Bismillahir-Rəhmanir-Rəhim.
Gənclik həvəsi, şövqü və istedadı ilə aşıb-daşan bu məclisdə birinci növbədə möhtərəm müəllimlərə və çox gözəl olan bu tələbə layihəsinin təşkilatçılarına təşəkkür edirəm. Ümidvarıq Allah-Taala bu qayğıkeş, ayıq, dövrün ehtiyaclarından məlumatlı qardaşlara uğur bəxş etsin ki, bizim dəyərli gənc nəslimizə xidmətlərini davam etdirə bilsinlər.
Gənclər və fürsətlər
İkinci sözüm siz mömin gənclərə - gənclik nemətindən bəhrələnən insanlaradır. Bu gün bizim ölkəmizin gənc nəsli fəaliyyət üçün öz qarşısında əlverişli şərait görür. Dünyanın hər bir gənci belə şəraiti sevir. İslam İranında yaşayan siz gənclər üçün Allaha şükür olsun ki, fəaliyyət imkanı vardır. Bu fəaliyyət ölkənin və cəmiyyətin gələcəyini qurmaq üçün məqsədli qurucu hərəkətdən ibarətdir. Bu təbii ki, sizin özünüzün və bu ölkənin hər bir gəncinin də gələcəyi deməkdir. Dünyanın bir çox yerlərində gənclər ölkələrinin gələcəyini qurmaq imkanı əldə edə bilmirlər; ya diktatorlar gənc nəslin fəaliyyətinə imkan yaratmırlar, ya da avtoritorizmin başqa növü, yəni gözəgörünməz və duyulmaz diktatura hakimdir. Təəssüf ki, dünyanın, dırnaqarası demokrat ölkələrinin çoxunda ikinci vəziyyət mövcuddur. Onlar mürəkkəb təbliğat üsullarından və kommunikasiya texnologiyasından istifadə edərək zehinləri elə formalaşdırırlar ki, böyük bir toplumu, gənclərin əksəriyyətini, yaxud böyük bir hissəsini laqeydliyə və ölkələrinin ümumi gələcəyinə əhəmiyyətsiz yanaşmağa sövq edirlər. Ötəri, dəyərsiz və kiçik ehtiyac və həvəslərlərlə kifayətlənmək, gələcəyə qarşı etinasız və laqeyd etmək sionistlərin dünyada işlətdikləri siyasətdir. Qərbin inkişaf etmiş ölkələrində, misal üçün, ABŞ-da və bəzi Avropa ölkələrində bu siyasət indi də icra olunur.
İslam ölkələrində gənclər
Bizim ölkəmizdə xoşbəxtlikdən, gənclərin sayı olduqca çoxdur. Ölkə əhalisinin böyük bir hissəsini gənclər təşkil edirlər. Digər tərəfdən, bu gün bizim ölkəmizdə inqilabçı, dinamik, aktiv mövqeli və bəşəriyyətin ümumi məsələlərində məqsədli bir İslam amili mövcuddur. Əgər bu ölkədə mövcud olan İslam bəzi müsəlman ölkələrindəki kimi olsaydı, yəni İslam təmayülü və bəzi İslam təəssübləri olsaydı, lakin İslamın əsas məqsədləri olmasaydı, İslamın adı olsaydı, lakin ölkə İslamın ziddinə olaraq müstəmləkəçilərin, istismarçıların, nəhəng oliqarxların və xalqın sərvətlərindən sui-istifadə edənlərin əlində olsaydı, bu, əsl və həqiqi İslam yox, formal İslam olardı. Əgər hansısa bir ölkədə belə bir İslam hakim olsa, o ölkənin gənci yenə də bir yol tapa bilməz. Bu gün bəzi İslam ölkələrindən bizə müraciətlər olunur, onların gəncləri İranda inqilabın qələbəsindən yaranan İslam oyanışına görə bəzi hiss, tələb və maraqlar əldə etmişlər. Digər tərəfdən, onların yaşadığı mühit bu istəklərin arxasınca getmələri üçün münasib deyil. Bəzi yerlərdə polis, bəzi yerlərdə isə başqa amillər mane olur.
Ədalət, azadlıq və müstəqillik - mütləq dəyərlər
Ədalət mütləq bir dəyərdir, istisnası yoxdur. Bəlkə də İslamda mövcud olan azsaylı mütləq dəyərlərdən biri də ədalətdir. Ədalətin dairəsi heç yerdə məhdudlaşdırılmamışdır. Bir hökumət və bir ölkə ədalətin əhatəsini nə qədər genişləndirib, onu cəmiyyətdə nə qədər çox tətbiq edə bilsə, İslam baxımından yol açıqdır və bəyənilir. Lakin belə xüsusiyyətlərə malik olan ədaləti əsla göz qarşısında və diqqət mərkəzində saxlamırlar. Halbuki bəşərin ən mühüm ehtiyacı ədalətdir. Bu günün özündə də dünyada bəşərin ən əhəmiyyətli ehtiyacı ədalətdir. Bu gün bəşəriyyətə göstərilən ən çox təzyiq ayrıseçkilikdən və ədalətsizlikdən irəli gəlir. Azadlığın və ədalətin yanında istiqlaliyyət var. Bu da çox böyük bir istəkdir. Müsəlman xalqın bədbəxtliyi əsasən, o zamandan şiddətləndi ki, onların müstəqilliyi təhdidə məruz qaldı, qərblilər əvvəldəki elmi inkişaflarından qeyri-insani siyasi məqsədlər üçün istifadə etdilər. Siz gənclər bunu bilməlisiniz.
Qərb, elm və müstəmləkəçilik
Qərblilər ilk olaraq elmdən müstəmləkəçilik sahəsində istifadə etdilər. Yəni Avropada Qərblilər elmdən ilk olaraq müstəmləkə işlərində istifadə etdilər. Onlar Avropada elmi hərəkətin başlandığı 17-18-ci əsrlərdən müstəmləkəyə başladılar. Qərblilərin Asiya və Afrikanın sərvətli bölgələrində müstəmləkəçi hərəkətinin başlanması da həmin dövrə aiddir. Onlar həmin məhdud elmdən digər ölkə və torpaqlarda yaşayan insanları daha çox istismar etmək üçün bəhrələndilər. Hər halda, tüfəng xəncər və nizə qarşısında mühüm silah sayılır. Onlar əldə etdikləri elm və texnologiyanın ilkin mərhələləri ilə tüfəngdən, paroxoddan və ucqar ölkələri istismar etmək digər vasitələrindən istifadə etdilər. O ölkələrin bəziləri, misal üçün, Hindistan, Afrika və digər yerlər çox qədim mədəniyyətə malik idilər. O xalqın sərvətindən istifadə edib öz elmi bünövrələrini gücləndirdilər və sonra yenə elmdən dünyanın müxtəlif bölgələrində yerlərini bərkitmək üçün istifadə etdilər; yəni elmdən hakimiyyət üçün, hakimiyyətdən də elm üçün istifadə etdilər. Nəticədə müsəlman ölkələrinə həm siyasi, həm də mədəni və elmi hökmranlığı ələ keçirdilər.
Müsəlman ölkələri və müstəmləkəçilik
Müsəlman ölkələr özlərinin ən pis dövrlərini müəyyən etmək istəsələr, onu müstəmləkəçiliyin başlanması bilməlidirlər. Onlar müsəlmanların istiqlaliyyətini aldılar. Bacardıqları yerlərdə özləri birbaşa hökmranlıq etdilər, mümkün olmayanda isə dolayısı ilə bu işi gördülər. Bu gün də dünyanın müxtəlif yerlərində müxtəlif üsullarla həmin işi görməkdədirlər. Bu baxımdan, iradəli gəncləri olan bir ölkə üçün üç böyük amal ədalət, azadlıq və müstəqillikdir. Burada həm kəmiyyət əhəmiyyətlidir, həm də gəncin iradəsi və marağı. Bunların hər ikisi bizim ölkədə mövcuddur. Çoxlu sayda gənc və gənclərdə iman hissləri, İslam və din duyğuları; bunlar gənci müntəzəm surətdə ədalətə, azadlığa və istiqlaliyyətə sövq edən amillərdir.
İnqilabın qələbəsindən sonrakı 25 il ərzində kinli və ədavətli düşmənlərin təxribatları qarşısında ölkəmizi qoruyan ən mühüm amil imanlı gənclər olmuşdur. Onlar istər müqəddəs müdafiə dövründə, istərsə də digər dövrlərdə möhkəm sədd kimi düşmənin təsirinə mane oldular. Düşüncə və əməl adamları lal və məchul duyğularına yox, ayıq müqavimət və hisslərinə görə aktiv və imanlı gənc təbəqəsinə arxayın olmalıdırlar. Xoşbəxtlikdən, bizim gənclərimiz nə istədiklərini bilirlər. Ölkədə bunun üzərində təkid göstərilməlidir.
