Quşlara dən atır balasız ana
O quşdan—bu quşdan balası baxır
Dünyalar içində dünyasız ana
O quş da—bu quş da balandı axı
Quşun bildiyini o ana bilmir
Xəyalı dörd gəzib dönür o yurda
Anası hələ də itkindir deyir
Bir uşaq meyidi qalıb o yolda
HÖRÜM BİR...
Körpə dilimdə ilk duam,
İstədim hamını duyam,
Dedim, necədi bu dünya....
Görüm bir.
İtən gün itər, doğulmaz
Əcəlin əli doğranmaz,
Mən ölsəm, dünya dağılmaz
Ölüm bir.
Gülün cütünü dərməzlər,
Karvan keçəndə hürməzlər,
Saçın ucunu hörməzlər...
Hörüm bir.
OYUN OYNAYIRIQ
Oyun oynayırıq bu dünya ilə
Bir uşaq ocaqla oynayan kimi
Dünya da bizimlə oynayır elə
Sevdiyi oyundan doymayan kimi
Evcik oynayırıq bir-birimizlə
Gah qonaq gəlirik, qonaq gedirik
Tanrıdan bir içim pay ömrümüzlə
Anlaya bilmirik, biz nə edirik
Gah ora qaçırıq, bura qaçırıq
Yüklərin altında itib-batırıq
Qapı bağlayırıq, qapı açırıq
Yorulub əbədi yuxu yatırıq
Bizim gəlişimiz nə gətirir ki
Dünyaya dərd ola gedişimiz də
Lap elə dünyaya yenidən gəlsək
Nə gələr dünyaya gəlişimizlə
Gəlsək, yuxu kimi gələrik yenə
Həsrət gətirərik, qəm gətirərik
Hamımız bir qara buluduq elə
Dumana qarışıb nəm gətirərik
Dünyanın sirrini bilən olmadı
Boşalan dünyadı, dolan dünyadı
Gedən karvanından qalan olmadı
Dünya öz yerində qalan dünyadı
Biz də oyunçuyuq, düşüb meydana
Bu qoca meydanda at sulayırıq
Girib yüz cilidə, girib yüz dona
Ömrü fəsil-fəsil xırdalayırıq
Sonra da torpağın göz bəbəkləri
Açır qəbir-qəbir öz qabığını
Boşluğa düşürük ağlı-qaralı
Örtür torpaqlar da göz qapağını
Bitir tərs oyunlar, ilan oyunlar
Bitir bu dünyada yüz oyunumuz
Ölümlə qurtarır yalan oyunlar
Ölümlə başlayır düz oyunumuz
ÖMÜR DƏ YUXUDUR
Ömür də bir yuxu kimidi elə
Bahar yuxusudu, qış yuxusudu
Torpağın üstündə bir qırıq tale
Torpağın altında daş yuxusudu
Bir anın içində uçub yüyrəppək
Bir anın içində yox olub gedir
Dəniz sahilində qum evciyi tək
Dalğalar dəydikcə dağılıb gedir
Gözünü yumursan, açanda itur
Gizlənpaç oynayır, tapa bilmirsən
Kirpik qırpımında karvanlar keçir
Bu keçən karvandan qopa bilmirsən
Elə bu axarda düşüb axırsan
Köçə qarışırsan istər-istəməz
Qəfildən çevrilib geri baxırsan
Görürsən izin də itib tərtəmiz
Ömür bir qırpımlıq yuxudu elə
Əvvəlsiz-axırsız an içindədi
Qəfəsə salınmış ruhumuz hələ
Son nəfəs gəzdirən can içindədi
Bu qından sıyrılıb çıxdıqca ruhlar
Canı torpaq çəkir, ruhu göy çəkir
Bu yolun əvvəli, nə də sonu var
Adama-madama divi iy çəkir
Bir quş qanadında, gül ləçəyində
Payız xəzanında tökülür ömür
Baxıb pəncərədən yuxu içində
Sonra da pərdə tək çəkilir ömür
CƏMİLƏYƏ...
