Mövzu 2. Kimya və neft-kimya sintezinin məhsulları.
Müasir dövrdə respublikamızın ticarət şəbəkəsinə olduqca geniş çeşidli neft məhsulları daxil olur. Neft məhsullarını alınmasına görə iki qrupa bölmək olar: neftin emalından alınan məhsullar; neftdən aınan kimyəvi sintez məhsulları.Neft emalı məhsullarının çeşidinə karbürator yanacaqları, dizel yanacaqları,sürtkü yağları, mazut, texniki mayelər, həlledicilər və s. kimi qiymətli məhsullar daxildir.Neft məhsullarının keyfiyyəti onun kimyəvi tərkibindən və emal üsulundan asılı olaraq formalaşır. Neft məhsullarının əsas keyfiyyət göstəricilərinə fraksiya tərkibi, kənar qarışıqların, kükürdün, qətranlı maddələrin miqdarı, turşu ədədi və s. göstəricilər daxildir. Neft-kimya sənayesinin emal edib hazırladığı əsas mineral yağlayıcı və qoruyucu materiallar xam neftdən alınır. Neft üzvi mənşəli yağlı mayedir və tərkibi iki əsas elementdən – karbon (84–87%) və hidrogendən (12-14%) ibarətdir. Kimyada bu üzvi birləşmələrə karbohidrogen deyilir. Karbohidrogenlərdən başqa neftin tərkibində 0,1-1,4% oksigen, 0,5-5% kükürd və digər elementlər də vardır. Deməli, neft öz tərkibinə görə mürəkkəb mayedir. Bu onunla izah olunur ki, karbon və hidrogen atomları bir biri ilə müxtəlif nisbətdə və formada birləşmələr yarada bilir. Karbon və hidrogen atomlarının sayından asılı olaraq karbohidrogenlər qaz, maye və bərk maddə halında ola bilir. Karbon atomlarının sayı 4 və daha az olan halda normal şəraitdə qaz, karbon atomlarının sayı 5-15 olan karbohidrogenlər – maye, karbon atomlarının sayı 15-dən çox olan karbohidrogenlər – bərk maddələrdir.
Neft 3 əsas qrup karbohidrogenlərdən ibarətdir: parafinli, naftalı ,və ətirli.
Parafinli karbohidrogenlər neftin qızdırılmaqla emalından alınan bütün məhsullarında olur. Bütün parafinli karbohidrogenlər oksidləşməyə qarşı davamlıdır, tərkibinin ayrılması, polimerləşməsi və neft məhsullarının saxlanması və tətbiqi zamanı sabitliyi təmin edir. Parafinli karbohidrogenlərin çatışmayan cəhəti yüksək temperaturda qatılaşıb donmasıdır. Donma temperaturunu azaltmaq üçün bu yağların tərkibindən parafini ayirmaq və yaxud onlardan qışda istifadəni dayandırmaq lazımdır.
Naftalı karbohidrogenlər neftin əsas tərkib hissələridir. Distillə üsulu ilə alınmış yağlarda naftalı karbohidrogenlərin miqdarı 50-75 % olur. Yaxşı kimyəvi sabitliyə malik, donma temperaturu aşağı və qatılıq əmsalının indeksi böyük olan naftalı karbohidrogenlər ən qiymətli hesab olunur.
Ətirli karbohidrogenlər neftin bütün fraksiyalarında müəyyən miqdarda olur və havadaki oksigenlə oksidləşməyə ən az davamlıdır. Bu səbəbdən yağların tərkibindən ətirli karbohidrogenlər kənarlaşdırılır.
Müasir elmi-texniki tərəqqi dövründə neftdən cürbəcür məhsullar alınır: spirt, yağlı turşular, kauçuk, aseton, benzol, qliserin, partlayıcı maddələr, rənglər, dərman preparatları, ətir, yuyucu vasitələr, parafin, naftalin və digər çoxlu maddələr. Lakin neft hasilatının əsas hissəsi (95-97%) müxtəlif növlü mühərrik yanacaqları və yağlarının emalı üçün istifadə edilir. Neftin ilkin emalı onu fraksiyalara ayrılmasından ibarətdir. Bu emal üsulunda karbohidrogenlərin tərkibi dəyişmir, onlar ayrı-ayrı qruplara bölünür və bu bölünməyə fraksiya deyilir. Fraksiyalar qaynama temperaturuna görə təsnifata bölünür. Mazut borulu sobada emal etdikdən sonra müxtəlif təyinatlı yağlar alınır. Alınan yağların keyfiyyətini yaxşılaşdırmaq üçün onlara xüsusi kimyəvi birləşmələr əlavə edilir ki, bunlara aşqarlar deyilir. Bu üsulla alınan yağlara distilyat yağlar deyilir.Təkrar distilləmə və atmosfer təzyigində neftdən benzin, liqroin, kerosin və qazoil fraksiyaları ayrılır. Bu ayırmadan sonra mazut qalır və ondan isə yağlar alınır. Mazut xüsusi borularda və vakuumda qızdırıldıqdan sonra yenə fraksiyalara bölünür. Bu zaman mazut buxarlarının kondensasiyası nəticəsində mil(ox), maşın, avtol və silindr yağları alınır. Mazut ayrıldıqdan sonra ağır yağlı konsentrat – hudron və polihudron qalır. Bu qalıq isə qalan yağların alınması üçün istifadə edilir və aviasiya silindr 52 və s. yağlar alınır. Vakuumda alinan yağlar da tam hazır məhsul hesab edilmir. Çünki onun tərkibində müxtəlif asfalt gətranı, nafta turşusu və digər zərərlı qatışıqlar olur ki, bunlar da yağın keyfiyyətini pisləşdirir. Bu zərərli qatışıqların kənarlaşdırılması üçün sulfat turşulu və seçmə təmizləmə üsulları tətbiq edilir.
Yağlayıcı və lak-boya materiallarının istehsalında və istifadə edilməsində kimya və neft-kimya sintezinin məhsullarından geniş istifadə olunur. Bunlara sintetik yağlayıcı materiallar, legirləyəcə aşqarlar, həlledicilər və onların komponentləri, qat əmələ gətirən polimerlər, plastifikatorlar və s. aiddir. Kimyəvi və neft-kimyəvi sintezin əsas istigaməti polimer məmulatın istehsal etməsinə yönəldilib. Polimerlər lak və boyaların əsasını təşkil edən qatəmələ gətirən materiallara aiddir. Polimerlər – elə birləşmədir ki, onlarda molekullar təkrar olan atomlar qruplarından monomerlərdən ibarətdir.