Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"



Yüklə 1,63 Mb.
səhifə2/23
tarix07.09.2017
ölçüsü1,63 Mb.
#29197
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   23

Eneolit dövrü. Neolit dövrünün sonlarında insanlar təsərrüfat və məişətdə metal əşyadan istifadə etməyə başlayırlar. Bu ilk metal mis olmuşdur. Mis məmulatının meydana çıxdığı bu dövr eneolit (mis-daş) dövrü adlanır və e.ə. VI-IV minillikləri əhatə edir.

O zamanlar Azərbaycanca sakin olan tayfalar Gədəbəy, Daşkəsən, Yuxarı Qarabağ ərazilərində olan mis yataqlarından istifadə edirdilər.

Azərbaycanin ərazisində eneolit dövrünə aid 60-dan çox yaşayış məskəni aşkar edilmişdir. Bunlardan I-Kültəpə (Naxçıvan), İlanlıtəpə (Mil-Qarabağ), Çalağantəpə, Qaraköpəktəpə, Zərgərtəpə (Muğan düzü) və başqa yaşayış yerlərini göstərmək olar. Bu ərazilərdən misdən hazırlanmış əşyalar-kiçik əyri bıçaq, nizə ucu, qayıq, bəzək əşyaları və s. şeylər tapılmışdır.

Eneolit dövrü əhalisi əkinçilik və maldarlıq, ev sənətkarlığının müxtəlif sahələri (dulusçuluq, daş və sümükişləmə, toxuculuq və s.), habelə balıqçılıqla məşğul olurdu. Dəmyə (təbii suvarma) əkinçiliyi geniş yayılsa da, süni suvarma əkinçiliyin izlərinə Mil düzündə şahtəpə yaşayış yerində rast gəlinmişdir. Taxıl bitkisinin 10-a qədər növü (buğda, arpa, darı, vələmir, çöl noxudu və s.) becərilirdi.

Bu dövrdə dulusçular qabların davamlılığını artırmaq üçün gilin tərkibinə xırda doğranmış saman və başqa qatışıqlar əlavə etmişlər. İnsanlar parça toxumağı və gön dərini emal etməyi bacarırdılar.

Azərbaycanın enolit dövrü əhalisi qonşu tayfalarla, həmçinin Ön Asiyanın qədim mədəniyyət mərkəzləri ilə ünsiyyətdə olmuşlar.

Enolit dövrüdə Azərbaycanda həm ictimai-sosial, həm iqtisadi, həm də mədəni həyatda mühüm dəyişiklik və irəliləyiş baş vermişdi.

Mis dövründə sosial ictimai həyat tərzi və dünya görüşündədə mühüm dəyişikliklər baş verdi. Qədim Şərqdə olduğu kimi ölünün yaşayış yerində və ya divarın dibində dəfn etmək adəti var idi. Əliköməktəpədə (Cəlilabadda) 20-dək qəbirdə ölü qırmızı boya ilə boyanmış, həsirə bükülərək qəbirə sağ və ya sol böyrü üstə gömülmüş, üzünün qarşısına isə su qabı (cam) qoyulmuşdu.

Qoşa nigahlı ailənin meydana çıxması və möhkəmlənməsi istehsal vasitələri üzərində irəliyə doğru mühüm addım idi. Maldarlıq və əkinçiliyin sürətli inkişafı ilə təsərrüfatda habelə ictimai həyatda kişilərin mövqeyi möhkəmləndi.

Tunc dövrü. Eneolitin son mərhələsində metallurgiya sahəsində baş verən dəyişiklik yerli tayfaların həyatında yeni daha mütərəqqi mərhələnin – Tunc dövrünün başlanğıcığını qoydu. Bu dövr 3 min ilə qədər davam etmiş və e.ə. IV-II – minillikləri əhatə etmişdir.

Azərbaycan ərazisində Tunc dövrü bir neçə inkişaf mərhələsi keçmişdir. Şərti olaraq onlar ilk, orta və son Tunc dövrləri adlanmışlar. Erkən (ilk) tunc dövrü Kür-Araz mədəniyyəti də adlanır. Bu mədəniyyətin əsas təşəkkül və yayilma sahəsi Kür-araz ovalığı olsada bu mədəniyyətin izlərinə Anadolu yaylası, İran, Suriya, Şimali Qafqaza qədər ərazilərə də yayılmışdır. E.ə. III minilliyin birinci yarısında toxa əkinçiliyi xış əkinçiliyi ilə əvəz olunmuşdu. Nəticədə dağətəyi bölgələrdə də əmək məhsuldarlığı yüksəldi. Düzən yerlərdə süni suvarma əkinçiliyi, dağətəyi və dağlıq yerlərdə isə dəmyə əkinçiliyi geniş yayılmışdı

Erkən tunc dövründə ev maldarlığından köçmə, yaylaq maldarlığına keçid baş vermişdir. Bununla əlaqədar olaraq yalnız heyvandarlıqla məşğul qəbilələr meydana çıxırdı. Əkinçilik və maldarlığın bir-birindən ayrılaraq müstəqil sahələr kimi fəaliyyət göstərməsi ibtidai-icma cəmiyyətinin tarixində birinci ictimai əmək bölgüsü adlanır.

Tunc dövründə ana nəsli ata nəsli ilə (patrixal) əvəz edilməyə başlayır. Patriarxal ailə münasibətləri genişlənməyə başlayır.

Erkən tunc dövrünün mühüm yeniliklərindən biri metallurgiya və metalişləmənin sürətlə inkişafıdır. Beləki, metallurgiya və metalişləmə ilə bağlı texnoloji proseslərin bütün mərhələlərini əks etdirən arxeoloji materiallar (soba, buta, parç, qəliblər) tapılmışdır. Məsələn Babadərviş yaşayış məskənində soba açılıb öyrənilmişdir. Tunc dövrünün abidələri Xocalı, Gədəbəy, Daşkəsən, Gəncə, Mingəçevir, Şəmkir, Naxçıvan və başqa ərazilərdə aşkar edilmişdir. Şəmkir və Mingəçevirdə tunc baltalar və nizə ucları hazırlamaq üçün daş qəliblər aşkar edilmişdir.

E.ə. III minillik insanların həyatında əmlak bərabərsizliyinin ilkin əlamətlərinin üzə çıxdığı, həmdə ilkin tayfa birliklərinin yarandığı dövr kini xarakterizə olunur. Belə ki, bu dövrdə Azərbaycanın cənubunda kuti, lullubi tayfa birlikləri və Kür-Araz vadisində daha bir tayfa birliyi meydana çıxmışdı.



Orta tunc dövrü. Bu dövr e.ə. III minilliyin sonlardan-e.ə. II minilliyin I yarısına qədər davam etmişdir. Orta tunc dövründə Azərbaycanda sənətkarlıq peşəkar sahəyə çevrilmiışdi. Boyalı qablar mədəniyyəti yarandı. Yaşayış yerlərində sənətkarlıq məhəllələrinin varlığı xüsusi sənətkar zümrələrinin formalaşması ilə bağlı olmuşdur. Belə ki, bu dövrdə sənətkarlıq başqa təsərrüfat sahələrindən ayrılaraq müstəqil inkişaf edir. Sənətkarlıq məhsullarına artan tələbatı ödəmək üçün bu və ya digər sənət sahəsi ilə məşğul olan şəxs başqa işlərdən əl çəkir, bütün diqqətini yalnız öz sənətinə verirdi. Cəmiyyətin həyatında mühüm rol oynayan ikinci böyük ictimai əmək bölgüsü, sənətkarlığın bütün sahələrinin (dulusçuluq, metalişləmə, ağac və sümükişləmə və s.) sürətlə inkişafı nəticəsində baş vermişdi. Sənətkarlığın müstəqil inkişafı nəticəsində sənətkarlıq məhsulları satlıq məhsula-əmtəəyə çevrilməyə başlamışdı. Alqı-satqının isə genişlənməsi öz növbəsində tacirlər zümrəsinin yaranmasına səbəb oldu.

Naxçıvanda orta tunc dövrünə aid yaşayış məskənlərinin öyrənilməsi burada Şərqin ən qədim və ilkin şəhər mədəniyyətinin təşəkkül tapmasından xəbər verir.

Orta tunc dövründə əkinçilik süni suvarmaya əsaslanmış, xış əkinçiliyi tətbiq edilmişdi. Əsasən buğda, arpa və darı becərilirdi. Üzümçülük də kənd təsərrüfatının inkişaf etmiş sahəsi idi. Belə ki, arxeoloji tədqiqatlar zamanı tapılan mədəni üzüm tumları, şirəsıxan daş təknələr bu dövrdə üzüm emalının və şərabçılığın yarandığını göstərir. Bu dövrdə bağçılıq, bostançılıq inkişaf etmişdir.

Son tunc və ilk dəmir dövrü e.ə. XIV-e.ə.VIII əsrləri əhatə edir. Bu dövrlər aşağıdakı arxeoloji mədəniyyətlər əsasında öyrənilmişdir: Xocalı-Gədəbəy mədəniyyəti; Talış-Muğan mədəniyyəti; Naxçıvan mədəniyyəti.

Tunc dövrünün sonlarına yaxın əmlak və ictimai bərabərsizlik dərinləşməyə başlayır, icma quruluşlarının əsasları sarsılır, böyük tayfa ittifaqları yaranır. Təsərrufat tayfalarının ümumi mülkiyyətdən ayrı-ayrı ailə başçılarının mülkiyyətinə çevrilirdi. Tayfa başçıları tədricən maddi sərvətləri öz əllərinə alırlar. Tayfalar arasında otlaq, qul ələ keçirilmək üstündə toqquşmalar təşkil olunurdu.

E.ə. II-ci minilliyin sonu I-ci minilliyin əvvəllərində tunc alətləri tədricən dəmirlə əvəz olunmağa başlayır. Dəmirdən istifadə olunması ilə bəşər tarixində yeni dövr-Dəmir dövrü başladı. Bu tunc və mis alətlərin sıxışdırılıb atılmasına, torpağın becərilməsinin yaxşılaşdırılmasına və genişləndirilməsinə geniş imkanlar açdı. Bununla da əkincilik insanın əsas və daimi məşğuliyyətinə çevrildi.

İbtidai-icma qurluşunda məsuldar qüvvələr ləng də olsa inkişaf etməkdə idi. Daş alətlərdən metal alətlərə keçid istehsal üsülunda əsaslı çevrilişə səbəb oldu. Tədricən insan əməyinin tətbiq olunduğu sahələr genişlənir, insanların yeni peşə sahələri meydana çıxır, ayrı-ayrı ailələrin müstəqil məşğul olmaları üçün şərait yaranırdı.

Metallurgiya və və metalişləmə sənəti yüksəliş dövrü keçirirdi. Sənətkarlıqda gön-dəri və toxuculuq sahələri inkişaf edirdi. Saxsı qab istehsalında ayaqla hərəkətə gətirilən dulus çarxının geniş tətbiqi istehsalın həcmini və məhsulun keyfiyyətini artırmışdı. Gəncə ərazisində qara və boz rəngli qablar, Qarabağda qara cilalı və həndəsi naxışlı saxsı qab hazırlanması üstünlük təşkil etmişdi.

Son tunc - erkən dəmir dövründə tayfalararası və ölkələrarası ticarət də inkişaf etmişdi.

İbtidai-icma quruluşunun dağılmasına səbəb olan ziddiyyətlər yetişməkdə idi. istehsal alət və vasitələri üzərində xüsusi mulkiyyət meydana çıxırdı. Tayfa ağsaqqalları və bəzi üzvləri icmalardan ayrılır, yaxşı torpaqları öz əllərinə keçirir, ictimai vəzifələri irsi olaraq öz varislərinə verirdilər.

Xüsusi mülkiyyətin və mübadilənin inkişafi xüsusi mülkiyyətin ictimai mülkiyyətə qarşı qoyulmasına, ailələrin bir hissəsinin varlanmasına, digər hissəsinin isə yoxsullaşmasına səbəb olundu. Meydana çıxan icma əyanları qalan icmaçıları özləri üçün işləməyə məcbur edirdilər.

Tədricən varlı tayfalar başqa tayfaları öz nüfuzları altına alır, bəzən də tayfa ittifaqlarının başında dururdular.

Bütün bu daxili ziddiyyətlər ibtidai-icma quruluşunun dağılmasına səbəb oldu. İstehsal münasibətlərinin məhsuldar quvvələrinin xarakterinə uyğun gəlməməsi onlar arasında mübarizəyə səbəb olmuş yeni istehsal münasibətlərinin yaranmasını labüd etmişdi. Cəmyyət siniflərə bölünmüş dövlət yaranmışdır.

Beləliklə e.ə.I-ci minilliyin əvvəllərindən başlayaraq ilk sinifli cəmiyyət yaranmışdır, insanın insan tərəfindən istismarına və xüsusi mülkiyyətin yaradılmasına başlanmışdır.

II Mövzu:

Azərbaycan ərazisində tayfa ittifaqlari və qədim

dövlətlər.

P l a n :


1. Miladdan qabaq III-II minillkilərdə Azərbaycanın etnosiyasi

xəritəsi.

2. İlk Azərbaycan dövlətləri: Aratta, Lillubium və Kutium

dövlətləri.

3. Manna və Atropatena quldar dövlətləri və onların ictimai –

siyasi quruluşu.

4. Qafqaz Albaniyası: sərhədləri etnik tərkibi ,vilayətləri və

təsərrüfatı.



Ədəbiyyat:
1. Azərbaycan tarixi.VII cilddə, I cild. Bakı,1998. səh.166-414.

2. Azərbaycan tarixi .Bakı,1994. səh.73-169.

3. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı,1998. səh.1-11.

4. Qaşqay S. Manna çarlığının tarixindən. Bakı, 1971.

5. Fazili A. A. Atropatena e.ə.IV-bizim eranın VII əsri. Bakı, 1992.

6. Məmmədova F.Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğra-

fiyası. Bakı,1986.

E.ə. II minilliyin ikinci yarısı ibtidai icma quruluşunun intensiv surətdə dağılması və ilkin sinfi qurumların yaranması ilə səciyyələnir. Azərbaycan ərazisində hər yerdə sinifli cəmiyyət eyni vaxtda yaranmamışdır. Çünki burada ictimai, iqtisadi və sosial dəyişikliklər müxtəlif vaxtlarda baş vermişdir. Azərbaycanın cənubu, xüsusilə cənub-qərb torpaqları Mesopotamiyanın quldar cəmiyyətinə yaxın olmuşdur. Mesopotomiyada baş verən dəyişikliklər Azərbaycanın cənub hissəsinə də təsir göstərirdi. Artıq e.ə. III-II min.Azərbaycanın cənubunda erkən dövlət qurumları meydana gəlmişdir.