Gözlərinin küncündə,
dodaqlarının birləşdiyi yerdə
üçbucaqlar olardı.
Orda təbəssümlər yaşayardı.
İstəyəndə
gözlərini güldürərdilər,
dodaqlarını qaçırdardılar.
Hərdən dəcəllik edərdilər,
yeri gəldi-gəlmədi
üçbucaq uclardan
tutub dartardılar.
Onda...
öz-özünə güləndə sən,
təəccüblənərdi yanındakılar.
Ora baxardılar,
bura baxardılar.
-Niyə gülür, nəyə gülür?
düşünərdilər.
Amma bilməzdilər
üçbucaqdakı təbəssümlərdi
dodaqları dartan,
durduğu yerdə
güləndə adam.
İllər keçdikcə
o üçbucaqları
gəmirici kimi yedi
KƏDƏR,
harasa qaçdı,
uçdu təbəssümlər.
Bir daha üçbucaq
yuvalarına
geri dönmədilər.
İndi dodaqlarının
uclarında kədər büzülür,
gözlərinin küncündə
dərd kölgə salır
taleyinə.
Üçbucaqlarının köhnə
dostları dönə bilmirlər
yerlərinə, SƏNƏ.
Oğlun gedər-gəlməzdən
dönmədiyi kimi
Cəmilə!
BÖYÜDÜM NAHAQ...
Ürək də yarpaqdı- payız yarpağı,
Solub budağında, yerində qalıb.
Ölən ümidləri çəkib bataqlıq,
Çıxarda bilmirəm, dərində qalıb.
Yükümün altında yükəm özüm də,
Dünyanı çəkirəm özüm qarışıq.
Uzaqda itirəm, itir izim də,
İtirəm qırılmış sözüm qarışıq.
Başımı qaldıra bilmirəm daha,
Günahlar başımdan basır aşağı.
Mən belə dünyada böyüdüm nahaq,
Görəsən hardadı o kənd uşağı?
Əli çıraqlıyam, dili dualı-
O dərə- bu təpə uşaq gəzirəm.
Qaranlıq dünyada dəli sayağı,
Bir uşaq gözündə işıq gəzirəm.
"Dan Yeri" QOŞULDUM KÖÇLƏRƏ
Unutdum nə varsa, unutdum, getdi,
Uyutdum bir ömrü, uyutdum, getdi,
İlləri quş kimi uçurtdum, getdi-
Qaldım baxa-baxa heç bazarında.
Dəridən-qabıqdan çıxdım o ki, var,
Ayın da üzündə gördüm ləkə var,
Baxdım, tərəzini əyən çəki var-
Azdım çaşa-çaşa seç bazarında.
Dərdimi danışdım öz ürəyimə,
Başım daşa dəydi, söz ürəyimə,
Axırda döz dedim, döz ürəyimə-
Dözdüm ölə-ölə iç bazarında.
Çox güllər qurudu, sulayammadım,
Sönən od-ocağı qalayammadım,
Karvanın dalınca ulayammadım,
Qoşuldum gedənə köç bazarında
SOYUQ GÜNƏŞ
Nəm çəkmiş divarların
arasından soyumuş
günəşin sapsarı
işığı düşür.
O işıq qızdıra bilmir
can məhbəsimin
nə tavanını,
nə döşəməsini,
nə də ruhumu.
Yana-yana gəlib
gözümün pəncərəsində
soyuyur günəş.
Üzünü sürtüb
kirli gözlüklərə
ağlayır günəş.
Hər gün bu pəncərədən
günəşin göz yaşları axır.
Axır, axır üzümə.
Hər gün bir soyumuş günəş
baxır, baxır gözümə.
Və ruhum üşüyür.
Ruhum üşüyür
bu nəmli məhbəsdə.
Özünü çırpır
canımın divarlarına.
Bir qapı tapmır çıxmağa.
Yorulub son nəfəsimin
içinə düşür.
Uzaqdan günəşin
sarı işığı üşüyür
saçaq-saçaq.
