fənninin qarşısına qoyduğu tələbləri effektiv şəkildə yerinə yetirməsi üçün effektiv metoddur. Bu təlimin qarşısına qoyulan başlıca tələblər bunlardır:
• şagirdləri iqtisadi rifahın lokomotivi olan elmi-texniki fəaliyyət sahələrində karyera seçməyə həvəsləndirmək və onlara müvafiq fundamental bilik və bacarıqlar vermək;
• elm və texnikanın əsaslarına dair biliklərin zəruri hesab edildiyi sahələrdə işləyəcək gələcəyin mütəxəssislərinə fundamental elmi anlayışlar və qanunauyğunluqlara dair biliklər vermək;
• şagirdlərə elmin və texnologiyanın fərdlərin və cəmiyyətin həyatındakı roluna dair zəruri biliklər sistemi vermək və onlarda qazanılan biliklərin həyati proseslərə tətbiq etmək bacarığı, elm savadlılığı formalaşdırmaqdır. Onlar həyatlarının məktəbdən sonrakı mərhələlərində müxtəlif keyfiyyətdə informasiyaların bolluğu şəraitində rasional qərarlar verə bilmək üçün doğru informasiyanı müəyyən edə bilməlidirlər.
Beləliklə, təbiət fənninin təlimi sadəcə məzmunu deyil, məzmunun əldə olunması bacarıqlarını da formalaşdırmaqla şagirdlərin bu bacarıqları həyatlarının digər sahələrinə də transfer edə bilmələrinə nail olmağı və XXI əsrin iş mühitinə daha yaxşı adaptasiya olub qarşılaşdıqları problemləri müstəqil həll edə bilmələrini təmin etməlidir.
Təbiət fənninin qarşısına qoyulan bu tələblərin ödənilməsində təkcə elmin məhsulu olan məzmunun deyil, həm də bu məzmunun əldə edilməsində istifadə olunan bacarıqların da tədqiqata əsaslanan təlim metodu ilə daha yaxşı öyrədildiyi beynəlxalq təhsil ictimaiyyəti tərəfindən qəbul olunmuşdur.
Tədqiqata əsaslanan təlim metodu ilə keçirilən 5E modelinə (5E/ing: engage, explore, explain, elaborate və evaluate sözlərinin baş hərflərinin sayını ifadə edir) görə planlaşdırılır. 5E modeli şagirdlərin problem formalaşdırmaq, müşahidə aparmaq, analiz etmək, nəticə çıxararaq problemin həll yollarını müəyyənləşdirmək və nəticələri yoldaşları ilə kommunikasiya etmək kimi bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır. 5E dərs modeli təlim prosesində müəyyən ardıcıllığa əməl etməyin daha effektiv olduğunu nəzərə alır və aşağıdakı mərhələlərdən ibarətdir:

  1. Maraqoyatma (Engage)

Bu mərhələdə şagirdlərə tanış olan bir situasiyadan istifadə edərək suallar verilir və onlar müzakirəyə dəvət olunurlar. Məqsəd şagirdlərin ilkin bilikləri ilə dərsin təlim nəticələri arasında əlaqə qurmaq, mövzuya maraq oyadaraq onları tədqiqata yönəltməkdir. Təbiət fənni dərsliyində hər bölmə şagirdlərin gündəlik həyatlarından tanış bir situasiya ilə başlayır və müvafiq suallar əsasında verilmiş situasiya ilə öyrənəcəkləri anlayışlar arasında körpü yaradılır.

  1. Araşdırma (Explore)

İkinci mərhələ olan araşdırma mərhələsində şagirdlər fəaliyyətlərdə iştirak edir, nəticələri müzakirə edir və konkret nəticələrdən daha ümumi anlayışa keçid üçün hazırlıqlı olurlar.

  1. İzahetmə (Explain)

Bu mərhələdə müəllim şagirdlərin araşdırma mərhələsində öyrəndiklərini sintez edib ümumiləşdirir, təlim nəticələrində nəzərdə tutulan anlayışları birbaşa təqdim edir.

  1. Möhkəmləndirmə (Elaborate)

Əvvəlki mərhələnin davamı olaraq dərinləşdirmə mərhələsində müəllim yeni misallar və nümunələr təqdim edir, anlayışın tətbiq olunduğu əhatə dairəsini genişləndirir.

  1. Qiymətləndirmə (Evaluate)

Sonuncu mərhələdə “Biliklərin yoxlanılması” başlığı altında verilmiş sualların köməyi ilə şagirdlərin məzmunu mənimsəmə dərəcələri ölçülür.

Yüklə 235,86 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin