Beşinci fəsil
Min şeir oxumuşam, qafiyəsi sən
olmusan!
Ramazan ayında gözəl ab-havadaydıq. Ya biz bibimgilə
gedirdik, ya da Həmid bizə gəlirdi. Bəzi günlər iftarımızı
götürüb şəhidlər xiyabanına gedirdik. Bir gün bibimgil
bizə iftara gələndə söhbət toydan düşdü. Həmid dedi:
-Biz Səiddən sonra nişanlandığımıza görə yaxşı olar ki,
birinci onlar toy günlərini müəyyən etsinlər.
Bibim gülüb dedi:
-Vallah, mənim yadımdadır, siz dünyaya gələndə biz
elə bilirdik ki, bir uşaq doğulacaq. Ancaq birinci sən
dünyaya gəldin, beş dəqiqə sonra da Səid. Əgər böyük-
kiçik məsələsini nəzərə alsaq, gərək birinci Həmidə toy
edək.
102
Ancaq Həmid qəbul etmədi. O bu kimi məsələlərə qarşı
çox həssas idi.
Səidin toy günü qətiləşdikdən sonra biz də toy
günümüzü 24 oktyabra təyin etdik. Ramazan ayından
dərhal sonra toy işləri ilə məşğul olmağa başladıq, restoran
danışdıq. Danışdığımız kimi, soyuducu, televizor, xalça və
paltaryuyan maşınını Həmidgil aldılar.
Digər cehizləri alanda Həmid də bizimlə gəldi və
birlikdə aldıq. Doğrusu, bahalı əşyalar axtarmırdıq, İran
istehsalı olan məhsullardan almağa çalışırdıq. Hər ikimiz
bu fikirdəydik ki, gələcək həyatımızı təmin edəcək əşyalar
imkan daxilində yerli mal olsun.
Həmid alış-verişin birinci günü dedi: “Həzrət ağa yerli
istehsala dəstək verməyin lazım olduğunu buyurubsa, bizə
düşən onun sözünə qulaq asıb İran malı almaqdır”.
Səidin toyu sentyabrın yeddisində oldu. Həmidin halı
çox da yaxşı deyildi, gözlərindən narahatlıq sezilirdi.
Toydan sonra onu restoranın qapısı önündə gözləyirdim,
ancaq o qədər fikirli idi ki, məni unudub getdi. Bir az
gedəndən sonra yadına düşdüm. Mən bir az narahat olub
ona bir-iki atmaca atdım: “Maşallah, Həmid ağa! Bəh-bəh!
Gör biz kimlərlə piknikə gedirik! Gör kimin divarına
xatirələr yazırıq! Kim yoldaşını unudar axı, ay Həmid?!”
Belə yerlərdə birinin üstünə beşini də qoyurdum ki,
sözlərimi ciddiyə alsın.
Unutqanlığına görə xəcalət çəkib, çox üzrxahlıq etdi.
Doğrusu, ona haqq verirdim. Uzun illər bir yerdə
böyüdüyü qardaşıyla həyat yolları ayrılırdı və bu ona çox
çətin gəlirdi. Gülüb dedim:
-Bəli, haqqın var, Həmid can. Əgər mənim də əkiz
bacım evlənsəydi, sənin kimi edərdim.
103
Səidin toyundan sonra hara gedirdiksə, toyumuzun
vaxtı barədə soruşurdular. Toya çox qalmamışdı. Ən
mühüm işimiz kirayə ev tapmaq idi. Həmid böyük ev
tutmaq istəyirdi. Mənə hər şeyin yaxşısını əldə etməyə
çalışırdı. İlk gördüyümüz ev təxminən 120 kv. metr
böyüklüyündə ürəkaçan ev idi. Alqı-satqı ofisində deyilən
qiymət Həmidin əlində olanla eyni idi.
Demək olar ki, hər ikimiz bəyəndik. Sevincli halda
evdən çıxdıq. Hələ motosikletə minməmiş dostlarından
biri zəng vurdu. Söhbətləri bitən kimi Həmid fikrə daldı.
Nə
olduğunu
soruşanda
dedi:
“Xanım,
səninlə
məsləhətləşmək
istəyirəm.
Gör
razı
olacaqsan?
Dostlarımdan biri indicə dedi ki, ev tutmağa pulu yoxdur.
Əgər razısansa, pulumuzun bir hissəsini ona borc verək,
qalan pulla bir az kiçik ev tutaq. Əlimizə pul gələn kimi
daha böyük ev tutarıq”.
Bu sözləri eşidəndə yerimdə donub qaldım. Çünki
əlimizdə qalan pulla çox da yaxşı ev tapa bilməyəcəyimizə
əmin idim. Fikirləşdim ki, bir az şəhərdən uzaqda ucuz və
yaxşı bir ev tapıb yaşamaq olar. Bu kimi şeylər mənə çox
da əhəmiyyətli olmadığına görə asanlıqla qəbul etdim.
Bilirdim ki, toy və kirayə xərclərinin çoxu Həmidin
boynuna düşəcək. Onun həyatımızın ilk günlərindən
çətinliyə düşməsini istəmirdim.
Əlimizdə qalan pulla bir neçə alqı-satqı ofisinə
müraciət etdik. O pula ev tapmaq həqiqətən, çətin idi.
Şəhid Hüseynpur dairəsində yerləşən ofisdən bizə Nəvvab
küçəsində bir evin ünvanını verdilər. Həmidlə yola
düşdük. Küçədə bir evin qarşısında stulda oturmuş bir
qocadan Keşavərzin evini soruşduq. Qocanın baxışından
və cavabından unutqanlıq xəstəsi olduğunu anladıq. Bir az
da getdikdən sonra evi tapa bildik. Bu ev, pulumuz
104
azalandan sonra baxdığımız ilk ev idi. İkimərtəbəli ev idi.
İlk baxışdan köhnə və balaca görünürdü.
Qapını başı çadralı qoca bir qadın açdı. Salamlaşandan
sonra Həmid evə baxmağa icazə istədi. Evdə başqa bir
kirəçi olduğu üçün Həmid içəri girmədi.
Mən qonaq otağını, mətbəxi görüb bəyəndim. Ev
birinci mərtəbədə yerləşirdi, olduqca ürəkaçan idi. Ev
yiyəsi də ikinci mərtəbədə yaşayırdı. Giriş qapısı 20 kv.
metrlik qonaq otağına açılırdı. 17 kv. metr olan yataq
otağını qonaq otağından taxta arakəsmə ilə ayırmışdılar.
12 kv. metr olan mətbəxə giriş qonaq otağından idi.
Mətbəxin kiçik bir həyəti də vardı. Ayaqyolu həmin
həyətdə yerləşirdi. Həyətdə bir neçə gözoxşayan gül
dibçəkləri qoyulmuşdu. Əlimizdəki pula görə, bu ev
başlanğıc üçün olduqca münasib idi. Evdən çıxan kimi
Həmidə dedim: “Elə bura qəşəngdir, mən bəyəndim”.
