Bu müraciəti Yazıçılar Birliyi adından deyil,ancaq öz adımdan edirəm,çünki
müxtəlif və bəzən fərqli fikirləri birləşdirib vahid bir rəy kimi qələmə vermək də
keçmişdən qalmış qəlp miraslardandır. Amma güman edirəm ki, bu müraciətə çoxları da
qoşulacaq.
Dörd ay Türkiyədə məzuniyyətdə olub Vətənimizin bu ən çətin anında Bakıya
dönərkən xalqımızın başının üstünü almış ölümcül təhlükəni bütün dəhşətiylə daha
aydın görürəm. Yer üzündə tək və yeganə Vətənimiz Azərbaycan öz tarixinin ən
amansız sınağı qarşısındadır,parçalanmaq,qardaş qanına qəltan olmaq, daxili
çəkişmələrdən,vətəndaş müharibəsindən zəif düşüb düşmən qarşısında gücsüz qalmaq
qorxusuyla üz-üzə durub. Azərbaycanın bölgə-bölgə parçalanması, ölkəmizin
Livana,Bakımızın Beyruta çevrilməsi haqqında qəddar düşmən niyyətlərinin
gerçəkləşməsinə bir addım, bircə addım qalır.
Bu son beş-altı ildə - Qarabağ məsələsi ortalığa atıldığı 87-ci ilin noyabrından bu
günəcən mən öz adımdan, Yazıçılar Birliyi adından,ya həmfikir olduğum ziyalılarla
birgə müəyyən təkliflər,mülahizələr irəli sürürdüksə də eşidən olmurdu. Nə əvvəlki, nə
indiki iqtidar bu fikirləri heç olmasa müzakirə belə etmək istəmədi. Təbii ki,özümü
hamıdan ağıllı saymıram,böyük siyasət bilicisi kimi də qələmə vermək istəmirəm.
Ancaq Azərbaycanın uzaq, yaxın tarixini az-çox bilən,bundan nəticələr
çıxaran,qonşumuz olan ölkələrin ictimai-siyasi fikrini, ab-havasını mütəmadiən izləyən
adam kimi bizi gözləyə biləcək təhlükələri nəzərə almağa çağırırdım. Müxtəlif
çıxışlarım, qəzetərdə yazılarım yəqin ki, yaddaşı olanların yadındadır. Nə yazıq ki, hər
bir iqtidar yalnız eşitmək istəbiyini, yəni ona xoşgələni eşitmək istəyir. Amma indi
giley-güzar vaxtı deyil. Düşdüyümüz bu ağır sınaq məqamında bizə birlik və barışıq
gərəkdir. Nüfuzu və real gücü olan bütün siyasi xadimləri əqilə, görüş fərqlərindən,
şəxsi münasibətlərindən, incikliklərindən, umu-küsülərindən yüksək durmağa çağırıram.
Bu gün meydana elə böyük şeylər qoyulub ki,məsuliyyətsiz bir addım belə atmağa
haqqımız yoxdur. Hər şeyi itirə bilərik və heç kəs, heç nə qazanmaz.Qoy hamı bilsin ki,
biz tayfa deyil, xalqıq. Vətənimizin bütövlüyü, toxunulmazlığı,dövlət sərhədlərimizin
bərpası təmin olunandan sonra və vəziyyətin sabitləşməsindən sonra bütün siyasi və
şəxsi münasibətlər tənzimlənə bilər. Bu gün silahları bir-birimizə qarşı deyil, təcavüzkar
düşmənə qarşı çevirməliyik.
Mən Sizə müraciət edirəm,hörmətli Əbülfəz bəy!Biz də,bütün dünya da Sizi
Azərbaycanın xalq tərəfindən seçilmiş Prezidenti kimi tanıyırıq. Bu yüksək vəzifəninin
bütün məsuliyyəti haqqında düşünün və vicdanınızın səsiylə ürəkdən sevdiyiniz və
yolunda cəfalar çəkdiyiniz xalqın taleyini tam ciddiyyətlə nəzərə alaraq qəti qərarınızı
verin!
Hörmətli Heydər bəy! Tale Sizin çiyinlərinizə Azərbaycan tarixinin həlledici
məqamında çox ağır və məsüliyyət dolu bir yük qoyub. Zəngin siyasi təcrübənizi, dünya
siyasətinə miqyaslı baxışınızı,əzminizi, iradənizi xalqımızı bu ağır vəziyyətdən
çıxarmaq üçün əsirgəməyin.
Xalq Cəbhəsinin hörmətli rəhbərləri! Azərbaycanın istiqlaliyyəti uğrunda
mübarizələrdə Cəbhənin döyük xidmətlərini heç kəs tarixdən silə bilməz. Amma xalqın
nəbzini duya bilənlər onun narazılıqlarını da doğru-dürüst qiymətləndirməyi
bacarmalıdır. Zorakılıq xalqın qəbul edəcəyi yol deyil... Bu qisaslar, «hayıf çıxmalar»,
bu gün iş başına gələnlərin dünən iş başında olanlara düşmən gözüylə baxması - xalqı
çaşdırır, bədbinləşdirir, onda özünə inam hissini zəiflədir. Düşmənlərimizə də elə bu
lazımdır. Bir də «külək əkən-tufan biçər» deyiblər, «keçmişə güllə atanı gələcək topa
tutar» deyiblər, «nə tökərsən aşına,o çıxar qaşığına» deyiblər.
Bu çıxmazdan qurtulmalıyıq, bu ğaranlıq tunelin sonunda bir işıq ucu
görünməlidir axır… Bu zəncirvarı reaksiyaya hardasa son qoyulmalıdır… Şuşamız
əldən gedib, Xocalımız, Laçınımız, Kəlbəcərimiz əldən gedib, niyə düşmənlərimizdən
çox bir-birimizə bu qədər amansızıq?
Qardaşlarım, qandaşlarım! Allah var,tarix var, balalarımız var, gündə bir vədə
inanan, gündə bir şüara aldanan bu biçarə xalq var.Bilmir çörək dərdi çəksin, Vətən
dərdi çəksin, ya özünü,ailəsini özümüzünkülərin hədələrindən qorusun. Heç olmasa bu
səfər eşidin sözlərimizi, harayımızı, fəryadımızı. Bəlkə bu gün hələ gec deyil,amma
sabah artıq gec ola bilər.
24 iyun 1993
«Azərbaycan» qəzeti.
Bu müraciət həmin günlərdə ixtisarla
Azəbaycan Televiziyasıyla da səsləndirilmişdi.