E.ə. III-II min. Urmiya gölü ətrafında lullubi, kuti,su,turukki: Arazdan şimalda Naxçıvan və Mil-Qarabağ ərazilərində naxç, gərgər tayfaları və s. tayfalar yaşamışlar. Bu tayfalar qonşu Mesopotomiya ilə sıx mədəni-iqtisadi əlaqədə olmuşlar.

İnsanlarda sərvət əldə etmək, qonşuların sərvətinə malik olmaq meylləri güclənir. Tayfalararası müharibələr artır, zəif tayfalar məğlub olaraq iri və güclü tayfalar ətrafında birləşməyə başlayırlar.

Mənbələr artıq e.ə. III minilliyin sonlarına yaxın Azərbaycanın cənub –qərb vilayətlərində lullubilərin və kutilərin tayfa itifaqlarının yarandığını göstərir.

Lillubilərin şərq qonşuları kassitlər, cənubi-şərq qonşuları isə elamlılar idilər. Urmiya gölünün qərb və şimal sahillərindəki bəzi vilayətlərdə isə xurritlər yaşa­yır­dılar.

E.ə.III və I miniliyin başlanğıcına qədər həmin ərazilərdə yaşayan əhalinin etnik və dül tərkibində demək olar ki, heç bir dəyişilik baş verməmişdi.

E.ə.I minilliyin başlanğıcında Cənubi Azərbaycan ərazisində sakin olan qədim tayfaların bir hisəsinin manna tayfalarından ibarət olduğu göstə­rirlər. On­lar Urmiya gölündən cənub və şərqdə yaşamışlar.

Mannalılar haqqında ilk məlumatı Assuriya daşüstü yazıları verir. Manna tayfaları etnik, iqtisadi və mədəni cəhətdən lullubi tayfalarının varisləri sayılırlar.

Mannalardan şərq və cənub-şərqə doğru Midiya tayfaları yerləşmişdilər. Onlar haqqında ilk məlumata e.ə.IX əsrə aid olan Assuriya yazılarında rast gəlmək olur. Midiyalıların yerləşdiyi həmin ərazi “ Maday” və ya “Amaday” adlanırdı.

E.ə I minillikdə Azərbaycan ərazisində kadusilər, kaspilər, albanlar və başqa tayfalar da yaşayırdılar. Kadusilər Qarasu (Qaradağda ) çayı vadisində və Araz çayı-nın cənub axarı ilə qonşu yerlərdə yaşamışlar.

Kaspilər Xəzər dənizinin qərb və cənub –qərb sahillərində yaşamış və son-ralar midiyalılar, albanlar və başqa tayfalarla qarışmışlar.

Alban tayfaları güclü tayfalardan olub Kür çayının şimalında yaşamışlar. E.ə VII əsrdə Azərbaycanın düzənlik ərazilərində skif (iskit) tayfaları da yaşamışlar.

Tarix inkişaf etdikcə Azərbaycan ərazilərində yaşayan tayfalar tayfa ittifaqlarında birləşməyə başlayırlar. Bu tayfa ittifaqlarında birləşdirici qüvvələr iqtisadi və siyasi cəhətdən az-çox inkişaf etmiş tayfalar idilər. Çox vaxt tayfa itifaq-larının adları güclü tayfanın adı ilə tanınır və adlanırdı.

Azərbaycanda erkən tayfa ittifaqlarının yaranması və dövlət halında birləş-məsi gedişini qaynaqlar əsasında dəqiq müəyyənləşdirmək mümkün deyil. Lakin e.ə. III minillikdə Azərbaycanda müxtəlif ad daşıyan dövlət qurumlarının meydana gəlməsi müşahidə olunur.

Aratta – Azərbaycan ərazisində (Güney Azərbaycanda) e.ə. III minilliyin I yarısında meydana gəlmiş ilk dövlət qurumu. Onun ərazisi Urmiya gölünün cənub və cənub şərq hissəsini əhatə edirdi. Diyala çayının yuxarı axarı və müasir Zəncan-Qəzvin ərazisi Arattanın aşağı sərhəddini təşkil edirdi. Aratta dövləti İkiçayarası(Mesopotamiya) şəhər dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqələrə girmişdi. Bu ölkə ilə əlaqədar hadisələr (e.ə.III minilliyin birinci yarısı) bir neçə Şumer dastanında əks olunmuşdur. Məsələn: “En-Merkar və Aratta hökmdarı”, “En- Merkar və En-Sukuşşiranna və s.

Bu dövlət Şumer şəhər dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqələr saxlayırdı. Şumerin paytaxtı Uruk və onun hökmdarı En-Merkar ilə Arrata arasında əlaqələr genişlənirdi. Aratta hökmdarı En-Sukuşsirana Şumerlərə bir müttəfiq kimi yanaşı, hətta samilərin Şumerə hücumları zamanı onlara hərbi yardım da etmişdi.

Eyni zamanda bu iki dövlət arasında münaqişələr də olur, biri-digərini tabe etməyə çalışırdı. Arattanın coğrafi mövqeyi və yerləşdiyi ərazi haqqında müxtəlif fərziyyə və mülahizələr irəli sürülüb.

