5.3. Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası (AzPMA) Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası (AzPMA – Azerbaijan Project Management Association) ictimai təşkilatdır, 1999-cu ildə Dövlət qeydiyyatından keçmişdir. AzPMA müxtəlif təşkilatların: tikinti, sənaye, informasiya texnologiyaları, telekommunikasiya, konsaltinq xidmətləri və s. layihə menecerlərini öz ətrafında birləşdirir. 2002-ci ilin yanvar ayında İsveçrənin Sürix şəhərində keçirilən milli assosiasiyaların geniş iclasında AzPMA Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasına üzv seçilmişdir. Beləliklə, AzPMA Azərbaycan təşkilatı olaraq Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyası (İPMA) tərkibində milli assosiasiya statusu almışdır (www.ipma.ch “National Associations”).
Assosiasiyasının əsas məqsədi layihələrin idarə edilməsi sahəsində peşəkarlığı inkişaf etdirmək, peşəkar layihə rəhbərlərinin təcrübələrini Azərbaycan Respublikasında yaymaq, layihələrin idarə edilməsi sahəsində modul-kurslar, treninqlər və sertifikatlaşdırma proqramlarını həyata keçirməkdir.
Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasının əsas funksiyaları aşağıdakılardan ibarətdir:
▪ layihələrin idarə edilməsi sahəsində keyfiyyətin artırılması və peşəkarlığın inkişaf etdirilməsi;
▪ yeni iqtisadi şəraitdə müasir metodların və idarəetmə vasitələrinin yaradılması, tətbiq edilməsi, təkmilləşdirilməsi və yayılması;
▪ layihələrin hazırlanması və idarə edilməsinin təşkili;
▪ layihələrin idarə edilməsi sahəsində alim və mütəxəssislərin arasında informasiya mübadiləsinin və əlaqələrin təşkil edilməsi;
▪ layihələrin idarə edilməsi sahəsində müasir idarəetmə sistemləri və informasiya texnologiyaları ilə mütəxəssislərin tanış edilməsi;
▪ layihələrin idarə edilməsi sahəsində mütəxəssislər üçün modul-kursların, treninqlərin təşkil edilməsi;
▪ İPMA, PMİ, milli assosiasiyalar və digər xarici təşkilatlar, şirkətlər və firmalar ilə beynəlxalq əməkdaşlıq;
▪ Azərbaycan Respublikasının tikinti, istehsalat, elmi-tədqiqat, layihə və digər müəssisə və təşkilatlarına, o cümlədən müştərək layihələri yerinə yetirən xarici ölkə partnyorlarına praktiki köməkliyin göstərilməsi;
▪ informasiya-nəşriyyat fəaliyyəti, layihələrin idarə edilməsinin metodları və vasitələrinin yaradılması, təcrübələrin əldə edilməsi, təhlili və nəşri;
▪ informasiya mübadiləsinin təşkili, informasiya bankının yaradılması;
▪ reklam materialları, informasiya və yeni elmi-texniki vasitələr haqqında informasiyanın nəşri;
▪ layihələrin idarə edilməsi üçün proqram vasitələrinin, beynəlxalq nəşrlərin, o cümlədən İPMA və PMİ-nin nəşrlərinin azərbaycan dilinə tərcüməsi və nəşr edilməsi.
Assosiasiya göstərilən vəzifələri yerinə yetirmək üçün kitab və bülletenlər nəşr edir, özünün dövri nəşrlərini buraxır, kütləvi informasiya vasitələrindən istifadə edir, seminarlar, simpoziumlar, konfranslar təşkil edir.
AzPMA beynəlxalq əlaqələri genişləndirir və milli assosiasiyalar ilə daima informasiya mübadiləsi aparır, beynəlxalq görüşlərdə iştirak edir. Layihələrin uğurla başa çatması və yerinə yetirilməsi onun rəhbərinin menecerinin peşəkar və kompetensiyalı olmasından çox asılıdır. Layihələrin idarə edilməsi sahəsində peşəkar olmaq üçün bu sahədə müəyyən peşəkar biliklərə, bacarığa, təcrübəyə və vərdişlərə malik olmaq lazımdır. Bu səbəbdən Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyası (İPMA) və ona daxil olan milli assosiasiyalar bu sahədə kadrların hazırlanması və sertifikatlaşdırılması məsələsinə çox ciddi yanaşaraq bunları daima nəzarətdə saxlayırlar.
AzPMA-nın sertifikatlaşdırma proqramı İPMA-nın 9-10 mart 2002-ci ildə Berlində keçirilən iclasında təsdiq edildi. Beynəlxalq sertifikatlaşdırma sistemindən keçən mütəxəssislər aşağıdakı üstünlüyə malikdirlər:
▪ Onların peşəkar və kompetensiyalı mütəxəssis kimi beynəlxalq aləmdə qəbul edilməsi;
▪ Mütəxəssisin peşəkar şəxsi karyerasında inkişaf;
▪ Mütəxəssisin göstərdiyi xidmətin peşəkar səviyyədə və beynəlxalq standartlara uyğun olması;
▪ İşlədiyi təşkilatın rəqabət qabiliyyətinin və reytinqinin artırılması.
Sertifikatlaşdırma sistemini müvəffəqiyyətlə başa vuran mütəxəssislərə Azərbaycan və İngilis dilində asessorların imzası ilə beynəlxalq sertifikat verilir. İPMA və AzPMA arasında bağlanmış müqaviləyə əsasən sertifikatda hər iki təşkilatın loqotipləri öz əksini tapmalıdır. AzPMA tərəfindən verilən sertifikat dünyanın bütün ölkələrində qəbul edilir. Sertifikatlaşdırma sistemini müvəffəqiyyətlə başa vuran mütəxəssislərin adları Layihələrin İdarə Edilməsi üzrə Peşəkar Mütəxəssislərin beynəlxalq və milli reyestrlərinə daxil edilir, İPMA –www.ipma.ch və AzPMA - www.azpma.net İNTERNET səhifələrində öz əksini tapır.
Sertifikatlaşdırma proqramı AzPMA-nın hazırladığı “Layihələrin idarə edilməsi: milli kompetensiyanın əsasları: peşəkar biliklərin əsasları: milli sertifikatlaşdırma sistemləri” (NCB az) adlı kitab əsasında aparılır. Azərbaycan Respublikasında layihə rəhbərləri və menecerlərinin sertifikatlaşdırılmasının əsasını təşkil edən milli standartlar NCB (az) Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasının sertifikatlaşdırma sistemi İCB (İPMA Competence Baseline) əsasında qurulmuşdur.
Milli kompetensiyanın əsasları İCB-də təsdiq olmuş və göstərilmiş transfer texnologiyası sxemi əsasında yaradılmışdır. Bu standartlar toplusu İPMA-da akkreditasiya olunmuş və layihələrin idarə edilməsi üzrə peşəkar Azərbaycan mütəxəssislərinin sertifikatlaşdırma sisteminin təşkili və keçirilməsi üçün nəzərdə tutulub. Standartlar toplusunun əsas məqsədi layihələrin idarə edilməsi üzrə peşəkar Azərbaycan mütəxəssislərinin sertifikatlaşdırma sisteminin formalaşdırılmasıdır. Milli sertifikatlaşdırma sistemi ümumi sertifikatlaşdırma sisteminin tərkib hissəsidir və inkişaf etdirilir. AzPMA sertifikatlaşdırma proqramını davam etdirir. Hal-hazırda Respublikamızda assosiasiya tərəfindən iki asessor, 23 - “D” səviyyəli, 4 - “C” səviyyəli layihə meneceri hazırlanmış və onlar beynəlxalq sertifikata layiq görülmüşlər.