Vilayət layihəsi
Siz gənclərin iştirak etdiyiniz bu layihələrin müəllifi cənab Misbahdır. O bir neçə il bundan qabaq bu faydalı işə başladı. Bu işin bənzərləri universitetlərdə, elm və tədqiqat mərkəzlərində və ölkənin digər yerlərində görülür. Bu iş gəncləri doğruçu və dərin imanla yetişdirən və onların imanına ayıqlıq və aydınlıq bəxş edən ən dəyərli işlərdəndir.
Gəncliyə tövsiyələr
Siz əziz gənclər hansı mühitdə olsanız, təsirli olmalı, mühiti öz iman və düşüncənizin təsiri altına salmalı, bunun əksinin baş tutmasına qoymamalısınız. Bu gün bizim ölkəmizin istiqlaliyyətinin, qüdrət və başucalığının düşmənləri çox nəhəng və böyük xərc tələb edən bütün vasitələrlə gəncləri duyğusuz, imansız və ümidsiz edib, amal və ideallardan uzaqlaşdıran həvəs və istəklərə yönəltmək istəyirlər. Düşmənin səyi qarşısında səmimiyyət, sədaqət, əzmkarlıq, iradə və elmi işlərlə məşğul olan şəxslərin elmi fəaliyyəti gözlənilir. Günün təsirli üsullarından istifadə etmək lazımdır. Siz gənclər hansı mühitdə olsanız, təsir buraxmağa çalışın ki, onların təsirini də zərərsizləşdirəsiniz. Lakin təəssüf ki, bəzi gənclər üzərində təsir buraxırlar. Elə işlər görürlər ki, gənc həm dərsindən geri qalır, həm şərəfli və uca məqsədlərindən uzaqlaşır. Sizin gənc çevrəniz isə iş, fəaliyyət və böyük missiya mərkəzidir.
Düşmənin təbliğatının məqsədi
Onlar özlərini bacarıqlı göstərmək istəyirlər. Biz bunu əsla qəbul etmir və əksini düşünürük. Biz düşünürük ki, İslam quruluşunun, inqilabın və İslam bayrağının düşmənlərinin təhdidləri bu günə aid deyil, 25 ildir bu işi görürlər. Əgər siz 80, 81, 82, ondan qabaqkı və sonrakı illərin hadisələrini oxusanız, yaxud görmüsünüzsə, yaddaşınıza müraciət etsəniz, görərsiniz ki, düşmənin təhdidləri və əks təbliğatı həmişə olub. Onların üsulları dəyişməmişdir. Düzdür, bəzən zərbə görüb geri çəkilmiş, bəzən də həvəslənib inqilab əleyhinə, imanlı və ixlaslı qüvvələr və uca məqsədlər əleyhinə yenidən hücuma keçmişlər. Düşmən bir iş görə, bu təhdidləri həyata keçirə, hegemon istəkləri qarşısında ən böyük sədd olan İslam inqilabını və İslam Respublikasını ortadan götürə bilsəydi, 10 il, 15 il, 20 il qabaq bu işi görərdi. Bacarmayıb, indi də bacarmır.
Əlbəttə, zəif və iradəsiz insan həmişə var. Onlar öz zəifliklərini, özləri demiş, teorizə edirlər. Üzərinə bir fikir, yaxud fikirdən bir örtük çəkirlər ki, zəifliklərini ört-basdır etsinlər. Quranın ifadəsi ilə desək, onlar mürcifdirlər - xalqın ürəyində tərəddüd, lərzə və iztirab yaradanlar, cəmiyyətdə sabitliyi və hüzuru pozmağa çalışanlar. Müxtəlif tribunalardan müxtəlif sözlər danışırlar; çox zaman yanlış və düşünülməmiş sözlər. Bizim mömin gəncimiz belə sözlərə əhəmiyyət verməməlidir.
ABŞ-ın başağrıları
Deyirlər ki, ABŞ gəlib ölkəmizin şərqini tutub, qərbini tutub, Əfqanıstanda və İraqdadır. Bəli, ABŞ Əfqanıstana və İraqa girmişdir, lakin bilmirlər ki, hər iki yerdə bataqlığa batmışdır. Bu gün ABŞ problemdədir. Əgər amerikalılar özlərini İraqdan xilas edə bilsəydilər, sabahı gözləməzdilər. Onlar qazanc götürməyə, İraqın həyat sərvətlərini, neft mənbələrini ələ keçirməyə gəlmişdilər. Gəlmişdilər ki, burada regional maraqlarını təmin edəcək bir güc mərkəzi yaratsınlar. Bu qədər başağrısından ötrü gəlməmişdilər. ABŞ əsgərinin İraqdan qaçması doğrudur, bizdə hətta onların sayı barədə məlumat var. Say çoxdur. Bunlar ABŞ dövlətinin böyük problemləridir. Onlar İraqda ilişib-qalmışlar. Bəllidir ki, bunların mediaya çıxmasına, bu problemlərin dünya xalqlarına və ABŞ-ın öz xalqına göstərilməsinə heç zaman imkan vermirlər.