Erməni tarixçiləri XIX əsrdən başlayaraq Aratta sözünü Ayrarat (Ayrorat, daha dəqiqi Ararat) kimi təhrif edərək Ağrı dağı ətrafında (Şərqi Anadoluda) lokalizə etməyə çalışmış və Aratta dövlətinin ən qədim erməni dövləti olduğunu qeyd etmişlər (hər nə qədər ermənilərin (ərmənlər) və ermən tarixinin haylarla yaxından-uzaqdan əlaqəsi olmasa da). Lakin Arattanı təsvir edən qədim qaynaqlardakı təbii-coğrafi şərait və faydalı qazıntı yataqlarının heç biri Şərqi Anadoluda olmadığından ermənilərin bu əsassız iddialarının tarixi saxtalaşdırmaq cəhdindən başqa bir şey olmadığı və heç bir elmi mənbəyə əsaslanmadığı üzə çıxır. Şumer dastanları qiymətli lacivərd daşının Arattadan gətirildiyini qeyd edirlər. Məhz bununla əlaqədar tədqiqatçılar Arattanı lacivərd yataqları olan əraziyə şamil edirlər.

Zəngin yeraltı faydalı sərvətləri olan Arattanın əhalisi qızıl, gümüş, qurğuşun ,mis və s.hasil edir və Mesopotamiya ərazisinə ixrac edir, oradan isə Arattaya taxıl və meyvə gətirilirdi.

E.ə.III minilliyin ikinci yarısında Şumer şəhər dövlətləri süquta uğradı.Mesorotamiya Akkad dövlətinin hakimiyyəti altında birləşdirildi. Bu zaman Aratta bir dövlət kimi artıq siyasi səhnədən çıxmışdı. Keçmiş Aratta dövlətinin qərb torpaqlarında lullubi tayfalarının ittifaqı yaranmışdı.Bu tayfa ittifaqına turukku və su tayfaları da daxil olmuşdular.

Lullubi dövlət qurumu. E.ə.XXIII əsrdə Urmiya gölünün cənubunda Lullubi dövlət qurumu yaranır. Lullubilər haqqında ilk məlumat Akkad mənbələrində verilmişdir. Azərbaycan ərazisində yaranmış etno-siyasi birliklərdən biri olan lullubilər Diyala çayının yuxarı axarından Urmiya gölünədək olan torpaqlarda kutilərdən cənubda və şərqdə yaşayırdılar.

Lullubi hökmdarı Satuni (e.ə.2230-2200). Akkad dövlətinə qarşı hərbi birləşmələrdə iştirak etmişdir. Əvvəllər Lullubium padşahlığında xırda hökmdarlar olmuşdur. Lullubi hökmdarı İmaşqun xırda hakimləri mərkəzi hakimiyyətə tabe edir. Beləliklə e.ə. XXIII əsrin sonlarına yaxın Urmiya gölünün cənubunda Akkad dövləti ilə mübarizə aparan güclü Lullubium dövləti yaranır. Bu dövlət hökmdar Anubanninin dövründə (e.ə.2170-2150) daha da güclənir.Onun siyasi və hərbi nailiyyətləri “Daş sütunu” mixi yazılı abidəsində həkk olunmuşdur. E.ə. XXII əsrə aid olan bu kitabədə Akkad dilində yazılmışdır: “Anubanini, qüdrətli çar, Lullubum çarı öz təsvirini və İştar ilahəsinin təsvirini Batir dağında həkk etdirdi”. Bu yazı əsasında müəyyən olunmuşdur ki, Lullubi hökmdarı Anubaniniyə tabe olan torpaqlar Urmiya gölündən Diyala çayının orta axarınadək uzanırdı.

Lillubilər də Arattalılar kimi Mesopotamiya şəhər dövlətləri ilə əlaqə saxlayırdılar. Buradan mal-qara aparılaraq, ölkəyə taxıl gətirilirdi.

Lullubilər mixi yazılarına bələd idilər. Anubanninin “Daş sutunu” lullubu ustaları tərəfindən yazılımışdı.

Lullubilər səma, bərəkət, məhəbbət, ay, günəş və s. Allahlara sitayış, edirdilər. Səma allahı Anunilin adı birinci çəkilirdi.

E.ə.II minillikdə vahid Lullubium dövləti parçalanır və yerində xırda hakimiy-yətlər yaranır. Mənbələr bu dövrdə “çoxlu lillubi hökmdarları” ifadəsini işlədir.



Kuti dövlət qurumu. E.ə.III minillikdə Urmiya gölünün qərb və cənubi- qərb hissəsində kutu (və ya quti) tayfa birləşmələri var idi. E.ə. III minilliyin ikinci yarısında kutilərin dövlət halında birləşməsi başlamışdı. Döyüşkənliyi ilə seçilən və çoxlu əhalisi olan Kuti tayfa ittifaqı hətta Mesopataniyada gedən siyasi hadisələrə müdaxilə etməyə başlamışdılar.

