baxdım kölgəyəm.
Nə dedim,
Gördüm ki, köhnədir sözüm.
Təzə söyləməyə qalmayıb nəsə.
Köhnədir baxışım, köhnədir üzüm-
Mən də köklənmişəm bir köhnə səsə.
Köhnə cığırlardan keçib gedirik,
Elə bilirik ki, təzə cığırdı.
Dünyaya təptəzə heç nə demirik-
Dünyanın nağılı-
KÖHNƏ nağıldı.
Ulu babalardan uludur Cırtdan,
Biz hələ Cırtdanı uşaq bilirik.
Qorxuruq işığın gəldiyi səmtdən,
İt hürən tərəfi işıq bilirik.
Köhnədir sevgilər, ayrılıqlar da,
Çox şeyi düz tutub tərs oxuyuruq.
Göz-gözü görməyən qaranlıqlarda-
İşığa çıxmağa dərs oxuyuruq.
Hava da köhnədir,
Külək də köhnə,
Köhnə havalara havadı ömür.
İçində dərd doğan, bala çıxardan-
Hörmüçək torundan yuvadı ömür.
Təzə heç nə yoxdur,
şəklini çəkəm-
Xəncərə köhnə qın, saza köynəyəm.
Təzə köhnəliyə Səs kökləyirəm-
Köhnə təzəlikdə təzə köhnəyəm.
BİLMƏMİŞ OLMARSAN...
....bu da istəyənlərə sevgi şeiri...
Bilirsən, qapını döyən mən idim,
Sən açdın qapını...
Mən də gizləndim.
Baxdın qaranlığa,
nəsə görmədin.
-Qapını döyən kim-
dedin, səsləndin.
Bilirsən, daş atdım pəncərənizə,
Yenə də boylandın,
heç kəs yoxuydu.
Gözündə həsrətin payızı gözəl,
Payızda həsrətin adı yuxuydu.
Bilirsən, yolunda durardım hər gün,
Hər gün mənə köçüb,
məndən köçərdin.
Harasa gedəndə məndən gedərdin,
Hardansa gələndə məndən keçərdin.
Bilirsən, əllərim qururdu qaldı,
Donu açılmadı,
əlindən tutam.
Adımın üstündən xətlər adladı,
Adımı çəkmədin
dilindən tutam.
Mən gözəgörünməz bir ömür sürdüm,
Sən gözə görünən...
Gözüm kimiydin.
Məni heç görmədin,
mən səni gördüm-
Bilirsən, bilməmiş olmarsan, yəqin!
Havalar çənniyir , anam.
Qonub gözümün içinə
gözümün ağını,
qarasını
dərd quşu dənniyir, anam!
Ürəyimin dağınnan da
üzümə bir külək əsir.
Öz dağımın havasınnan
dağ havası vurur məni-
dərdim təzələnir, anam.
Təzələnir dərdim Allah.
Təzələnir
gözümdəki yaşlar belə,
ahlar belə.
Təzələnən dərdim kimi
Allah, məni də təzələ!
Şəklini çəkdi gözlərim.
Hər kiprik qırpımında
bir anın dondu,
gülüşlərin kimi.
Bir anın şəkil oldu
gözlərimin qarasında.
İndi gözlərimin ağı
şəkillərinin
surətini çıxardır.
Gözlərimdən
şəkil-şəkil,
yaş-yaş
surətin çıxır
gilələnmiş yaşlarla.
Və səni şəkil-şəkil
ağlayıram,
şəkillərini yaş-yaş
tökürəm
gözlərimdən.
Şəkillərin yayılıb
üzümə,
gözümə,
ömrümə.
Əl yaylığım da islanıb
şəkillərindən,
göz yaşlarımdan.
Nəm-nəm
şəkillərin baxır mənə
əl yaylığımdan.
YETİMLİK
Mənə bu yetimlik yaraşmadı heç,
Özüm də bilmirəm nədən yetiməm.
