YOXLUĞUNUN YOLU
Yoxluğuna yol çəkdi gözlərim-
sənsizlik adlı.
Göz-göz, üz-üz,
kiprik-kprik caladım
həsrətinə
yolları.
O yllarda səsim yeridi,
baxışlarım yeridi.
Hara getdilərsə əks-səda kimi
döndülər geriyə.
Ürək döyüntüsü tək
qaldılar ayaqla baş arasında.
Bir ömür çürütdülər
sənsizlikdən-sənsizliyə.
Damarlarım dolama-dolama
qış yolu,
qan yolu.
Bu da mənəm-
yoxluğunun yolu.
CƏNAB, FİLANKƏS!
Bilirəm, qolların çox uzundur,
əlin hər yerə girir,
əlin hər yerə çatır.
Çox işlərin altından
sənin barmağın çıxır.
Bilirəm, əlindən çox şey gəlir.
Çox şeyi həll edir əllərin-
boğur,
kəsir,
öldürür,
didir əllərin.
Özün burda ola-ola
dünyanın o başına da
gedir əllərin.
Əllərin sehirli çubuq kimidi
nə istəyir, onu da edir.
Cənab Filankəs!
Hər yerə əl qoyursan,
barmaq tıxayırsan,
əl basırsan.
Yeri gələndə
beşəlli olursan,
dünyanı on əllə qamarlayırsan.
Cənab Filankəs!
Hələ ki,
barmaqlarınla saydığını say,
əllərinlə soyduğunu soy.
Amma əl qoymağa
bir yeri unutmusan.
Bircə dəfə də əlini
vicdanının üstünə qoy.
MƏMLƏKƏTDİ DƏ...
Bu necə məmləkətdi-
şairlər kürəyindən vurulur,
qadınlar ürəyindən.
Görənlər dilindən olur,
şahidlər çörəyindən.
Azadlığı azad edən oğullar
məhbəslərdə azadlıq çürüdür.
Azadlıq meydanında
azadlığı süpürgəçi qadınlar süpürür.
O meydanın azadlığını
qolları qandallı,
yolları bağlı oğlanlar qoruyur.
Bu necə məmləkətdi-
hər addımı edam yeridi.
Binalarının başı,
dənizinin kənarı,
qatarının altı.
Hər gün acı adlı,
yoxsulluq geyimli,
ehtiyac nəfəsli
intiharlar artır.
...O günü 82 yaşlı bir qoca da
özünü öldürdü-
təqaüdlə dolanmaq olmur deyə.
...O günü bir dul gəlin də
özünü dənizə atdı-
pulsuzluqdan pis yola
düşməsin deyə.
Pis yollar o qədərdi ki...
Burdan Dubaya,
Türkiyəyə,
Rusiyaya.
Nə bilim hara-hara.
...O günü neçə-neçə balalarının
meyidi gəldi Azərbaycana.
Can-can Azərbaycan.
Qəriblikdə güllələnən,
doğranan övladların sənə qurban.
Bu necə məmləkətdi-
haramlarının üstünə halal yazılıb.
Halallarına haram deyilir.
...O günü Şuşada oğlunu itirmiş
göysatan nənəyə də
verdim bu sualı:
-Bu necə məmləkətdi?
Şuşaya boylanırmış kimi
uzaqlara boylandı.
Əlindəki 5-10 qəpiklik
kişniş-şüyüdü
oğlunun olmayan qəbri üstünə
qoyacaq gül dəstəsi kimi
sinəsinə sıxıb dedi: -MƏMLƏKƏTDİ DƏ.
BİR QOM HƏSRƏT
Hər gün əllərimin içində
bir qom həsrət ağlayır
bənövşə rəngində.
Barmaqlarım göynəyir
həsrətin bənövşə nisgilindən.
Bir qom həsrəti
bir qom bənövşə kimi
gəzdirir əllərim.
Ovcumun içində qulaq-qulaq
yarpaqlayır,
çiçəkləyir kədərim.
Ovcumu aça bilmirəm.
