BU ZİBİLXANADA
Təpəmədək doymuş məhlulam.
Səbrim içimdə
köpük-köpük qıcqırır.
Gözlərim kif hıçqırır.
Hava çəkirəm
turşumuş üzlərdən,
çürümüş sözlərdən.
Havalanıram
baxışları kəsif iy
qoxuyan gözlərdən.
Baxışların kin qoxusu,
qıyqacı hədəsi
başımdan vurur.
Başım havalanır.
Arada bərk-bərk yumduğum
göz qapaqlarımı
baş qapağım kimi
qaldırıram.
Qaldırıram ki,
bir az hava alım,
bir az hava yeyim,
bir az hava geyinim.
Bir az da bu zibilxanada
HAVASIZLIQDAN deyinim.
YOX XALA
Kənddən xəbər gəldi:
-Gözəl xala öldü.
Eeeh, İlahi taa denən
kəndin gözəlliyi də öldü.
Ağzının yaşmağıynan,
ayağının başmağıynan
xanlığın son xanımıydı.
Ayağı sayalıydı,
dili dualıydı.
İki oğul itirmişdi,
amma hamının
oğluna duaçıydı.
Yaşı çox olsa da
sağlamıydı,
qındırğa kimiydi.
Meşədə də heç
mən yaşda ağac yoxdu,
heç özüm də
yoxam deyirdi.
Dünyadan köçən
tay-tuşlarının
xiffətini çəkirdi.
O qədər yoxam deyirdi ki,
kənddə adına
YOX XALA deyirdilər.
Amma o yoxu
var bilirdilər.
Yoxam deyə-deyə
getdi Gözəl xala
meşədən köçən
ağacların yanına.
Getdi qaça-qaça,
qaçdı uça-uça.
Getdi yaşadığı
yoxluğunun dalınca.
MƏZAR...
Mən sənə
özümə baxdığım kimi
baxıram, məzar.
Mənim də içimdə
bir ölü var.
E.e.e.eee
neçə vaxtdı
bir mən öldürmüşəm,
bir mən yıxmışam.
Günün durar vaxtında
o ölünün soyuqluğundan
üşüyürəm
hər səhər, hər axşam.
Aralıqlarda
başdaşı kimi
gəzdiyimə baxma,
içimdəki ölüylə uğraşıram.
Məzar, məzar
məni ölün kimi
tanıyırsan.
Hazırlaş,
qapın üzümə açılanda
bir məzara
iki ölü qarşılayacaqsan
ÖLÜMLƏRƏ ŞEİR OXUYURAM...
Qızlar, qızlar, a qızlar!
Hardasınız, a qızlar!
Bilirəm,
Nərgiz özünü yandırdı,
Ruqiyyə pəncərəni siləndə
yeddinci mərtəbədən yıxıldı.
Bilirəm,
Sevda uşaq üstə öldü,
uşağı qaldı.
Mehri ürəyindən getdi.
O su pərisi Aidənin
ölümü hələ də sirdi,
bir kimsə bilmədi ki,
Aidə niyə öldü.
Bilirəm,
Təranə xərçəngiydi,
Ofeliya zəhərləndi,
Ağgül də bir oğlana görə
özünü tüfənglə vurdu.
Eh, Sara da çayda boğuldu.
Oy-oy qızlar!
İçində yaşadığım
nə qədər ölümlər var.
Bu qədər ölümlərlə
indi yalnızam,
ölümlərin gözlərinə baxıram.
Qızlar, qızlar!
Ölümlər mənə meydan oxuyur.
Mən də o meydanda
adınıza şeir yazıb
ölümlərə şeir oxuyuram.
ATAMA MƏKTUB
Bilmirəm bu məktubun
Ünvanına nə yazım.
Yuxuma gəl, ay ata
Ünvanını de, yazım.
Yazdıqlarım kağızda
Elə cibimdə qalıb.
Quyu imiş cibim də
Düşüb dibində qalıb.
Həyat elə sıxıcı,
Elə mənasız olub.
Dünyaları kim yıxıb
Dünya dünyasız olub.
Dağlar uçub elə bil
Altında qalan mənəm.
Hər atalar köçdükcə
Atasız olan mənəm.
Sən öpdüyün gözlərdən
Sənsizliyə yaş damır.
Heç oğlum da saçımı
Sənin kimi oxşamır.
Gülüşlərim qısılıb
Ürəkdən güldüyüm yox.
Sənsiz bu sənsizliyə
Öyrəşə bildiyim yox.
Sənsiz elə çaşqınam
Yolda-izdə azıram.
Hər gün oturub sənə
Dərdlərimdən yazıram.
Sənə məktub yazmağı
Bununla bitirimmi?
Məktub yerinə çatmır
Mən özüm gətirimmi
Dostları ilə paylaş: |