Nisbət – hər hansı mahiyyət haqqında verilənləri VB-da saxlayan cədvəlin başlığını təşkil edir.
Mahiyyət – verilənləri nisbətdə saxlanan istənilən təbiətli informasiya obyektidir.
Atribut – mahiyyəti xarakterizə edən xassədir.
Relyasiya modelinin riyazi əsası sonlu riyaziyyatın bölməsi olan nisbətlər (relyasiya) cəbrindən götürülmüşdür. Nisbəti riyazi olaraq belə şərh etmək olar: tutaq ki, n sayda
𝐷1, 𝐷2, … , 𝐷𝑛 çoxluqları var. Onda R nisbəti nizamlanmış < 𝑑1, 𝑑2, … , 𝑑𝑛 > kortejlərinin (cədvəlin sətirlərinin) çoxluğudur. Burada 𝑑𝑖𝜖𝐷𝑖 və 𝐷1, 𝐷2, … , 𝐷𝑛 R nisbətinin domenləridir.
Nisbətin kortejlərinə, başqa sözlə, faylın yazılarına birbaşa etmək üçün açardan istifadə olunur.
Açar – elə atribut və ya atributlar birləşməsidir ki, onun qiyməti ilə nisbətin hər bir korteji (faylın yazısı) birmənalı təyin olunur. Nisbət bir neçə açara malik ola bilər. Onlara mümkün və ya potensial açarlar deyilir. Baxılan halda onlardan biri seçilir və ona birinci və ya əsas açar deyilir. Açarlardan aşağıdakı məqsədlər üçün istifadə edilir:
Açar atributlarda qiymətlərin təkrarlanmasını aradan qaldırmaq;
Kortejləri nizamlamaq. Kortejləri açara daxil olan bütün atributların qiymətlərinin artma və ya azalma ardıcıllığı ilə və ya qarışıq (birinin artması, digərinin isə azalması) nizamlamaq mümkündür.
Relyasiya modeli nəzəriyyəsində xarici açar anlayışı da var. Fərz edək ki, 𝑅1 nisbətində açar olmayan A atributu var və həmişə atribut 𝑅2 nisbətində əsas açar rolunda çıxış edir. Onda 𝑅1 nisbətinin A atributuna xarici açar deyilir. Xarici açarlar vasitəsilə nisbətlər arasında əlaqələr yaradılır.
Məsələn , İŞÇİ nisbəti ilə VƏZİFƏ-MAAŞ (vəzifə-maaş) nisbəti arasında əlaqə “vəzifə” atributu vasitəsilə qurulur. Burada “vəzifə” atributu İŞÇİ nisbətində xarici açar, vəzifə-maaş nisbətində isə əsas açar kimi çixiş edir.