Vİlayət bağçası beşİncİ cİld


İslam hərəkatının düşüncə əsasları12



Yüklə 356,08 Kb.
səhifə9/22
tarix03.02.2017
ölçüsü356,08 Kb.
#7376
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

İslam hərəkatının düşüncə əsasları12

Bismillahir-Rəhmanir-Rəhim.


Bəsic nədir? Bəsic üzvü kimdir?

Bəsic üzvü olan müəllim və tələbələrin toplantısı çox gözəl və mənalı bir məclisdir. Bəsic - hazırlıqdır; hər bir cəmiyyətdə, o cümlədən, bizim cəmyyətimizdə düşüncəli insanların birliyi; ictimai arzu və amallarla aşıb-daşan bir təşkilatdır. Onların şəxsi arzuları bu məqamda çox da diqqət mərkəzində deyil. Siz hər bir gəncə, xüsusən tələbə, elm adamı, yaxud müəllim və universitet mənsubu olan bir gəncə baxsanız, görərsiniz ki, ölkənin gələcəyi, xalqının indiki vəziyyəti, maddi və mənəvi yaşayışı üçün arzuları, amalları var. Bu amallar üçün işləmək və onları həyata keçirmək üçün çalışmağa hazır olan hər bir şəxsin adı Bəsic üzvüdür. Çoxlarının böyük arzuları var, lakin onların barəsində yalnız düşünməklə kifayətlənirlər. Uca və dəyərli insan isə bununla kifayətlənmir, bu amalları həyata keçirmək üçün addım atır. Belə bir şəxsin adı Bəsic üzvüdür. Bəsic universitet üçün işləndikdə, yəni universitet, müəllim və tələbə Bəsici deyildikdə, daha dərin məna kəsb edir. Nə üçün? Çünki universitet gələcəyin təməlidir. Digərləri indiki vəziyyətdən, mövcud olanlardan bəhrələnirlər. Məsələn, məhsulunu toplayan bir əkinci buğdalarından istifadə edir. Lakin buğdalarının ən yaxşısını, ən sağlamını sonrakı əkin üçün ayırmasa, bu gün süfrəsində çörəyi ola bilər, lakin sabah olmayacaq. Universitet sabahı hazırlamaqda olan bir qurumdur. Belə olduğu üçün öhdəlik ruhu, fəaliyyətə və amalçılığa təmayül, amalları görmək, onlara əhəmiyyət və könül vermək, onlar üçün hərəkət etmək və çalışmaq istəyi tələbə və universitet müəllimi üçün çox əhəmiyyətlidir. Bu olmasa, cəmiyyət çox ziyan çəkər. Bu baxımdan, tələbə və müəllim Bəsicinin mənası çox genişdir.


Bəsic, universitet və tələbə

Universitetdə Bəsicin bir gözü universitetə baxır, bir gözü dünyaya. Universitetə baxmaq - yəni elm, tədqiqat, iş, dərs, universitet münasibətləri, əxlaq, siyasi məqsədlər və sair işlər üçündür. Dünyaya baxış isə bunun üçündür ki, görsün bu qədər söz, söhbət, elm, siyasət və fəaliyyət olan bu toplum, yəni universitet dünyanın harasında yerləşir, onun rolu nə ola bilər, onun üçün hansı mövqe seçilmişdir. Tarixin, dünyanın və siyasətin harasında yerləşdiyini bilməyincə özünün universitet daxilindəki rolunu da düzgün anlaya bilməz. Fərz edin, biz bu gün deyirik elm istehsalı. Əgər elmi işlə məşğul olan bir tədqiqat mərkəzi bu gün elmin hansı mərhələdə olduğunu və bizim elm karvanının harasında yerləşdiyimizi bilməsə, heç şübhəsiz, dövrümüzdə ehtiyac olmayan bir elmi işlə məşğul olacaq. Bu, bir misal idi. Bütün məsələlərdə belədir. Mümkündür universitet daxilində tələbə, yaxud müəllim siyasi, yaxud ictimai sahədə bir mövzunun universitetə baxışla yaxşı olduğunu təyin etsin. Lakin dünyaya və dünyanın indi həmin mövzu, onun mövqeyi və gələcəyi barədə nə qərar verdiyinə baxmasa, o zaman bu ehtimal var ki, universitet daxilinə baxış olan həmin işdə də səhv etsin. Buna əsasən, canlı, ayıq, fəal olmaq, yerində və ehtiyaca uyğun hərəkət etmək üçün Bəsicin bir gözü universitetin daxilində, öz çevrəsində, bir gözü isə dünyada olmalıdır. Yəni görsün ki, dünyada nə baş verir, biz haradayıq, bizim üçün nə fikirləşirlər, bizim qarşımızda və yanımızda kimlər var. Bunları bilmək lazımdır. Bunlar zəruri məsələlərdir.