Hə,
bir az bahardan, bir az ümiddən,
Hə,
ən çox dünyada səndən yetiməm.
Könlümü oxşayan nə varsa yetim,
Göylərdən ən yetim buludlar axır.
Ən yetim küləklər ömrümü ütür,
Ömrümə ən yetim yağışlar yağır.
Torpaq çiçəkləyir,
yağışdan sonra,
Bütün çiçəklərin adı bənövşə.
Tutub əllərindən həsrət bənd qurar-
Bəndinə mən adlı bir yetim düşər.
Elə bənddənərəm,
bənövşə kimi,
Kolların dibində dərdim bükülər.
Çatlardan üzümə qəm düşən kimi-
Hardansa qəbrimə yağış tökülər.
Yağışı səngiməz, qarı səngiməz,
Ömür də payızdan payızı yığar.
Gözümdə qışlayar bir bənövşə qız,
O qızın gözündən yetimlik yağar.
Mənsiz yetim qalar elə dünyam da,
Xatirə başdaşım bir yetim heykəl.
O ağ bantdan da çox,
güllü donnan da-
Mənə bu yetimlik yaraşır bəlkə.
Uşağıydım,
uşaqlığın yollarında
çox az çəkdi yolçuluğum.
Bir az ora qaçdım,
bir az bura.
Bir az çıxdım ağaclara,
düşdüm nağıllara.
Sonra...
bitdi uşaqlıq.
Uşaqlığın ardınca
həmişəlik qış
düşdü ömrümə-
yolları buz,
havası don.
İndi qış havasındayam,
qışa düşmüşəm.
Yaxşı bilirəm...
bilirəm ki, uşaqlığımda
bir daş atmışdım,
qaranquşa dəydi.
O qaranquş öldü.
Gözündəki yaşı
ağlamadan öldü,
gözləri dolu öldü.
Gözlərinin dolusunda
bir mənli yaz apardı,
bir yazlı qız apardı,
bir gülən üz apardı.
O vaxtdan...
Qışa düşdüm,
bir quş qarğışa düşdüm,
bütün yollarım
bir ölü qaranquşa düşdü.
Böyüyəndən sonra
anladım ki,
qaranquşa o daşı
mən atmamışdım.
O daşı güzgüdən
mənə baxan
bu qarı atmışdı.
Bu qədər ayrılıqdan sonra,
Dönmək...
Bir də ayrılıq gətirməkdi
ayrılıqlara,
bir də payız gətirməkdi
payıza,
sənsizlik gətirməkdi
sənsizliyə...
Bir də yenidən
ölüm xəbəri gətirməkdi
mənsizliyə.
Taa heyrətim qalmayıb
heç nəyə-
nə qışda qaranquşun
gəlişinə,
nə yayda yağan qara,
nə baharda xəzana,
nə də özümə.
Adımı da unutmuşam
çoxdan.
Bilirsən nə vaxtdan?
Özüm özümdən
QARA KAĞIZ alandan.
O qara kağızı
hələ də saxlayıram.
Hələ də özümü
qara kağız kimi
oxuyuram!
ƏCƏL
Bezib öz yükünü çəkməkdən belə,
Ha qaç ki, özündən qaça biləsən.
Qurtulub səsindən, baxışlarından,
Üzündən-gözündən qaça biləsən.
Qaçasan,
ardınca bir atlı çapa,
Yerdə gizlənməyə yerin olmaya.
Bir səs də axtarıb, səsini tapa,
Səsini uçurdan göyün olmaya.
Nə canın,
nə ruhun dilinə yata,
Adına nə varsa adından çıxa.
Əl atıb qolundan bir atlı tuta,
Onu tanıdığın yadından çıxa.
Təzədən qaçasan,
uzaqlaşasan,
Hayana getsən də, gələ bu atlı.
Qorxudan gülməyə yadırğayasan,
Hər yerdə üzünə gülə bu atlı.
Görəsən,
yer də yox, göy də yox sənə,
Ömrünü-gününü bu qaçış yorur.
