Zədələnmə yerinə qədər olan məsafənin induktiv üsulla təyini Bu üsulun iş prinsipi maqnit selinin naqili kəsməsi nəticəsində induktiv sarğıda induksiya elektrik hərəkət qüvvəsi əmələ gəlməsinə əsaslanır. İnduktiv üsulla kabelin yeraltı trassasını, kabelin torpaq altındakı dərinliyini, damarların izolyasiyasının və kabelin metal örtüyünün zədələnmə yerini, kabel damarlarının qırılma yerini təyin etmək mümkündür. İstehsalatda induktiv üsulla işləyən
Kİ – 4P kabel axtarıcı komplekti 2225 Hs tezlikli generatordan, sarğı ilə birlikdə gücləndiricidən, qəbuledici qurğudan və maqnit antenaya malik axtarıcıdan ibarətdir. Cihaz şəhər telefon şəbəkəsində və şəhərətrafı zonada istifadə edilir. Qəbuledici qurğu cihazın həssaslığını və maneələrə qarşı davamlığını təmin edir. Onun tezlik spektri 2135 ÷ 2325 Hs arasında tənzimlənir. Axtarılan kabelin və yaxud zədələnmə yerinin təyin edilməsi əqrəbli göstərici qurğu vasitəsilə vizual və yaxud səsli formada aparılır. Bu zaman qulaqcıqda eşidilən səs siqnalının tezliyi 975 Hs olur.
Kabelin istiqamətinin ( trassanın ) təyin edilməsi şəkil 15.10 - da göstərilmişdir:
Şəkil 15.10. Kabelin istiqamətinin ( trassanın ) təyini Ölçmə aparmaq üçün kabelin bir çüt naqilinə tezliyi 2225 Hs olan generator qoşulur və ikinci stansiyada ucları qısa qapanır. Bu vaxt kabelin ətrafında maqnit seli əmələ gəlir və sarğını kabelin üzəri ilə hərəkət etdirdikdə induksiya nəticəsində telefonda generatorun səsi eşidilir. Maksimum səs trassanın istiqamətini göstərir, minimum səs trassadan sağa yaxud sola çıxdığımızı bildirir. Kabel axtarıcısı vasitəsilə kabelin torpaq altındakı basdırılma dərinliyi də təyin olunur ( şəkil 15.11 ).
Şəkil 15.11. Kabelintorpaq altındakı basdırılma dərinliyinin təyin edilməsi Kabelin istiqamətinin və torpaq altındakı dərinliyinin təyin edilməsi üçün Kİ – 4P cihazı istifadə olunur. Axtarıcının antenası kabelin qoyulduğu torpağın üzərində kabel trassasına perpendikulyar vəziyyətdə qoyulur. Qəbuledici qurğunun “dərinlik” düyməsini basıb ardınca “güclənmə” düyməsini basmaqla “kalibr” dəstəyini yavaş - yavaş fırladaraq göstəricinin əqrəbi ▼ vəziyyətinə gətirilir. Axtarıcını 180° çevirərək kabelin qoyulduğu torpağın üzərinə kabel trassasına perpendikulyar vəziyyətdə tutulur. Kabelin dərinliyi göstəricinin əqrəbinin göstərişinə əsasən təyin edilir ( cədvəl 4).