Açsam
həsrətin xəzəlləri
töküləcək yerə.
Bir qom bənövşənin rəngi
həsrətin rəngi kimi
qalacaq əllərimdə.
QARA SƏSSİZLİK
Gecələr qara-qara
səssizlik ağlayır üstümə.
Mən o səssizlikdə yaşayıram-
səssizliyin ağısına uyuyuram,
səssizliyin pıçıltısına oyanıram.
Mən səssizlik oxuyuram.
Elə nəğmədir ki,
ancaq özüm eşidirəm,
özüm ağlayıram o səsə.
O səs də məni ağlayır.
Gecələr qara-qara
səssizlik ağlayır üstümə.
O səssizliyə bağışlamışam
hər şeyimi-
adımı, baxışlarımı,
səsimi, nəfəsimi.
O səssizliyə atmışam
əllərimi.
Qarışmışam o səssizliyə,
o gecəyə.
Bir qara bulud kimi
əllərimin kölgəsi düşür üstümə.
O kölgə qara səssizlik kimidir-
o kölgədə heç kim
tapa bilməyəcək məni.
ONU BİLMİRƏM Kİ...
Bir ömür budadım qaralı, ağlı
Bi nəfəs tükətdim dumanlı, ahlı
Hələ də bir ağıl kəsmədi ağlım
Ağlımı ağlıyla yedi bu dünya.
Köçlərə gün hördüm, köçlərdə getdi
Puçlarda silindi, heçlərdə getdi
Mənim haqq-hesabım öclərdə getdi
-Beş günlük qonaqsan-dedi bu dünya.
Hara üz tuturam kədərdi, kədər
Bu al da, bu ver də hədərdi, hədər
Onu bilirəm ki, taledi qədər-
Onu bilmirəm ki, nədi bu dünya.
NƏNƏMİN NAĞILIYDIM
Nənəmin nağılıydım-
at-at qaçışımdan,
gül-gül gülüşümdən,
yerişimdən,
duruşumdan danışardı.
Məndən danışmaqdan doymazdı.
Gözümə bir nağıl qoşardı,
sözümə bir nağıl qoşardı,
üzümə bir nağıl qoşardı.
Elə şirin-şirin
məndən danışardı.
Əlacı olsaydı
ürəyini yarardı,
məni ürəyinin içinə qoyardı.
Sonra da
ürəyindən danışardı.
Elə bilirdim
bütün nağıllar
nənəmin uydurmasıdı.
Nənəm uydurub
ayı da,
günü də,
ulduzu da.
Ağatlı oğlanı da,
saçından asılan qızı da.
Nənəmin nağılıydım-
elə bilirdim
məni də nənəm uydurub.
Nənən köçəndən
mənim də nağılım
nənəm olub.
GOR KÖKLƏYİRƏM
Sənsizlik dərd imiş, dərdə qurd düşüb
Bu qurdun eşdiyi yara kimiyəm.
Deyək ki, yaz ömrü bura qədərmiş
Mən hardan bilim ki, hara kimiyəm.
Döyənək yolların üzünə döydüm
Çevirdim tərsinə, düzünə döydüm
Oturub bir axşam dizimə döydüm
Gördüm kölgələnib qara kimiyəm.
Hələ ki, bu yola yol kökləyirəm
Dərdin havasına qol kökləyirəm
Olumdan ölümə gor kökləyirəm
Ölümdən oluma ara kimiyəm.
DODAQLARIN YUXUSU...
Ən əlçatmaz sevgilər
çin çıxmayan gözəl yuxular tək
yarımçıq nəğmədir dodaqlarda.
Və ən şirin yuxudu
dodaqların yuxusu.
Hər səhər yuxusunu
göz yaşlarına
danışar dodaqlar.
Axı, yuxunu suya danışarlar.
Göz yaşları da
dodaqların yuxusunu
yuyar, aparar.
Yerində dodaqlara
duz tamı qalar.
Hər gün dodaqların çatına
duz basılar,
yuxusu səpilər pərən-pərən.
