Vərəsəlik qanunvericiliyi və ya vərəsəlik haqqında qanunvericilik dedikdə, vərəsəlik münasibətlərini, eləcə də vərəsəliklə bağlı olan digər münasibətləri tənzimləyən normativ hüquqi aktların məcmusu başa düşülür. Bu aktların tənzimlədiyi münasibətlərin dairəsi kifayət qədər genişdir. Həmin münasibətləri üç yerə bölmək olar:
• fiziki şəxsin ölməsi anına kimi yaranan münasibətlər (məsələn, fiziki şəxsin notariat kontorasında vəsiyyətnamə yazması);
• fiziki şəxsin ölməsi ilə əlaqədar yaranan münasibətlər (məsələn, vərəsənin notariat kontoruna ölən şəxsin əmlakının qəbul edilməsi barədə ərizə verməsi);
• fiziki şəxsin ölümündən sonra yaranan münasibətlər (ölən şəxsin əmlakının vərəsələr arasında bölüşdürülməsi, vərəsəlik hüququnun həyata keçirilməsi və rəsmiləşdirilməsi, vərəsəlik hüququnun müdafiəsi, əmlakın qorunması, vərəsəlik şəhadətnaməsinin alınması və s.).
Vərəsəlik haqqında qanunvericilik müəyyən xüsusiyyətlərə malikdir. Əsas və başlıca xüsusiyyət ondan ibarətdir ki, vərəsəlik qanunvericiliyi kompleks (qatışıq) xarakter daşıyır.
Əgər normativ hüquqi aktlar (qanunlar, prezident fərmanlan, hökumət qərarları və s.) özündə vərəsəliyə aid olan qayda və müddəalar müəyyənləşdirərsə, onda həmin aktlar vərəsəlik qanunvericiliyinə daxil edilir. Məhz bu səbəbdən özündə vərəsəlik haqqında normalar ifadə edən nəqliyyat, bank, torpaq, ailə, sığorta, müəlliflik və digər qanunvericilik sahələri vərəsəlik qanunvericiliyinin tərkib hissələri sayılır.
Dostları ilə paylaş: |