Hara gedirsən get,
baxırsan yenə,
Önündə əcəl tək bu atlı durur.
Onda bilərsən ki,
Kimdir bu atlı,
Səndən nə istəyir, sənə nə deyir.
Sonra da görərsən,
elə SƏN adlı,
Gözünə təptəzə bir qəbir dəyir.
Kor kimi gəzdirdim əllərimi
qaranlıq divarlarda.
Qaranlığın divarları
bumbuz kəsdi nəfəsimi,
əllərim sırsıra bağladı.
Arada zəif günəş
saçağı düşəndə
əllərimin sırsırasından
göz yaşı damır,
əllərim yaş-yaş əriyir.
Qaranlığın divarları da soyuq,
əllərimin havası da.
Və bu soyuqluqda
əllərim havalıdı hələ.
Əllərimin havasına
keçirəm qaranlıqdan.
Bir qapı axtarır əllərim,
çıxa bu yoxluqdan-
bu buz yoxluqdan,
bu soyuq yoxluqdan.
O qapını tapsa-
əllərimin havasına,
əllərimin ardınca
o qapıdan keçəcəyəm.
Görəcəyəm ki,
elə yoxluğa keçmişəm.
Bura bizim ev deyil!
Bura mənim evimdir-
bircə mənim adımadır.
Evin sənədində də
belə yazılıb.
Burda məndən başqa
heç kim yaşamır.
Mən tək yaşayıram burda.
Bizim ev olanda-
qonaqlı-qaralaıydım,
qonaq sevəniydim,
qonaqpərvəriydim.
İndi MƏNİim evimdə
qonaq istəmirəm,
qonaq qəbul eləməyi
sevmirəm.
Ürəyim əsir,
addım səsləri gələndə.
Elə bilirəm ki,
kimsə qonaq gəlir mənə.
-Eyyy, ey!
Hamı eşitsin!
Mən qonaq sevən deyiləm.
Burda heç kimi
görmək istəmirəm.
Çox xəsis ev yiyəsiyəm-
Sizinlə heç nəyimi
bölə bilmərəm.
Burda qonaq sevmirəm.
Hamı qalsın öz evində.
Qoyun mən də,
tək yaşayım evimdə,
qonaqsız qalım
QƏBRİMDƏ!
Bu boyda
dünya uçurtdun üstümə.
Bir dünya xarabalığın
altında qaldım.
Kədərli nə varsa,
ağrılı nə varsa-
hamısını gülə-gülə,
elə-beləcə
sən verdin mənə.
Elə kədərliyəm ki...
Dərd üstündə dərdim,
dağ üstündə dağım,
ağrı üstündə ağrım...
Bilirsən,
necə ağrılıdır,
təmənnasız paylarının
içində yaşamaq.
Və verdiklərinin
hamısının içində gülmək.
Xəfifcə gülürəm,
verdiklərinin hamısı
bu xəfiflikdə,
dodaqlarımda
bir qaçım təbəssümdü.
Sən mənə o qədər
dərdlər, əzablar
verdiyinə rəğmən-
Mən də bircə
təmənnasız
təbəssümümü
verirəm sənə.
Geyindir dodaqlarına
təbəssümümü.
Güldüyüm kimi gül,
yaşadığım kimi yaşa,
öldüyüm kimi öl!
Heç geriyə qaytarma da.
Təbəssümüm sənindi daha,
geyindir dodaqlarına.
-Sağlığına qismət!
Nə qədər qaçıram, qurtarmır yollar,
Su yolu,
göy yolu,
yer yolundayam.
Hər yandan Sim-simə aparır yollar,
Qapısı bağlanmış sirr yolundayam.
Gəldiyim yolların başı da tilsim,
Dünya tapmacadır,
aça bilmirəm.
Bu yerin, bu göyün arasındakı,
Aralıq içindən qaça bilmirəm.
Döyüküb qalmışam bu aralıqda,
Kilidli fikirlər yorur beynimi.