Ayətullah Həkimin şəhadəti barədə
Ötən günlərdə əziz və məzlum Ayətullah Həkimin şəhadəti terrorçu qruplaşmaların işi olsa da, – bu terrorçuların nə qədər müstəqil olmaları da dəqiq bilinmir – bu, ABŞ və İsrailin casus şəbəkələrinə bəraət qazandırmır. ABŞ və İsrailin təhlükəsizlik orqanlarının ən çox gördükləri işlərdən biri budur ki, hiyləgər və şeytan üsulları ilə gedib başqa bir qrupu hansısa bir hərəkətə vadar etsinlər. Özləri onlarla tanışdırlar; ümumiyyətlə, belə şeytanlıqlar və xəbisliklər üçün dərs keçirlər. Tutaq ki, filan terror qrupunun üzvü olan bir nəfər bu işi görmüşsə də, yenə də böyük ehtimalla ipucu həmin təhlükəsizlik orqanlarının əlindədir. Düzdür, biz bu sahədə tam və yetərli təhqiqat aparmamışıq, lakin əlimizdə olan dəlillərə görə deyirik ki, bunların işidir. İraqda fitnə törətmək, xalqı bir-birinə vuruşdurmaq, onları din alimlərinə, dini liderlərə, İraqda İslam hakimiyyətini istəyən şəxslərə qarşı qoymaq bunların marağındadır. Bəllidir ki, belə şəxslərin düşmənləri birinci növbədə ABŞ, İsrail və onlar kimi olanlardır. Əgər başqa bir şəxs də düşmənçilik etsə, bunların təhriki ilədir.
Lakin bu kobud üsullarla və deyilən məsələlərlə bir şey alınmayacaq. Gördünüz ki, bəzilərini İraqda şəhid etdilər, amma İraqın özündə və digər müsəlman ölkələrində ABŞ əleyhinə, ABŞ-ın müdaxilələri əleyhinə və İslam hakimiyyətinin xeyrinə böyük etiraz dalğaları yarandı. Kobud vasitələrdən, müharibədən, bombadan və digər bu kimi işlərdən nə qədər çox istifadə etsələr və bu sahədə nə qədər şiddət göstərsələr, öz məqsədlərindən bir o qədər uzaqlaşacaqlar və müsəlman ölkələrində onların istədiklərinin əksi həyata keçəcək. Bunlar zamanın və bizim dövrümüzün reallığıdır.
Ümidli gələcək
Siz mömin gənclər bilməlisiniz ki, bu gün gənc nəsil üçün gələcək çox ümidvericidir; Pəhləvi diktaturasını bu ölkədə yıxmağı bacaran gənc nəsildən daha çox. Bu gün sizin böyük İslam gələcəyinə açıq yolunuz, ümidiniz və aydın təsəvvürünüz ozamankı gənclərdən daha çox ola bilər. Bu gün sizin vəzifəniz ağırdır; onlar bacardılar, siz də bacararsınız. Onlar bu ölkədə hegemonizmdən asılı rejimi məğlub edə bildilər, siz hegemonizmin özünü məğlub edə bilərsiniz. Onlar elmi nailiyyətlər və böyük tərəqqilər üçün yol aça bildilər, siz də bu yolda özünüzü, ölkənizi məqsədlərə çatdıra bilərsiniz. Bizim bugünkü gənc nəslimiz hətta o dövrdəkindən daha çox ümidvar ola bilər.
Mənim əzizlərim! Mömin gənclər! Oğlan və qızlar! Bacardığınız qədər özünüzü iman, elm və ayıqlıq sarıdan islah edin, gücləndirin. Sizin imanınızın dərin ayıqlığı da olmalıdır, elmi də. Siz ayıqlıq, bilgi və aydınlıqla silahlanmalısınız. Bu tamamilə mümkündür. Bacardığınız qədər özünüzü bu sahələrdə gücləndirin və sonra harada olsanız, ətrafınız üzərində təsir buraxın, mömin gənc hərəkətini gücləndirin.
Allah-Taaladan istəyirik ki, siz möhtərəm müəllimləri, məsul şəxsləri, təşkilatçıları və Tələbə Bəsicini müvəffəq və dövrün imamının xeyir-dualarını sizə aid etsin!
Allahın salamı və rəhməti olsun sizə!
Dostları ilə paylaş: |