Kutilərin hökmdarlı Enridovazis Akkad üzərinə dəfələrlə hücum etmiş və Akkad hökmdarı Naram-Suenin Şumerə hücumu zamanı şumerlərə kömək etmişdir. Hətta Kiti hökmdarının şərəfinə Şumerlərin Nippur şəhərində mixi yazılı abidə qoyulmuş və Enridavazir “Kutium və dünyanın dörd tərəfinin hökmdarı” adlandırılmışdır.

Sonralar kutilərin Mesopotamiyaya hücumları daha da aktivləşir. E.ə.2175-ci ildə Mesopotaniyada hakimiyyət kutu sülalələrinin əlinə keçir. Demək olar ki, burada kutilərin hakimiyyəti 100 ilə qədər davam etmişdir.

E.ə.III minilliyin sonlarında kuti hökmdarı Tirinanın dövründə kutilərin hakimiyyətinə qarşı narazılıq başlayır. Üzük şəhərinin əhalisi hökmdara qarşı çıxdılar. Muri şəhəri yaxınlığında qəflətən üsyançılar Trikan üzərinə hücuma keçirlər. Kutilər məğlub olur və hökmdar əsir düşür. E.ə. 2104-cü ildə kutilərin hakimiyyətinə son qoyulur.

E.ə.II minilliyin əvvələrində Urmiya gölü hövzəsində yaşayan turukku (turiki) və su tayfaları siyasi fəaliyyətə başlayır. Onlar əvvəlki dövrlərdə Aratta, sonra isə Kutium və Lullubium dövlətlərinin tərkibinə daxil idilər. Bu dövlət qurumları süquta uğradıqdan sonra turukku və su tayfaları Mesopatamiya hadisələrinə müstəqil surətdə qarışmağa imkan tapdılar. Turukkular Zaqros dağlarını aşaraq Mesopotamiyaya daxil olurdular. Onlar Aşağı Zab çayına qədər gələrək hurrit tayfaları ilə əlaqələrə girirdilər. Umimiyyətlə turukkular Assur dövləti üçün böyük təhlükə mənbəyi idilər. Assur hökmdarı Şamşı-Adad (e.ə.1813-1781) turukkulara qarşı hərbi yürüş təşkil edir, lakin bu tayfaların müdaxilələrinin qarşısını ala bilmir. Turukkilər Assuriyanın Şərqə doğru hərbi təcavüzünü dayandıraraq tarixi Azərbaycan torpaqlarını işğal təhlükəsindən qurtarmışdılar.

Manna dövləti. E.ə.I minilliyin əvvəllərində Cənubi Azərbaycanda, Urmiya gölü hövzəsində mərkəzləşmiş dövlətin meydana gəlməsi üçün şərait yaranır.

Bu dövlət Manna adlanır. Manna ərazisində bir sıra xırda dövlət birləşmələri mövcud idi və onlar xarici müdaxiləyə qarşı təkbaşına mübarizə aparırdılar. Manna ərazisində əsas vilayətlər bunlar idi. Zamua, Mazuma, Gilzan, Alateye, Zikirtu, Andia və s. Manna adı ilk dəfə e.ə.843-cü ildə Assur mənbələrində yad edilmişdir.Bu mənbələrdə Manna əslində tayfa adını bildirirdi.

Urmiya gölünün cənubunda Zamua vilayəti yerləşirdi. Bu ərazi lulluların məskəni olmuşdur. E.ə. IX əsrin birinci yarısında Zamua siyasi cəhətdən vahid deyildi və bir neçə müstəqil vilayətlərə parçalanmışdı. E.ə. 880- ci ildə assur hökmdarı II Aşşurnasirpal (e.ə.883-859) Zamua ölkəsinə hücum edir. Çoxlu xərac toplayaraq geri qayıdır.

Assuriya hökmdarı III Salmanasar e.ə.857, 856-cı illərdə Mannanın Zamua vilayətlərinə soxuldu və bir sıra şəhərləri tutdu.

E.ə 829-cu ildə III Salmanasar Manna hökmdarı Ualkinin (Udaki) hakimiyyəti altında olan torpaqlara soxuldu.Paytaxt Zizru(sonralar İzirtu) tutulur.

Assur hökmdarı V Şamşi-Adad (e.ə.823-811 ci illər) Mannaya yürüşünü Zamua torpaqlarından başladı və 300 yaşayış məskənini tutdu və dağıtdı.

Assuriyanın hərbi müdaxilələri Manna hökmdarlarını ölkəni vahid mərkəzdə birləşdirməyə vadar edirdi.

E.ə.IX əsrin ikinci yarısında Urartu da Manna torpaqları hesabına ərazilərini genişləndirməyə çalışırdı. Urartu Şərqi Anadoluda Van gölü (Türkiyə)yanında yaranmış dövlət idi.Urartu hökmdarı İşpiuni və oğlu Menua e.ə. 812-ci ildə Mannanın Meişta vilayətini ələ keçirir. Lakin çox çəkmir ki, Mannalılar Urartu işğalçılarını qovub çıxarırlar.