İranda diktatura

Bizim ölkəmiz uzun müddət mütləq diktatura, qeyd-şərtsiz monarxiya rejimində yaşadı. Bunun təfsilatını tarixdə oxumusunuz. Oxumamısınızsa, oxuyun, görün ki, uzun əslər boyu həmin padşahlar bu ölkədə necə hökmranlıq ediblər, İran xalqını nə sayıblar. Sizə deyim ki, diktatura dövründə çox nadir istisnalardan başqa bütün padşahlar ölkəni və xalqı öz mülkləri bilirdilər. Ona görə fikirləşmirdilər ki, bu məmləkətdə bir xalq da yaşayır və onunla razılaşmalıdırlar. Uzun diktatura boyunca bu ölkənin əsl sahibi olan İran xalqına baxış belə idi.


Müstəmləkə amili

Təxminən iki əsr bundan öncə dünyada müstəmləkə amili meydana çıxdı. Müstəmləkə sözünü çox eşidiblər, lakin onun ümumiyyətlə, nə olduğu barədə az adam maraqlanıb. Bu barədə qısa şəkildə deyə bilərik ki, əvvəldə bir-iki Avropa ölkəsi dünyanın şərqində böyük sərvət qaynaqlarının olduğunu kəşf etdilər. Əlbəttə, onda nefti kəşf etməmişdilər, lakin digər sərvət qaynaqları vardı. Misal üçün, Hindistanda müxtəlif sərvət mənbələri, bitkilərdən düzəldilmiş dərmanlar, müxtəlif ədviyyatlar, qızıl və digər əşyalar vardı. Bu dövlətlər əllərində olan imkanlardan istifadə etdilər, dünyanın o tərəfindən qalxıb bu torpaqları tutmaq üçün yola düşdülər. Bu hadisə təxminən 200, yaxud 250 il bundan əvvəl baş verdi. Düzdür, bu işlər qabaqca da görülürdü. Lakin normal bir ənənə formasına düşməsi, onun üçün fəlsəfənin meydana çıxması 200-250 il əvvələ aiddir. Bu fəlsəfəni ələ keçirmək istədikləri xalqlara öyrədirdilər. Həmin fəlsəfə bu idi ki, siz geriqalmış bir xalqsınız, biz gəlib sizin ölkənizi abadlaşdırmaq istəyirik. “İstemar” (müstəmləkəçilik) sözünün leksik mənası “abadlaşdırmaq” deməkdir. Avropalıların işlətdiyi ifadənin ərəb və farsca tərcüməsi “istemar”dır, abadlaşdırmaq deməkdir. Bu məsələ bəzi ölkələrdə, misal üçün, Hindistanda, Əlcəzairdə, Afrikada və bir çox Asiya ölkələrində birbaşa icra olundu. Lakin bəzi yerlərdə belə deyildi; ya sərf etmirdi, ya məsləhət və ya mümkün deyildi. Buna görə müstəmləkəçiliyi dolayı yolla həyata keçirdilər, yəni gəlib diktatorlardan ibarət yerli hakimləri pulla, vəd və təhdidlərlə aldatdılar, öz alətlərinə çevirdilər. Müstəmləkəçilik bizim ölkəmizdə belə etdi. Bizim ölkəmizdəki dolayı müstəmləkəçilik təəssüf ki, Qacarlar dövrünün sonlarından, əslində, Nasirəddin şah hakimiyyətinin ortalarından başladı. Bunlar bizim ölkəmizin başına gələn müdhiş və taleyüklü hadisələrdəndir.


Müasir İran tarixi; diktatura və müstəmləkəçilik

Ölkədə müstəmləkəçilik yarananda hakimiyyətin bəlası artdı. Diktatura vardı, müstəmləkəçilik də əlavə olundu; yəni həm diktatura oldu, həm asılılıq. Nadir şah Əfşar da diktator, xəbis və zalım idi, amma başqa qüvvədən asılı deyildi, hər halda, iranlı idi, İran üçün çalışırdı. Lakin Nasirəddin şahın dövründən sonra həmin qatil, rəhmsiz, insan hüququna etinasız diktator başqa bir dərd də tapdı. O da bu idi ki, ölkəni əcnəbilərin ixtiyarına buraxdı, onlara imtiyaz verdi, istədiklərini etdi. Bu, ölkə üçün ən təhlükəli hadisə idi. Bəllidir ki, siz hegemon və müdaxiləçi bir xarici gücə nə qədər iltifat göstərib kömək etsəniz, daha üzlü olacaq və daha çox istəyəcək. Elə də oldu. Qacar şahlarının yumşaqlığı işi o yerə çatdırdı ki, Qacarların sonlarında ölkənin əsas müstəmləkəçisi olan ingilislər dolayı müstəmləkənin çətin olduğunu düşündülər, birbaş öz adamlarını gətirməyə həvəsləndilər. Rza xanı tapdılar, Pəhləvi hakimiyyəti başlandı. Pəhləvilərin təxminən 50, yaxud 57 illik hakimiyyəti çox qaranlıq və zülmət diktatura ilə yadda qaldı. Diktatura haqqında eşitdiklərinizin, oxuduqlarınızın və düşündüklərinizin hamısı bu dövrdə yaşandı. Bundan əlavə, xarici təsir və hökmranlıq da vardı.


İran və yeni müstəmləkəçilik

Dünyanın siyasi terminologiyasında adı yeni müstəmləkəçilik (neo-kolonializm) olan dolayı xarici müstəmləkəçilik İranda eynilə mövcud idi. İran xalqı və bu torpağın sahibləri olan milyonlarla insan, bu qədər gənc, mütəfəkkir və istedadlı nəsillər avtoritorizmə və xarici müstəmləkəyə məruz qaldılar. Bu gün avropalıların və amerikalıların iddialarının əksinə olaraq, xarici müstəmləkə heç zaman ölkədə azadlığın və insan hüquqlarının xeyrinə bir addım belə atmadı, hətta onun ziddinə işlər gördü. Bu gün bu Qərb dövlətləri öz ifadə, söz və iddialarında həmişə insan hüquqlarından dəm vururlar. Bir dini həqiqətə könül vermiş dindar kimi elə danışırlar ki, elə bil, insan hüquqları bunlardır. Əlbəttə, yalan danışırlar. İstər İranda, istər dünyanın digər yerlərində müstəmləkəçilər insan hüquqları, azadlıq və təbəqələrarası bərabərliyin xeyrinə bir addım belə atmadılar, hətta əksinə, öz adamlarını gücləndirdilər, onları müdafiə etdilər ki, daha sərt diktatura yaratsınlar və istədiklərini etsinlər. Bizim inqilab dövrünə qədərki tariximiz belə keçmişdir.


İran xalqı və müstəmləkə əleyhinə müqavimət

İranda xarici istismarçılığın başlandığı dövrdən əksər hallarda böyük din alimlərinin rəhbərliyi və din bayrağı altında xalq müqavimətləri də başlandı: oxuduğunuz, yaxud eşitdiyiniz hərəkatlar - tənbəki imtiyazına qarşı mübarizə, Məşrutə hərəkatı, Mirzə Kiçik xan Cəngəli, Xiyabani hərəkatı, Neft sənayesinin azad edilməsi hərəkatı - bu, mərhum Ayətullah Kaşaninin hesabına xalq hərəkatı oldu, əvvəldə bir partiya səviyyəsində idi və nəticə əldə olunmurdu - və sonra da İslam hərəkatı. Xalqların, o cümlədən, İran xalqının əleyhinə bu böyük hərəkətlə mübarizədə hansı düşüncə təsirli ola bilərdi? Şübhəsiz, böyük bir hərəkat lazım idi. Xalq arasında yer tutmaq, cəmiyyətin görkəmli şəxslərinin və din alimlərinin dəstəyini qazanmaq istəyən böyük bir hərəkat səhnəyə yeni söz çıxarmalıdır. Şüarla xalqı üç-dörd gün səhnədə saxlamaq olar, amma fundamental mübarizəni bəzilərinin ağızlarından eşitdiyiniz bəsit və puç şüarlarla idarə etmək olmaz. Belə mübarizə və xalqı səhnədə saxlamaq üçün düşüncə lazımdır. Xalqın böyük dəstəyini cəlb etmək üçün möhkəm bir düşüncə dayağı lazımdır. Bizim hərəkatımızın böyük imamı bu möhkəm düşüncəni İslamdan çıxara bildi.


İslam hərəkatının inqilab təfəkkürünün əsasları

Bu təfəkkürün əsasları yenidən araşdırılan və dərk edilən İslam prinsipləri idi. Misal üçün, tövhid İslam hərəkatının prinsip təməllərindən biri idi. Ümumi avam baxışla onu "Allah birdir, iki deyil" kimi məna etmişlər. Düzdür, bəllidir ki, Allah birdir, iki deyil. Lakin tövhid təkcə bu deyil. O, insan həyatına hakim olan gücün birliyi mənasınadır. Bu nə deməkdir? Yəni insanlara hökm sürən bütün güclərin inkarı. Görün birdən-birə necə böyük məna kəsb etdi. Yəni müstəmləkəçiliyin və hər bir zalım hakimiyyətin inkarı; bütün çevriliş və sülalə hakimiyyətlərinin inkarı, eqoistliklə, şəxsi istək, hiss və maraqlarına söykənərək topluma hakim olmaq istəyən bütün hakimiyyətlərin inkarı - siyasi və ya iqtisadi hakimiyyətlərin. Bu böyük hərəkatın əsas təməllərindən olan tövhidin mənası budur.


İkinci əsas: İnsan məqamının ucalığı

Bu hərəkatın əsaslarından başqa birisi insan məqamının ucalığı idi. İnsanı uca tutmaq nə deməkdir? Yəni insan üçün dəyər tanımaq. Təkcə dildə demək yox, ona qərar vermək, seçmək, öz taleyini müəyyənləşdimək və məqsədləri uğrunda fəaliyyət imkanı yaratmaq. İnsanı uca tutmağın mənası budur. Başqa bir cəhətdən, insanı uca tutmaq onu Allahın məxluqlarının seçilmişi bilməkdir. Onun üçün elə bir yol təsvir etmək ki, o yol onu təkamülə və mütləq gözəlliyə, Rəbbin müqəddəs zatına çatdırsın. Bunlar insanın məqamını uca tutmaqdır. İnsanı fiziki, cinsi və maddi istəklərdə məhdudlaşdırmaq insanı kiçiltməkdir. Necə ki, insanı məişətdən məhrum etmək, onu həyatın təzyiqinə, ailə xəcalətinə tuş gətirmək də insan məqamının ziddinədir. Buna əsasən, insan məqamını uca tutmaq hər iki cəhətdən olmalıdır. Bunlar, insanı öz gələcəyinin idarəsində heçə sayan müxtəlif diktatura və fəlsəfələrin hamısını inkar edir. Bunlar böyük İslam hərəkatının əsaslarından idi. Dünyada bu gün də yeni sözlərdir. Bu gün də səhnə arxasında dayanıb dünyanın hegemon dövlətlərini idarə edən kompaniyalar insanlar üçün onlara dollar istehsal etməkdən, pul və qazanc gətirməkdən başqa bir dəyər tanımırlar. Dünyanın bütün bu qalmaqallarını nəhəng kompaniya və oliqarxlar idarə edirlər. Kapitalist ölkələrində yalnız onların istədiyi partiya və namizəd hakimiyyətə gələ bilər. Birinci sözü pul deyir. İnsan məqamını uca tutmaq isə bu qeyri-insani üsulun əksinədir.


Ədalət

Ədalət İslam hərəkatının başqa biri əsası idi. Bu gün ölkələrin sərvətli olmasını ümumi daxili məhsul və adambaşına gəlirlə müəyyənləşdirirlər. Bu nə deməkdir? Yəni sərvət bütün xalqa eyni və bir-birinə yaxın həddə çatır? Əsla. Bir ölkənin sərvətliliyinin mənası bu deyil ki, o ölkədə yoxsul, məhrum, bədbəxt, ilkin həyat ehtiyaclarından uzaq insanlar yoxdur. Elə ABŞ-da və dünyanın digər sərvətli ölkələrində elə insanlar var ki, onların yoxsulluq vəziyyəti kasıb bir ölkədə, məsələn, Hindistanda, yaxud Əfqanıstanda yaşayan bir insanın vəziyyətindən fərqlənmir. İslam sərvət qaynaqlarının istehsalını və istixracını lazım bilir, lakin deyir ki, sərvət ədalətli bölünməlidir. İslamda olan ədalət kommunistlərin dediyi və heç zaman əməl etmədiyi bərabərlik mənasında da deyil. Ədalətlilik budur ki, təbəqələr arasındakı dərin uçurum əsla mövcud olmamalıdır. Öz cəmiyyətinizə baxın, bu prinsiplərin ziddinə olan hər bir şey bizim mənfi cəhətlərimiz, yanlışa yol verdiyimiz yerlərdir. Problemlərimiz də həmin yanlışlardan irəli gəlir. Bəsic quruluşun qərarı, iradəsi və ümidi olan fədakar toplumdur. O, məqsədsiz insan deyil, özü üçün təsvir etdiyi arzularını həyata keçirmək, əyrilikləri və yanlışları düzəltmək istəyir.


