QIPQIRMIZI QAR...
...o qarın ki, onun xatirəsinə...
ƏZİZİNƏM,
ay on yaşlı çiçək qızlar,
ay çiçəkdən göyçək qızlar!
O gecə sizi dəstə-dəstə yığdılar. Yığdılar, apardılar. Ləçəkləriniz meşələrə yağdı qar kimi. İndi qarlar ürəyimizə yağır qor kimi. O vaxtdan ləpirləriniz qanıyır, səbirlərimiz qanıyır. İçində kəfəninə qan çıxan şəhid-şəhid qəbirlərimiz qanıyır. ƏZİZİNƏM, ay sütül oğlanlar, ay tifil oğlanlar! Uşaqlıqdan budaq-budaq çıxdığınız ağaclara sarındınız, sarıldınız. Ağacların alnına qan-qan yazıldınız. Siz o ağacların alın yazısıydınız, QAN yazısıydınız. ƏZİZİNƏM, ay haraylar, ay səslər! O gecə zəngulənizdən qulaqlarımızın pərdəsi deşildi. Pərdəsi deşilmiş qulaqlarla yaxşı eşidirik indi. Yaxşı eşidirik on yaşlı çiçək qızların səsini. Onlar daha öz səslərini unudublar. Hərdən gecələr öz səslərini yuxuda görəndə, on yaşına qədərki ömrün qoxusu yaş-yaş gözlərinə dolanda yuxudan ayılırlar. Və yanlarındakı adamların üfunətli fısıltısından o yuxunu unudurlar. Yaddaşlarında bircə xatirə qızarır: QIRMIZI QAR, QIPQIRMIZI QAR.
KƏPƏNƏK DUMANI
Həsrətin buraxdığı izəm...
Çəmən-çəmən kəpənəklər gəlir
həsrət qoxusuna.
Üstümə qonurlar
həsrət qoxulamağa. Sonra üstümdən həsrətin qoxusu tək xırdaca kəpənəklər saçır ətrafa. Və kəpənəklər qanadlarını çırpıb uçduqca... qanadlarının tozu tökülür həsrətin izinə, kəpənəklərin tozu bürüyür dörd yanı. Həsrətin buraxdığı izəm- üstümdə ah kimi KƏPƏNƏK DUMANI
VƏ O GÜNDÜZDƏ.. Bu axşamların bir sabahı da açılacaq. O sabahın bir günü də doğacaq. O günün gündüzü də olacaq. O gündüzdə bütün bayraqlar əbədi süküt kimi aşağı endiriləcək. Güllələnmiş göyərçinlərin ruhu qana boyanmış ayaqlarında bayraqsız məmləkətlərə SÜLH gətirəcək. BOŞ ÇƏRÇİVƏ Boş çərçivədir ömür dediyin. İçində küləklər yellənir veyil-veyil. Bir zamanlar biz də varıydıq o çərçivənin içində. Özümüzü vururduq o küncə-bu küncə. Bir ömrü şəkil kimi salırdıq çərçivəyə. Bir gün o çərçivə düşüb qırılanda hər şeyi anladıq. Anladıq ki, biz o çərçivədə kirayədə qalırdıq. MƏKTUBLAR GƏLƏR Baxışın şehliyər kipriklərində Gözündən gözümə məktublar gələr. Yazılar üzündə dediklərin də Üzündən üzümə məktublar gələr.
Buludlar hıçqırsa, yum əllərini Ovcuna köçürdər sətirlərini Yağışla doldurar ləpirlərini- İzindən izimə məktublar gələr. Bir tel xatirədir adın da elə Asılıb titrəyir yadımda hələ Sənə bir məktub da yazmadım belə- Özümdən özümə məktublar gələr. GÜNƏBAXAN Nə zamansa ağgünlüydü bu qadın Indi durub gün altında tum satır. Ağ gününü büküb qara qabığa Elə bil ki, qara-qara gün satır. Bir cib ona-bir cib buna boşaldır Günlərini alıb qaçır uşaqlar. Çırtlayırlar orda-burda boş-bekar Yağış kimi yerə yağır qabıqlar. O qabıqlar qara-qara gündülər Süpürəndə süpürgəçi deyinir. O qabıqlar para-para gündülər Həm satılır, həm alınır, yeyilir. Gün altında günə baxır bu qadın Günə baxıb günlərini artdayır. Qara-qura quşlar uçub bir anda Qara-qura günlərini çırtdayır. Günlər dönür qara-qara qəpiyə Bu qadının ciblərini doldurur. Günlər dönüb hava-hava köpüyə Bu qadının havasını dondurur. Gözlərinnən nifrət axır, yaş axır Gözlərinnən qarğış axır özünə. Günəbaxan taleyinə daş yağır Bir də görür yağış yağır üzünə. Darda qalıb o həyəti, o evi Həyətində günəbaxan olardı. Günəbaxan tum tutanda gətirib Hərəsini bir torbaya salardı. Salardı ki, quşlar gəlib yeməsin Bakıdakı balasının payıdır. Tələbədir, çox oxuyur deyəsən Ürəyində onun yeri ayrıdır. Qəfil qalxdı tozanaqlar, küləklər Günəbaxan bağçası da kül oldu Sütüllər də davalara getdilər Balası da sütüllərə qoşuldu. Torpağı da günü kimi çırtdandı Balalar da nişangahda dənləndi. Bu qadının adı günəbaxandı Günə bax ki, bir balası gəlmədi. Torpaq gedib, oğul ölüb, ər itib Ağ gününə qara günlər daş atır. Nə zamansa ağ günlüydü bu qadın Indi durub gün altında tum satır
GÜLƏYƏN OĞLAN uşaqlıq dostum Rafiqin bir təbəssim xatirəsinə... Bir məhlədə yaşayırdıq, bir yaşdaydıq. Eyni bahardaydıq, eyni qışdaydıq. Həyətimizin iti öləndə ağlayardıq. Ağacımızın quşu öləndə ağlayardıq. Başımız yarılanda ağlayardıq. Amma Rafiq ağlamazdı, Rafiq həmişə gülürdü. 2 alanda da gülürdü, ac olanda da gülürdü. Ağlayanda da, güləndə də gülürdü. Gülmək üçün ölürdü. Rafiq bizim məhlənin təbəssümüydü. Bizim uşaqlığımızın qəhqəhəsiydi. Di gəl ki, xəstəydi. Amma heç kim bilmirdi ki, xəstəliyi nədi. Bircə böyüklər bilirdi, böyüklər də bizə demirdi. Biz də elə bilirdik Rafiq gülmək xəstəsidi. Elə gülə-gülə də əriyirdi. Ömrünün son günlərində yataqdan dura bilməyəndə uşaqlarla yanına getmişdik. Bizi görəndə sevindi, bir az dikəldi. Danışdı, danışdı güldü. O qədər güldü ki, gözündən bir gilə yaş gəldi. Mən onda gördüm onun göz yaşını. Mən onda gördüm onun gülüşünün içində gizlənən ağrılı baxışını. Rafiq gülmək xəstəsiydi- gülmək üçün ölürdü. Öləndə də ölmək üçün gülürdü.