Verilənlərin struktur modelləşdirməsində aşağıdakı tip modellərdən istifadə olunur: iyerarxik, şəbəkə, relyasiya və obyektyönlü.
İyerarxik model verilənlərin qraf şəklində təsvirinə əsaslanır. Sxemin qraf diaqramında təpələr (düyünlər) mahiyyətlərin tipini, budaqlar isə mahiyyətlər arasındakı əlaqələri göstərir. Əsas daxili məhdudluqlar bunlardır:
Əlaqələrin bütün tipləri funksional xarakterlidir və yalnız aşağıdakı əlaqələr mümkündür: “birin – birə” (1:1), “birin - çoxa” (1:M), “çoxun – birə ” (M:1);
Əlaqələr ağacvarı struktura mikdirlər.
VB sxemi üçün qraf-diaqrama təyinat ağacı deyilir. Əgər verilənlər təbii olaraq ağacvarı struktura malikdirsə, iyerarxik modelin tətbiqi heç bir problem yaratmır. Lakin ağacvarı strukturlardan fərqli strukturların təsviri üçün modelə əlavə vasitələr daxil edilməlidir. Iyerarxik modelli sxemdə struktur dəyişikliklərinin aparılmasında (ələxüsus altağacların ağacdan kənarlaşdırılması və ya ağaca əlavə edilməsi) böyük çətinliklərlə əlaqədardır. Iyerarxik modelli VBİS-ə misal olaraq 1970-1990-cı illərdə geniş tətbiq tapmış İMS sistemini və onun əsasında keçmiş SSRİ-də yaradılmış OKA sistemini göstərmək olar.
Şəbəkə tipli modellərdə iyerarxik modellər kimi verilənlərin qraf diaqramı şəklində təsvirinə əsaslanır. Iyerarxik modeldən fərqli olaraq, şəbəkə modelində (1:1), (1:M), (M:1) funksional əlaqələrlə yanaşı, (M:10) (çoxun - çoxa) əlaqəsi də həyata keçirilir. Şəbəkə modellərinin və onlara uyğun VBİS-lərin yaradılmasında və inkişafında verilənlərin emalı sistemləri üçün dil vasitələrinin yaradılması ilə məşğul olan komitənin (CODASYL) verilənlərin bazaları üzrə işçi qrupunun (DBTS) verdiyi təkliflərin böyük rolu olmuşdur. CODASYL modeli müxtəlif məsələlərin həlli üçün tətbiq edilən fayl sistemlərinin və onların sonrakı inkişafı nəticəsində yaranan şəbəkə modelli sistemlərin təsiri altında yaradılmışdır. Şəbəkə modelində (M:N) əlaqənin həyata keçirilməsi onun k sayda (1≤ 𝑘 ≤ 𝑀) (1:N) əlaqəsinə çevrilməsi ilə aparılır. Bu isə həm konseptual, həm də fiziki səviyyədə mürəkkəblik yaradır. Şəbəkə modelli VBİS-lərə misal olaraq MARK-1, MARK-2, GPAS, İDS, TOTAL, ADABAS, CET, CETOP sistemlərini göstərmək olar.