Dodaqlar yuxusunun
şirinliyini dada bilməzlər
göz yaşının əlindən.
BİR AYAĞIM
Bir ayaqlı gəzirəm
Bir ayağım hardadı?
Bəlkə məndən qabaqda
Bəlkə məndən daldadı?
Bilmirəm harda bitib
Bilmirəm harda itib
Biri harasa gedib-
Bir ayağım burdadı.
...Gec də olsa tapıldı
Güc də olsa tapıldı
Heç də olsa tapıldı-
Yadıma birdən düşdü
Bir ayağım gordadı.
AYAQLARIMI YOLLARDA GÖMDÜM
Ayaqlarımı yollarda qoydum.
Bir yol yeriməyimi,
bir çöl yüyürməyimi,
bir dağ qalxmağımı,
bir mənzil gedb-gəlməyimi
yollarda gömdüm.
Ayaqlarımın üstündən
təkərlər keçdi,
ayaqlar adladı,
quşlar uçdu.
Və ayaqlarımın səsi
addım-addım öldü.
Ayaqlarımın səsində
addımlar susdu,
gəl-getlər kiridi,
get-gəllər dondu.
Ayaqlarımın üstünə
yolların,
illərin tozu qondu.
Ayaqlarımın üstündən
günlər addım-addım,
illər ayaq-ayaq keçdi.
Bir ömrün də kölgəsi axdı
bulud kimi
ayaqlarımın üstündən.
Və ayaqlarımın üstündən
keçdim mən.
ƏLİ BİZİM KƏNDDƏN İDİ
Əli bizim kənddən idi.
Davaya hamıdan birinci getmişdi,
hamıdan birinci qayıtmışdı.
Sağ gözünü,
sol ayağını,
iki əlini davada qoyub gəlmişdi.
25 yaşındaydı-
anası yedzdirirdi onu.
Anası geyindirirdi,
anası çimizdirirdi,
anası əlil arabasında gəzdirirdi onu.
O davadan qayıdandan
anası iki ürəkli,
iki ömürlü olmuşdu-
iki ömür sürürdü.
Əlinin də ömrünü
ömrünə qatıb
ayaq üstə ölürdü.
Taa gücü çatmırdı oğluna,
zorla otuzdururdu,
zorla altını-üstünü təmizləyirdi.
Amma nə vaxt baxardın
oğlunu əzizləyirdi.
Əli bizim kənddən idi.
Çox arzuları varıydı.
Nişanlısı da Əlinin şəkli qoynunda
evdə qarıyırdı.
Ər adı gələndə
qulaqlarını tuturdu,
başına-gözünə döyürdi.
Onu istəyənlərə
qeyrətsiz deyirdi.
Amma Əli də ürəyində
ona xeyir-dua verirdi,
onun ərə getməsini istəyirdi.
Əli bizim kənddən idi.
Hər gün sağ ayağının
barmaqları arasına qələm taxıb
yazmaq öyrənirdi.
Heç kim də bilmirdi ki,
yazmaq onun nəyinə gərəkdi.
Bu sualı qonşumuzun xəstə oğlu
Əhməd də mənə verirdi:
-Əli neynir yazmağı?
Mən də çiynimi çəkirdim.
Hərdən də Əlini yalqız görüb
Əhmədlə yanına gedirdim.
Əlini danışdırmaq istəyirdim.
İstəyirdim ki, davadan,
döyüşməyindən danışsın.
Əli də Əhmədə baxıb susardı.
Çünki Əhməd çox xəstəydi,
iki böyrəyi də dəyişilməliydi.
Əhmədə təzə böyrək köçürülməliydi.
Amma Əhmədin atasının pulu yoxuydu.
Əhmədgil çox kasıbıydı.
Hərdən ağrılardan qıvrılanda Əhməd
əlil arabasında əlsiz Əlinin gözləri dolurdu.
Əhmədin saralmış üzünə baxanda
halı çox pis olurdu.
Əli bizim kənddən idi.
Özünün dediyinə görə
mənasız bir ömür yaşayırdı.