İmam, İslam hərəkatı və ikiqütblü dünya

İmam və İslam hərəkatı belə təfəkkürlə mübarizəyə girdi. Düzdür, xalq birdən-birə və əvvəldən səhnəyə çıxmır. Qabaqcıl bir təbəqənin bir xalqı yavaş-yavaş mübarizəyə sövq etməsi üçün çox zəhmət çəkmək lazımdır. İmam bu işi gördü, bu təbəqəni yaratdı, bu hərəkata rəhbərlik etdi. Nəhayət, məsələ bu böyük okean üçün aşkarlandı və okean təlatümə gəldi. İmamın bu böyük İslam inqilabı ilə nəticələnən hərəkatı dünyada bütün zalım zirvə və hakimiyyətlərə qarşı problem idi. Bilirsiniz ki, o zaman dünyada iki güc qütbü mövcud idi. Biri kapitalist qütbü, həm liberalı, həm də demokratiyası yalan olan kapitalizm liberal-demokratiyası idi. Onun kapitalizmi düzgündür. Liberalizm demokratiya kimi, onların nəzərində müəyyən mənaya malikdir. İkinci qütb, yaxud cəbhə isə marksizm cəbhəsi idi. Onlar da sosial-demokratiyaya etiqad bəsləyirdilər, iqtisadiyyatları ümumi mülkiyyət əsasında idarə olunurdu, sərvət bütün xalqa aid idi. İddiaları bu idi. Onlar da demokratiya iddiası edirdilər, halbuki ən pis diktatura və repressiya sosializm iddiasında olan keçmiş Sovet ölkələrində vardı. Sovetin süqutundan sonra kitablar yazılıb. Onlardan biri Arbat uşaqlarıdır. Onu oxusanız, görərsiniz ki, diktatura tərəfindən bütün ictimai təbəqələrə düşüncə və əməl baxımından necə güclü təzyiqlər göstərilirdi. Halbuki onlar, Stalin və canişinləri özlərini demokrat adlandırırdılar. Hər halda, hər biri dünyanın bir hissəsinə hakim olan bu iki böyük rejim meydana atılan bu hərəkatla və onun prinsipləri ilə düşmənçilik etdilər, onunla vuruşmağa qalxdılar. Nə üçün? Çünki bu təfəkkür bir xalqı və potensial olaraq o zaman 800-900 milyonluq müsəlman dünyasını arxasınca aparırdı. Ona görə təhlükə hiss etdilər. Öz İslam inqilabınıza və İslam quruluşunuza bu aspektdən baxın. Məsələ bu deyil ki, ABŞ bu ölkədə hakim siyasətinin məğlubiyyətə uğrayıb getdiyinə görə intiqam almaq istəyir. Bəli, doğrudur ki, İslam inqilabı amerikalıların istismarına son qoydu, ölkədə onları hər şeydən məhrum etdi, ABŞ-da xalqa və İslam quruluşuna qarşı dərin düşmənlik yaratdı. Lakin əsas məsələ budur ki, o təfəkkür, inqilabın ortaya qoyduğu üsul və ideya potensial olaraq İslam dünyasının hər yerində reallaşmağa qabiliyyətlidir. Necə ki, indiyədək ötən iyirmi ildən artıq dövrdə İslam ümmətinin bu inqilaba və onun düşüncələrinə cəlb olunduğunu görürsünüz. Əgər bir qədər bacalar açılsa, xalq öz fəaliyyətini göstərər. Bunun nümunələri mövcuddur və mən müəyyən səbəblərə görə ad çəkmək istəmirəm. Əlbəttə, İslam inqilabının qələbəsi müstəmləkəçilərin diqqətlərini toplamalarına, bu böyük hərəkətin İranda qələbə çaldığı kimi, digər ölkələrdə də qələbə çalmasından ehtiyatlanmalarına səbəb oldu. Lakin bunun qarşısını bir müddətə qədər ala bilərlər, həmişə bacarmazlar. Şərti budur ki, bu yolun öncülləri olan İran xalqı və İslam quruluşu öz bayraqlarını yüksəkdə saxlasınlar. Nə qədər ki, bu bayraq dalğalanır, ona qoşulma da mümkündür. Əgər bu bayraq olmasa, demirik ki, dünyada İslam hərəkatı yatacaq, lakin onların yenidən gedəcəyi yol çox uzun və bəzilərinin məyusluğuna bais olacaq. Çünki bu bayraq və İslam quruluşu göstərmişdir ki, bu təfəkkürləri bir əməl və quruluş formasında təqdim etmək, cəmiyyəti onun əsasında formalaşdırmaq olar. Bu, bəzi ideyalar kimi yalnız sözdən ibarət deyil deyil. Nə qədər ki, xaricdə bunun real nümunəsi möcuddur, İslam xalqlarının buna sarı hərəkət ehtimalı güclüdür və hegemonizm üçün təhlükə çox böyükdür.
Kapitalizm və marksizm əleyhinə əngəl

İslam quruluşu və inqilabı bir tərəfdən dünyanın kapitalizm və digər tərəfdən ateist-marksist quruluşuna qarşı bir cərəyan idi. Heç biri ilə razılaşmadı, çünki özünün müstəqil yolu hər ikisinə müxalif idi. Əgər üç, yaxud dörd cəbhə də olsaydı, yenə də İslam quruluşu heç birinə əyilməyəcəkdi. Çünki yol müstəqil, məqsəd müəyyəndir. Buna görə də onların hamısının düşmənliyini qazandı.

Bu gün bəziləri zahirdə xeyirxahlıqdan, əslində isə qorxudan, inamsızlıqdan deyirlər ki, gəlin bir söz deyək və bunlara tərəf bir addım ataq. O zaman da bu sözlərdən deyilirdi. Bəziləri deyirdilər ki, gəlin Sovet və marksizm cinahına bir qədər yaxınlaşaq ki, o biri cinah qarşısında dayanıb müqavimət göstərə bilək, yaxud əksinə. Onlar bilmirdilər ki, bir hərəkatın qüvvəsi və iqtidarı öz daxilindən çağlamasında, tərəfdarlarına sadiqliyini göstərməsindədir. O, öz düşüncəsinə, təfəkkür və ideyalarına uyğun çıxış yolları axtarıb tapmalıdır.
Qlobal hegemonizmin əsas üsulu

