QAPAQ
Sözüm qapaq kimidi ağzıma
ağzımın qapağını söznən qoyuram,
sözümə qapaq qoyuram.
Əllərim qapaq kimidi üzümə
üzümü o qədər qapamışam. Əllərimlə kədər gizlətmişəm, sevinc örtmüşəm. Əllərimlə üzümə gözlər bağlamışam. Yolları da qapaq-qapaq yerimişəm. İlləri də qapaq-qapaq örtmüşəm. Qapılar da evlərin qapağıdı- üzümə örtülən qapılarda dostlar, doğmalar itirmişəm. Gözüm də qapaq kimidi dünyaya. İçində bir yğın ölünü- itikləri, dərdləri, həsrətləri qəbirə gömmüşəm. Göz qapağım qəbrimin qapağıdı elə. Gözlərim öləndə qapayacaqlar o qapaqları da içindəki ölülər üstüaçıq qalmasın deyə.
GUYA Kİ, NEYNİYİRƏM...
Söykənib nəmli divarın soyuqluğuna,
acı-acı baxıb kirli gölməçəyə düşmüş
bir lələyin gedən ağlığına...
Guya ki, neyniyirəm ki...
Neynirəm çıxdığım yola- ya qələbəliyə, ya tənhalığa, əlimdəki yorğun qələmə, canı üzülmüş varağa... Mən heç nə eləmirəm. Mən sadəcə getdiyim yerlərə yalnızlıq daşıyıram, tənhalıq daşıyıram. Və o yalnızlığın içində bir yoxluq yaşayıram. Mən başdan ayağa- daşıdığım yalnızlıqla tənhalıq qoxuyuram. Guya ki, neyniyirəm.. Bir halda ki, bütün yoxluqların qulağına mənsizlik oxuyuram.
ÇƏKİR
Yalan da dondu, yelənli Geyməyə bədəni çəkir. Halal-haram iki yoldu- Keçməyə mədəni çəkir. Çiçəklər yazın ölüsü Ürəklər sözün ölüsü Kişilər düzün ölüsü Əyrilik gədəni çəkir. Söz də sözdü, boyatı var Filim kimi həyatı var Hərənin öz saatı var- Vaxtında vədəni çəkir. Ölməyi yox ölənlərlə Gülməyi yox gülənlərlə Baş aldadıb gələnlərlə- Bu dünya gedəni çəkir.
UNUDULMUŞ GÖZ YAŞI
Unudulmuş bir göz yaşı var
cırmaqlayır gözlərimi,
ağla deyir, ağla məni.
Mənsə ağlaya bilmirəm
o göz yaşını- gözümün son nəfəsini. Bilirəm ki, son dəfə o yaşla dərəcəyəm nəfəsimi, son dəfə o yaş qoyacaq nöqtəsiz şeirlərin nöqtəsini. Bir nöqtə yaşdı, elə bilir ki, unutmuşam onu... Taa demir ki, o yaşı ağlamağa qorxuram. Taa demir ki, o yaşdan qorxuram. O nöqtədən qorxuram- o qəmli nöqtədən, o nəmli çay daşından. Çox qorxuram unudulmaq istəməyən o göz yaşından. Amma mən onu heç unutmamışam. Amma mən onu son nəfəsin göz yaşı kimi unutmaq istəyirdim... ...O məni unutmadı.
ADIMIN ÖLÜSÜ Unudulmuş adların içində adımın ölüsü uyuyur. Yuyat yerlərin çatlarına dolub adımın qırıqları. Adımı huş aparır, yadımı huş aparır. Qulaqlarımda cingildəyir getmək istəmədiyi yerə gedən ölünün səsi: _E..S..İ...., ESİ.. Çatlarda olan-qalan hərilərin qırıqları da ovxalanır. Hər yan adımın ovxantısıdır. Yığa bilmirəm adımın qırıqlarını. Hələ bir hərifin qırıqlarını yığmaq üçün bir ömür lazımdır. Mən o qədər ömürləri hardan alım adımın qırıqlarını yığmağa, hərif-hərif ölü daşımağa. Göy üzünün altında suların qırılmış aynası kimidi ciliklənən adım. Ölülərin ən gözəl adıdı, Adların ən gözəl ölüsüdü, üstünə son nəfəsimin küləkləri əsir, əsir. Son nəfəsimi dərir adımın qırıqlarının səsi: -E...S...İ..., ESİ... Başından bəri bir fikir də yorur beynimi. Adımın öldüyünü xatırlaya bilmirəm, Adımın diriliyi kimi. GÜZGÜYƏ GÜZGÜ ÇƏKƏN... ...bir Adil Mirseyid var
Səslərin rəngi süzülürdü güzgüdən Güzgüyə şeir çəkirdi adam. Yelkənlər kiprik-kiprik əsirdilər güzgünün o biri üzündən. ...Bu üzündə barmaqlarını gözlərinə batırıb bir kağız gəmi çəkirdi adam. Gəminin içində qış, qışın içində bir ev, evin içində bir səhər... Səhər çəkirdi adam. Hələ də səhər çəkir adam güzgünün qaranlığına. Hələ də şeir çəkir adam güzgünün sonsuzluğuna. Nə çəkirsə çatlayır... Osa çəkir, çəkir... Və güzgünün qaranlığında çatlamış bir gəmi batır, bir şeir yayılır şor sulara. Və adamın barmaqlarından göz yaşlarının səsi süzülür güzgüyə. Səslərin rəngi axır çatlardan... Güzgüyə güzgü çəkir adam. ...PAYIZINA QIŞ DÜŞÜR Gözlərinin payızında- yağışın səsləri tökülür torpağın üzü üstə, üzünün üstə, üzü üstə. Səslərin yağışı qırılır buludun səsindən, səndən. Sən buludsanmı? Gözlərinin payızında- baxışlar saralır, havalar solur. Ümidlərin qırılmış qolları üstə sevgilər ölür. Ölümlər yaşayır sevgilərin gözü üstə. Gözlərinin payızında- dünya adam üşüdür. Gözlərindən yağış yerinə qar yağır. Gözlərin qarrıyır, gözlərin qarıyır. Qar dənələrinin içindən üzünə bircə gilə yaş düşür. O yaş da üşüyür. Gözlərinin payızına qış düşür. O TƏPƏNİN DALINDA... Kəndimizdə bir təpə var, arxası köhnə qəbristanlıqdı. Nənəmin nənələri, babamın babaları yatır orda. Çoxunun qəbri itib, adları da özləri kimi yadımızdan silinib gedib. Biz artırmada oturanda o təpə görünərdi. Nənəm o təpəyə salavat çevirərdi, ölənlərə nur payı göndərərdi. Ora hamımızın yeridi-deyərdi. Nənəmi o qədər sevərdim ki, onsuz yaşamaq gəlməzdi ağlıma. Qorxardım, elə qorxardım ki... -birdən nənəm də gedər o təpənin dalına. Elə o qorxuların içində bir gün də nənəmi yola saldım hamının getdiyi yerə. Qaldım o təpəylə üz-üzə. Gedənləri çəkdiyi kimi məni də ora bir maraq çəkir, artırmadan boylanıram maraq hayında. Taa keçib, mən də balağımı yığım gedim, görüm nə var o təpənin dalında...