Ağır-ağır yükünü
bir sümük bir dəri olan
anası daşıyırdı.
Bir gün də atasının qoyun soyduğu
bıçağın əl tutan yerini
ayağıyla torpağa basdırdı.
Sonra bıçağın göyə baxan
dik ucunun üstünə yıxıldı.
Gəlib onu qaldıranda
Əli çoxdan ölmüşdü,
bıçağın dik ucu ürəyinə taxılmışdı.
Yanında da bir kağız varıydı.
Ayağıyla ilk və son məktubunu yazmışdı.
Yazmışdı ki:
--Deyərsiniz Əli adında
canlara dəyən bir oğlan varıydı,
yaşamağı mənasızıydı.
Ömrünü anasına,
böyrəklərini Əhmədə bağışladı.
QAR QAR KİMİ...
Qar qar kimi qarramadı,
Quş quş kimi quşlamadı,
Qış qış kimi qışlamadı...
Qar qar kimi qarrasaydı,
Quş quş kimi quşlasaydı,
Qış qış kimi qışlasaydı,
Yağış yağış kimi yağsaydı,
Adam adam kimi olsaydı..
Yola düşüb getməyə nə vardı ki..
Külək külək kimi əssəydi,
Daşlar ürəkləri deyil
Ayaqları əzsəydi
Dərd batmanla gəlməzdi.
Yağış yağış kimi
yağmadı deyə,
Gün gün kimi çıxmadı deyə,
Adam adam kimi olmadı deyə
Dərd də batmanla gəldi.
Heç misqal-misqal da çıxmır.
EH, SARA, SARA...
Sən çoxdan unudulmusan, Sara.
Ala gözlərin də,
sarı saçların da
elə adın kimi silinib yaddan.
Məndən başqa
yoxdu səni xatırlayan.
Sən tozlu xatirələrdə
mənimlə bir yerdəsən hələ.
Nəğmələr oxuyuruq
saçımızın ucunu hörə-hörə.
Amma saçın ucunu hörməzdilər.
Səni bir oğlan sevərdi,
sən də onu dəlilər kimi sevərdin,
səni ona verməzdilər.
Səni başqasına verdilər.
Sən də toyuna az qalmış
özünü atdın çaya,
apardı sellər səni.
Neçə aydan sonra
yosunların arasından
tapdılar cəsədini.
Balıqlar ala gözlərini yemişdi,
kol-koslar gözəl üzünü didmişdi.
Çayın səsindən
başımıza çay havası gəlmişdi.
O çayın şırıltısına
dalğa-dalğa oynadı anan,
oynamaqdan doymadı anan-
öldü oynaya-oynaya.
Çayın havasına
basdırdılar onu,
basdırdılar sənin yanında.
Sonra da atan köçdü yanınıza.
Çayın havası hamınızı
çəkirdi kamına.
Və çayın havasına,
suların zümzüməsinə
qulaqlarını qapayıb
getdi qardaşın buralardan.
Getdi, qayıtmadı.
Bir də onu gördüm deyən olmadı.
Evinizə başqa adamlar köçdü.
Sevdiyin oğlan da
heç nə olmamış kimi
başqa qızla evləndi.
İndi, indi
biləsən, necə xoşbəxtdi.
Sən çoxdan unudulmusan, Sara.
Havayı yerə qıydın özünə,
Anana, atana, mənə.
Havayı yerə qıydın gəncliyinə.
Əgər dəlilər kimi sevməsəydin,
əgər dəlilik eləməsəydin
indi, indi
sən də xoşbəxtiydin.
Sənin sevgin bir dəlilik idi,
çay apardı onu da.
Sən çoxdan unudulmusan, Sara.
İndi hasarınızın yanında
səni xatırlayıram.
Uzaqlardan,
çayın kənarından
əl eləyirsən mənə.
Gəl deyirsən,
gəl bir yerdə dinləyək
çayın səsini,
suların zümzüməsini.
Eh Sara, Sara...
O çay çəkməz kamına məni.
Axı necə gəlim ki...
Mən dəlilər kimi sevmədim ki...
