MƏNİ YAĞSIN YAĞIŞLAR...
Bu adların selində
Adlanmağa halım yox.
Onun-bunun dilində
Dadlanmağa halım yox.
Çəkib mən də gedərəm
Gedərəm ey, gedərəm.
Mən də belə yazıyam,
Mən də bura qədərəm.
Dost-düşmənin içində
Məni tanımadılar.
Gör kimi tanıdılar
Kimi tanımadılar.
Bir buludun çatına
Qəbrim qazılsın, yetər.
Kəpənək qanadına
Adım yazılsın, yetər.
Bir ömrü yığışdırıb
Aparsın yır-yığışlar.
Buludlar hıçqıranda
Məni yağsın yağışlar.
Səpilim gilə-gilə
Payız yarpaqlarına.
Bir oğlan əllərinə,
Bir qız yanaqlarına.
Yetər ki, göyüm olsun,
O göydə ruhum olsun.
Mənim adım olmasın-
Mənim Allahım olsun.
Unudulmuş yuxu tək
Unudun, çıxım gedim.
Adımı hərif-hərif
Adımdan yığım, gedim.
BİZİ YALANLAR BÖYÜTDÜ, DOSTLAR
Torpağının üstündə
ağ qızılı pambıq-pambıq
gül açanda-
pambıq köynək almağa pul tapmayan.
Torpağının altından
qara qızılı göyə fışqıranda-
zülmət gecələrin anaları
çırağa tökməyə neft tapmayan
VƏTƏNDƏ
gurultusu saxta alqışların
sədası altında böyüdük.
Böyüdük əl-əl,
barmaq-barmaq,
çəpik-çəpik.
Dilənçi ovcuna tökülən
qara qəpik-qəpik.
Bizi yalanlar böyütdü, dostlar.
Başı pambıqla kəsilən,
planı pambıqla dolan,
çiçəyi pambıq olan,
yanan sözünün üstünə
neft tökülən Vətənin
yalançı övladlarıyıq.
Bizə kürsülər öyrətdi yalançılığı,
alqışlar öyrətdi saxtalığı.
O alqışların altında
o qədər yetim-yetim oynadıq ki...
İndi də vətən-vətən oynayırıq
qaçqın-qaçqın,
köçkün-köçkün.
Bizi yalanlar böyütdü, dostlar.
Ağ qızıl adlı, qara qızıl adlı.
Ağına da lənət qızıl,
qarana da lənət.
Ağın da ilan,
qaran da ilan.
O da yalan- bu da yalan,
O da haram-bu da haram.
Ağla qaranın arasında
heç özümə də inanmıram.
UZAQLARDAKI GƏMİ
O gəmi çoxdan qalıb
buzların arasında.
Yarıb adlaya bilmir
hündür buz dağlarını.
Gətirə bilmir mənə
gəmidə xəyal quran
qızın arzularını...
Gəmi kimi o qız da
qalıb çox uzaqlarda.
Mənə əl yelləməkdən
əıııəri donub o qızın.
Üzünə tökülməkdən
telləri donub o qızın.
Elə buz bağlayıb ki,
yolları donub o qızın.
Günləri sazağa düşüb,
illəri donub o qızın.
Hələ də gəlib çıxmır
nə o gəmi, nə o qız.
Buz yolu gözləməkdən
qaldım şaxtada bumbuz.
Saçlarıma yağan qar
buz dağıdır, İlahi.
Saçında dağ gəzdirmək
nə ağırdır, İlahı.
Birdən buz dağlarını
yarıb gəlsə o gəmi
Saçımın buz dağına
toxunub ilişəcək.
Və gəmidən balaca
o qızın yerinə də
Saçlarıma gözü nəm
bir buz qarı düşəcək.
ATLARIN AĞLAYAN VAXTI...
Çək atını, atlı!
Buralardan get.
Buralar sənlik deyil-
bu gözlərdən it.
Sən bu azadlıqda
at çapa bilmərsən.
AZADLIQ meydanında
at oynada bilmərsən.
Orda at oynatmırlar, atlı.
Orda it oynadırlar.
Vur-həşiri görmürsən?
Orda top oynadırlar.
Orda Vətən boyda
gop oynadırlar-
bir susuz, bir ac
VƏTƏN oynadırlar.
Beş-üç nəfərin
oynatdığı Vətən
gəlib bizə çatmır ki...
Biz də bir az yaşayaq.
Bir az bu Vətənin
yaralarını sarıyaq,
adını oxşayaq,
özünü sevək.
Biz Vətəni də
sevə bilmirik
bir əməlli-başlı.
Eh atlı, atlı.
Bu Vətən yara adlı.
Eh atlı, atlı
İt oynadılan meydanda
at oynatmarsan.
Beş-üç nəfər üçün
ad oynatmarsan.
Bu buzların içində
od oynatmarsan.
Bilirəm, gəlmişdin
bu meydanın
halına baxmağa.
Baxıb ağlamağa.
Ağlayıb atını da ağlatmağa.
İndi atların ağlayan vaxtıdı, atlı!