Siz elə bilməyin ki, bu gün yaradılmış bu ajiotaj keçmişdə yox idi. Bunlar inqilabın əvvəlindən olmuşdur. İmamın dövründə, xüsusən də onun vəfatından sonra dəfələrlə müxtəlif ölkələrdən bəzi şəxslər dost və yoldaş kimi, mühüm sirri açan tərzdə bizə deyirdilər ki, Amerika və İsrailin raketləri İran daxilindəki mühüm obyektləri nişan almışdır, İranı dağıtmaq an məsələsidir. Məqsədləri məmurları qorxudub tərk-silah etmək idi. Sanki güclü və peşəkar bir quldur sizin evinizə gəlib deyir ki, qapını aç, yoxsa belə edərəm, elə edərəm. Əgər evin qapısını açsanız, o sizin evinizə daxil olsa, öz məqsədinə bir addım yaxınlaşmış olacaq. Əgər evin koridoruna daxil olub desə ki, icazə verin otaqlara baxım, öz məqsədinə - yəni sizin evinizi qarət etmək, ələ keçirmək və məhəllənin digər evlərinin başına gətirdiyi bəlanı sizin evinizin başına da gətirmək məqsədinə bir addım da yaxınlaşmış olacaq. Əgər siz qapını açmasanız, nə edər? Hədələyər ki, vuracağam. Bəs qapını açsanız, vurmayacaq?! Əgər qapını açsanız, onun üçün daha asan olacaq, daha yaxşı vura biləcək. Bu təhdidlər İran xalqını və onun məsul şəxslərini geri itələməkdən ötrü idi. Bu zaman ilk ziyan kimi, İslam dünyasının ictimai rəyi onun əleyhinə yönələcəkdi. Onlar bunu istəyirlər. Bizim xəbərimiz var ki, İslam dünyasında pullar xərcləyirlər. Mətbuata, kanallara, internetə pul xərcləyirlər ki, İslam dünyasının ictimai rəyinə İslam Respublikasının ikiüzlü olduğunu bildirsinlər. Göstərsinlər ki, əməldə bir iş görür, sözdə isə başqa cür danışır. Bunu sübuta yetirmək istəyirlər ki, İslam ümmətinin imanını və ictimai rəyini uzaqlaşdırsınlar, İslam Respublikasını güclü strateji dayağından məhrum etsinlər. Məqsədləri budur. Təəssüf ki, bəziləri də söz və çıxışları ilə onlara kömək edirlər.


İran xalqının məzlumluğu

Mömin gənclər, bilin ki, İran xalqının mübarizədən doğmuş quruluşu belə bir şəraitdə dünyanın ən qəddar zalımları əleyhinə ayağa qalxa və onların maraqlarını təhdid edə bilmişdir. Amma eyni zamanda xalqımız öz hərəkətində məzlumdur. Nə üçün? Ona görə ki, İran xalqı bu mübarizəyə kiməsə təcavüz, yaxud təhdiddən ötrü başlamadı. O bu böyük işləri öz haqqını müdafiə, duktatura və xarici müstəmləkəçiliklə mübarizə üçün gördü. Hər bir xalqın və insanın öz azadlığını müdafiə etməyə və həyatını qurmağa haqqı var. Buna əsasən, İran xalqına müxtəlif siyasi və və qeyri-siyasi yollarla hücum edənlər, əslində, ona zülm edirlər. Çünki İran xalqı onların işğalçı və istismarçı maraqlarını təhdid etmişdir, onlar da xalqdan intiqam almaq istəyirlər. Bu baxımdan, haqq xalqımızladır. İlk gündən düşmənin bu böyük hərəkətə qarşı planları olmuşdur, bu gün də var. Bu gün eşidirsiniz ki, vəziyyət həssasdır, təhlükə var. Bu təhlükə bütün bu illər boyu həmişə olmuşdur. Düşmənin təhlükəsi məğlubedilməz bir şey deyil. Dünyanın hegemon siyasətinin bir xalq əleyhinə çalışması ilahi bəla deyil ki, əlacı mümkün olmasın. Xeyr, bunun əlacı mümkündür. Düşmənin nə iş görmək istədiyini bilmək və çıxış yolunu tapmaq lazımdır. Bu bir həqiqətdir və düşmən də anlamışdır ki, bir xalqla mübarizə apara bilməz; xüsusən də böyük ölkəsi, çoxlu gənci olan, cihada, şəhadətə və canfəşanlığa həvəsləndirən İslamın səmərəli etiqadlarına malik 60-70 milyonluq böyük bir xalqla. Onlar anlamışlar ki, belə bir xalqla vuruşmaq faydasızdır. Bunu öz təhlillərində də deyirlər, hamıya da aydındır. Digər tərəfdən, belə bir xalqla mübarizə aparmaq üçün heç bir modern vasitə yetərli deyil. Çünki modern vasitələr ordunu geri oturtmaqdan və hökumətləri təslimə vadar etməkdən ötrüdür.


Düşmənin siyasətlərini öyrənməyin zəruriliyi

Düşmənin siyasətlərini öyrənmək və onlara qarşı mümkün tədbirləri nəzərə almaq lazımdır. Düşmən ona tamamilə əlverişsiz olan bu şəraiti dəyişdirmək üçün müxtəlif ictimai təbəqələri və məmurları qorxutmaq məqsədilə planlar cızır. Məmurları qorxaq qərarlar çıxarmağa vadar etmək istəyir və bu işi müxtəlif yollarla görür; radiolar vasitəsilə, ümumi xəbərlər və xüsusi müraciətlərlə.


Təhdid siyasəti

Bu gün ölkənin məsul şəxslərini qorxutmaq siyasəti ABŞ-ın ciddi siyasətlərindən biridir. Mən bu mövzu barədə məsul şəxslərlə söhbətlər etmişəm. Onların bir hissəsi yayımlanıb, siz də eşitmisiniz. Sizinlə bu barədə danışmaq istəmirəm. Demişəm ki, əgər məsul şəxslər qorxsalar, səhv və qorxaq qərarlar verəcəklər. Qorxu üzündən olan hər bir qərar isə mütləq zərərimizə olacaq. Məmurlar səviyyəsində belə işləyirlər, xalq səviyyəsində də müxtəlif formalarda.