Sən çoxdan u.....n S...........a
YA.....
Ya küləklər kədəri qovdu üstümə,
Ya kədər küləkləri
gətirdi ömrümə.
Ömrüm küləklərin
əlində budandı.
Hələ də kədərin
küləkləri döyür budaqlarımı,
dolaşdırır saçlarımı.
Saçlarımın dolaşığında
azmır kədər,
saçlarıma elə çopur
sığal çəkir ki..
Üstümə elə ah çəkir ki...
O ah ütür gözlərimi,
əllərimi,
ürəyimi.
Ütülmüş ağac kimiyəm daha,
qupquru.
Gələn yazı da
küləklərin ahı tutub.
Taa həminki kimi
açılmırlar üzümə.
Həminki kimi
pəncərəmdən tox quşların
civiltisiylə,
günəşin bir zərrin teliylə
dolmurlar gözümə.
Dördnala çapır
kədərin küləkləri üstümə.
Ya küləklər kədəri qovdu,
ya kədər küləkləri gətirdi ömrümə.
Indi küləklərin
əlində qalmışam.
Hara gedirəm küləkdi.
Yer külək,
Göy külək.
İçimdə də küləklər əsir.
Mən küləklərə əsir.
Mən küləklərə təslim.
Küləkdi səsim.
Hara gedirəm qarşımı
Küləklər kəsir.
Hər yan görüş yeridi,
Məni küləklər gözləyir.
Dönməsəm, bilin ki
Küləklərlə getmişəm.
ƏLLƏRİMİN NAĞILI
Əllərin qopub əllərimdən
qırıq-qırıq əl yelləyəndən,
son yarpaq kimi havada cızıq-cızıq vida deyəndən...
Bax, o gündən, o gündən başladı əllərimin yetimliyi.
Ot basdı əllərimdən əllərinə uzanan cığırı.
O andan doğuldu əllərimin nağılı.
Əllərin isti yuva kimiydi
Ovcunda əllərim sərçə balasıydı.
Ümidindən ümidlənən,
ürəyindən ürəklənən, gülən.
Gülən əllərim uçmaq öyrənirdi.
Göylər sevincimdən dadırdı,
Yerlər xoşbəxtliyimə sevinirdi.
Küləklər məni bu görkəmdə
görmək üçün ardımca qaçırdı.
Bütün bağlı qapıları üzümə əllərin açırdı.
Əllərim yorulanda əllərinə qonurdu.
Əllərin əllərimi soyuqdan,
küləkdən, yağışdan, qardan qoruyurdu.
Ovcunun içində bir cüt qanad kimi
əllərim uyuyurdu.
Əllərinin külək keçirməyən,
yağış dammayan, soyuq gəlməyən yerindən
kəsmə-kəsmə yellər dəydi əllərimə.
Qəfil bir damla yaş düşdü ovcuma-
hələ də yeri göynəyir.
Qəfil barmaqlarım üşüdü,
qəfil əllərinin yuvası soyudu.
Bir də gördüm ki, əllərin əllərimə
bir qaranlıq, dibsiz dar quyudu.
Əllərim o quyudan çıxandan
əllərin yağış-yağış axandan—
əllərim ağlayır.
Barmaqlarımın ucundan yaş damır,
ovcum yaşlarla dolur.
Əllərim sıxılandan hərəsi ürəyim boyda yumruq olur.
O gündən ürəyim əllərimdə döyünür.
Qorxuram açam yumruğumu, ürəyim düşə yerə.
Ürəyimin düşən yerindən qan kimi süzülə əllərimin nağılı.
Bir də görəm ki, bu nağıl da qan kimi yerə dağılıb.
Və qanla bitib bu nağılın axırı—
Əllərimin nağılı.
BİR XIŞMA XƏYALAM
Bir xışma xəyalam, düşüb didərgin
Gəlib qapınızda gecələmişəm.
Harayla çəkdiyim adını indi
Səssiz, için-için höccələmişəm.
Elə bilmişəm ki, açıb qapını
Məni görən kimi sevinəcəksən.