Son nəfəsim
son dəfə dəriləndə,
ruhum da günəşə
çıxacaq.
BOŞUNA GÖZLƏMƏKLƏR
Boşuna gözləməklər saraltdı
gözlərimin kökünü.
Gəlməyəcəklər
gəlmədilər!
Olmayacaqlar
olmadılar!
Mənsə heyy gözlədim
gəlməzləri,
olmazları.
Gözlərimin kökündən
yaş-yaş töküldü
payız yarpaqları.
Üzümə həsrətlərin
boz rəngi çəkildi.
Dünya boz rəngində
üzümə güldü.
Bu bozluqda boğuldum
içimin qırıq səsləriylə.
Üzümə bozardı
bu bozluq da
bozarmış sifətləriylə.
Mənsə gözlədim
qulaq-qulaq addımlarımla,
gözlərimin nəfəsiylə.
Gözlərim nəfəs aldıqca
nəfəsim tükəndi.
Gözlərimin nəfəsini
çəkilməyən yük kimi
çiyinlərimdən çəkdim.
Boşuna gözləməklərdə
mən yaşamadım ki...
Mən nəfəs tükətdim.
GÖZLƏSƏM...
Gözləsəm, o gəmi gəlməyəcək heç,
Amma mən gözləyim,
Gəmi gözləyim.
Gəminin çölündə bir nimdaş yelkən,
Gəminin içində qəmi gözləyim.
Xəyaldır o gəmi, qırılıb, düşüb,
Sularda bir qırıq gəmi yol gəlir.
Bir qırıq xatirə daşa ilişib,
Bir çapıq daş da var,
Xatirə dəlir.
Gözləsəm, o gəmi görünməyəcək,
Suların üfüqlə sovuşanında.
Nə sahil, nə gözüm sevinməyəcək,
Sahillə gözümün qovuşanında.
Amma mən gözləyim,
Görüm nə olur,
Görüm mən ölməmiş ümid ölürmü?
Daha gözləməyə heç kimim yoxdur,
Gözləyim, bir görüm gəmi dönürmü?
Gözləsəm, bir ömür durub sahildə,
Eheyyy, eheyyy- deyə səsləyəcəyəm.
O qırıq gəmini son nəfəsimdə,
Gözləsəm, ölüm tək gözləyəcəyəm.
ÖLÜMLƏRİN KÖLGƏSİ
Bilirsən, yaşamaq
necədi, dostum!
Yaşam da elə
ölümlə oynamaqdı.
Biz ölümlə oynayırıq-
gah qaçdı-tutdu,
gah beşdaş,
gah da gizlənpaç.
Gizlənəndə də
bizi tapırlar,
gizlənməyəndə də.
Sevəndə də
bir yerdəyik,
sevməyəndə də.
Ölümlərin kölgəsi
üstümüzdən
çəkilmir heç.
Ölümlər qaşımızla
gözümüzün arasında,
kölgəsi düşür
gözümüzün altına.
Və ölümü gözümüzün
altına alıb yaşayırıq.
Və ölümü gözümüzün
üstünə alıb ölürük.
Gözümüzü qapayanda
ölümlər də düşür
gözümüzün üstündən.
Axı, neyniyir ölünü ölüm.
Biz ölsək də
ölmür ölümlər.
Bizlə oyunları
qurtarandan sonra,
ayrı uşaqlarla
dava-dava oynamağa
gedirlər.
SON DUA KİMİ
Həsrətdən gözlərin yarpaqlayacaq,
Sonra yarpaqlara payız gələcək.
Əllərin üzündə budaq atacaq,
Üzün əllərində çiçəkləyəcək.
Gözlərin qovacaq durna yaşları,
Ahından bir bölük köç başlayacaq.
Günü dənləyəcək payız quşları,
Payız gecələri ay daşlayacaq.
Payız səhərləri səni açacaq,
Payız buludları yağacaq səni.
Ağac qırılacaq, yuva uçacaq,
Həsrət o yuvada doğacaq səni.
