5.5. Layihənin təşkilati strukturunun yaradılmasında rəhbərin vəzifəsi İnvestisiya layihələrinin idarə edilməsinin ən rasional forması idarəetmə fəaliyyətinin ixtisaslaşmasının ən yüksək inkişaf mərhələsini və konkret layihənin idarə edilməsi funksiyalarını özündə əks etdirən peşəkar idarəetmədir. Həyata keçirilən layihələrin miqyas, dəyər və sayının artması şəraitində layihələrin hazırlanması və həyata keçirilməsi ilə bağlı bütün məsələlər üzrə hazırlıqlı və səlahiyyətli olmaq, sifarişçi üçün doğrudan da çətindir. Buna görə də, sifarişçi layihələrin təşkili və idarə edilməsi işini layihələrin idarə edilməsi metodu və üsulları ilə tanış olan, ən müxtəlif informasiya mənbələrinə malik və əsas idarəetmə qərarlarını qəbul etməyi bacaran ixtisaslaşmış strukturlara həvalə etməyi daha səmərəli hesab edir. Peşəkar idarəetmə strukturlarının vəzifələri:
▪ Layihə konsepsiyasının işlənməsində iştirak və sifarişçiyə məsləhət vermək;
▪ Layihələndiricilərin, podratçıların və digər layihə iştirakçılarının seçilməsi;
▪ Layihənin icrası üzrə işlərin həyata keçirilməsinin təşkili və əlaqələndirilməsi;
▪ Maliyyələşdirmə, avadanlıq material və sairlə tikintinin təmin edilməsi üzrə işlərin təşkili və əlaqələndirilməsi;
▪ Bütün layihə iştirakçılarının məlumat ehtiyacının ödənilməsi;
▪ Layihənin həyata keçirilməsinin bütün mərhələlərində onun vəziyyətinə nəzarət, təhlil və nizamlama.
Layihələrin peşəkar idarə edilməsinin strukturları sifarişçilərin müvafiq risk tətbiq etməklə layihələrin texniki səviyyə və keyfiyyəti ilə bağlı irəli sürdükləri tələbləri özündə birləşdirən investisiya fəaliyyətinin təşkili və idarə edilməsinin daha proqressiv formalarının aramsız şəkildə axtarılmasının nəticələri kimi nəzərdən keçirilə bilər. Böyük miqyaslı və mürəkkəb investisiya layihələrinə qarşı irəli sürülən belə yüksək tələblərin ödənilməsi təkcə idarəetmə fəaliyyətinin ixtisaslaşması və peşəkarlaşması sayəsində deyil, həm də verilənlərin kompüter sistemlərində emalından geniş şəkildə istifadə etməyə əsaslanan xüsusi təşkilati forma, metodologiya və texniki idarəetmə layihələrinin hazırlanması nəticəsində meydana çıxmışdır.
Layihələrin idarə edilməsinin metodologiyası tərkibinə əvvəlcədən investisiya prosesinin bütün iştirakçılarının daxil edilməsi ilə xüsusi layihə komandasının yaradılması nəzərdə tutulur. Müvafiq məqsəd, funksiya və vəzifələrə uyğun olaraq layihə komandasının tərkibi layihələrin həyata keçirilməsi üzrə rəhbər işçilərin bütün mövcud fəaliyyət sahəsini əhatə etməlidir. Komandaya adətən aşağıdakılar daxil edilir: layihənin rəhbəri və onun qrupu, sifarişçi, investorlar, arxitektor, mühəndis, tikinti podratçıları, torpaq sahəsinin sahibi, maliyyə təşkilatları, hüquqi xidmət və yerli hakimiyyət orqanları, material və avadanlığın tədarükçüləri və başqaları. İnşaat da daxil olmaqla, layihənin fəal icrası dövründə layihə komandası üzvləri arasından vahid ştab yaranır. Layihələrin idarə edilməsinin belə bir forması əsasında hər bir iştirakçının fəallığının artırılmasına nail olunur, layihə üzrə “zəif yerlər” aşkara çıxarılır və həmin qüsurların aradan qaldırılması ilə bağlı məsələlər operativ şəkildə həll edilir.
Layihənin rəhbəri mərkəzi füqur sayılır. Bu bir qayda olaraq “layihə firması”nın sədri olmaqla müvafiq texniki işçi heyyətinə malik, layihələrin idarə edilməsi sahəsində müasir metodologiyaya və texnologiyaya girişi olan bir şəxsdir. O daha çox sifarişçinin maraqlarını tam şəkildə təmsil edir, ona müvafiq səlahiyyət və ehtiyatlar verilir, son nəticələrin alınmasına görə maddi məsuliyyət daşıyır.
Peşəkar layihə rəhbərinin əsas funksiyaları arasında aşağıdakıları qeyd etmək lazımdır:
-layihənin hazırlanma konsepsiyasında iştirak etmək və sifarişçiyə məsləhət xidmətini göstərmək;
-layihəçi və podratçıların seçilməsi (layihəqabağı işlərin təşkil edilməsi və layihələndirmə tapşırığının hazırlanması– müqavilələrin bağlanması üçün sənədlərin hazırlanması, yeni komplekt avadanlığın tədarük edilməsi ilə bağlı müqavilələrin tərtibi);
- işlərin tam şəkildə planlaşdırılması və təqvim planlarının tərtibi;
- yerinə yetirilən işlərin dəyəri, həcmi və keyfiyyətinə nəzarət, obyektin istismara verilməsi.
Beləliklə, rəhbər layihənin həyata keçirilməsi prosesində, niyyətin irəli sürülməsindən etibarən başa çatma müddətinə qədər bütün iştirakçıların fəaliyyətini əlaqələndirir.
Mütəxəssislərin verdikləri qiymətə görə layihələrin idarə edilməsi üzrə nəzərdən keçirilən təşkilati forma daha çox böyük və mürəkkəb obyektlərin həyata keçirilməsi üzrə səmərəli olmuşdur.
İnvestisiya layihələrinin rasional idarə edilməsinin təşkilati strukturlarının seçilməsi layihənin özünün miqyası, mülkiyyət forması və təşkilatın fəaliyyət sahəsi, onun ixtisaslaşma səviyyəsi və istehsal strukturu, obyektin yerləşdiyi regionda investisiya və podrat işlərinin vəziyyəti, sifarişçinin müvafiq strukturlara malik olması ilə müəyyənləşdirilir.
Ənənəvi strukturların məlum formalaşma prinsiplərindən – fərdi olaraq layihə-yönəmli, başqa sözlə matris strukturunun bəzi xüsusiyyətlərini nəzərdən keçirək. Matris strukturu müxtəlif modifikasiyalara malikdir. Belə ki, təşkilatların və layihələrin sayının artması ilə bərabər layihə menecerləri – baş layihə meneceri vəzifəsi təsis edilir. Eyni zamanda “mürəkkəb” matris (matrisdə matris) metodlarından da istifadə olunur. Yuxarıda təsvir edilənlər əsas etibarilə bir təşkilatın daxilində layihələrin idarə edilməsi işinə aid edilir. Layihələr əksər hallarda bir neçə təşkilat tərəfindən həyata keçirilir və onların ən başlıcaları (sifarişçi, podratçı və s.) paylarına düşən layihə üzrə xüsusi idarəetmə qruplarını yaradırlar. Bu halda layihələrin idarə edilməsi üçün iki metoddan istifadə olunur:
1. Layihənin baş meneceri sifarişçi, podratçı və layihənin digər iştirakçılarından layihə meneceri seçir və təyin edilir;
2. Layihənin bütün iştirakçıları arasından vahid bir qrup yaradılır ki, buna da baş menecer rəhbərlik edir.
İkinci yanaşma halında bir çox variantlar meydana çıxa bilər. Bu variantların birində layihə iştirakçılarının nümayəndələri qrupun tərkibində tam iş gününün müəyyən hissəsini işləyir və bu zaman qrupun işinin təşkili matris prinsipi əsaında qurulur. Daha geniş yayılmış digər variantda qrup üzvləri tam iş günü ərzində fəaliyyət göstərir və müvafiq funksiyaları yerinə yetirirlər. Məsələn, layihə menecerindən başqa bu qrupun tərkibinə aşağıdakılar daxil ola bilər:
▪ Layihənin əlaqələndiricisi – mühəndis;
▪ Maddi-texniki təminat meneceri;
▪ Tikinti üzrə menecer;
▪ Nəzarət xidməti meneceri;
▪ Layihələndirmə üzrə əlaqələndirici;
▪ İnformasiya texnologiyaları üzrə mütəxəssis;
▪ İnzibati menecer.