E.ə.VIII əsrin birinci yarısında Assuriya siyası cəhətdən zəifləyir. Belə şəraitdə Urartu fəallaşaraq Mannaya hücumlara başladı. Urartu hökmdarı I Argişti (e.ə.781-760) bir neçə dəfə (yəni-e.ə.781-774) Manna torpaaqlarına soxuldu. Daha sonra II Sarduri (e.ə.760-730) e.ə.750-ci ildə mannaya hücum etdi, e.ə.747-ci ildə C.Azərbaycana soxuldu.

Assuriyada III Tiqlatpalasarın (e.ə.744-727) hakimiyyətə gəldikdən sonra dövləti gücləndirməyə çalışdı. Mannada və başqa ölkələrdə Assuriyanın siyasi təsirini artırmaq məqsədilə Urartu ilə toqquşmalı oldu. Manna hökmdarı İranzu (e.ə.740-719) yaranmış siyasi vəziyyətdən bacarıqla istifadə etdi. Assuriya ilə Urartu arasında gedən müharibələrdən istifadə edən İranzu itiril-miş torpaqları geri qaytara bildi.

İranzu bütün Manna vilayətlərini mərkəzi hakimiyyətə tabe etdi və ölkədə canişinlik sistemi yaratdı.Mannanın sərhədləri şimalda Araz çayı ilə, cənub və cənub şərqdə Kassi ölkəsi, Pars və Lidiya ilə həmsərhəd idi.

İranzunun hakimiyyəti illərində Manna demək olar ki, Cənubi Azərbaycan-nın sərhədlərində bərqərar oldu və Urmiya gölü hövzəsində ən qüvvətli bir dövlətə çevrildi.

Urartu hökmdarı I Rusa (e.ə.730-714) işğalçılıq niyyətini həyata keçirmək məqsədilə Mannanın Zigurtu vilayətinin canişini Metatti və başqa şəhərlər ilə sazişə girdi. E.ə. 719-cu ildə Mannanın Şuandahul və Durdukka şəhərlərinin əhalisi Metattiyə arxalanaraq İranzuya qarşı üsyana qalxdı. Assuriya hökmdarı ittifaqa sadiq qalaraq üsyanı yatırdı.

İranzunun vəfatından sonra (e.ə. 719) oğlu Aza (e.ə.718- 716 ) hakimiyyətə gəldi. Onun dövründə ölkə daxilində ixtilaflar gücləndi və dövlətdə parçalanma təhlükəsi yarandı.Urartu hakimi Rusa bundan istifadə edərək e.ə 716-cı ildə Azaya qarşı sui- qəsd təşkil edir və Aza öldürülür. Aza həlak olduqdan sonra onun qardaşı Ullusunu (e.ə.716-680) Manna hakimiyyətinə sahib olur. Onun hakimiyyətə gəlməsində Urartu hökmdarı Rusanın əli olmuş və bunun əvəzində ona 22 qala hədiyyə etmişdi. Bundan qəzəblənən Assuriya çarı II Sarqon e.ə.716-cı ildə Mannaya hücum etdi. Ullusunu paytaxt İzirtu şəhərini tərk edərək qaçdı, şəhər tutuldu. İki il sonra, e.ə 714-cü ildə II Sarqon Mannaya daha geniş hücum çəkdi. Onun məqsədi Mannanı Urartu təsirindən azad etmək və öz mövqeyini Mannada möhkəmləndirməkdən ibarət idi. Bu hücumlardan sonra Manna uzun müddət Assuriya lə ittifaqda sadiq qaldı.

VII əsrin birinci rübündə Qafqazdan Mannanın qərb və cənub-qərb vilayətlərinə kimmer,sak tayfa birləşmələri gəlirlər və onlar Assuriya üçün böyük təhlükə təşkil edirlər. Mannalılar Assuriya əleyhinə onlarla ittifaqa girərək Assur əsarətindən qurtuldular. Manna hökmdarı Ahşeri (e.ə. 675-650) artıq müstəqil siyasət yürüdürdü.

Sonralar daxili ziddiyətlər nəticəsində Manna dövləti yenidən Assuriyanın asılılığına düşür. Ahşeriyə qarşı üsyan baş verir və o, 650-ci ildə öldürülür. Hakimiyyətə onun oğlu Ualli (e.ə. 650-630) gəlir. O, Assuriyanın vassallığını qəbul edir. Ölkə getdikcə zəifləyir və 615-610-cu illərdə Midiyaya tabe edilir. Mannanın adına son dəfə müqəddəs Bibliyada e.ə. 593-cü il hadisələrindən bəhs edilərkən rast gəlinir. Bundan sonra Manna adına heç bir tarixi mənbədə rast gəlinmir.

E.ə.IX-VIII əsrlərdə midiya tayfalarının ilk siyasi itifaqı meydana çıxdı ki, bunlar da gələcək Midiya dövlətinin rüşeymi idilər.