Dağılan yuvalar, çökən ağaclar,
Dünyanı nisgillə dolduracaqlar.
Qırıq qollarını qırıq küləklər,
Göylərə dua tək qaldıracaqlar.
Qolların, əllərin son dua kimi,
Ən son uçuşunu başa vuracaq.
Gözlərin çəkəcək ən son şəklini,
Ovcunda həsrətlər yuva quracaq.
Bir də görəcəksən göy üzü əl-əl,
Əllərin içindən əllərin baxır.
Göylərdən qırılmış əllər tökülür,
Üstünə dualı yağışlar yağır.
BİZ, KƏNDÇİ UŞAQLAR...
Ayrı havadaydıq, ayrı havada.
Ən uca dağların zirvəsindəydik,
ən hündür ağacların təpəsindəydik,
ən gözəl insanların içindəydik.
Biz, kənd uşaqlarıydıq-
işcil, kefcil, hörmətcil.
Bizi qatarlar gətirdi
şəhərlərin havasına,
vağzalların sübh qoxusuna.
Kənd havası başımızda,
düşdük bu şəhərin canına.
Şəhər də düşdü bizim canımıza-
hərəmizi bir cür yedi,
bir cür içdi, bir cür geyindi.
Bu şəhərdə bir kənd yeyildi.
Yeyildi, nimdaş ayaqqabılarımızın
şiş burnu kimi,
yuyulmaqdan bozaran paltarımızın
solan rəngi kimi.
Bu şəhərin havası
hamımızı dəyişdirdi,
bizi ipə-sapa yatan elədi.
Başımız ayrı havalardadı indi.
Oynadığımız havalara
çoxdan yadırğamışıq.
Çoxdan unutmuşuq
ətəkləri pişpişəli,
pıtraqlı uşaqlığı.
Necə də səliqəli olmuşuq-
üstümüzə toz qonmur daha,
sözümüzə ho-haa.
Necə də ütülüyük gör haa.
Biz, kənd uşaqları,
indi yolda da rast gələndə,
yad kimi baxırıq bir-birimizə.
Biz axı, gəlmişdik ADAM olmağa.
Gəlməmişdik adamlıqdan çıxmağa.
Biz adamlıqdan çıxmışıq-
o da, sən də, mən də.
Daha hansı üzlə qayıdaq kəndə.
Deyək:- kimik, kimlərdənik?
Eyyyy eh,
Güzgüyə baxanda da
tanımırıq özümüzü.
O günü mən də güzgüdə
bir yad adam gördüm.
Tanımadım, ha fikirləşdim,
kimiydi, bilmədim.
Bir az kəndçiliyimdən qalmışdı-
gördüm çox baxır,
Mən də SALAM verdim.
yenə də MEHRİ üçün
Mehriban Əbülfətqızının xatirəsinə
Hər yerdə kədərinlə
qarşılaşıram.
Bayırda,
Bayılda,
döşəmə küçələrdə,
daş pillələrdə
kədərinlə üz-üzə gəlirəm,
göz-gözə dayanıram.
Kədərinin azca
batıq çənəsinə,
qıyıq gözlərinə,
qarayanız üzünə gülürəm-
əgər gülməkdisə.
Ürəyimi tuturam
lap sənin kimi,
mən də ölürəm-
əgər ölməkdisə.
Qarışıq saçların da
külək kimi dolur gözlərimə-
gözlərim saç-saç ağlayır,
baxış-baxış hıçqırır.
Gözlərimin ağ-qara dərisi
yaş-yaş soyulur.
Bəbəyimin dərisini soyuram-
orda sən varsan,
orda mən varam.
Və bütün itirdiklərim,
xatirələr var.
Gözlərimin soyulmuş dərisini-
xatirələri-
səni, məni, itənləri
ovcuma sıxıb qaçıram.
Qaçıram...
yenə də kədərinlə
qarşılaşıram.
Və ovcumdakını
uşaq kimi sevinərək
kədərinə göstərirəm.