Ertəsi gün ev yiyəsi zəng vurub kirəçinin evi
boşaltdığını xəbər verəndən sonra Həmidlə evə əl
gəzdirməyə getdik. İlk apardığımız əşyalar içində güzgü,
Quran və İmam Xameneinin şəkli var idi. Bu şəkil
Həmidlə birlikdə dini mağazadan aldığımız tablo idi.
Həmid dedi:
-Gərək evimizi hamıdan qabaq həzrət ağa görsün.
Quranı taxçanın ortasına qoyduq, bir tərəfinə güzgünü,
digər tərəfinə də ağanın şəklini yerləşdirdik. Həmid
taxçadan bir-iki addım aralıda dayanıb gözlərini rəhbərin
şəklinə dikdi.
-Görürsən ağa necə məhəbbət dolu və nuranidir?!
Bunların hamısı imanının çoxluğuna görədir. Hazıram
canımı verim, ancaq ağamın çöhrəsindən bir an elə
təbəssüm əskik olmasın.
105
Evin təmizliyə ehtiyacı var idi. Ləyəndən tutmuş
dəsmala, sabuna, şüşə silənə qədər lazım olan hər şeyi
almışdıq. Bir neçə gün işimiz ancaq təmizlik oldu. Həmid
işdən gələn kimi birlikdə evi təmizləməyə gedirdik. Bu iş,
mənə qəribə hisslər bağışlayırdı.
İkinci gün pəncərələri təmizləyəndə qapının zəngi
çaldı. Pəncərədən baxanda gördüm ki, bibim əlində bir
qutu şirniyyat həyətə girdi. Ev o qədər kiçik və köhnə idi
ki, bibim görəndə dedi: “Fərzanə, sən buranı necə
bəyəndin axı? Ağlını Həmidə tapşırmışdın?!” Təzə gəlinin
belə bir yeri bəyəndiyinə təəccüb edirdi.
-Yazıq Həmidin heç bir təqsiri yoxdur. Mən özüm
görüb bəyəndim.
Başqaları da irad bildirirdilər, ancaq mən heç birinin
sözünə əhəmiyyət verməyərək deyirdim:
-Biz hətta burda da ən gözəl həyatı qura bilərik.
Məsələnin nə yerdə olduğundan, pulumuzun yarısını
borc verdiyimizdən heç kimin xəbəri olmadı. Həmidə də
demişdim ki, kim bu evi tutduğumuzun səbəbini soruşsa,
de ki, Fərzanə bəyəndi; buranı seçməyimizin bütün
məsuliyyətini öz üzərimə götürürəm.
Həmid toyumuza bir həftə qalmış təlimlərə başladı.
Çox da vaxtımız qalmamışdı. Ancaq yenə də çalışırdı ki,
bütün işlərdə yanımda olsun.
Həmidlə bazara toy alış-verişinə getdik. Hansı
mağazaya girirdiksə, gəlin-bəylərin alış-verişlə məşğul
olduqlarını görürdük. Görünür, bizim kimi onlar da toy
günlərini Qədir-Xum bayramına salmışdılar.
Həmidə gümüş üzük aldım. Onu həmişə barmağına
taxardı. Qəhvəyi rəngli kostyum da aldıq. Ancaq onu
yalnız bir dəfə -bəy çıxanda geyindi. Həmid də mənə qızıl
dəsti aldı. Bəxtimdən, aldığı heç bir şeydə xəsislik
106
etməzdi. Seçdiklərinə söz ola bilməzdi. Elə şeylər seçərdi
ki, heç ağlımdan belə keçməzdi. Ona görə də, həmişə bir
şey alarkən onun seçməyini istəyirdim. Bilirdim ki, çox
gözəl zövqü var.
Həmin həftə mənim də universitetdə xeyli işim var idi.
Naməlum şəhidin universitetimizdə dəfn olunması üçün
imza toplayırdıq. Çox istəyirdim ki, başqa universitetlərdə
olduğu kimi, bizim universitetimizin həyətində də şəhid
məqbərəsi olsun. Toya bir neçə gün qalmasına
baxmayaraq, imza toplamaq üçün fakültə-fakültə gəzirdik.
Günortadan sonra Həmidlə birgə evi səliqəyə salmağa
gedirdik.
Çox səmimi rəfiqələrimdən biri zarafata dedi:
-Sən necə gəlinsən?! Get, toy işləri ilə məşğul ol. Sənin
yerinə kim olsaydı, indi fikirləşərdi ki, hansı gözəllik
salonuna gedim, hansı paltarı alım. Sənsə burda naməlum
şəhid məqbərəsi üçün imza toplayırsan.
Gülüb dedim:
-Sən narahat olma. Ərim bunların hamısına razıdır.
Əlimdən gələn qədər imza toplayacam, qalanı da sizin
boynuza.
Nəhayət, Tibb universitetində iki naməlum şəhidi dəfn
etdilər. Həmid həmişə deyirdi: “Universitetinizdə dəfn
olunmuş şəhidləri mütləq ziyarət edin. İnsafdan deyil ki,
onları çağırasız, sonra da ziyarət etməyəsiz”.
Cehizlər daşınanda həm həvəsli, həm də həyəcanlı
idim. Bütün yaxın qohumlarım bizdə idilər. Əşyaları
bağlayanda Həmid yanımda oturdu, mənə bir qədər
Kərbəla torpağı verib dedi: “Bu torpağı cehizlərin arasına
qoy. İstəyirəm bütün həyatımızdan Əhli-beytin, İmam
Hüseynin (ə) ətri gəlsin”.
107
Evimiz bütün cehizlərə yer olmayacaq qədər balacaydı.
Ona görə də, yemək stolu, telefon masası və başqa bəzi
əşyalar anamgildə qaldı. Etirazların cavabında deyirdim:
“İnşallah, nə vaxt böyük ev tutsaq, bunları da apararıq”.
Əşyaları kişilər əlbəəl ötürərək maşına yığdılar. Evdən
çıxanda hər əşyanın evimizdəki yerini təsəvvür edirdim.
Həyətdən gələn uca səs məni qorxutdu. Pəncərədən
baxanda gördüm ki, qaz sobası kişilərin əlindən düşüb,
qabaq şüşəsi sınıb. Toya bir neçə gün qalmış işimiz şüşə
axtarmaq oldu. Ancaq təəssüf ki, tapa bilmədik.
Son
günlərdə
əşyaları
yerbəyer
etmək
üçün
universitetdən birbaş evə gedirdim. Həmid də mənə
kömək etmək üçün işdən birbaş ora gəlirdi. Ev balaca
olduğundan, əşyaları yerləşdirmək həm vaxt, həm də
enerji tələb edirdi. Həmid yataq otağının döşəməsini
kartonla döşəyəndə dedi: ”Xanım, bəlkə bayırdan yemək
sifariş verməyək, elə bu sobada sadə bir şey bişirək”.