Ağır qıfılların yükü altında,
Dünyanın sirr yükü əyir çiynimi.
Çarəsiz halımla yol yorğunuyam,
Ömrüm də yolların ömründən gedir.
Yük kimi düşmüşəm ANA boyundan-
Yollar da yüklənib ta məndən gedir.
Yolları yolumda yola vermişəm,
Nə tilsim açanam,
nə sirr açanam.
Özümü yollarda ələ vermişəm-
Qoşulub ölümə mən də qaçanam.
Açılmaz sirləri, açılmaz daha,
Hər gün bizi udar,
acar bu yollar.
Yerin qulağına mən olmayanda-
Sim-simin sirrini açar bu yollar!
Gözlərimdən keçirsən,
ürəyimdən keçirsən,
ömrümdən keçirsən.
Keçirsən ya xəyal kimi,
ya gerçək kimi-
elə fikrimdə sən.
Düşüncələrim,
fikrim sən-
sən, sən-
fikrimin sənindəyəm.
Gözlərimin,
ürəyimin,
ömrümün
sənindəyəm.
Gah ora qaçırsan,
bura qaçırsan.
Gah ordan keçirsən,
burdan keçirsən.
Elə hərəkətdəsən-
dayanmağın yoxmu sənin?
Yuxularım da sənsən.
Gözümü açan kimi
yenə də qaçırsan.
Qaçırsan,
qaçırsan-
fikrimdən,
yuxumdan,
gözlərimdən,
ömrümdən,
MƏNDƏN.
Eyyy, ey!
Bilirdim...
-Hardan bilirsən deyirdin.
Bilirdim...
-Kim dedi deyirdin.
Bilirdim...
Bildiyimə heyrət edirdin.
Bilirdim...
-Bilmədiyin şeyə
qurd düşər deyirdin.
Bilirdim...
Deyirdim də..
İndi hər şeyə
qurd düşüb.
ODEYY...
Odeyy..
oralarda...
bir qız oynayırdı uşaqlarla.
Hamıdan dəliydi,
qayğısızıydı, gülməliydi.
Saçları hörüklüydü,
dodağı düyməliydi.
Dodaqlarını
kədərə düymələmişdi.
Kədərin düyməsini
açan yoxuydu.
Amma,
Kədər də KƏDƏRDİ ha...
O qızı çox güddü,
ardınca çox düşdü,
getdi, gəldi...
Hər yerdə o qızın
dodağının düyməsini
açmaq istədi.
Qız da çox güclüydü-
Kədər o qıza
güc gələ bilmirdi.
O qızın
düyməli dodaqlarından
təbəssüm uzaq olmurdu ki,
kədər də yaxın dura.
O qız gülüş-gülüş böyüdü,
qəhqəhələrdə boy atdı,
təbəssümlərdə yaşadı.
Yaşadı....
Odeyy...
oralarda,
lap uzaqlarda-
mən gördüm kədəri.
Gördüm kədərin hiyləsini.
Gördüm necə açır
o qızın dodağının düyməsini.
O qız da uşağıydı,
bir dəfə inanmadı,
iki dəfə inanmadı,
sonra inandı kədərə.
İndi o qızın dodaqları
açıq qapıdı kədərə.
Beləsinə də kədər keçir,
eləsinə də kədər keçir.
Kədərin qapılarını,
kədərin küləkləri
əsim-əsim əsdirir.
Əsdirir bir qızın
düyməsi itmiş
dodaqları kimi.
Odeyyy...
oralarda...
lap uzaqlarda...
Bir qız düymə axtarır
toz-torpağın içində.
Elə bilir ki,
oynayanda,
o düymə qopub,
düşüb yerə.
HƏR VAXTIN XEYİR
Bax belə, bir gün də keçdi beləcə,
Yenə də ömrümdən gün yola verdim.
Bir az səhər çağı, bir az günorta,
Bir az şər vaxtından qəm yola verdim.