Uzaq gəncliyimizi,
səni, məni, itənləri...
Beləcə...
ovcumda bitir
bir kədər filmi.
GÖZLƏRİMİN KƏNDİRİ
Lap qəfildən
gözlərimdən bir dünya
sızdı yerə,
bir dopdolu
dünya sürüşdü.
O dünyanın içində
mən də
gözlərimdən düşdüm.
İndi, hər gün o dünya üçün
ağlayır gözlərim.
O dünyanın içinə tökülür
göz yaşlarım.
Hər gün o dünyanın
nəm divarlarına qısılıb
göz yaşlarında islanıram.
İslaq-islaq göz
yaşlarımdan yapışıram.
Gözlərimə sarı qalxıram,
gözlərimə qayıtmaq istəyirəm.
Bu an, ağlamağını
kəsir gözlərim,
qırılır göz yaşlarım,
qalıram yarı yolda.
Təzədən düşürəm o quyuya,
bir də gözlərimin
ağlamağını gözləyirəm
o quyuda.
Gözlərim məndən yuxarıda.
Hər gün gözlərimə
qayıtmaq istəyim
o quyunun dibində ölür.
Hər gün gözlərimin ipi üzülür,
göz yaşlarımın
kəndiri kəsilir.
havadakı KƏDƏR
Havadakı kədərdi
məni oynadan,
yoxsa oynayan deyildim.
Oyum-oyum oynayıram,
bilirsənmi?
Eh, dostum
bu hava sümüyünə
düşməyib sənin,
sümüyün yanmayıb,
oynamayıb bu havaya.
Və səni dingiltətməyib
bu hava.
Sən bu havanı tanımırsan,
buludu tanımadığın kimi.
Heç yağışı da tanımırsan.
Bu mənim havamdı belə.
Yağış-yağış simlərdə
küləklər çalır bu havanı.
Heç yağışların tel-tel olub
buludların sinəsində
kökləndiyini görmüsənmi?
Küləklərin o yağışlı tellərə
yel-yel mizrab vurduğunu
süzmüsənmi?
Və o yağışın altında
bir dəlinin qol götürüb
yağış havasına oynadığına
baxmısanmı?
Eh, dostum!
O mənəm elə-
mən dəlini oynadır
havanın kədəri.
Mən də bir bulud,
yağışdı əllərim.
Havada əllərimi çalıram,
əllərimin səsini eşitmisənmi?
Başımın üstündə də bir bulud,
sümüyüm oynayır bu buluda.
Bulud!
Havamı al,
BU QADIN...
Üstümə ağlayır bu qadın hər gün,
Gözünün yaşında islanır gözüm.
Səsinin nəmində səsim göynəyir,
Üzünün rəngində sozalır üzüm.
Ömrümün ağzında bitib beləcə,
Yolumun ağzından çəkilib getmir.
Buluda dönsə də hər gün, hər gecə,
Tökülən yağışla tökülüb itmir.
İLAHİ,
bu qadın səbrimi kəsib,
Məndən nə istəyir.
Axı, neyləyim.
Dönük taleyindən, baxtından küsüb,
Mən onun baxtına durum, nə deyim.
Nə yazı yazanam,
nə də baxt verən,
Alın yazısında qədərdi ömür.
Nə sevinc bölənəm,
nə kədər bölən,
Sevincdə-kədərdə hədərdi ömür.
Hədərdi, gördüyüm , yaşadığım da,
Yoxam yoxluğuma,
koram tüstümə.
Özümdən qaçıram.
Mən qaçanda da-
Yenə bu qadın da qaçır üstümə.
-Mən sənin nəyinəm, axı, ay qadın,
Mənə nə vermisən, ala bilmirsən?
-Mən sənin özünəm, axı, ay adam,
Sən son nəfəsimsən,
hələ bilmirsən?
AYY BƏYİM XALA!
...uşaqlığımın kövrək xatirəsi....
Çəkdiyin papirosların kötüklərini
yığmaqdan yorulmuşduq.
Amma söz-söhbətinə
qulaq asmaqdan
yorulmamışdıq.
Bizim həyətdən keçib
gedərdin evinə-
öz yolun ola-ola.
Babma göz vurardın,
nənəmə söz atardın.
Andıra qalsın bu təkliyi-
deyəndə ağlayardın.
Səhərlər...
hələ səhərlər öskürəyinin
səsinə ayılardıq.
Elə gecələr də ax-
vayından zorla yatardıq.
Papirosu papirosa calayardın.
Papiros çəkməyən babam
çəkmə-deyəndə,
gözlərinin qorasını sıxardın.
Bütün günahları
təkliyinin üstünə yıxardın.
...Ayy Bəyim xala!
Ərinin qəbrinin ayağında
bir çala qazmışdın-
öləndə qəbrin olsun deyə.
Hərdən də oturub o çalanın başında
dərdli-dərdli papiros çəkərdin.
O qədər papiros kötükləri atmışdın ki...,
çala doluydu kötüklərlə.
Dərdin ən böyük dərdiydi-
bir oğlun varıydı,
səni yoxlamağa gəlmirdi.
Günün birində də taxta
tumanını alıb əlinə,
qoşuldun şəhərə gedənlərə,
oğlunun yerini bilənlərə.
Amma...Amma
Bir daha dönmədin geriyə.
Sonra eşitdik ki,
şəhərdə ölmüsən,
orda da dəfn ediblər səni.
Hansı qəbristanlıqdasa
yatırsan qərib kimi.
Ayy Bəyim xala!
Babam da kövrəldi sənsizlikdən,
nənəm də hər gün ağladı.
Biz də papiros kötükləriylə
dolu çalanı torpaqladıq.
Lap qəbir kimi düzəltdik.
Baş tərəfinə də
bir söyüd budağı basdırdıq.
Üstünə də adını yazdıq.
Ayy Bəyim xala!
Yerin yaman göynəyir
keçdiyin yollarda,
həyatımızda,
ürəyimizdə.
Hələ də..
Arada-bərədə çəkdiyin
papirosların kötüklərini
tapırıq həyətimizdə.
HAYANDAN GEDİM...
Uçurda bilmirəm daha göyləri,
Şux ola bilmirəm həminki kimi.
Bu günə gözünü döyən gözlərim,
Açılmır üzümə dünənki kimi.
Hər şey bambaşqadır,
Özgədir hər şey.
Qalmışam gözümün aralığında,
İtirəm gecənin ağında belə,
Çaşıram gündüzün qaralığında.
Oxuya bilmirəm,
Oxular nisgil,
Boğazdan aşağı səsim qırılır.
Səsimdən aşağı havam kəsilir,
Səsimdən yuxarı sözüm qırılır.
İzim də qırılır,
qırılan yolda.
Nə günüm uğurlu, nə yol sayalı.
Əksim də bulanır bulanan suda,
Qırılıb sulara düşür xəyalım.
Dünənki doluyam,
bugünki boşam,
Yel döyür danqadanq,
danqıldanıram.
Gözümün içində ən qərib yaşam,
Dərdlərin diliylə donquldanıram.
Göy mənə həsrətdi,
mən göyə həsrət.
Qanad itirmişəm, qol itirmişəm.
Yol o yol deyil ki,
pıçıldayam:-Get,
Özümdən özümə yol itirmişəm.
İndi də sağ gəzib, sol axtarıram,
Bilmirəm nə edim,
axı nə edim.
Özümə gəlməyə yol axtarıram-
Özümə getməyə hayandan gedim.
OLANLAR OLACAQ...
Nə olur, qoy olsun,
Olsun, neyniyim.
Daha qorxusu yox olacaqların.
Bu gəl-get içində açılmır eynim,
Eynimdə yeri yox qalacaqların.
Gedən gələcəklər ümid karvanı,
Ümidsiz yolçuyam mən də bu yolda.
Gələn gedəcəklər ümid aparır,
Gəlirəm, gedirəm ümidsiz halda.
Mən kiməm,
nəçiyəm,
axı, hardayam?
Suallar içində sualdı ömür.
Min ildir gedirəm,
hələ yoldayam,
Gedişi gəlişsiz xəyaldı ömür.
Xəyaldı bir ömrün əvvəli, sonu-
Bu da bir həyatdı,
sonunda əvvəl.
Son nəfəs gəzdirir ruhumun canı,
Canımın ruhunda son nəfəs ölər.
Hər anın qorxusu bir vaxtsız ölüm,
Vaxtsız ölümlərə sürgündü olum.
Mən hara qaçım ki, vaxtın əlindən,
Ölümün ağzından keçirsə yolum.
Nə olur, qoy olsun,
nə deyirəm ki...
Nə yolam bir yolsuz,
nə kiməm kimsiz.
Gələnlər gedəcək, gəlməmiş kimi,
Olanlar olacaq,
ya mənli, mənsiz.
SƏN VARIYDIN BİR ZAMAN....
bu dünyada olmayanlara olanların dilindən bir ağı.Hərə
öz ağısını oxuyur onsuz da, Ceyhun Nağı. Bu ağını da yarlar
tək-tək oxuyacaq yarlarına və yoxluğa...
Bir qədərin qəzasına girmişdin,
Bir qəzanın qədərini gərmişdin,
Sən dünyaya mənə görə gəlmişdin-
Daha mənə gərək deyil bu dünya!
Gecə keçir, baxıram ki, sabahdı,
Yuxusuzam, xəbərin yox nə vaxtdı,
Bu dünyada yaşamağım günahdı-
Daha mənə gərək deyil bu dünya!
Nəfəsindən nəfəsimə ah düşüb,
Sən gedəndən aramıza dağ düşüb,
Son şəkilin gözlərimdə ağ düşüb-
Daha mənə gərək deyil bu dünya!
Varlığımla tən yarıydın bir zaman,
Varlığıma sən yarıydın bir zaman,
Bu dünyada sən varıydın bir zaman-
Daha mənə gərək deyil bu dünya!
YAŞAMAĞIN ADI...
Yaşamağın adı olmayanda-
bu dünya da,
dünyadakı gözəlliklər də
görünməyəcək gözünə.
Nə əllərin,
nə ayaqların,
nə də ürəyin
baxmayacaq sözünə.
İlin dörd fəsli yaz olsun.
Olsun....
O yazın yaşıllığı da
oxşamayacaq səni.
Sən ancaq o yazda
qış yaşayacaqsan,
o yaz yaşamayacaq səni.
Nə gülməyə
dodaqların qaçacaq,
nə sevməyə ürəyin uçacaq.
Oynaya bilməyəcəksən
oyunların havasına.
Oynada bilməyəcəksən
qollarını, əllərini.
Qaralda bilməyəcəksən
çallaşıb yumağa dönmüş
qar-qar tellərini.
Özünü də unudacaqsan,
sözünü də.
Adını da unudacaqsan,
yadını da.
Bir gün tanımayacaqsan
özün boyda adamı da-
Yaşamağın adı olmayanda.
-Yaşamağın adı nə?
ZƏRDÜŞT ŞƏFİZADƏNİN YAZ ŞƏKLİNƏ...
Arxandakı ağac çiçək açıb-
yazdı deyəsən.
Otlar yamyaşıldı-
yazdı deyəsən.
Dodağında təbəssümün rəngi-
yazdı deyəsən.
Bəs bu yaza
Qış hardan düşdü.
ÜŞÜYÜRƏM
Bu yayın günəşi
üşüdür məni.
Bəs Qışın günəşi?
Qışın günəşində
halını soruşmaq,
ölümü soruşmaq kimidir:
_ Ölüm necədir?
hmm.
Ölümün xeyir!
YAĞIŞLI NAĞIL...
O qədər tənhayam, o qədər təkəm-
Mən bu tənhalığa qurban kimiyəm.
Dostları ilə paylaş: |