Dərslik komplektində qiymətləndirmə: Qiymətləndirmə dərs prosesinin davamlı və zəruri daxili hissəsidir. Qiymətləndirmə növlərinin (diaqnostik, formativ və summativ) ardıcıl, əlaqəli aparılması təhsilin keyfiyyətinə müsbət təsirini açıq şəkildə göstərəcək. Qiymətləndirmə:
• davamlı və müntəzəmdir;
• fərdi nailiyyətləri dəstəkləyir və şagirdlərə öyrəndikləri üzərində düşünməyə və özləri üçün məqsədlər qoymağa imkan verir;
• şagirdlərə əks-əlaqə üçün rəy verir;
• müxtəlif qiymətləndirmə üsullarını, o cümlədən müşahidələr, sorğular, özünüqiymətləndirmə, rəsmi və qeyri-rəsmi tapşırıqları birləşdirərək qiymətləndirmənin fəaliyyətə və sinifdə tədrisə inteqrasiyasına imkan verir;
• nəzarət edilən fəaliyyətlər, tapşırıqlar və sinif testləri də daxil olmaqla, daha rəsmi summativ qiymətləndirməyə imkan verir.
Hər bir mövzunun əvvəlində - motivasiya, maraq yaratma, şagirdi prosesə cəlb etmə mərhələsində verilən suallarla şagirdlərin yeni mövzuya hazırlığını yoxlamaq olar. Bunu diaqnostik qiymətləndirmə kimi də qəbul etmək olar. Tədris prosesində şagirdlərin mövzu üzrə hər hansı bilik və bacarıqlara yiyələndiyini yoxlamaq, bunları daha mürəkkəb fəaliyyətlərdə və vəziyyətlərdə tətbiq edə bildiklərindən əmin olmaq üçün müxtəlif iş vərəqlərindən istifadə etməklə formativ qiymətləndirmə aparmaq olar. Formativ qiymətləndirmə tədris prosesinin əvvəlindən başlayaraq aparılmaqla yekunda mövzunun hansı səviyyədə öyrənilməsinə dair rəy formalaşdırır. Sonda mövzu üzrə hər bir şagirdin öyrədilmiş mövzu əsasında nail olduqları nəticələri müəyyən edilmiş olur.
Şagirdin dərs zamanı fəaliyyətində formativ qiymətləndirmə aşağıdakı məqsədlərə əsaslanmalıdır:
Bilik və anlama - Şagirdlərin xatırlamaları və izah etmələrini tələb edən faktoloji məzmun; Açar feillər: müəyyən edin, ifadə edin, təsvir edin, izah edin (bilik və anlayışlardan istifadə edərək) və ya vurğulayın.
Məlumatların işlənməsi, tətbiqi və qiymətləndirilməsi - Şagirdlərin müxtəlif mənbələrdən məlumatları tapıb, seçib, təhlil edib, nəticə çıxarıb, prinsipləri və anlayışları yeni bir vəziyyətə, məntiqli, deduktiv şəkildə tətbiq etmələrini tələb edən məzmun; Açar feillər: proqnozlaşdırın, təklif edin, hesablayın və ya müəyyən edin.
Eksperimental bacarıqlar və tədqiqatçılıq - Şagirdlərin texnika, avadanlıq və materialların təhlükəsiz şəkildə necə istifadə ediləcəyinə dair biliklərini nümayiş etdirmək, təcrübə və tədqiqatların planlaşdırılması, müşahidələr və ölçmələr aparmaq, təxminlər etmək, eksperimental müşahidələri və məlumatları şərh etməyi və qiymətləndirməyi tələb edən məzmun.
Summativ qiymətləndirmə və ya yekun qiymət öyrənmə haqqında ümumi məlumat verməklə şagird nailiyyətlərini ölçür. Bu qiymətləndirmələri həyata keçirərkən bölmələrin xülasələri, iş dəftərindəki ümumiləşdirci tapşırıqlar nəzərə alına bilər.