Kədəri ayrıdı axşamüstünün,
Gözünü açmamış gecəsi düşür.
Dəyişən fəsilin,
doğulan günün,
Bilmirsən, payına neçəsi düşür.
Əqrəblər zamanın ömür ölçəni,
Ömrümüz ölçülür vaxtla, saatla.
Hər anın öz hökmü verir hökmünü,
Əqrəblər ölümü bölür həyatla.
İkiyə bölünmüş dünyadı ömür,
Bir üzü qaradı,
bir üzü ağdı.
Rənglərin içində çalarlar ölür,
Baxırsan, qara da, ağ da yamaqdı.
Gözündən süzülür hər günün rəngi,
Gözünün səsləri rəngbərəng axır.
Bircə dəyişməyir ölümün rəngi,
Hamıya bir rəngin vaxtından baxır.
Beləcə,
ömründən bir gün də keçir,
Didilən günləri yelə verirsən.
Saatlar ömrünü əqrəblə biçir,
Ömrü saatlarla yola verirsən.
Ömür belə itir,
gün belə itir,
Gözünə qocalmış bir zaman dəyir.
İçindən zaman tək son nəfəs ötür,
Vaxtsız pıçıldayır:
-Hər vaxtın xeyir!
Gözlərinə geyindirə
bilməzsən baxışlarımı.
Baxışlarım gözlərimi
geyinib çoxdan.
Baxışlarım gözlərimin
qiyafəsidir.
Boğazının tellərinə
taxa bilməzsən səsimi.
Səsim ürəyimdən axır.
Gərək ürəkqarışıq
verəm sənə.
Gərək havamı da,
suyumu da,
nəfəsimi də-
Özümü də
köçürəsən özünə.
Məni geyinib
MƏN olasan.
Sonra da düşüb
küçələrin canına
itirdiyin özünü
axtarasan.
Özünü tapmayanda
dəli-dəli ağlayasan.
Ağlama!
Sən məni
geyinə bilməzsən.
Mən səni
çoxdan soyunmuşam!
SƏSİMİN HAVASI
Döydüyüm yollarda yollar döyənək,
Döyülə-döyülə mən də ləliyəm.
Səsimi gəzirəm əl ağacı tək,
Dirənib səsimə qalxam, yeriyəm.
Kor kimi qalmışam aralıqlarda,
Vurnuxub aradan çıxa bilmirəm.
Səsim ciliklənib,
itib yollarda,
Səsimi yollardan yığa bilmirəm.
Hər daşa, yarpağa çilənib səsim-
Durna qatarının içindən düşüb.
Ötən havalara köklənən kəsəm,
Səsimin havası kökündən düşüb.
Daha köklənməyə nə səs, nə ün var,
Səsimi itirib,
səssizəm indi.
Məni səs aparıb məndən bir zaman,
Mən səsdən düşmüşəm,
mənsizəm indi.
İllərdi beləcə, sərsəri kimi,
Hələ də yollarda səs axtarıram.
Eheyyy,
İtən adam, qaytar səsimi,
Mən sənə gəlməyə iz axtarıram.
İlan qabığı tək soyulub səsim,
Səsimin səsinə bir kimsə gəlmir.
Yel vurur,
qabığım yellərdə əsir,
İçindən nə səda, nə də səs gəlmir.
Səsim əl ağacı, mən də kor olmuş,
Səsin havasına əlim yeriyir.
Yeri səssiz adam,
yüyür pir olmuş,
Sənin də havana ölüm yeriyir.
O çoxdanıydı elə,
sarıca hörüklərimin
kürəyimdə atlandığı.
Adımın nənələrimin dilində
şipşirin adlandığı.
Dəli qaçmağım, oynamağım.
Təpəl quzum itəndə,
zar-zar ağlamağım.
Hər səhər, hər axşam
atamın qolundan sallanmağım.
O çoxdanıydı elə-
nənəmin dizlərini
mütəkkə bildiyim,
hər gecə eyni
nağılları dinlədiyim,
eyni qəhrəmanları sevdiyim.
O çoxdanıydı elə-
çərpələng uçurtuğum,
çərpələngin qanadlarında da
bir uşaqlıq uçurtduğum.
Uçdu, uçdu, hardasa
ilişib qaldı o çərpələng-
qanadlarında MƏN.
İndi yerlərə baxıram
uçduğum göylərdən.
Ha göz gəzdirirəm
özümü görmürəm,
baxışımı, səsimi,
üzümü görmürəm.
Mən üzsüz itmişəm deyəsən...
Üzüm də yoxdur ki,
tapalar məni.
Nə ayaq izim qalıb,
nə əl izim-
MƏN izsiz caniyəm,
bir uşaq öldürmüşəm.
Öldürüb çərpələngin
qanadlarına gömmüşəm.
İndi o uşağın ölü gözləri
göylərdən ölü-ölü süzür yerləri.
Süzür məni,
süzür üzsüz üzümü,
gözsüz gözümü-
o uşaq tanımır bu ölünü!
O çoxdanıydı elə...
lap çoxdan...
o uşaq məni tanıyanda.
YAŞAMAĞIN ADI...
Yaşamağın adı olmayanda-
bu dünya da,
dünyadakı gözəlliklər də
görünməyəcək gözünə.
Nə əllərin,
nə ayaqların,
nə də ürəyin
baxmayacaq sözünə.
İlin dörd fəsli yaz olsun.
Olsun....
O yazın yaşıllığı da
oxşamayacaq səni.
Sən ancaq o yazda
qış yaşayacaqsan,
o yaz yaşamayacaq səni.
Nə gülməyə
dodaqların qaçacaq,
nə sevməyə ürəyin uçacaq.
Oynaya bilməyəcəksən
oyunların havasına.
Oynada bilməyəcəksən
qollarını, əllərini.
Qaralda bilməyəcəksən
çallaşıb yumağa dönmüş
qar-qar tellərini.
Özünü də unudacaqsan,
sözünü də.
Adını da unudacaqsan,
yadını da.
Bir gün tanımayacaqsan
özün boyda adamı da-
Yaşamağın adı olmayanda.
-Yaşamağın adı nə?
Начало формы
Alma ağacı da çiçəklədi,
gilənar da,
gilas da.
Hələ inişil əkdiyim
ərik ağacı da
bir-iki çiçək açdı-
axı Yazdı.
Yazda yer üzü çiçəkləyir-
çəmən çiçəkləyir,
çöl çiçəkləyir.
Suların üzündəki güllər də,
otluqdakı cincilimlər də,
nanələr də puçur-puçur
çiçək açır.
Bir qurumuş
şəftəli ağacımız varıydı.
Bu il möcüzə baş verdi-
o quru ağacın qupquru
budağının biri çiçəklədi.
Hər yaz belədi...
Bilirsən ki, yazdı.
Yazdı...
Mən də çiçəkliyəm,
Gözümün yaşları
su gülləri kimi,
saçımda dənlər
qar dənəcikləri kimi,
içimdə dərdlər
quru budaqlar kimi
çiçək açır.
Mən də çiçəkliyəm.
Yazda bahar gətirən
qaranquşlara
payızdan baxıram.
Yazdı...
Yazda bəs niyə payızdı?
MONTAJ
Bir film çəkmək istəyirəm
həyatımdan.
Uşaqlıqdan indiyə kimi.
Rəngli istəmirəm-
ağlı-qaralı olsun,
nənəmli-babamlı olsun,
əmimli-atamlı olsun,
kadrlar doğma adamlarla dolsun,
içində hamı olsun.
Olsun...
Baxıb hamıya, sevinəm,
sevincdən başıma hava gələ,
hamı da bu qız dəlidir- deyə,
hamı da dəlliyimə gülə.
Hamı da həyatda ola.
Ola, nə ola...
Bir film çəkmək istəyirəm
həyatımdan.
O kənddən,
o adamlardan,
o günlərdən...