Manna dövlətinin paytaxtı İzurtu şəhəri olmuşdur. Hakimiyyətin başında dayanan hökmdarın səlahiyyətləri geniş idi. Belə ki, o dövlətin daxili və xarici siyasətini özü müəyyən edir, həmçinin dövrün siyasi hadisələrinə uyğun olaraq dəyişdirirdi. Mannada hökmdarın yanında fəaliyyət göstərən Ağsaqqallar Şurası məşvərətçi orqan idi.

Manna dövlətinin ərazisi vilayətlərdən ibarət idi. Onları hökmdarın təyin etdiyi hakimlər və canişinlər idarə edirdilər.

Mannanın əhalisi əkinçilik, maldarlıq və müxtəlif sənətlərlə məşğul olurdu. Belə ki, Azərbaycanın torpaqları və su ehtiyatları bol əkinçilik məhsulları yetişdirilməsinə imkan verirdi. Azərbaycanın coğrafi şəraiti sayəsində həm dəmyə yerlərdə, həm də suvarılan torpaqlarda əkinçilik inkişaf etmişdi. Quraqlıq rayonlarda bulaq və kəhriz sularından istifadə olunurdu.

Həsənlidə aparılan qazıntı işlərinin nəticələri bölgənin iqtisadiyyatında əkinçiliyin çox mühüm yer tutduğunu söyləməyə imkan verir. Burada iki və altı 157 cərgəli arpa, bir növ buğda və darı yetişdirilirdi. Digər tikintilər sırasında içərisində müxtəlif kənd təsərrüfatı məhsullarının qalığı olan anbarlar da aşkar edilmişdir.

Əkinçiliklə yanaşı, maldarlıq da təsərrüfatın ən mühüm sahələrindən biri idi. Cənubi Azərbaycanın şimal-qərb hissəsi - Qaradağın ətəklərinin Muğan düzü ilə qovuşduğu yerlər yaxşı qış otlağı olmuşdur. Zaqros dağları boyunca geniş təbii otlaqlar vardır və burada ayaqaltı yemlə milyonlarla mal-qara saxlamaq mümkündür. Manna ərazisində qaramal, davar, at saxlanılması mixi yazılardan bəllidir. Burada köçəri (yaylaq-qışlaq) - maldarlıq inkişaf etmişdi, mal-qara yazda dağlara sürülür, payızda vadilərə gətirilirdi. Manna çarlığının vilayətlərində atçılığa xüsusi, çox böyük əhəmiyyət verilirdi. Kənd təsərrüfatında həm tunc, həm də dəmir toxalardan, dəmir tiyəli oraqlardan istifadə edilirdi.

Metallurgiya və metalişləmə, dulusçuluq, daşişləmə, sümükişləmə, əyiricilik və toxuculuq geniş surətdə inkişaf etmişdi. Əhali metal hasil etməyi və ondan əşyalar qayırmağı çox yaxşı öyrənmişdi. Tunc məmulat həm təsərrüfatda, həm də hərbi işdə geniş tətbiq olunurdu. Misdən tunc xəlitəsi almaq üçün aşqar kimi cürbəcür metallardan istifadə edilirdi. Əsas aşqar kimi qalay işlədilirdi. Bu ərazidə qalayın olmaması və görünür, onun fasilələrlə gətirilməsi sənətkarları xəlitələrin alınması üçün qurğuşun, sürmə, arsen kimi əvəzedicilər işlətməyə məcbur edirdi. Zərgərlik məmulatından mis, tunc, gümüş və qızıl boyunbağılar, sırğalar, bilərziklər, kəmərlər, qızıldan, serdolikdən (əqiqdən), balıqqulağından düzəldilmiş çoxlu muncuq vardır. Ağacdan yonulmuş atlı heykəlciyi Həsənlidə ağac oymaçılığı sənətinin inkişaf etməsinin nümunəsidir. Həsənlidən həmçinin bir neçə müxtəlif parça qırığı, o cümlədən zərif və cod parça qırıqları tapılmışdır. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, bu parçalar qoyun və ya keçi yunundandır. Parça əriş və arğac saplarını bir-birinə keçirmə metodu ilə toxunurdu

Manna ərazisində yaşayış yerlərini iki qrupa bölmək olar: möhkəmləndirilmiş şəhər-qalalar və onların ətrafında yerləşən məskənlər.

Allahlara ibadət etmək üçün məbədlər tikilirdi Yerli əhalinin dini baxışları haqqında yazılı mənbələrin məlumatı son dərəcə məhduddur, bu qaynaqlarda Urmiya gölü hövzəsinin qədim sakinlərinin sitayiş etdikləri allahların adı çəkilmir, məbədlərin adı göstərilmir. Əldə olan bir neçə məlumat belə güman etməyə əsas verir ki, mannalıların şəhərlərində ayrı-ayrı məbədlər varmış və bu məbədlərdə allahların heykəlləri qoyulubmuş. Həsənli təpəsində qazıntı zamanı aşkara çıxarılmış şəhərin Manna ərazisində mövcud olması cəmiyyətin yüksək sosial-iqtisadi, siyasi və mədəni inkişaf səviyyəsinə sübutdur.


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin