AMAN ALLAH
-Bir bax, bizə göydən bu nə dəhşət, aman, Allah,
-Vermir bu cahan kasıba qiymət, aman, Allah.
-Nolsun kasıbıq, söyləginən bu cahan içrə,
Yoxdurmu məgər bizlərə hörmət, aman Allah ?
-Var varlı pulu çox, gözü acdır, xəyalı xam,
Məncə aparıbdır onu qəflət, aman Allah.
-Var varlı adam keçir günü kefdə- damağda,
Bağlar gözünü eyş ilə işrət, aman, Allah.
-Dağlı inanır sahibi dövran gələcəkdir,
Üzmüş bizi çün bizdəki həsrət, aman Allah.
İÇİNDƏ
Bir millətə baxsaq yaşayır zillət içində,
Sönmüş çırağı, qaldı cahan zülmət içində.
Etmir Allaha bəşər ibadət nə zamandı,
Çıxmış Allaha qarşı bu millət nə zamandı,
Yox Allahına edən itaət nə zamandı
Bəs qorxu yaranmır bu bəşər, millət içində ?
Baxmır halala, yedikləri ancaq haramdır,
Heç bir əliaçıqlığı yox, xain adamdır.
Var varlı bir insan xəyalı xamdır, avamdır
Bağlar gözünü badə eyşi-işrət içində.
Neyçin qaçır insan da ibadətdən, ay Allah,
Qorxmazmı o kəslər ya qiyamətdən, ay Allah ?
Sən milləti azad elə, qəflətdən, ay Allah
Haçanadək yatıb qalacaq qəflət içində ?
Neyçün getməyir bir-biri ilə yola millət,
Rəhm eylə, Xuda, qoyma saralıb - sola millət.
Yaz mənalı şeir, eşidib məst ola millət,
Nöş yoxdu məna söylədiyin söhbət içində ?
Sən bilginən Allahdı verən ağıl insana,
Dost söyləmə heç vaxt xain, paxıl insana.
Bənd olmaginən hər gülüşü qızıl insana,
Zahirdə mələksə, yaşayır nifrət içində.
Üç rəngli olan bayrağa qurban olaram mən,
Cismin gedəcək torpağa qurban olaram mən,
Gəl eylə zühr ey Ağa, qurban olaram mən,
Çün qalmışıq Allah hələ də həsrət içində,
İnsan çəkir hər vaxtı dərdi, əlbət içində.
BİR BAX
Allaha çıxıb qarşı, bu insanlara bir bax,
Uymuş şərə, şeytanlara, nadanlara bir bax.
Loğman da heç loğman deyil ki, dərdlərə baxsın,
Verməz ki şəfa dərdlərə, loğmanlara bir bax.
Zahirdə mələk, batini şeytandı bu qızlar,
Aşiq eləyən hamını cananlara bir bax.
Vardır elə insan kasıbdı, qəlbi təmizdir,
Gəl, varlı olub əmr eləyən xanlara bir bax.
İnsan vardır ki, onu heyvandan ayırmam,
Ondan da uca ağıllı heyvanlara bir bax.
Dağlı, bu qədər fikir eləmə dost-tanış üçün,
Atdı səni, candan əziz o canlara bir bax.
Dostları ilə paylaş: |