Gözümdə sevginin ümid payına,
Ümid işığına güvənəcəksən.
Sonra da doqqazın ayağındakı
O kiçik kəhriz də kükrəyəcəkdir.
Həmişə dərdini dərdim sandığım
O xatın söyüd də hönkürəcəkdir.
Yağış yağacaqdır, mən də ki, qalıb
Səmayla torpağın bulud qatında.
Suya dönəcəyəm, islanacağam,
Göz yaşı, bir də ki, yağış altında.
Sənsə yatacaqsan isti yerində
Heç nədən xəbərin olmayacaqdır.
Soyuqda qapıda gözləmək nədir
Yataqda gözün də dolmayacaqdır.
Beləcə dayanıb, beləcə donub,
Axırda geriyə qayıdacağam.
Bir xışma xəyalam, qorxma, nə səni,
Nə də sevgilini oyadacağam.
BİR GÜN BEZİB BU TƏKLİKDƏN
Bir gün bezıb bu təklikdən
Öz-özünə çığırasan
Qalxıb yerdən, enib göydən
Ölənləri çağırasan.
Ölənlər də gələ birdən
Ağlıyasan dəli kimi
Asılasan qollarından
Qopmayasan zəli kimi.
Doğmaların arasında
Varın gülə, yoxun gülə
Ahın gedə dağa-daşa
Dağda-daşda ahın gülə.
Sevinəsən bu gününə
Gördüyündən xoş olasan
Baxıb ona, baxıb buna
Sevgilərə tuş olasan.
Görəsən ki, qayğısızsan
Sevdiklərin yanındadır
Uşaqlıqdan üzü bəri
Hamı bir-bir yadındadır.
Bu vaxt qəfil daş atalar
Xəyalların uçub gedə
Kölgə kimi ordan-burdan
Ölənlər də qaçıb gedə.
Ağlayasan dərdli-dərdli
Harayına kimin gələ.
Kimsə deyə: ölənləri
Ta çağırma, ölüm gələr.
İLİŞİRƏM
Üzümdəki yaş yolunun
Yaşlarına ilişirəm
Daş atırlar, onun-bunun
Daşlarına ilişirəm
Ha qaçıram ora-bura
Gün görürəm ala-bula
Göy üzünün qara-qura
Quşlarına ilişirəm
Bu nə dərddi qaçılmayan
Yiyəsinə acımayan
Bu düyünü açılmayan
Qaşlarıma ilişirəm
Çəkən çəkir çəpərləri
Aşan aşır çətinləri
Ayağımdan çəkənlərin
Başlarına ilişirəm
BİR UŞAQ MEYİDİ
Bir uşaq meyidi qalıb o yolda
Anası hələ də itkindir deyir
Bu Vətən yoludur, ölüb o yolda
Soyuq cəsədini qurd-quşlar yeyir
O da uşaq idi, qayğısız idi
Cibinə daş yığıb, daş oynadardı
Hər gün dərsdən sonra evə dönərdi
Çıxıb taxtapuşda quş oynadardı
Bəlkə taxtapuşda oynatdığı quş
Ətini-qanını yeyən o quşdur
Təpədən aşağı tulladığı daş
Başına-gözünə dəyən o daşdır
Kəsilib qulağı, kəsilib burnu
Başının dərisi soyum-soyumdu
Sınıb qabırğası, cırılıb qarnı
Gözünün kökü də oyum-oyumdu
Çatlaq dodağında quruyub qan da
Qırılıb ağzınnan dişi tökülüb
Daha bu dəhşətdən qıvrılıb yol da
Qoca çinarların qəddi bükülüb
Hələ belə vəhşət görməyib aləm
Hələ belə ölüm ağıla gəlməz
Ana yuxusuna sağ vaxtı gələr
Ana yuxusuna bu ölü girməz
Soyulan başında təpik izləri
Sınıq barmaqları sınan sabahdı
Qurd-quşun qarnınnan baxan gözləri
Qurd-quşun qarnında od tutan ahdı
Dostları ilə paylaş: |