Bişirdiyim ilk yemək yumurtalı kartof qızartması oldu.
Bişəndən sonra dedim: “Buyurun süfrəyə. Bu da baş
aşpazın əl işi!”
Qərara gəldik ki, bəzi əşyaları qutudan çıxartmayaq.
Çünki mətbəx mebelinin yalnız dörd çəkməcəsi vardı.
20 kv. metrlik qonaq otağının bir tərəfinə altımetrlik
xalça sərdik. Divan-kreslonu da bir neçə dəfə yer
dəyişdirdikdən sonra otağın kənarlarına düzdük. Qonaq
otağının ortasında dirək var idi. Əşyaları elə düzməli idik
ki, dirək daha az yer tutmuş olsun. Ev yiyəsinin nəvəsi
dirəyi görəndə deyirdi: “Biz aşağıda yaşayanda bu
dirəkdən yuxarı dırmaşır, əlimizi tavana vururduq”.
Həmidin təlimi, mənim naməlum şəhid üçün imza
toplamam və əşyaları düzmək işi bizi yaman yorurdu. Bu
qədər işin arasında universitetdən zəng vurub dedilər ki,
108
ölkə üzrə tibb universitetləri tələbələrinin karate yarışı
keçiriləcək. Yarışın bizim toyumuzdan düz bir gün əvvəl
Sari şəhərində keçirilməsi nəzərdə tutulmuşdu.
Mən karateni sarı kəmərə qədər atamın yanında
öyrənmişdim. Sonra idman klubuna gedib qara kəmər
aldım. Yarışın dəqiq vaxtı öncədən elan olunmamışdı.
Demişdilər ki, böyük ehtimalla, dekabrda olacaq. Buna
görə də, arxayın idim, yarışa qədər toy edəcəyimizi, hətta
bal ayını da keçirəcəyimizi düşünürdüm. Ancaq birdən
xəbər verdilər ki, yarış oktyabrın 23-də baş tutacaq.
Gedib-getməmək arasında qalmışdım. Altı ay zəhmət
çəkıb ağır məşqlər etmişdim. Bu yarış mənə olduqca
mühüm idi. Karate müəllimimə dedim: “Yarışa mən də
gələcəm, ancaq məni hamıdan tez Qəzvinə yola salmalısız
ki, toy işlərinə çata bilim”.
Müəllim toyumun vaxtını biləndə gülüb dedi: “Heç
bilirsən nə danışırsan, qızım?! Yarışda halva paylamırlar
ki! Birdən üzünə zərbə dəysə, üzün qaralsa, necə olacaq?!
Camaat da deyəcək ki, bəy toyqabağı gəlini döyüb”.
Ucadan gülüb dedim: “Həmid ağanın özü karate
müəllimi olsa da, vuran əli yoxdur. Hətta yarışlarda da elə
vurmağa çalışır ki, rəqibinə zərər dəyməsin”.
Ancaq müəllimim mənim yarışa qatılmağıma icazə
vermədi.
***
24.10.13 Tarixi bizim toy günümüz oldu. Həmidlə
birlikdə toyumuzda heç bir günah baş verməsin deyə üç
gün oruc tutmağı nəzir etdik. Dəvətnamələri yazanda
Həmidin əlində bütün dostlarının siyahısı vardı. Hamını
çağırmaq istəyirdi. Dostları olduqca çox idi. İş yoldaşları,
əza dəstəsindəki yoldaşları, idman yoldaşları, qonşuları,
qohumları, bir sözlə, hamıyla get-gəli var idi, hamıya
109
qaynayıb-qarışmağı bacarırdı. Ancaq dostbaz da deyildi.
Yəni bu qədər dostu bizi bir-birimizlə vaxt keçirməkdən
saxlaya bilmirdi. Dostlarının siyahısını görəndə zarafata
dedim: “Qorxuram toy günü bu qədər dostuna vaxt
ayırasan, məni də unudasan”.
Həmid ailəsinin toy edən altıncı övladı idi. Bu
baxımdan, onlar üçün toy məsələsi yeni bir şey deyildi və
adiləşmişdi. Ancaq mən evimizin ailə quran ilk övladı
idim. Toy günü səhər tezdən gözəllik salonuna gedəndə
anamla atam arxamca xeyli ağladılar. Özüm də bir neçə
gün idi qəribə hisslər keçirirdim, gözümə yuxu getmirdi.
Bu qədər təşviş və həyəcanı görəndə çarəni təvəssül və
təvəkküldə gördüm. Balaca kağız götürüb, yazdım: “İlahi!
Mən müştərək həyata başlamaqdan çox qorxuram. Mənə
kömək et ki, ən gözəl həyatı yaşaya bilim!” Kağızı
Quranın arasına qoydum. Bu, məni sakitləşdirdi.
Həmid axşamüstü saat altıda məni götürməyə gəldi.
Qızılgül və məryəm güllərini sevdiyimi bilirdi. Mənə on
ədəd qızılgül, altı ədəd məryəm gülündən ibarət gözəl bir
gül dəstəsi bükdürmüşdü. Həmin gün birlikdə aldığımız
kostyumu geyinmişdi. Həmişəkindən daha yaraşıqlı və
sevimli görünürdü. Gəlin maşınımız kiçik bir pride idi,
olduqca
sadə
bəzədilmişdi.
Fotoatelyeyə
mənim
israrımdan sonra getməyə razılıq verdi. Şəkillərimizi
çəkən xanımın hicabı düzgün deyildi. Həmid o qədər ağır
rəftar etdi ki, axırda öz geyimini tamamilə dəyişdirdi.
Toy çox gözəl keçdi. Toydan razı qaldığımı həmişə
Həmidin özünə də deyirdim. Həm günahsız, həm də sadə
toy oldu. Heç bir qanıqaralıq yaranmadı. Bir çox toylarda,
xüsusən qohum toylarında adi məsələlərdən ötrü
arzuolunmaz hallar yaşanırdı. Bizim toyumuzsa çox gözəl
keçdi.
110
Həmid mənə çox kömək edir, toydan razı qalmağım
üçün əlindən gələni əsirgəmir, hər bir məsələdə fikrimi
soruşurdu. Toyun günahsız keçməsinə də çox çalışırdı.
Yeməyə bir cür salat, plov və lülə kabab sifariş vermişdik.
Həmid yeməyin qədərincə olmasını və israf edilməməsini
istəyirdi.
Restorandan çıxandan sonra prospektlərdən dövrə vura-
vura evə yola düşdük. Həmidin dostları o gecə çox
zarafatlar etdilər. Gəlin maşınının qabağını kəsib, ön
şüşəsini təmizləyir, bəxşiş istəyib deyirdilər:
-Belə yaraşıqlı bəy bizə şirinlik verməlidir!
Həmid dostlarının zarafatlarına adət etdiyindən, bəzən
pul verirdi, bəzən də qaza basıb “salavat deyin” qışqırıb
uzaqlaşırdı. Mənə dedi: “Bunlar restoranda da oyun
çıxarır, dəqiqəbaşı saçımı qarışdırırdılar”.
Evə çatandan sonra qohum-əqrəbayla sağollaşıb ilk
öncə Quran oxuduq. Həmid səccadəni sərib namaz qıldı,
sonra həzrət Məsuməyə təşəkkür etdi. Ona təvəssül
etməyin nəticəsinə çox inanırdı, hər namazdan sonra bu
vüsala yardımçı olduğu üçün ona təşəkkür edirdi. Bəzən
sadə təvəssül etməyin özü də bir gözəllikdir!
***
Cümə axşamı toy etdik, bazar ertəsi də qatarla Məşhədə
bal ayına yola düşdük. Güclü yağış yağırdı. İlk dəfə idi
birlikdə Məşhədə gedirdik. Qatara qalxanda hər ikimiz
islanmışdıq. Karvan başçısının göstərişi ilə kupemizə
girdik. Karvanbaşı Həmidə dedi: “Ağa Siyahkali, sizə bir
zəhmət verəcəm. Sizdən başqa karvandakıların hamısı
yaşlı adamlardır. Olarmı səfər boyu onlara yardım
edəsiz?” Elə də oldu. Həmid bütün səfər boyu onların
qulluğunda dayandı. Harada lazım olsa, yardım edirdi.
111
Qatarda olduğumuz müddətin çoxunu koridorda bayıra
tamaşa edə-edə söhbətləşdik. Danışmağa söz olmayanda
da sakitcə baxırdıq. Sözlərimizi buxarlaşmış pəncərəyə
yazırdıq. Yol sanki bir göz qırpımında sona çatdı. Həmidlə
danışmaq o qədər şirin idi ki, vaxtın necə keçdiyini
bilmədim. Əmin idim ki, çıxdığım bu yol Həmid olmadan
bir yerə varmayacaqdır. Əmin idim ki, o, həmişə var
olacaqdır. O mənimçün dağlar qədər möhkəm bir dayaq və
bütün bağlı qapıları asanlıqla açacaq sonsuz eşq idi. İmam
Rzanın (ə) kölgəsi altında keçən bal ayımız həyatımızın
başlanğıcı oldu. O anlar mənim üçün unudulmaz və əziz
anlar idi.
Qatardan düşən kimi otelə yola düşdük. Məşhədin
havası yağışlı idi. İmam Rzanın (ə) hərəmi yanında
aşiqanə payız ətirli hava həddən artıq ürəkaçan idi.
Əşyalarımızı otağımıza yerləşdirib hərəmə getdik. Qəribə
hisslər keçirirdim. İmam Rzanın (ə) qızıl günbəzini
uzaqdan görən kimi ikimizin də gözlərindən yaş axmağa
başladı. Fəvvarəyə çatanda Həmid əlini sinəsinə qoyub
salam verdi: “Əssəlamu ələykə ya Əli ibn Musər-Rza!”
Hərəmin həyətinə çatanda daha irəliləyə bilmədik. Elə
oradaca, günbəzlə üzbəüz dayanıb ağlamağa başladım.
Əlimdə deyildi. Həmid mənim halımı görüb zarafata
başladı:
-Əzizim, bu qədər narahatlıq nə üçündür axı? İndi biri
keçsə, elə biləcək ki, uşağımız olmur.
Onun bu sözünü eşidəndə gülümsədim, sakitləşməyə
çalışdım. Ancaq nədənsə sanki qəlbimdə qiyamət qopurdu.
Hiss edirdim ki, bu, Həmidlə gəldiyim ilk və son ziyarət
səfərimdir.
Vaxtımızın çoxunu hərəmdə keçirirdik. Yalnız yemək
və istirahət etmək üçün otelə gedirdik. Hər dəfə hərəmin
112
həyətində xəlvət bir yer tapıb günbəzlə üz-üzə otururduq.
Nə zaman ziyarətə gedirdimsə, öz xoşbəxtliyimiz və
aqibətimizin xeyirli olması üçün dua edirdim. İmam
Rzadan (ə), nə qədər ki sağam, Həmidin yanımda olması,
qoşa qarımamız və hər il birlikdə onun ziyarətinə
gəlməyimiz üçün dua etməsini istəyirdim. Ancaq nə qoşa
qarıya, nə də İmam Rzanı (ə) bir də birlikdə ziyarət edə
bildik.
Səfərimizin son iki günündə, halım əsla yaxşı deyildi.
Başım dözülməz həddə ağrıyırdı. Hərəmdən otelə yenicə
qayıtmışdıq ki, Həmidə dedim:
-Bu başağrısı məni çox incidir. Zəhmət olmasa,
aptekdən bir ağrıkəsici al.
Halım o qədər pis idi ki, aldığı dərmanın adına belə
baxmadan içdim. Ancaq halım daha da pisləşdi. Öz-özümə
dedim ki, hanı keçmiş dərmanlar! Ancaq Qəzvinə çatanda
məsələnin nə yerdə olduğunu anladım. Sən demə, əczaçı
Həmidə ağrıkəsici yerinə, yanlışlıqla başqa dərman
vermişdi.
***
Evimizin yerləşdiyi küçənin başı Nəvvab, axırı da
Hadiabad prospektinə birləşirdi. Evlərin çoxu bir-iki
mərtəbəli idi. Qədim evlərdən ibarət bu küçədə nahar vaxtı
yol getsəydin, evlərdən səbziplovdan tutmuş bozbaşa
qədər bütün xörəklərin ətrini duyardın. Yeməklərin iyi o
qədər gözəl idi ki, adamın ağlını başından alırdı.
Həmid küçədə yaşayan yeganə bəsici idi. Buna görə
təkidlə deyirdi ki, söz və hərəkətlərimizə çox fikir
verməliyik. O bizim bəsici olaraq, digərlərinə nümunə
olduğumuzu düşünür, deyirdi: “Məbada ucadan danışasan
və kimsə pəncərədən səsini eşidə. Qapının zənginə cavab
verəndə astadan danış. Əsəbiləşəndə hirsini mənə
113
baxışlarınla
çatdır,
kimsə
səsini
eşitməsin”.
Televizorumuzun səsi həmişə aşağı olurdu. Evdə o qədər
sakit danışırdıq ki, ev yiyəsi bəzən bizim evdə
olmadığımızı düşünürdü.
Məşhəd səfərindən qayıdıb əşyalarımızı yerbəyer
edəndə pilləkənin başından ev sahibəsininin səsini eşitdim:
-Fərzanə, anam, səni bir dəqiqə olar?
“Anam” sözünə həm təəccüb etdim, həm də məni
gülmək tutdu. Mənə bir boşqab yemək gətirmişdi.
-Anam, yol yorğunusuz, dedim sizə yemək gətirim.
Təşəkkür edib, yeməklə birlikdə evə girdim. Həmidə
dedim:
-Eşitdin hacıxanım məni necə çağırdı? Bugünkü
yeməyimiz də gəldi.
Həmid barmağını yeməyə batıra-batıra dedi:
-Bəli, eşitdim, sənə “anam” dedi. Düzü, çox xoşuma
gəldi. Bu onu göstərir ki, ev sahibləri bizə hörmət edirlər.
Fikirləşirdim ki, görəsən sənə “anam” deyən kimdir. Axı
sən özün hələ uşaqsan!
Süfrə başında oturanda yadıma toydan sonra öz
evimizdə bişirdiyim zirincli toyuqplov düşdü. Bir neçə
gün restorandan gətirdiyimiz artıq yeməkləri yeyirdik ki,
israf olmasın. Bişir-düşür cəhətindən bir az narahat idim.
Hərçənd, nişanlı vaxtlarımda aşpazlığa çox meyl
salmışdım, yavaş-yavaş əlim alışırdı, ancaq yenə də bu
işdə bir az geri qaldığımı hiss edirdim. Həmiddən
soruşdum:
-Nahara ev sahibinə qonaq olduq, bəs şam yeməyinə nə
bişirək?
Qaşıqla bir neçə dəfə boşqabına vurub dedi:
114
-Bilirsən mən hansı yeməyi sevirəm, ancaq qorxuram
zəhmətə düşərsən. Hələ bir de görüm, ərinin sevdiyi
yeməyi bişirməyi bacarırsanmı?
Cavab vermədən bilirdim ki, sevdiyi yemək fisincandır.
Ondan ötrü sinov gedirdi. Əlində olsaydı, hətta səhər
yeməyinə də, fisincan yeyərdi. Yeganə yemək idi ki, həm
çörəklə, həm düyü ilə, həm də qazmaqla yeyirdi.
Saat üçdə fisincanı bişirməyə başladım. Yemək
bişirməyə vaxt sərf etməkdən həzz alırdım. Ancaq
qorxurdum ki, yemək Həmid istəyən kimi olmasın. O
qədər həyəcanlıydım ki, hətta yeməyin dadına baxmağa
belə qorxurdum. Həmid yataq otağının pərdələrini taxırdı.
Axşam saat səkkizdə süfrəni sərdim. Süfrənin ortasına bir
tək gül qoydum. Düyünü çəkib, fisincanı kasaya tökdüm.
Süfrəyə oturan kimi zəhmət çəkdiyim üçün təşəkkür etdi.
Mənimlə elə rəftar etdirdi ki, biş-düşə daha çox vaxt
ayırmağa həvəslənirdim. İlk loğmanı ağzına qoyanda elə
təriflədi ki, sanki məşhur bir restoranın baş aşpazı
bişirmişdi.
***
Həyatımız çox gözəl şəkildə davam edirdi. Hər şey
istədiyimiz kimi gedirdi, bir-birimizin yanında olmaqdan
xoşbəxtlik duyurduq. Toydan sonra birinci gün idi ki, işə
getməyə hazırlaşırdı. Yuxudan oyatdım ki, namazını qılsın
və birlikdə səhər yeməyi yeyək. Adətən, gecə namazı ilə
sübh namazını bir-birinin ardınca qılırdı. Səhər yeməyi
süfrəsini səliqə ilə açıb onu gözləməyə başladım. Ancaq o,
sübh namazının dualarını o qədər uzatdı ki, yemək yeməyə
vaxtı qalmadı. Bir neçə dəfə səslədim, dedim ki, bir az tez
gəlib süfrəyə əyləşsin, ancaq ibadətdən əl çəkmirdi.
Səccadə üzərində oturub namazın müstəhəb əməllərini
yerinə yetirirdi. Gəlmədiyini görüb paltarına su çilədim,
115
sonra da telefonla çəkməyə başladım. İş o yerə çatdı ki,
gülməyini güclə saxlayıb məni qonaq otağına göndərdi və
qapını bağladı.
Bir neçə dəqiqədən sonra səccadədən qalxdı və birlikdə
səhər yeməyi yedik. Saat yeddiyə iyirmi beş dəqiqə
işləmiş paltarlarını geyinib işə getdi. Getməzdən qabaq
onun üçün dodaqaltı Ayətül-kürsi oxudum, həyət qapısına
qədər yola salıb dedim: “Həmid can, çatanda xəbər ver,
mən də rahat olum”. Yola düşdüyü andan, iş yerinə çatana
qədər, yəni təxminən saat yeddiyə qədər salavat çevirdim.
Təxminən saat 9 radələrində zəng elədi, halımı soruşub
zarafata dedi: “Bu qədər yatdın, bəsdir, dur, mənə nahar
hazırla!”
Eyni hadisə o biri günlərdə də təkrarlandı. Hər gün
namazdan sonra səhər yeməyi hazırlayıb Həmidi
gözləyirdim ki, gəlsin, birlikdə yeyək. Bir-iki loğma
yedikdən sonra işə yola salırdım. Saat üçün yarısı olan
kimi qulağım qapının zəngində olurdu. Süfrəni hazır
saxlayırdım ki, gələn kimi xörək çəkim. Adətən, saat üçün
yarısı olan kimi gəlirdi. Düzdür, bəzi günlər gecikirdi,
hətta bəzən saat dörddən sonra gəlirdi. Qayıdanda onu
qarşılamağımı çox istəyirdi. Qapının zəngini basanda tez
gedib pilləkənin ağzında onu gözləyirdim. Onu görən kimi
üzüm gülürdü.
Üçüncü gün Həmid yenə zəng vurub yemək sifariş
verəndə
lüləkabab
bişirmək
üçün
lazım
olanları
hazırlamağa başladım. Bütün ləvazimatları süfrəyə düzüb
gözlədim. Həmid gələndə əti şişə çəkdi, sonra qazın
üstündə bişirməyə başladım. Mən şişləri çevirəndə o,
qazın digər gözündə üzərlik yandırmağa başladı. Kabab
bişənə qədər üzərliyin tüstüsü bütün evi bürüdü. Dedim:
116
-Həmidim, kabablar onsuz da evi tüstüyə qərq edib, sən
də lap betər eləmə!
-Əgər kabab iyi bayıra getsə və kiminsə ürəyi istəsə,
günahkar olarıq. Üzərlik yandırdım ki, kababın iyi
bilinməsin.
***
Həmid divanda oturub “Difa əz təşəyyö” (Şiəliyi
müdafiə) kitabını oxuyurdu. Əlini saqqalına qoyub dərin
fikrə dalmışdı. O qədər özünə qapılmışdı ki, hətta mənim
ona meyvə şirəsi gətirdiyimin fərqinə belə varmadı. İki-üç
dəfə çağırandan sonra məni gördü, üzünü çevirib dedi:
-Xanım, nə qədər fikirləşirəmsə, bu nəticəyə gəlirəm ki,
ömrümüz əyləncə içində keçirməyə dəyməyəcək qədər
qısadır. Gəl, həyatımızı elə tənzim edək ki, evli
həyatımızla subay həyatımız fərqlənsin.
Məsləhət gördü ki, həm səhərlər, həm də axşamlar bir
səhifə Quran oxuyaq. Bu, gündəlik işimiz oldu. Hər gün
sübh namazından və Əhd duasından sonra hərəmiz bir
səhifə Quran oxuyurduq. Çalışırdıq ki, ayələri tərcüməsi
ilə birgə oxuyaq. Yan-yana otururduq; birimiz oxuyur,
digərimiz də qulaq asırdı.
Həmidin bu məsləhətini eşidəndə cehizlərimin içindəki
maqnitofon yadıma düşdü. Öz evimizdə qədim bir
maqnitofonumuz var idi. Mən beş cüz Quranı ona qulaq
asa-asa əzbərləmişdim. Quran əzbərləməyi davam etdirim
deyə, gəlin köçəndə anam cehiz olaraq, maqnitofon da
almışdı.
Rəfiqələrimdən,
qohumlarımdan
kim
maqnitofonu görürdüsə, deyirdi: “Məgər bu dövrdə kimsə
cehizdə maqnitofon verir?!”
Evlənəndən sonra Quran dərslərində iştirak etməyə
imkan olmadı. Ancaq bunu çox istəyirdim. Həmid evdə
olmayanda
yemək
bişirəndə,
evi
təmizləyəndə
117
maqnitofonu açıb Ustad Pərhizkarın oxuduğu ayələri
təkrar edirdim. Bəzən öz səsimi yazırdım, sonra qulaq asıb
səhvlərimi
düzəldirdim.
Əzbərlədiyim
surələri
də
təkrarlayırdım.
Beləliklə,
tədricən
bütün
Quranı
əzbərləməyi bacardım.
Həmid mənim Quran əzbərləməyimə çox əhəmiyyətli
yanaşırdı, həmişə bunu davam etdirməyə həvəsləndirib
soruşurdu: “Əzbərlədiyin ayələri təkrar edə bildin? Bu
həftə hara qədər əzbərləyə bildin? Bil ki, mən ev işlərinə
görə, Qurandan geri qalmağına razı deyiləm”.
Yavaş-yavaş Həmid də Quranı əzbərləməyə başladı. İlk
əzbərlədiyi surə Cümə surəsi oldu. Bir-birimizdən sual-
cavab edərdik. İkimiz də evdə olanda əzbərlədiyimiz
ayələri bir-birimizə oxumağa çalışırdıq. Həmid qısa zaman
ərzində Quranın beş cüzünü əzbərləyə bildi.
Toyumuzdan bir ay sonra Həmidin qardaşı Həsən bizi
evinə dəvət etdi. Getməyə hazırlaşanda birdən gözüm
Həmidə sataşdı. Həmişə olduğu kimi, səbirlə hazırlaşırdı.
Bizim bayıra çıxmağımız əsl müsibət idi. Həmidin
hazırlaşmağı xeyli vaxt aparırdı. Hər şeyi mərhələ-mərhələ
yerinə yetirməyə adət etmişdi. Əvvəl saqqalını dəfələrlə
darayırdı. Hətta corab geyinməyi də uzun zaman aparırdı.
Bir neçə corabı geyinib-çıxarır, köynək və pencəyinin
rəngi ilə uyğunlaşdırmağa çalışırdı. Axırda da üst-başına
bir şüşə ətir boşaldırdı.
Divanda oturub hazırlanmasını gözlədim. Bir az sonra
soruşdu:
-Xanım, necə görünürəm? Vurduğum ətir xoşuna gəlir?
-Öldürdün məni bu bəzənməyinlə, yaraşıqlı cənab.
Daha gedək, gec oldu.
118
Ancaq müsibət hələ davam edirdi. Pencəyini dəfələrlə
geyinib-çıxardı, şalvarını havada möhkəm çırpdı. Bu
hərəkətini görən kimi səsimi ucaltdım:
-Həmid ağa, toz qaldırma, geyin, gedək!
Buna bənzər hadisələr tez-tez baş verirdi. Sonda qərara
gəldik ki, nə zaman bayıra çıxmaq istəsək, Həmid məndən
yarım saat tez hazırlaşmağa başlasın. Ancaq yenə də
evdən çıxmaq istəyəndə nəyisə unutduğunu xatırlayırdı;
gah motosikletin açarını, gah sənədlərini. Evə qayıdıb
yaddan çıxardığı əşyanı götürəndə də yenidən güzgüyə
baxır, üz-başına əl gəzdirirdi.
Qonaqlıqdan sonra bibim fisincan bişirmək üçün min
ədəd yeni qoz verdi. Evə çatanda qozları qurutmaq üçün
mətbəxin yerinə sərdim. Ancaq onlar quruyana qədər
Həmid yüzdən çoxunu yedi. Qonaq otağında televizorun
qarşısında oturmuşdu, qozları duzlayıb yeyirdi.
Çərşənbə axşamı universitetdə tədbirimiz var idi.
Sərgiyə görə sübhdən ancaq ayaq üstə idim. Saat on iki
olardı, Həmid zəng edib dedi ki, bankda işi olduğu üçün
işdən icazə alıb və artıq evdədir. Nahara gəlib-
gəlməyəcəyimi soruşanda dedim:
-Həmid can, bizim sərgimiz var, ola bilsin, gec gəldim.
Sən yeməyini ye, istirahət elə.
Evə saat beşdə çatdım. Həmid həmişəki kimi qapıya
məni qarşılamağa gəldi. İçəri girən kimi dedim:
-O qədər yorğunam ki, bir dəqiqə belə ayaq üstə dayana
bilmirəm.
Sonra elə oradaca, qapının ağzında yerə uzandım. Bir
az özümə gələndən sonra Həmidə dedim:
-Bağışla, bu gün tədbirimiz var idi deyə, gec gəldim.
Yəqin, bekarçılıqdan ürəyin sıxılıb.
119
-O
qədər
də
bekar
deyildim.
Mətbəxə
bax,
anlayacaqsan.
Düşündüm ki, yəqin, mənə yemək hazırlayıb, ya da
axşama nəsə bişirib. Ancaq mətbəxə keçən kimi yerimdə
donub qaldım. Bütün qozları ləpələmişdi, cəmi bir neçəsi
qalırdı. Həmişə belə idi. Hövsələsi olan kimi elə işlər
görürdü ki, adam lap çaş-baş qalırdı. Dedim:
-Həmid can, Allah səndən razı olsun! Bu qədər dərslə
onları necə sındıracağımı düşünürdüm.
Həmid sevincək, siniyə yığdığı qoz ləpələrini əliylə
qarışdıraraq dedi:
-Fərzanə! Gör burda nə qədər qoz var! Bu o deməkdir
ki, sən hər gün mənə fisincan bişirə bilərsən.
***
2014-cü ilin yanvarı idi. Həmid evdə yox idi, iyirmi
günlüyə başqa şəhərə ezam olunmuşdu. İmtahanlarıma
çox az qalırdı. Həmiddən uzaq olduğuma görə darıxır,
diqqətimi cəmləyə bilmirdim. İlk on günü atamgildə
qaldım. On birinci gün axşamçağı evimizə qayıtdım. Həm
evə əl gəzdirmək istəyirdim, həm də Həmidlə qaldığım
evimizdə daha az darıxacağıma ümid edirdim.
Evdə hər şey yerində idi, amma hər yerə toz-torpaq
qonmuşdu. Bilirdim ki, Həmid gələndə evi təmizləməyə
kömək edəcək. Ev Həmidsiz mənə zindan kimi gəlirdi.
Güllərə su verəndə mətbəxin divarında bir kərtənkələ
görüb çox qorxdum, tez divanın üstünə atıldım. Nə
edəcəyimi bilmirdim. Kərtənkələ diqqətlə mənə baxırdı,
qətiyyən tərpənmirdi. Əvvəl ev sahibəsini çağırmaq
istədim, sonra fikirləşdim ki, qoca qadını boşuna narahat
etməyim. Kərtənkələnin şərindən qurtulmaq üçün bir yol
tapmalıydım. Qorxuma qalib gəlib divandan qalxdım.
Başmağımın bir tayını götürüb, min bir müsibətlə
120
kərtənkələni öldürdüm, sonra da durmadan ağlamağa
başladım. Ağlamağımın səbəbi bəlkə də tək olmağım idi.
Təklik mənə əzab verirdi. Həmiddən uzaq qalmağım, onun
bu qədər çox ezamiyyətə getməsi bir tərəfdən, bu kimi
şeylərə dözmək də digər tərəfdən mənə əziyyət edirdi. Öz-
özümə dedim: “Mən bu həyatda kişi olacam!”
İyirmi gün bütün çətinlikləri ilə geridə qaldı. Səhər
tezdən evə lazım olan şeyləri yazdım, alış-verişdən sonra
özümü çətinliklə evə çatdırdım. Nahara fisincan bişirdim.
Adətən, ezamiyyətdən qayıdanda sevdiyi yeməkləri
bişirirdim. Dişlərini yenicə düzəltdirdiyinə görə mədəsi
həssas olmuşdu, hər yeməyi, xüsusən də acılı xörəkləri
yeyə bilmirdi. Mən özüm acı yeməyi sevsəm də, Həmidə
görə istiotdan istifadə etmirdim.
Hər ezamiyyətdən sonra evə birinci gül dəstəsi tutmuş
əllər girirdi. Həmişə təbii güllər alırdı. O qədər çox gül
almışdı ki, axırda dedim: “Əzizim! Sən özün elə gülsən.
Bütün bu məhəbbətlərin üçün minnətdaram. Ancaq təbii
gül yerinə, süni güllər al ki, evdə saxlaya bilək. Evdə çox
yer yoxdur, bu qədər gülü qurutmaq olmur”.
Əl-üzünü yuyub süfrəyə əyləşəndə ilk işi süfrənin
şəklini çəkmək və təşəkkür etmək oldu. Paltarını
dəyişmədən süfrəyə oturdu və həmişəki kimi iştahla
yeməyə başladı. Yeməyin ortasında birdən gözü mətbəxə
sataşdı. Ətrafına sellofan çəkdiyim plastik qutunu görüb
dedi:
-Bu nə üçündür? Göyərçin yuvası düzəltmisən?
-Yox, ağa can! Qış gəlir. Həyətdəki ayaqqabılarımızı
bunun altına qoyarıq, islanmaz.
Təbəssümlə dedi:
-Biz ki bu tezliyə ev ala bilməyəcəyik. İnşallah,
növbəmiz çatsın, gedib zabitlər binasında yaşayarıq. Orada
121
ayaqyoluna getmək üçün qışın soyuğunda həyətə çıxmağa
məcbur olmayacağıq.
-Balaca və köhnə olsa, arada-sırada kərtənkələ görünsə
də, mən bu evi çox sevdim. Çox səfalı evdir, yəni ruhsuz
deyil. Üstəlik, ev sahibləri həmişə mənə qayğı göstərirlər.
Sən olmadığın günlərdə tez-tez soruşurdular ki, oğlumuz
hardadır?
-Düzdür, həqiqətən də çox qayğı göstərirlər, bizi öz
övladları kimi istəyirlər.
Sonra soruşdu:
-Hə, yaxşı yadıma düşdü, mən olmayanda kirayə
pulunu vermisənmi?
-Axı bizim kirayə günümüz hər ayın onudur.
-Doğrudur, ancaq müqaviləmizə daha yaxşı əməl etmək
üçün kirayəni bir neçə gün qabaqcadan versək, yaxşıdır.
Yadında qalsın, qaz, su və işıq qəbzlərini diqqətlə
hesablamaq lazımdır ki, bizə düşən hissəni vaxtında ödəyə
bilək.
Yeməkdən sonra bir az istirahət etdi, sonra dedi:
-Şəhidlər xiyabanından ötrü çox darıxmışam.
-Əgər
yorulmamısansa,
gedək!
Mən
də
gedə
bilməmişəm.
Geyinib yola düşdük. Hava soyuq olduğundan
motosikletlə getmədik. Şəhidlər xiyabanına çatanda Şəhid
Hüseynpurun məzarı başında bir neçə xanımın dayandığını
gördük. Həmid məzara yaxınlaşmadı. Dedim:
-Biz bu xanımların kim olduğunu bilmirik. Gedək
başqaları kimi Fatihə oxuyaq.
-Yox, xanım, yəqin, şəhidin ailə üzvləridir, şəhidlə baş-
başa qalmaq istəyirlər. Biz getsək, narahat etmiş olarıq.
Elə buradan ziyarət niyyətini elə, onsuz da şəhid bizi
görür, mütləq məzarı üstə getməyə ehtiyac yoxdur.
122
Onda Həmidin bu sözlərini yaxşı başa düşmədim,
ancaq sonradan məzar yanında tək qalmağın nə demək
olduğunu öyrəndim.
Şəhidlər xiyabanından birbaşa bibimgilə getdik. Bir
ananın övladı üçün darıxmağının sonu yoxdur. Həmid
həmişə olduğu kimi, anasının alnından öpdü. Bibimin
israrı ilə şam yeməyinə onlarda qaldıq. Şam süfrəsini
yenicə yığışdırandan sonra televizordan rəhbərin çıxışı
başladı. Qum əhalisi 19 Dey (9 Yanvar) yürüşlərinin
ildönümü münasibəti ilə onunla görüşə getmişdi.
Həmid tez televizorun qarşısında oturub ağanın
söhbətinə qulaq asmağa başladı. Müharibə illərinin
könüllülərindən olmuş atası da əvvəldən-axıra kimi qulaq
asdı. Həmid ağanın bütün çıxışlarına qulaq asırdı. Hansına
qulaq asa bilməsəydi, sonradan internetdən yükləyib
dinləyir və mühüm məqamları yazırdı. Dinlədiyi bütün
çıxışlarda belə edirdi. Haradasa bir çıxışı dinləməyə
gedəndə
dəftər-qələm
götürərdi.
Dəftəri
yanında
olmayanda ən kiçik kağızdan, hətta alış-veriş qəbzindən
belə istifadə edirdi. Sonra həmin məsələləri əza
dəstəsindəki dostları və ya əsgərləri ilə bölüşürdü.
***
Universitetə getdiyim günlərdə günorta yeməyin
xuruşunu axşamdan bişirirdim, plovu isə səhər tezdən
süzürdüm. Bu proqramla hər gün nahar və şam yeməyimiz
hazır olurdu, təhsilim mənim ev işlərimə mane olmurdu.
Əgər günortaya kotlet və ya makaron yesəydik, axşama
plov bişirərdim. Evə tez çatanda yeməyi qızdırırdım,
Həmid məndən öncə gəlsəydi, özü qızdırıb yeyirdi. Hər bir
halda, bir-birimizi ən azı bir-iki saat gözləyirdik ki,
yeməyi bir yerdə yeyək. Bəzən mənim işlərim iki-üç saat
uzanırdı, Həmid də heç nə yeməyib məni gözləyirdi.
123
Birinci günlər həm səhərlər, həm də günortalar dərsim
olduğundan səhərki dərslərdən sonra evə qayıdır, birlikdə
yemək yedikdən sonra yenidən universitetə gedirdim.
Bir dəfə saat birdə dərsim bitəndən sonra yenə tez
taksiyə oturub evə gəldim, yeməyi qızdırıb, süfrəni
düzdüm. Hər şeyi hazırladım ki, Həmid gələn kimi
birlikdə yeyək, sonra da universitetə gedim. Ancaq Həmid
gəlib-çıxmadı, zəng edəndə dedi ki, bir az gec gələcək.
Məcbur qalıb süfrədə tək oturdum, bir qədər yeyib
universitetə hazırlaşdım.
Hələ qapıdan çıxmamış Həmid gəldi. Əlləri və
paltarları qanın içindəydi. Onu bu halda görüb əl-ayağım
tutuldu. Tez dedi:
-Qorxma, xanım, heç nə olmayıb.
-Bəs, bu halın nədir belə?! Ağlıma min cür fikir gəldi.
-Motosikletlə işdən qayıdanda birdən əsgərlərin biri
maşının arxasından yerə yıxıldı. Yarası dərin deyildi,
ancaq yazıq çox qorxurdu. Qucağıma götürüb bir kənara
apardım, təcili yardım maşını gələnə qədər yanında qalıb
başını qatdım.
Rahat nəfəs aldım.
-Allaha şükürlər olsun! Bəs o əsgərə nə oldu? Yəqin,
yazığın ata-anası çox narahatdır.
-Allaha şükür, yaxşı qurtardı. Xəstəxanaya göndərdilər
ki, rentgen lazım olsa, çəksinlər.
-Səni bu halda görəndə çox qorxdum. Elə bildim ki,
Allah eləməmiş, özün motosikletdən yıxılmısan. Nahar
hazırdır. Mən dərsə gedirəm.
-Gözlə, paltarımı dəyişim, səni aparım.
-Sən hələ yemək yeməmisən.
-Qayıdanda yeyərəm. Onsuz da ordan idman zalına
getməliyəm.
124
Tez hazırlaşıb yola düşdük. Küçənin başına çatan kimi
əliylə təkər təmirini göstərərək dedi:
-Əzizim, mən bunlara 500 tümən borcluyam.
Motosikletin təkərinə hava vurmuşdular. Xırda pulum
olmadığı üçün verə bilmədim. İndi də bağlıdır. Qayıdanda
mütləq yadıma sal, borcumu verim.
-Gözüm üstə! Bir vərəqə yazıb o birilərin yanına
qoyaram.
Kiçik borclarına qarşı bu qədər həssas idi. Mən
olmayanda borclarını balaca kağıza yazıb kompüterin
monitoruna yapışdırırdı ki, ömür vəfa etməsə, mən görüb
ödəyim.
Universitetə çatanda Həmidə dedim:
-İnşallah, bu il “Nur yolçuları” səfərində varsan?!
Dostlarım universitetlə danışıq aparırlar. Onlara dedim ki,
mən yoldaşımla gedəcəm.
-Görək, şəhidlər necə istəyir! Keçən il tək getmisən, bu
il çalışacam birlikdə gedək.
2014-cü il, martın ortalarında Tibb universitetinin
karvanı cənuba yolda düşdü. Həmid avtobusda məsul şəxs
kimi gələn yeganə kişi idi. Bu qədər qadınla yol getməyin
ona necə çətin olduğunu çox yaxşı başa düşürdüm. Ancaq
mən şəhidlərin ziyarətinə onunla birlikdə getdiyimə görə
çox sevinirdim. Təxminən saat onda avtobusdan düşdük.
Həmid çantasını götürüb kişilər üçün nəzərdə tutulmuş
çadıra yollandı. Mən də bizimlə gəlmiş tələbələri
qalacaqları yerlərə yerləşdirməli idim. Həmid təxminən
saat on ikidə iki dəfə mənə zəng vurmuşdu, ancaq mən heç
birini eşitməmişdim. Ona bir neçə dəfə zəng vurdum,
telefonu açmadı. Nigaran qalmışdım. Səhər tezdən
qaldığımız yerdən çıxanda da onu görməmişdim. Bir saat
sonra özü zəng vurub dedi:
125
-Gecə zəng vurdum, açmadın. Mən Meracüs-şühədaya
gəlmişəm. Gecədən burdayam. Bu gün xanımların növbəsi
olduğuna görə daha düşərgəyə qayıtmadım. Burda səni
gözləyirəm.
Biz Meracüş-şühədaya çatanda Həmid girişdə bizi
gözləyirdi. Şəhidlərlə bir gecə bir yerdə qalması öz işini
görmüşdü. Gözlərindən bilinirdi ki, bütün gecəni yatmayıb
şəhidlərlə doyunca dərdləşib.
|