Cədvəl 2. 2015-2019-cu illər üzrə damazlıq cücə və quş yumurtasının idxal göstəriciləri* *Mənbə: [8] Beləliklə, ölkənin sənaye üsulu ilə quş əti və ərzaqlıq yumurtaya olan tələbatının tam olaraq yerli
istehsal hesabına təmin edilməsi üçün illik təqribən 150 milyon ədəd yüksəkkeyfiyyətli damazlıq
yumurtaya tələbat vardır.
Azərbaycanda quşçuluq sənayesinin idxaldan asılılığının aradan qaldırılması birbaşa olaraq ölkədə
keyfiyyətli və kifayət qədər damazlıq materialının olmasından asılıdır. Nəzərə alsaq ki, yem və yem
əlavələrinin əsasını təşkil edən inqridiyentlər, vaksin və digər dərman preparatları, həmçinin texnoloji
avadanlıqlar xaricdən idxal edilir, bu zaman iki mühüm məsələ arasında ziddiyyətin olduğu üzə çıxır: bir
tərəfdən əhalinin ucuz və keyfiyyətli quş əti və yumurtaya olan tələbatının yerli istehsal hesabına tam
ödənilməsi, digər tərəfdən sahənin resurs təminatının bütövlükdə idxaldan güclü asılılığı. Təhlillər göstərir
ki, ölkəmizdə damazlıq quşçuluq da daxil olmaqla ümumilikdə quşçuluq sənayesi idxal edilən istehsal
resursları üzərində qurulmuşdur.
Bu iki bir-birinə əks amil arasında ziddiyyətin hələlik tamamilə mümkün olmasa da, nisbətən
aradan qaldırılması damazlıq quşçuluğun istehsal bazasının inkişaf etdirilməsi yolu ilə mümkündür.
Nəzərə almaq lazımdır ki, respublikamızda damazlıq quşçuluğun istehsal bazasının yaradılmasında
xüsusi əhəmiyyət daşıyan təmizqanlı xətt və əcdad (ulu valideyn) sürülərinin yetişdirilməsi ilə məşğul olan
damazlıq təsərrüfatları demək olar ki, mövcud deyildir və yaxın gələcəkdə belə təsərrüfatların yaradılması
və fəaliyyət göstərməsi qeyri-real görünür, çünki yuxarıda qeyd edildiyi kimi, bunun üçün güclü və
uzunmüddətli elmi-tədqiqat işləri, geniş həcmli maliyyə vəsaitləri və texnoloji-istehsal resursları tələb
edilir. Hələlik isə digər ölkələrdən idxal edilmiş damazlıq birgünlük cücə və ya mayalanmış yumurtalardan
yerli şəraitdə alınan birgünlük cücələrin yetişdirilməsi yolu ilə əmtəəlik quş əti və yumurta istehsal edilməsi
prosesi davam edəcəkdir.