Atlar göz-göz atlı ağlayırlar.
Çək atını, atlı!
Axırınıncı atlısan
bu meydana gələn,
baxıb ağlayan,
atını ağladan.
Çək atını atlı!
Get, get....
Qorxma arxanca su atmaram.
Ovcuma yaş-yaş
Vətən doldurmuşam,
Arxanca Vətən atacağam.
PƏRVANƏ MƏNİM KİMİ BÖYÜMƏDİ
Pərvanə mənim kimi böyümədi.
Atası içəniydi.
Ebə gec gələrdi-
sərxoş gələrdi.
Anasını söyərdi, döyərdi,
təpikləyərdi.
Ağız-ağıza qonşuyduq-
dava qızışanda
haya atam gedərdi,
aranı sakitləşdirərdi.
Hərdən də davadan qorxan
Pərvanənin əlindən tutub
bizə gətirərdi.
Pərvanə də əsim-əsim əsərdi,
qorxardı.
Səhərə kimi anasaından ötəri
ağlayardı, atasına qarğıyardı.
İstəyirdi ki, onun da atası
atam kimi olsun.
Saçlarını sığallasın,
ona gəlincik alsın,
onu gəzməyə aparsın.
Amma Pərvanənin atası
atalıq etmirdi ona.
Pərvanə də dərd çəkirdi.
Atasının dərdini çəkə-çəkə
əriyirdi.
Əriyə-əriyə böyüyürdü.
Pərvanə mənim kimi böyümədi.
Amma ikimiz də böyüdük
İkimiz də atalı böyüdük.
Onun da atası adamıydı,
mənim də atam adam.
Onu atasının dərdi böyütdü-
məni ATAM.
ADSIZ AĞACAM
Bir adsız ağacam, ağaclar!
Sizlər məni
çoxdan unutmusunuz.
Adım yarpaqlarımda
damar-damar yazılmışdı.
Onu da küləklər apardı.
Xəzəl-xəzəl ovulb
yollara töküldü adım.
Töküldü hərif-hərif,
töküdü nəfəs-nəfəs qırılmış söz kimi.
...Yenə yazdı...
Hamınız yarpaqladınız,
çiçəklədiniz, ağaclar!
Hamınızın adı var.
Mənim adım heç birinizin
yadına düşməyən
unudulmuş bir sözdü.
İndi yollarda tozdu-
tozdu mən adlı yollar.
Adımın üstündən
bir ölü aparırlar...
MEHRİ ÜÇÜN
Ən sevgili rəfiqəm Mehriban Əbülfətqızının xatirəsinə....
Sənin görmədiyini görürəm,
bilmədiyini bilirəm,
almadığın nəfəsi alıram,
gülmədiyin gülüşü gülürəm.
Sənin duymadıqlarını duyuram,
dalmadığın xəyallara dalıram.
Və dəli oluram.
Hərdən özümü
sənin yerinə qoyuram.
Tutub getdin ürəyini.
Tutub qalmışam ürəyimi.
Mən yerin üstündə,
Sən yerin altında.
Yerimizi dəyişmək istəyirsənmi?
MƏKTUBLAR GƏLƏR
Baxışın şehliyər kipriklərində
Gözündən gözümə məktublar gələr.
Yazılar üzündə dediklərin də
Üzündən üzümə məktublar gələr.
Buludlar hıçqırsa, yum əllərini
Ovcuna köçürdər sətirlərini
Yağışla doldurar ləpirlərini-
İzindən izimə məktublar gələr.
Bir tel xatirədir adın da elə
Asılıb titrəyir yadımda hələ
Sənə bir məktub da yazmadım belə-
Özümdən özümə məktublar gələr.
QAÇIB ADAMLAR
Ha gözüm axtarır, bir adam yoxdu
Oturub üz-üzə dərd bölüşəsən.
Dünya da çiynimi elə ağrıdır
Çiynimdən düşmür ki, yüngülləşəsən.
Bilmirəm hayana qaçıb adamlar
Götürüb gediblər adamlığı da.
Salıb itiriblər kişiliyi də
Silib aparıblar qadınlığı da.
Bir adam tapmıram böləm dərdimi
Başımı çiyninə qoyam, ağlayam.
O məni anlaya doğması kimi
Mən onun dərdini duyam, ağlayam.
Bu dibsiz boşluqda heçəm çırpınan...
Göyün dirəyi yox, yer damsız imiş.
Ha gözüm axtarır, adam tapmıram
Elə bil bu dünya adamsız imiş.
ÜRƏYİMİN ÜSTÜYLƏ YERİYİRƏM
Ürəyim ayağımın
altına düşəndən
ürəyimin üstüylə
yeriyirəm.
Qaçıram, yüyürürəm,
ürəyimin üstüylə gedirəm,
gəlirəm.
Ürəyimin üstündə ölürəm.
Taa ayaqlarımı da
dincə qoymuşam
daşların əlindən.
Ürəyim yerə düşəndə
ən birinci ayaqlarım sevindi.
Ayağıma dəyən daşlar
ürəyimə dəyir indi.
Dostları ilə paylaş: |