Bismillahir-Rəhmanir-Rəhim.
Tələbə hərəkatının inkişafı
Mənim üçün çox şirin və ürəkaçan bir məclisdir. Əlbəttə, bu məclis simvolikdir. Yəni bir neçə ildir ramazan ayının bir gününü tələbə oğlan və qızlarla bir yerdə otururuq, iftar edirik. Bunun özü simvolik bir işdir. Mən bu işlə tələbə təbəqəsinin dəyərini və bu təbəqənin ölkənin bu günü və gələcəyində olan çox əhəmiyyətli rolunu göstərmək istəyirəm. Həmçinin göstəririk ki, İslam quruluşu tələbə hərəkatının inkişafını və bu inkişafla bağlı bütün xüsusiyyətləri müsbət qarşılayır. Bu xüsusiyyətlər sizin özünüzün dedikləriniz və bildiklərinizdir: həvəs, istedad, gənclik duyğuları, amalçı istəklər, bəzən gənc olmayanlar üçün əlçatmaz görünən ideallara vurğunluq. Gənc bu ideallar uğrunda daim çalışır. Xalqları və ölkələri durğunluqdan qurtaran da bu çalışmalardır. Bugünkü məclisimizin əsas məqsədi budur.
Universitetə və tələbələrə qarşı optimist
Mən yalnız iki-üç məqamı xatırlatmaq istəyirəm. Biri budur ki, mən universitetə və tələbələrə qarşı optimistəm. Danışıqlardan isə göründü ki, bəzi tələbələr belə deyillər. Bu optimistlik xam xəyaldan qaynaqlanmır. Hər halda, biz ömrümüzü bu işlərdə keçirmişik. Bu yaşda və mənim vəziyyətimdə bir insan üçün xamxəyal olmaq çox da ehtimal olunmur. Mən universitetin vəziyyətindən - istər elmi, istər mədəni, istər əxlaqi və mənəvi vəziyyətindən ətraflı məlumat alıram. Bütün bu məlumatların nəticəsi dediyimdir: Mən nikbinəm.
Elmi sahədə dediyiniz çatışmazlıqlar var: müəllim problemi, müdiriyyət problemi, proqram problemi, büdcənin azlığı və sair. Bunları bilirəm, bunlar mənim son 10 ildə universitet mənsubları ilə - müəllim, tələbə və rektorlarla görüşdə daim təkrar etdiyim və maraqlandığım məsələlərdir. Bunların bir qədəri yaxşılaşmışdır. Lakin bütün bu problemlərə baxmayaraq, bizim universitetlərdə elmə həvəs və istedadların çiçəklənməsi duyulur. Bunu görməzdən gəlib həmişə məyusluq ayəsi oxuya bilmərik. Sonuncu çıxış edən əzizimiz də dedi ki, mən müjdə vermək istəyirəm, digərləri qorxutdular. Amma onun bir kəlmə müjdəsi də digərlərinin qorxutmaları arasında itdi; hərçənd o müjdə realdır.
Həqiqi müjdə
Mənim vermək istədiyim bu müjdə də realdır. Bizim universitetlərimizdə elmi hərəkət və istedad çiçəklənməsi inkişafa doğru gedir. Siz baxın, müxtəlif elmi sahələrdə, daxili və xarici olimpiadalarda iştirak etmək istəyənlərin sayı artıb. Mənə bir məlumat verdilər, əgər səhv etməsəm, ötən il yüz min nəfər riyaziyyat olimpiadasında iştirak etmək istəmişdir. Bu, yüksək rəqəmdir. Məlumatlı ekspertlər dedilər ki, bu yüz min nəfərin ən azı qırx min nəfəri dərs və təhsil baxımından ideal vəziyyətdədirlər. Yaxud fundamental elmlərdə biz beynəlxalq olimpiadalarda həmişə dünyanın ilk on ölkəsindən oluruq. Hətta bütünlüklə idxal fənni olan, yəni heç bir uğurlu keçmişimiz olmayan kompüter sahəsində də dünya olimpiadalarında yüksək yerləri tuta bilmişik.
Əlli il sonra
Bir əzizimiz dedi ki, mən cümə namazında belə demişəm: “Ölkənin elm adamlarından gözləyirik ki, əlli ilə qədər dünyaya elm ixrac edək”. Bu, qeyri-mümkün bir şey deyil. İndi siz özünüzə müraciət edin; əgər bu söz sizə imkansız və absurd görünürsə, bilin ki, hələ də “siz bacarmırsınız, bacarığınız yoxdur!” deyib, zorla yeritdikləri ənənə beyinlərinizdə mövcuddur. Bu yalançı ənənəni yox etməliyik. Bu tamamilə mümkündür. Biz mənfur rəhbərlərin, avtoritar rejimlərin, Qərbə və ABŞ-a bağlı hökumətlərin əlində qalmışdıq. Elmin doğuş və inkişaf dövrü olan bu 150-200 ildə harada öz istedadımızı çiçəkləndirmək istəmişiksə, başımızdan vurublar. Əgər Qərbdən gələn bu kiçik sənayeni - şüşəni, parçanı, fotoqrafiya şüşələrini düsəltmək istədiksə, mane oldular. Dünyada istehlakçılarının olmasını istəyən transmilli korporasiyalar da bunu istəmirdilər, buna görə qarşısını alırdılar. Bizim keçmiş hökumətlərimiz asılı, azğın, pis və ləyaqətsiz olmuşlar. İnqilabdan sonra bu sədlər sındı. Əgər məcburi müharibə və bəzi başqa məsələlər olmasaydı, inqilabçı hakimiyyət bundan yaxşı işlər görə bilərdi. Allahın lütfü ilə gələcəkdə İslam quruluşu və inqilabı sayəsində bu işlər görüləcək. Bu bizim ölkəmizin qəti taleyidir.
Universitetin əxlaq problmelərinin şişirdilməsi
Əxlaqi sahədə də belədir. Bəziləri universitetdəki əxlaqi problemləri çox şişirdirlər. Mən indi elə bir söz işlətmək istəmirəm ki, belə problemdə olanlar sözümdən həvəslənib onu kiçik və yüngül saysınlar. Lakin sizə demək istəyirəm ki, bizim gənc tələbə nəslimiz əxlaqi problemlərə düçar olan Qərb ölkələri arasında yox, hətta müsəlman ölkələri arasında da əxlaq, mənəviyyat və zərif insani duyğular baxımından misilsiz və böyük fərqlə yüksəkdədir. Bəlkə də çoxlarınız bilirsiniz, bir universitetdə tələbələr qərara gəlirlər ki, şəban ayının birinci gününü oruc tutsunlar və xörək jetonlarını toplayıb kasıblara versinlər. Məsələ yoxsula kömək deyil, oruc tutmaq, Allaha diqqət, ibadətdir. Bizim universitetlərdə belə məsələlər var və xoşbəxtlikdən, az və nadir də deyil. Hətta bəzən müşahidə olunan siyasi çəkişmələr, cinah ayrılıqları və əxlaqsızlıqlar da mənəvi təmayülün üstünlüyünü məhv edə bilmir.
Aydın fikirli müsəlman tələbə
Mənim və İslam quruluşunun qənaəti budur ki, ümumilikdə tələbə təbəqəsi müsəlman, dindar və aydın fikirli bir təbəqədir. Dünya səviyyəsində bəzi cərəyanlar mövcuddur, bəzilərinin İranda şöbəsi də var. Onlar tələbəni nə aydın fikirli kimi bəyənirlər, nə də müsəlman kimi. Aydın fikirli kimi bəyənmirlər, çünki onu partiya, siyasət və idxal edilmiş təəssübkeşlik və ehkamçılığa çəkirlər. Biz “ehkamçılıq” dedikdə təsəvvürümüzdə dini ehkamçılıq canlanır. Bəli, o da bir növ ehkamçılıqdır, amma ehkamçılıq təkcə bu deyil. Ondan da təhlükəli olan siyasi ehkamçılıqdır. Siyasi partiya və təşkilatların formalaşmasından doğan ehkamçılıq heç kəsə düşünmə imkanı vermir. Əgər bir məsələnin düzgün olması üçün on qaneedici dəlil göstərsək, qəbul edir, amma əməl zamanı ayrı cür əməl edir. Niyə? Çünki partiyası, yəni başının üstündə duran siyasi təşkilat mafiya atalığı kimi, ondan belə istəyir. İnsan bunun bəzi nümunələrini təəssüf ki, hətta univeristetdə də görür.
Aydın fikirliliyin mahiyyəti
Deməli, belə bir ehkamçılığa düçar olan toplum daha aydın fikirli deyil. Çünki aydın fikirlilik haqq istəyi ilə, açıq gözlə, məntiq və dəlillə yanaşı olmalıdır. Müsəlman olmaq istəməmələri də bundan ötrüdür ki, müsəlmançılığın təhlükəli olduğunu bilirlər. Bu gün hegemon düşərgənin, xüsusən də ABŞ və sionizmin düçar olduğu əsas problemlər - bu problemlər olduqca çoxdur - ona görədir ki, müsəlmanlar özünüdərkə yiyələnmişlər. Bu özünüdərkdə bizim böyük imamımızın, xalq, inqilab və quruluşumuzun böyük rolu olmuşdur. Onların əsas başağrısı bu cəhətdəndir. Ona görə bunu məhv etmək istəyirlər. Bu baxımdan, tələbənin müsəlman olmasından çox narazıdırlar.
Birliklərin çoxluğunun zəruriliyi
Mənim fikrim budur ki, qeyd olunan tələbə birlikləri ittifaqı yaxşı bir şeydir. Lakin o demək deyil ki, bütün birliklər buraxılsın və bir ittifaq olsun. Bu, düzgün təcrübə deyil. Çox keçməyəcək ki, həmin ittifaq da birliklərin çoxunun böyük problemlərini yaşayacaq. Düzgün yolu budur ki, mövcud tələbə birlikləri qarşılıqlı anlaşma ilə, haqqı görməklə və tələbənin xüsusiyyəti olan məsələlərlə özlərini bir-birinə yaxınlaşdırsınlar. Haqq sözü ortaya qoysunlar, tərəfdarlıqlar və müxalifətlər dəlil və məntiqdən qaynaqlansın.
Siyasi ehkamçıların universitetə müdaxiləsi
Mənim əzizlərim! Universitet elm mərkəzidir. Elmə maneçilik törədən heç bir şeyə orada yer yoxdur. Universitet əsas zərbəni siyasi ehkamçıların tələbələr arasındakı işlərindən görür. Universitet elm və tədqiqat yeri olmalıdır. Universitet elə bir yer olmalıdır ki, orada hiylə, saxtakarlıq və çaşdırıcı işlər ya olmasın, ya da az olsun. Qalmaqalla yaşayanlar, dava-dalaş olmadan yaşamağa çətinlik çəkənlər universitetdə iş görə bilməməlidirlər. Universitetdən, tələbə gənclərimizdən, müəllim və rektorlardan gözlənilən budur.
Siyasi fikir ayrılıqlarının təbii olması
Siyasi fikir ayrılıqları təbii bir şeydir. Bunun eybi yoxdur. Ümumiyyətlə, təkcə siyasi sahədə yox, hətta dini sahədə də fikir ayrılığı inkişafa kömək edir. Bunun eybi yoxdur. Mən özüm tələbəyəm, ömrümü tələbəlik dünyasında keçirmişəm, elm hövzələrində olmuşam, görmüşəm ki, hövzədə məşhur nəzərin ziddinə bir söz demək günah sayılmır, lakin şərti var. Şərti budur ki, irad və müzakirə elmi şəkildə olsun. Fərz edin, universitetdə fikir ayrılığına səbəb olan bir siyasi məsələ müzakirə olunur. Bunun nə eybi var?! Fikir və nəzər sahibi olan insanları dəvət etsinlər, gəlib sakit bir mühitdə bir-biri ilə müzakirə və söhbət etsinlər, onlardan elmi məsələyə baxmaları istənilsin. Dini sahələrdə də belə bir şey mümkündür. Bir tərəfdən də tələbələr üçün deyilən məsələlərin çoxu İslam və məzhəb məsələləri ilə yaxından əlaqədardır. Bu, hövzənin alim və mütəfəkkirlərinin meydana girmələrinə və nəticədə İslam təfəkkürünün inkişafına bais olur. Bunu istəməliyik, bunun ziddinə olan heç bir iş universitet və tələbə mühitinə münasib deyil. Dava-dalaş salmaq, yumruq düyünləmək, boş şey üstündə qalmaqal yaratmaq və bəzi dostların çox kədərlə dedikləri kimi, müqəddəslərə hörmətsizlik etmək yaxşı deyil. Əlbəttə, mən bu qardaşlarımız qədər kədərlənmirəm. Çünki bir qədəri sizin gənc olduğunuza görədir. Siz gəncsiniz, bu məsələləri görməmisiniz, ona görə tez əl-ayağınızı itirirsiniz. Biz bir ömür yaşamışıq və bu hadisələrdən çox görmüşük. Bilirik ki, bunlar bir şey deyil.
Hegemonizmlə mübarizənin yeganə səngəri
Anarxizm təmayülləri universitetə yaraşanın tam əksinədir. Qayda-qanuna qarşı çıxmaq və özbaşınalıq istəmək - bəziləri belədirlər - universitetə yaraşmaz. Əlbəttə, hamının - tələbə və qeyri-tələbənin əsas vəzifəsi ilk növbədə İslam quruluşunu müdafiə etməkdir. Sizə deyim ki, mən bu sözü özüm quruluşun rəhbəri olduğum üçün demirəm. Xeyr, mən də tələbəyəm, bunu sizə deyim. Mənim hisslərim və ruhiyyəm yaşayıb mübarizə apardığım qaranlıq illərindəkindən heç fərqlənməyib. İndi də həmin insanam; lakin fəallığı daha az, təcrübəsi isə daha çox. Bunu ona görə deyirəm ki, bu gün bu İslam quruluşu dünyadakı zülm və hegemonizmlə mübarizənin yeganə səngəridir. Başqa heç bir yerdə belə bir səngər yoxdur. Bu gün dövlətlərin çoxu öz xalqlarının, ziyalılarının iradəsinin əksinə olaraq, ABŞ-ın və hətta sionizmin qapısını öpmüşlər. Avropa parlamentlərinin çoxu da sionizmin qapısını öpüb pullarına qul olanlardır. Dünyada 60 milyonluq bir xalqa arxalanan, azadlıqsevərliyin, ədalətin, bəşərin və beynəlxalq amalların müdafiə səngəri sayılan mərkəz və qüvvə bugünkü İslam İranıdır. Bu quruluşu müdafiə etmək hamının borcudur. Bu, dövlət təşkilatlarına bağlı şəxslərə məxsus deyil. Hamımız müdafiə etməliyik. Əgər kimsə bunun əksini etsə, onun dünyanın filan casus şəbəkəsinə bağlı olması barədə sənəd göstərməyə ehtiyac yoxdur. Rəsmən bağlı olması lazım deyil, onsuz da həmin sözü danışır və həmin işi görür. Əgər onlardan pul da almırsa, əslində, onların muzdsuz və məvacibsiz nökəridir. Bu gün ABŞ CİA-sının və İsrail Mossadının ən mühüm məqsədi budur ki, İslam quruluşunun daxilinə bir baca açıb zərbə vura bilsinlər, bu gün bu quruluşun dünyada səngər kimi malik olduğu möhkəmliyini və qüdrətini azaltsınlar. İndi bu işi bir nəfər daxildə universitet səngərindən, rəsmi bir tribuna arxasından olsa belə, bir yumruq düyünləməklə fəryad etsə, bu, hünər deyil, fəxr deyil. Dünyanın ən pis quldurları ilə bir olmaq, ən ədalətli dövlətin və güc mərkəzinin əleyhinə çıxmaq fəxrdirmi?! Biz tağut quruluşu ilə vuruşan zaman hər bir mübarizin hərəkəti fəxrli idi. O mübarizələr fəxrli idi. Bu gün bəzi təbəqələr dünyadakı tağut rejimləri ilə, asılı və mənfur rejimlərlə vuruşurlar. Bu, fəxrdir. Lakin hegemon güc mərkəzləri qarşısında möhkəm dayanan bir quruluşa qarşı çıxmaq heç kəs üçün fəxr deyil. Mən inanıram ki, bu qruplar universitetə sırınmadır. Bu qruplar universitetlərdə elm və məlumata əngəl törədir. Universitetlər bunları geri qaytaracaqlar. Bunların rəftarı və siyasətbazlıqları işi o yerə çatdırıb ki, bizim tələbələrimizin çoxunu hətta siyasətdən küsdürüb, onlar siyasi işə həvəssiz olublar. Bu sahədə universitetlərin bəzi rəhbərləri də təqsirsiz deyillər.
Ədalət
Qardaşlarımızdan birinin ədalət barədə sual olaraq bəyan etdiyi məqamlar çox yaxşı məqamlar idi. Bu suallara cavab verilməlidir. Əlbəttə, dedim ki, yeri bu məclis deyil. Cavablarını özünüz düşünməlisiniz. Müəllimlərlə, cəmiyyətin düşüncə və İslam öncülləri ilə yaxşı toplantı və görüşlərdə bu sualların cavabını tapın. Bu sahələrdə hətta bizə də kömək edin və fikrinizi bildirin. Bu fikirlər bizə çox kömək edir. Əlbəttə, fəsad əleyhinə, onun kökünü kəsmək üçün və ədalət naminə hərəkət Allahın lütfü ilə davam edəcəkdir. Çətin işdir, amma bu çətin iş İslam quruluşunda davam etdiriləcək. Quruluşun mənası və ruhu budur. Bu quruluşun düşməni çox olacaq, bunu da bilin. Əmirəlmöminin nəql olunan rəvayətdə buyurub ki, ədalət şüarda və sözdə çox şirin və gözəldir. Hamı deyir, hamının xoşu gəlir, lakin əməl və insaf zamanı çatdıqda çox çətin olur. Çoxlu şəxslər görürsünüz ki, bəzən ədalət şüarı verirlər, lakin əməl zamanı çatanda axsayırlar, bəlkə də şüar vermələrinə peşman olurlar.
Hər halda, siz öz mühitlərinizdə həm söz, həm qərar, həm də mühakimələrinizdə ədalətə riayət edin. İnşallah, Allah-Taala lütfünü sizin və bizim hamımıza şamil edəcək.
Allahın salamı və rəhməti olsun sizə!
Dostları ilə paylaş: |