İctimai rəyi təşvişə salmaq siyasəti

Başqa bir iş budur ki, ictimai rəydə təşviş yaratmaq istəyirlər. Yəni belə bir ümumi təsəvvür yaransın ki, hakimiyyətdə gərginlik mövcuddur, vahid fikir, yol və qərar yoxdur. Bunu yeritmək istəyirlər. Bu gün bu işləri görmək üçün milyardlarla pul xərcləyirlər. Bu təbliğatlar təkcə əcnəbi radiolarda aparılmır, açıq asılılığı olmayan qrup və komandaları müxtəlif adlarla, polis və təhlükəsizlik orqanlarından gizli şəkildə ölkənin içinə göndərirlər ki, bu sahədə kömək edə bilənlərlə təmasa girsinlər və nəhayət, şayiələrlə, yazmaqla, deməklə, ümumxalq tribunalarından qanunsuz istifadə etməklə təşviş hissini beyinlərə yeritsinlər.


Gərginlik yaratma siyasəti

Başqa bir sahədə özləri həmin təşvişi tələbələr və xalqın müxtəlif təbəqələri arasında yaratmağa çalışırlar. Universitetdə gərginlik yaratmaq üçün nə qədər çalışdılar. Tələbələr arasında iğtişaş və qalmaqalla məşğul olan şəxslər sağlam adamlar deyillər. Ya siyasi baxımdan qeyri-sağlamdırlar, ya da düşüncə baxımından. Ya asılıdırlar, ya aldanmış və sadəlövhdürlər. Siz özünüz tələbəsiniz, bu bir neçə ildə görmüsünüz ki, universitetdə iğtişaş yaratmaq üçün əllərindən gələni ediblər. Bu səylər yenə də davam edəcək. Lakin Allahın lütfü ilə uğursuzluqla nəticələnəcək.


Əngəl törətmə siyasəti

Başqa bir sahə budur ki, ölkədəki əsaslı işlərin qarşısını müxtəlif yollarla alsınlar. Mane törətməyin də geniş bir macərası var. Bəzən insan dayanmış bir işin və fəaliyyətin ipucunu izləyərkən elə yerlərə çatır ki, düşmənin bəzi işlərdə belə sərmayə qoymasına heyrətlənir. Əlbəttə, xoşbəxtlikdən, bizim ölkəmizin icra orqanlarında mömin insanlar və sədaqətli kadrlar var, düşmənin təxribatı, bədxahlığı və pis niyyəti qarşısında dayanırlar. Bunda şübhə yoxdur. Düşməni rüsvay edirlər, o, nakam olur, amma hər halda, bir çox yerlərdə iş ləngiyir və zəifləyir.


Səhvlərdən sui-istifadə siyasəti

Düşmənin işlərinin başqa bir sahəsi məmurların səhvlərindən istifadədir. Allaha sığınırıq, əgər bir məmurda səhv bir fikir, səhv hərəkət, səhv söz, səhv bir addım görünsə, düşmən bundan maksimum istifadə edir. Mən bir dəfə məsul şəxslərə dedim ki, bizim hətta bircə səhv etməyə belə haqqımız yoxdur. O sözü buna görə dedim. Səhv insanın öz əlində deyil, lakin insan səhv etməyin müqəddimələrini aradan qaldırmalı, buna imkan yaratmamalıdır. Çünki düşmən bu səhvdən maksimum istifadə edəcək.


Düşmənin siyasəti

Universitetlərdə elmi iş, ölkənin müxtəlif sahələrində quruculuq, istər sənaye, istər əkinçilik və xidmətlər sahəsində uğurlu fəaliyyət düşmən siyasətlərinin əleyhinə olan işlərdəndir. Dini, əxlaqı və mənəviyyatı yaymağa çalışmaq, ümumi mühitlərdə və hamısından mühümü, bəzi mühitlərdə, o cümlədən, universitetdə iğtişaş və çəkişmələrin qarşısını almaq düşmənin və onun məqsədlərinin ziddinə olan, planlarının qarşısını alan amillərdən biridir. Mömin insanlar harada olsalar, bu məsələlərə diqqət yetirməlidirlər. Təhsil və tədqiqat işi ilə məşğul olduğunuz emalatxana və laboratoriyalarda, dərs oxuduğunuz siniflərdə, tədqiqat apardığınız yerlərdə, elm sahələrində, yeni bir yol axtardığınız yerlərdə düşmən əleyhinə çalışırsınız. Bir qrupa ixtilafdan çəkinmək üçün nəsihət verdikdə, bir qrupa dinə və əxlaqa bağlılığı tövsiyə etdikdə düşmən əleyhinə iş görməkdəsiniz. Geniş xidmət və düşmənlə mübarizə işləri bir ayıq insanın gözü önündə olmalıdır. O, düşmənin məqsəd və siyasətləri ilə mübarizədə birbaşa xidmət olan hansı işi görməyin mümkünlüyünü bilməlidir.