Xatirələrdən...
xatirələrdə xatirə filmi
çəkmək istəyirəm.
Sonra da hamıyla,
hamıyla oturub
o filmə baxmaq istəyirəm.
Onda hamı görər ki,
necə film çəkmişəm.
Hamı heyrətlənər ki,
hanı o filmdə
UŞAQLIQDAN bu yana.
Mən də deyərəm ki,
Montaj eləmişəm!
ƏN SONDA...
Ən sonda qapı da örtülər tamam,
Ən axır qapımı örtüb gedərəm.
Üzümü-gözümü doğma qapının-
Üzünə-gözünə sürtüb gedərəm.
Son dəfə baxaram həsrtətlə ona,
Baxaram,
həsrətin qapısı kimi.
Düşərəm əlinə, ayaqlarına,
Öpərəm üzündən doğması kimi.
Məni saxlamağa gücü də olmaz,
Ağlayar arxamca,
ağlayan qapı.
Hər gün çırpılmaqdan,
örtüb-açmaqdan,
Ömrün qapısı tək laxlayan qapı.
Üzünə nə qədər yumruqlar dəyib,
O qədər döyülüb, çırpılmısan ki...
Yağışlar isladıb,
gah da gün döyüb,
Məni qorumusan, balanam sanki.
Elə vaxt da olub, kədər gələndə-
Kədərin üzünə açılmamısan.
Dərdlərin ağzından vurmusan sən də-
Mənim sevincimi uçurmamısan.
Sən açıq qapısan,
mən səndən keçdim,
Səni unutmaram qapı, ay qapı!
Ömrümün qapısı örtülməliydi,
Qəbrimin qapısı gözləyir axı.
Taybatay açılmış qapıyam mən də,
Bir qapı ömrünə ömür biçmışəm.
Ən sonda adlayıb özüm-özümdən,
Özüm öz qapımda,
MƏN-dən keçmişəm.
NAR ÇİÇƏYİ
Rəsmi belə çəkmirlər,
şeiri belə yazmırlar,
nisgili belə oxumurlar.
Belə ölmürlər...
Belə ölmürlər, nar çiçəyi!
Bir bax,
nar ağacına bax,
budaqlarında bir
çiçəyi də yoxdur.
Hamısını küləklər
töküb yerə.
Bir addım da atsan
solmuş nar çiçəklərinə
batarsan, dizinə qədər.
O çiçəklər bar verməmiş
töküldülər, töküldülər.
Bax, ömrüm də elədir-
Günlər, aylar, illər
nar çiçəkləri kimi
küləklərdə didildilər.
Mən də bu solmuş çiçəklərin,
bu susuz günlərin
içində qaldım dizə qədər.
Bu solğunluqda,
bu susuzluqda
elə bilirsən ki, şeir yazıram,
elə bilirsən ki, rəsm çəkirəm,
nisgil oxuyuram.
Görmürsən ki,
bu ağacın dibində,
nar çiçəklərinin
ölü dövründə,
rəngsizliyin rəngində
səs-səs, söz-söz, rəng-rəng
KƏDƏR rəngləyirəm.
Qoy, rəngləyim bu ömrü,
rəngləyim qurtarım!
Onda görəcəksən
kədərin rəngini,
onda eşidəcəksən
kədərin səsini.
Onda tanıyacaqsan məni-
solmuş nar çiçəklərinə
batmış kədəri.
Mən KƏDƏRİ rəngləyirəm-
KƏDƏR MƏNİ!
MƏN Kİ, GÖZƏL DEYİLDİM
Bütün gözəllikləri sevdim.
Gözümlə gözəl nə varsa,
hamısını çəkdim-
Kolun dibində
bir bənövşə ürkəkliyini,
ağacda titrəyən
bir yarpaq kövrəkliyini,
bir dünya təmizliyini,
təmizliyin gözəlliyini.
Bütün gözəllikləri
baxışlarımla
dənlədim bir-bir.
Yer gözəl,
göy gözəl,
dünya gözəl-
bu gözəlliklərin içindəki
gözəllilklərdəyəm.
Payız gözəlliyində,
yay,
qış,
yaz gözəlliyində.
Gözüm-könülüm
gözəlliklərlə doludur.
Dünya gözəllikdir...
Gözmü açandan
hər şeyi gözəl gördüm,
gördüyüm dünyaya
gözəl dedim.
Buluda,
yağışa,
küləyə,
gördüyüm röyaya
gözəl dedim.
Dönüb özümə-
bu qaraca qıza baxanda,
özümə artdı heyrətim.
Eyyy, eyy!
Görəsən bu gözəlliklərə
necə sığa bildim.
Görəsən bu gözəllikləri
gözlərimə
necə yığa bildim,
Sonra da söz-söz
bu gözəlliklərdən
necə baxa bildim.
Axı, axı...
Mən ki, GÖZƏL deyildim!
ŞOPENİN prelüdləri...
Məmməd Nazimoğlu dinləyərdi onda
Sən keçdin...
Sahildəki qumlara
səs saldı ləpirlərin,
not-not,
dil-dil sulara toxundu
ayaq izlərin.
İzlər- ağ-qara,
qara-ağ piano dilləri.
Ovcuma yığıram izlərini.
Ovcumu sıxıram-
not-not ləpirlərin axır
barmaqlarımın arasından.
Xırçıl-xırçıl səni oxuyur
axan qumların səsi,
ömrünün ləpirləri.
Ləpirlər piano dilləri,
Sən başdan ayağa
baxış-baxış,
iz-iz, səs-səs-
Şopenin prelüdləri.
Sən keçdin...
yıxıldın sahilin ayaqlarına,
dalğaları çəkdin başına,
dalğaları örtdün üzünə,
ləpələri örtdün üstünə.
Dalğalar qırçın-qırçın
çaldı gözlərini,
ürəyini, səni.
Dənizə yayıldı
gözlərin, saçların, əllərin-
Şopenin prelüdləri.
Sən keçdin...
Hələ də yığıram ayaq izlərini.
Hələ də barmaqlarımın arasından
süzülür ləpirlərin.
Dalğalar çalır səni-
sən çaldığın nəğmələri.
Dəniz oxuyur səni-
Sən oxuduğun nəğmələri.
Sən dinləyərdin dənizi-
indi dəniz dinləyir səni.
SƏNİ dəniz dinləyir.
İndi...
ovcumda bir xışma qum-
barmaqlarımın arasından axır
ayaq izlərin,
süzülür qum kimi pianonun dilləri,
pianonun ləpirləri.
Ovcumda izin qalmadı.
Barmaqlarımdan SƏN keçdin.
Barmaqlarım-
Şopenin prelüdləri!
NAĞIL DAĞILAR
sevgi şeiri yaz, deyənlərə...
Sən mənim ömrümdə yoxa çıxandan,
Bir müddət qar yağdı,
qış düşdü mənə.
Bir müddət dünya da qopdu yerindən,
Sənsiz gələn günlər boş düşdü mənə.
Üşüdü bir ömrün sənli dünyası,
Sənsizlik gözümə nəmdən oxudu.
Sarı yarpaqların ayrılıq səsi,
Payız küləyi tək səndən oxudu.
Daha çiçəklər də gözləri nəmli,
Buludlar yollara çiçək ağladı.
Havalar o qədər nisgilli, qəmli-
Havalar üstümə çisək ağladı.
Gedişin bir dünya dağıntı imiş,
Bütün dünyaları yıxdı içimdə.
Sənsizlik ən sonsuz yağıntı imiş,
Ən sonsuz yağışlar yağdı içimdə.
Bir sənsiz dünyam var,
adı NAĞILDI.
Adından başlayır bütün nağıllar.
Sənli nağılların biri yox idi,
Mən də çıxıb getsəm,
nağıl dağılar!
Dostları ilə paylaş: |