7. Öyrənmə prosesinin psixoloji modeli, konstruktivizmlə biheyverizmin müqayisəsi, XXI əsr bacarıqları Biheyveristlərə görə davranış ancaq xarici stimullarla şərtlənən sekretor və əzələ reaksiyalarından təşkil olunmuşdur. Onların fikricə davranışın təhlili ciddi surətdə obyektiv xarakter daşımalıdır.
Biheyveristləri vərdişlərin öyrədilməsi və formalaşması maraqlandırır. Onların fikrincə psixoloq məhz davranışı öyrənməlidir, belə ki, davranış bizim bilavasitə müşahidə edə biləcəyimiz yeganə amildir.
Konstruktivist təlim isə şagird təfəkkürünün yardımı ilə qazanılmış, qazanılmaqda olan və qazanılacaq yeni biliklərin bütövlüyü deməkdir. Konstruktivist təlimin mahiyyəti ondan ibarətdir ki, o, şagirdi özünü inkişaf yoluna salır, ona təlimdən və sosial mühitdən qazandığı bilikləri öyrəndiyi və öyrənəcəyi biliklərlə birləşdirməyə, əsaslandırmağa və özü üçün yeni, yüksək formalı bilik qazanmağa şərait yaradır. Konstruktivizmin əsas ideyası öyrənənə biliyin hazır formada verilməsinin əksinə olan pedaqoji fəlsəfə durur. Ona görə də tədris-təlim prosesində öyrənənlər üçün öz biliklərini layihələndirilməyi və özünüinkişafı təmin edən pedaqoji mühit yaradılmalıdır.
Piajeyə görə təhsilalanda (şagirddə) yeni biliyin konstruksiya olunması, onun daxilində baxılan hadisəyə dair formalaşan strukturla, ona məlum olmayan xarici reallıq arasındakı koqnitiv ziddiyyətləri aradan qaldırmağa imkan verir.
Piajeyə görə, uşaqlara öyrənməni özləri həyata keçirsinlər deyə mümkün olan hər bir imkanı yaratmaq lazımdır. Müəllim şagirdlərdə tədqiqat marağı oyatmalı, onların suallara özlərinin cavab tapmasını dəstəkləməlidir.
Tədqiqatlar göstərir ki, şagirdlərə nəyi bilməli olduqlarını deməklə onlara qavrayış transfer etmək mümkün deyil. Bunun əvəzinə şagirdlərə düşünmələri üçün çağırış etməli və onları öz anlayışlarını qurmaq üçün dəstəkləməliyik. Aktiv öyrənmə qiymətləndirmə, analiz və sintez kimi ali koqnitiv prosesləri təşviq edir.
“Aktiv öyrənmə” şagird mərkəzli pedaqoji praktikadır. Bu zaman şagirdlərin nə öyrəndiklərinə deyil, necə öyrəndiklərinə də diqqət edilir. Biz müəllimlər olaraq şagirdləri passiv şəkildə informasiya qəbul etməyə deyil, düşünməyə təşviq etməliyik. Aktiv öyrənmə şagirdləri öyrənmənin məsuliyyətini bölüşməyə təşviq edir, onları məktəbdə və məktəb sonrasında müstəqil düşünən şəxslər kimi formalaşmaq üçün dəstəkləyir.
Aktiv öyrənmə nəticəsində şagirdlər bizim yaratdığımız imkana öz bilgi və qavrayışlarını formalaşdırmaqla reaksiya verirlər. Aktiv öyrənmədə proses bacarıqları da məzmun bilgisi qədər əhəmiyyətlidir.
Konstruktiv öyrənmə yeni ideyaların əvvəlki biliklərin sintezi əsasında yaradılmasına əsaslanır. Bu zaman biliklər passiv şəkildə deyil, öyrənənin özünün fəaliyyəti əsasında formalaşır.
Konstruktiv təlimin ənənəvi təlimlə müqayisəsinə aşağıdakı cədvəldə baxmaq olar.