Quruluşun daxili strukturunun möhkəmləndirilməsi

Mənim bu gün ölkənin bütün problemlərinin əlacı bildiyim iş quruluşun daxili strukturunun möhkəmləndirilməsidir. Əlbəttə, bu iş ümumi iradə ilə mümkün ola bilər. Bu bütün tərəqqilərin, xidmətlərin və bütün düyünlərin açılmasının səbəbi və şərtidir; yəni vəhdəti qorumaq, hər bir insanın və ölkənin qanuni sahələrindən hər birinin öz vəzifələrinə əməl etməsi, cəmiyyətdə sabitliyin qorunması, işləmək, ixlaslı və mömin fəaliyyət, xüsusən də tələbələr arasında və universitetdə əvvəldə dediyim iki baxışla universitetə məxsus maarifləndirmə işi görmək; universitetə və beynəlxalq aləmə, dünyanın vəziyyətinə baxışla.


Düşmənin hədəfi: Bəsic

Siz əziz gənclər bilin ki, düşmənin hədəflərindən biri Bəsicin özüdür. Düşmən Bəsicin varlığından əsəbiləşmişdir, bu təşkilata kəskin qəzəblidir. Çünki onun işinin təsirini bilir. Bəsic - fəaliyyətə hazırlıq deməkdir; ölkənin inkişafı, inqilabın və quruluşun qalması üçün lazım olan böyük işlərin planlaşdırılmasında geniş addım, fəaliyyət. Bu, kiçik bir şey deyil: mömin, alim, dərs və düşüncə adamı, həmçinin işə və fəaliyyətə hazır olan gənc təbəqə. Bu hazırlıq düşmənin əl-ayağını itirməsinə səbəb olur. Bu hazırlıq hər bir sahədə faydalıdır; elm sahəsində bir cür, iş və quruculuq sahəsində bir cür, siyasət və müdafiə sahəsində başqa cür.


Bəsicin şəhadət istəyi və beynəlxalq qaydalar

Bu hazırlıq insanlarda şəhadət istəyi və ölümdən qorxmamaq hissi yaradır və beynəlxalq qaydaları qüvvədən salır. Çünki bütün beynəlxalq qaydalar insanların ölüm qorxusuna hesablanır. Ölüm hədəsi ölümdən qorxan şəxsə qarşı keçərlidir. Ölümdən qorxmayan, məqsəd və amalları uğrunda şəhidliyə hazır olan cəsarətli insanlar olduqda isə bu qaydaların hamısı qüvvəsini itirir. Buna görə çox qəzəblənmişlər. Bəsicin, universitetin qədrini bilin. Universiteti elmi, siyasi, mental və etik Bəsic mühiti edin. Bəsic üzvü olmayan çoxlu mömin tələbələr də var. Mütləq üzərlərində Bəsic adının olmasına israr etmək olmaz. Möminlər çoxdur. Bu təşkilatda olmasalar da, Bəsic üçün verdiyimiz tərifə görə, onlar da Bəsicdəndirlər. Onlarda bu hazırlıq varsa, Bəsicdəndirlər. Laqeydlər də çoxdur. Onlar Bəsic üzvü olan bir gəncdən, müəllim və tələbədən gözəl əməl, əxlaq, keyfiyyətdə və işdə mətinlik müşahidə etsələr, təbii şəkildə Bəsici uca tutacaq, qəbul edəcəklər.


Vuruşma və dartışma

Bəziləri Bəsici vuruşma və dartışmaya çəkmək istəyirlər. Vuruşma və dartışmanın özü universitetin və cəmiyyətin zərərinədir. Qeyd etdim ki, düşmənin siyasətlərindən biri cəmiyyəti gərgin və təşvişli göstərmək və gərginlik yaratmaqdır. Çaxnaşma olan bir cəmiyyətdə heç bir müsbət iş görmək olmaz. Onlar bunu istəyirlər. Çaxnaşma tərəfinin kim olmasının da onlar üçün fərqi yoxdur. Bəsicin bu işlərə çəkilməsinə qoymayın. Bəsic məntiqli və siyasidir. Siyasəti məntiqlə, hikmətlə və düşüncə ilə yanaşı edir. Bir mütəfəkkir və nəzər sahibi kimi sözünü ağıllı şəkildə danışır, sözü olmadığından yumruğunu düyünləyən adam kimi yox.

Bəziləri də Bəsici ittiham edirlər. Tələbəyə bənzəyən üç-dörd nəfəri bir yerdə bir iğtişaşa vadar edir, sonra Bəsici günahlandırırlar. Bunlar çox əskik adamlardır, çünki ən şərəfli gəncləri və insanları ittiham altına salırlar. Siz ehtiyatlı olun və yaxşı rəftar edin. Siz özünüzün və yolunuzun qədrini bilin və bilin ki, ölkədə belə mömin qüvvələr, mömin gənclər, ixlaslı Bəsic üzvləri, bu yola imanlı, inamlı və onu sevən böyük toplumlar olunca, heç bir düşmən bu ölkədə özünün bədxah məqsədlərini həyata keçirə bilməyəcək.

Bu ölkənin, siz əziz xalqın, xüsusən də siz gənclərin gələcəyi parlaqdır. Ümidvarıq Allah-Taala bu gələcəyi yaxınlaşdırsın və dövrün imamının xeyir-dualarını sizin hamınıza şamil etsin!

Allahın salamı və rəhməti olsun sizə!



Yüklə 356,08 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin