Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"



Yüklə 1,63 Mb.
səhifə8/23
tarix07.09.2017
ölçüsü1,63 Mb.
#29197
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

Vergi və mükəlləfiyyətlər. XIII əsrin 30-50-ci illərində monqolların tətbiq etdiyi ağır vergi siyasət nəticəsində ölkə iqtisadiyyatına güclü zərbə dəymişdi.

XIII-XIV əsrlərin mənbələrinin verdiyi məlumatlardan məlum olur ki, bu dövrdə əhalidən dövlət və feodalların mənafeyinə 45 adda müxtəlif vergi və mükəlləfiyyət tələb edilirdi. Əhalinin istifadə etdiyi torpağın müqabilində alınan əsas vergi xərac idi. Basqaqlar tərəfindən toplanan xərac ildə iki dəfə yığılırdı: ilin əvvəlində bu vergi əsasən pulla, məhsul yığımı dövründə isə pul və məhsulla ödənilirdi.

Hülakülər dövründə tətbiq olunan ağır vergilərdən biri də qopçur (monqol dilində "otlaq" mənasına gəlir) idi. Bu vergini əvvəllər köçəri maldarlar ödəyirdilər (hər 100 baş mal-qaradan 1 baş heyvan alınırdı). Sonralar isə qopçur can vergisinə çevrilərək şəhər və kəndlərin oturaq əhalisinə də şamil edildi.

Çingiz xanın dövründən etibarən şəhər sənətkarlarından, ticarətdən alınan vergilər tamğa adlanırdı. Tamğa vergisi pulla ödənilirdi və onun məbləği çox yüksək idi. Ticarət karvanlarından yol haqqı - bac alınırdı. Bağlardan alınan xüsusi xərac bağbaşı adlanırdı.

Dövlət aparatının ayrı-ayrı zümrələrinin maddi cəhətdən təmin olunması üçün şəhər və kənd əhalisindən müxtəlif vergilər alınırdı. Tərx adlanan mükəlləfiyyət əhali üçün ağır idi. Bu mükəlləfiyyətə əsasən əhali dövlət anbarlarında yığılıb qalmış izafı kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən yüksək qiymətə almalı olurdu.

Sənətkarlıq. XIII-XIV əsrlərdə sənətkarlığın ən geniş yayılmış sahələrindən biri toxuculuq idi. Toxuculuqda pambıq və ipək parçaların istehsalı mühüm yer tuturdu. Toxuculuq başlıca olaraq Təbriz, Gəncə, Naxçıvan, Xoy, Beyləqan və Ərdəbil şəhərlərində inkişaf etmişdi.

XIII əsrin sonu - XIV əsrin əvvəllərində Təbrizdə bir sıra iri sənətkarlıq emalatxanaları (karxanalar) təşkil edildi. Bu karxanalarda monqol xanlarının tələbatını ödəyən bahalı ipək parçalar hazırlanırdı. Ərdəbildə zolaqlı və alabəzək parçalar, Bərzənddə ipək örtüklər, Şəmkirdə yun paltar hazırlanır, Qəbələdə xam ipək istehsal olunurdu. XIII əsrin 70-ci illərində Azərbaycanda olmuş Marko Polo Şirvanı nəzərdə tutaraq qeyd edirdi ki, “burada xeyli ipək var, zərli və ipək parçalar hazırlanır, belə gözəl parçalara heç bir yerdə təsadüf etməzsiniz”. Azərbaycan sənətinin mühüm və geniş yayılmış növlərindən biri xalçaçılıq idi. Azərbaycan xalçaları ölkənin hüdudlarından kənarda da məşhur idi.

Metalişləmə sənəti, mis və mis-bürünc məmulatının, əsasən məişət təyinatlı qab-qacağın istehsalı metalişləmə sənətinin iri sahələrindən olmuşdur. Təbriz, Gəncə-Naxçıvan, Xoy, Şəmkir şəhərləri monqol yürüşlərinə qədərki dövrdə metalişləmə sənətinin mühüm mərkəzləri idi.

XIV əsrin əvvəllərindən etibarən Təbriz şəhəri keramika məmulatı istehsalı sahəsində yüksək inkişaf səviyyəsinə çatdı, Ərdəbil də dulusçuluq istehsalının mərkəzlərindən biri idi. Burada iri dulusçuluq emalatxanaları vardı.

Azərbaycan sənətkarlığında dəri məmulatı istehsalı mühüm yer tuturdu. Təbriz və Marağa nəinki Azərbaycanda, habelə bütün Yaxın və Orta şərqdə dəri məmulatı istehsalının başlıca mərkəzləri idi.

Sənətkarlar, xırda tacirlər ictimai mənafelərinin müdafiə olunması üçün dini ictimai-siyasi təşkilatlar (əxi-qardaşlıq) və peşə təşkilatları yaratmışdılar.



Ticarət və pul dövriyyəsi. XIII əsrin əvvəllərində Azərbaycanın monqol-tatarlar tərəfindən işğalı kənd təsərrüfatı və sənətkarlıqda olduğu kimi, ticarət həyatına də ağır zərbə vurdu. XIII-XIV əsrlərdə Azərbaycan Çin, Hindistan, İran, İraq, Misir, Gürcüstan, Dağıstan, Rusiya və Avropa ölkələri ilə ticarət əlaqələri saxlayırdı. Azərbaycan xarici ölkələrə xam ipək, yun və pambıq, neft, duz, qızılı boya, zəfəran, ədviyyat, şabalıd, düyü, zoğal, badam, müxtəlif növdən olan zərif parçalar, xalça, mis, ağac və saxsı məmulatı ixrac edirdi. Xarici ölkələrdən isə Azərbaycana nəfis ipək və zəri, pambıq parçalar, fil sümüyü, metal məmulatı, boya, ədviyyat, dərman, mal-qara, xəz və s. idxal edilirdi.

XIII-XIV əsrlərdə Hülakular dövlətinin əhatə etdiyi ərazidən keçən ticarət yollarının bir sıra mühüm qolları Azərbaycan ərazisindən keçirdi. Əsas şimal yolu Təbrizdən və Mərənddən keçərək Araz çayı sahillərinə qədər çatırdı. Azərbaycanın cənub əyalətlərindən keçən ticarət yolları əsasən iki məntəqədən - Həmədandan və Sultaniyyədən başlanırdı.

XIII əsrin sonlarında ticarət də müəyyən qədər canlanmışdı. Azərbaycanın Şərq və Avropa ilə geniş ticarət əlaqələri tədricən bərpa edilirdi. Ən mühüm ticarət yollarında karvansaralar tikilirdi. XIII-XIV əsrlərdə Qərblə Şərq arasındakı ticarətdə Venetsiyalı və Genuyalı tacirlər böyük rol oynayırdılar. Onlar Azərbaycana xəz, kətan, mahud, qalay gətirir, buradan isə ipək, ədviyyat, daş-qaş və sair aparırdılar. Ticarətdə Təbriz şəhəri əsas rol oynayırdı. Elxanilər dövründə Təbriz çox böyümüşdü. Lakin digər şəhərlər monqolların vurduqları ziyan nəticəsində uzun müddət dirçələ bilmədi. Məsələn Gəncə, Beyləqan və s.

Hülakülər dövründə ən yüksək pul vahidi tümən, qızıl və gümüş balış hesab olunurdu. Dinar, fəls, gümüş dirhəm daha az dəyərə malik idi. Elxani hökmdarı Əhmədin hakimiyyəti dövründə (1282-1284) sikkələrin dəyərinin aşağı enməsi ilə əlaqədar Elxanilər dövləti maliyyə böhranına məruz qaldı və dövlət xəzinəsi boşaldı. 1294-cü ildə Keyxatu xanın əmri ilə Elxanilər dövlətində yaranmış maliyyə böhranını aradan qaldırmaq məqsədilə Təbrizdə kağız pul “çao” buraxılmasına başlansada maliyyə vəziyyəti əksinə daha da pisləşdi.



Şəhərlər. Monqol-tatar işğalları Ərdəbil, Beyləqan, Gəncə, Marağa, Naxçıvan, Şamaxı, Xoy, Səlmas, Sərab, Şəmkir, Bərdə və Ucan şəhərlərini dağıntılara məruz qoymuşdu. Bununla yanaşı Elxanilər saray, mədrəsə, rəsədxana, şəhərləri inşa etməyə meyil göstərirdilər. 1290-cı ildə Təbrizin ətrafında Arquniyyə (Qazan xanın hakimiyyəti dövründə Şənbi-Qazan adlandı) adlanan böyük bir şəhərin əsası qoyuldu.

Qazan xanın islahatlarından sonra şəhər həyatının canlanma, iqtisadiyyatda müəyyən dirçəlişi ozünü göstərmişdi. XIII əsrin birinci yarısında Təbriz, Marağa, Naxçıvan, Ucan, Urmiya, Xoy, Səlmas və Sərab şəhərləri xeyli inkişaf etmişdi. Mənbələrin məlumatına görə Təbrizdə 200 min ev, 1 milyona yaxın əhali yaşayırdı. Elxanilərin vəziri olmuş Fəzlullah Rəşidəddin XIV əsrin əvvəllərində Təbrizdə "Rəbi-Rəşidi" şəhərciyi və "Darüş-Şəfa ("Şəfa evi") adlı elmi mərkəz təsis etmişdi. "Rəbi-Rəşidi" tədris, tibb, elmi müəssisələri, o cümlədən rəsədxananı birləşdirən bütöv bir şəhərcik idi.

XIII əsrin sonu XIV əsrin əvvəllərində Sultaniyyə şəhəri və Qazan xanın göstərişi ilə Xəzər dənizi sahilində, Kürün mənsəbində Mahmudabad şəhəri salınmışdı.

İri və orta şəhərlərin əhalisi əsasən sənətkarlardan və tacirlərdən ibarət olsa da kəndlilərdə az deyildi.



Maarif və elm. Monqol işğalı Azərbaycanın mədəniyyətinə də böyük ziyan vuraraq bir müddət elm, mədəniyyət və incəsənətin inkişafını ləngitdi. İşğalçılar əsarətə alınmış xalqların əsrlərdən bəri yaratdıqları mədəniyyət xəzinələrini dağıdıb məhv edirdilər. Lakin bütün bunlara baxmayaraq monqolların dövründə də Azərbaycan şərqin ən mühüm mədəni mərkəzlərindən biri olmuşdur.

İbtidai təhsil müəssisəsi "məktəb", orta təhsil müəssisəsi isə "mədrəsə" adlanırdı. İk təhsilini 15 yaşına çatanadək məktəbdə alan şagirdlər, sonra isə mədrəsəyə qəbul olunurdular.

Həmin dövrdə riyaziyyat, astronomiya, fəlsəfə, tarix və başqa elm sahələrində görkəmli alimlər yetişmişdi. Azərbaycanın məhşur riyaziyyatçısı Ubeyd Təbrizi “Risalətül-hesab” (Hesab kitabı), filosoflardan Mahmud Şəbustəri “Gülşəni-raz” (Sirlər gülşəni) və “Səadətnamə” kimi qiymətli elmi əsərlər yazmışlar.

Görkəmli alim Nəsrəddin Tusinin (1201-1274) rəhbərliyi ilə 1259-cu ildə açılmış Marağa rəsədxanası və eləcə də XIV əsrin əvvəlində Şam-Qazanda (Təbrizdə) tikilmiş rəsədxana Şərqdə astronomiya elminin mərkəzinə çevrilmişdi. Burada dünyanın bir çox ölkələrindən görkəmli alimlər çalışırdılar. Nəsrəddin Tusi “Zic Elxani” (Elxani cədvəlləri), “Əxlaqi Nasir” kimi əsərlərin də müəllifidir. Onun əsərləri şərqlə yanaşı Avropada da həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynamışdır.

Təbabətin inkişafında mühüm naiyyətlər əldə olunmuşdu. XIV əsrin əvvələrində Təbrizdə “Dar-üş Şəfa” (Şəfa evi) yaradılmışdı.

XIII-XIV əsrlər “Şərq tarixşünaslığının qızıl dövrü” hesab olunur. Tarixçilərdən Fəzlullah Rəşidəddin “Came ət təvarix” (tarixlər toplusu), Məhəmməd ibn Hinduşah Naxçıvaninin “Dəstül Əl-Kitab” (qanunlar kitabı) əsərləri dövrün siyasi, ictimai, iqtisadi tarixinin öyrənilməsi baxımından əhəmiyyətlidir.

Gəncəli Kirakos, Nizaməddin Şami, Əhməd ibn Məhəmməd və başqaları da məşhur tarixçi alimlər idilər.

Coğrafiya sahəsini inkişaf etdirmiş alimlərdən Zəkəriyyə Qəzvininin, Həmdullah Qəzvininin və Əbdürrəşid Bakuvinin adlarını göstərmək olar.

Musiqi sahəsində Səfiəddin Urməvinnin və Əbdülqadir Marağayinin xidmətləri çox böyük olmuşdur. Səfiəddin Urməvinnin “Dövlət kitabı” əsərində musiqi nəzəriyyəsinə və not sənətinə aid qiyməli fikirlər söyləmişdir. O, not yazısının banisi sayılır. Səfiəddin Urməvi hətta bir neçə klassik muğam yaratmışdır.

Ədəbiyyat. XIII-XV əsrlər saray ədəbiyyatının, qəsidə şerinin nisbətən zəiflədiyi bir dövr kimi qiymətləndirilir. Bununla yanaşı Seyid Zülfüqar Şirvani, Arif Ərdəbili kimi şairlər saray şerinin ənənələrini yaşadırdılar.

Dövrün görkəmli şairlərindən olan Zülfüqar Şirvaninin (1192-XIV əsrin əvvəli) qəsidə, qəzəl, qitə və rübailərdən ibarət olan böyük divanı (1345-ci il) Sankt-Peterburqda, M.E.Saltıkov-Şedrin adına Dövlət Kütləvi Kitabxanasının əlyazmalar şöbəsində saxlanılır.

Arif Ərdəbilinin (1345-1373) "Fərhadnamə" və Əssar Təbrizinin "Mehr və Müştəri" adlı poemaları dövrün keyfiyyətləri əsərlərindəndir.

Azərbaycan-türk dilinin əhəmiyyətinin artması ilə əlaqədar olaraq bu dildə yazılan əsrlərin sayı da çoxalmışdı. Türk dili dövlət dili səviyyəsinə qaldırıldı. Tarixçi Məhəmməd Naxçıvani qeyd edir ki, mühüm dövlət sənədləri əhaliyə 3 dildə -türk, ərəb və fars dillərində çatdırılırdı. XIII əsrdən Əli adlı bir şair tərəfindən yazılmış "Qisseyi-Yusif' adlı əsər Azərbaycan dilinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan dilində yazan şairlərdən biri də İzzəddin Həsənoğlu idi. O, Azərbaycanca olan şeirlərində "Həsənoğlu", farsca olan şeirlərində isə "Puri-Həsən" təxəllüsünü işlətmişdir. Onun Azərbaycan dilində yazılmış “Divani” böyük şöhrət tapmışdır.

Övhədi Marağainın yazdığı, “Dəhnamə” (on məktub) poeması Azərbaycan şairlərinin əsərləri içərisində xüsusilə seçilirdi. Poemada feodalların amansız zülmü və ruhanilərin ziyanlığı ifşa olunurdu.

Bu dövrdə Azərbaycanda elmin və ədəbiyyatın inkişafı ilə əlaqədar husn-xətt sənəti geniş yayılmışdı. Bütün kitabları xəttatlar gözəl xətlərlə yazıb köçürürdülər. Dövrün ən görkəmli xəttatlarından biri Mübarəkşah Zərrinqərı olmuşdur.

Memarlıq. Göstərilən dövrdə memarlıq daha da inkişaf etmişdi. Abşeronda, Naxçıvanda, Şirvanda, Təbrizdə memarlığın gözəl abidələri-qalalar, qullələr, məqbərələr, məscidlər, karvansaralar və s. indidə qalmaqdadır. Mərdəkan, Nardaran, Ramana qalaları, Naxçıvanın Cuğa kəndi yaxınlığında Gülüstan türbəsi, 1305-1313-cü illərdə Sultaniyyədə Olcaytu Xudabəndə türbəsi, 1322-ci ildə Bərdə türbəsi, XIV əsrin əvvəlində Təbrizdə Əlişah məscidi (sonralar Ərk qalası adını aldı), Naxçıvanın Qarabağlar memarlıq kompleksləri həmin dövrdə inşa edilmiş memarlıq nümunələridir.

Beləliklə, bütün bunlar bir daha sübut edir ki, Hülakülər dövründə baxmayaraq ki işğalçılar Azərbaycan mədəniyyətinin və elminin inkişafını ləngidir, maneçilik göstərirdilər, lakin xalq öz mədəniyyətini qoruyub saxlayır və inkişaf etdirirdi.



Mövzu: VIII
XIV əsrin sonu-XV əsrin əvvəllərində siyasi vəziyyət Azərbaycan feodal dövlətləri.

P L A N .

1.XIV əsrin sonlarında Azərbaycanın daxili və xarici vəziyyəti.

2.Hürufilik təlimi və Azərbaycanın siyasi həyatında onun rolu. İmadəddin Nəsimi.

3.XV əsr Azərbaycan feodal dövlətləri (Şirvanşahlar, Qaraqoyunlular

və Ağqoyunlular dövlətləri).

Ədəbiyyat

1.Azərbaycan tarixi.VII cilddə, III cild, səh.76-122.

2.Azəbaycan tarixi. Bakı, 1994. səh. 399-348

3.Azərbaycan tarixi üzrə qaynaqlar.Bakı,1989. səh.137-184.

4. Azərbaycan tarixi. İ.Əliyevin redaktorluğu ilə. Bakı, 1993. səh.149-153.

5.Azərbaycan tarixi.S.Əliyarlının redaktorluğu ilə. Bakı, 1996. səh.277-299.

6.Priyev V.Azərbaycan Hülakilər dövlətinin tənəzzülü dövründə. Bakı,1978

XIV əsrin sonlarında Azərbaycanın şimalında mövcüd olmuş Şirvanşahlar dövlətinin hökmdarı Hüşəngin (1372-1382) apardığı yarıtmaz siyasətə qarşı Şirvanda üsyan qalxdı. Nəticədə 1382-ci ildə Kəsranilər sülaləsindən (1027-1382) olan Hüşəng öldürüldü və Şirvanda Dərbəndilər sülaləsinin hakimiyyət dövrü (1382-1538) başladı. Bu sülalənin ilk nümayəndəsi I İbrahimin hakimiyyəti (1382-1417) altında Şirvanşahlar dövləti öz istiqlaliyyətini qoruyub saxlamış və müəyyən iqtisadi-siyasi tərəqqiyə nail olmuşdu. Azərbaycanın cənub (Kürdən cənuba) torpaqları isə Cəlairilər dövlətinin tərkibində idi. Belə bir dövrdə Azərbaycan və qonşu ölkələr Orta Asiyada yaranmış Teymurilər dövlətinin (1370) qurucusu Əmir Teymurun və Qızıl Orda xanı Toxtamışın dağıdıcı hücumlarına məruz qaldı.

1385-ci ildə Teymurun Xorasanı tutub Azərbaycana doğru gəlməsi xabərini alan Cəlairi hökmdarı Sultan Əhməd ona qarşı döyüşə hazırlaşdı, lakin Sultaniyyə ətrafındakı vuruşmada məğlubiyyətə uğradı və Bağdada getdi. Sultaniyyə şəhərini almış Teymur isə Orta Asiyada baş vermiş hadisələrlə bağlı olaraq Səmərqəndə qayıtmalı oldu.

Azərbaycanın zəngin sərvətlərinə yiyələnmək niyyətində olan Qızıl Orda xanı Toxtamış yaranmış əlverişli vəziyyətdən istifadə edərək 1385-ci ildə 90 minlik ordu ilə Dərbənddən Şirvana keçərək Azərbaycana soxuldu. Toxtamış Təbrizə yaxınlaşdı və orada ciddi müqavimətə rast gəldi. Onlar Şənbi Qazanda yerləşərək bir neçə gün Təbriz qalası ətrafında dövrə vurdular, lakin şəhərə girə bilmədilər. Bunu görən Toxtamış Təbriz hakimi Əmir Vəli ilə danışıqlara girdi və 250 tümən qızıl alaraq, guya geri qayıtmağa başladılar. Arxayın olan şəhər əhalisi silahı yerə qoydu. Bunu görən Toxtamış xəyanət edərək şəhəri ələ keçirdi. Şəhər əhalisi 8 gün ərzində qarət olundu. Təbriz şəhərinin ardınca Marağa da düşmən hücumuna məruz qaldı. Burada Toxtamışın ordusu iki hissəyə ayrıldı: Onlardan bir hissəsi Mərənd və Naxçıvan, digər hissə isə Əhər istiqamətində hərəkət edərək əhalini qarət etdi. Daha sonra hər iki dəstə Qarabağda birləşdikdən sonra şimala çəkildilər. Qızıl Orda xanı Toxtamış Azərbaycandan geri qayıdarkən 200 minə qədər adamı əsir apardı.

Toxtamışın ardınca Azərbaycan torpaqları 1386-cı ilin baharında yenidən Teymurun hücumuna məruz qaldı. Tarixdə bu yürüş “üçillik yürüş” kimi tanınır. Cəlairi hökmdarı Sultan Əhmədin Teymura qarşı Təbrizə göndərdiyi qoşun yenidən məğlub oldu.

Teymur Azərbaycanın cənub torpaqlarının çox hissəsini tutduqdan sonra 1387-ci ilin payızında Naxçıvana gəldi və buradakı qüdrətli Əlincə qalasına yaxınlaşdı. Bu qala Əlincə çayı sahilində, yüksək sıldırım qaya üzərində yerləşmiş, möhkəm divarlar və bürclərlə əhatə olunmuşdu. Sultan Əhmədin Azərbaycanda yeganə istinadgahı Əlincə qalası idi. Cəlairli Əhməd xəzinəsini, ailəsini, oğlunu qalada yerləşdirib, onun, müdafiəsini oğlu Sultan Tahirin başçılığı ilə Əmir Altun və qalabəyi Xacə Cövhərə həvalə etmişdi. Şəki hakimi Seyid Əli Orlat və gürücü feodalları da qalanın müdafiəsində iştirak etmişdilər. Daha sonra Teymur qışlamaq üçün Qarabağa getdi.

Azərbaycanın cənub torpaqlarının Teymur tərəfindən işğalını özü üçün ciddi təhlükə hesab edən Şirvanşah I İbrahim qiymətli hədiyyələrlə onun yanına gedib öz itaətini bildirərək Teymurla ittifaq bağladı. Rəvayətə görə İbrahim qiymətli hədiyyələrlə yanaşı 8 qul da aparıbmış. Adətən bu rəqəm 9 olurmuş. İbrahimdən soruşanda ki, niyə 8 qul gətirmisən O, cavabında “9-cu qul mən özüməm” demişdir. Elə bu cavab guya Əmir Teymurun xoşuna gəlmişdir və onunla müttəfiq olmuşdur.

Başqa bir səlnaməçi yazır ki, hədiyyələrin üstündə İbrahim, Nizami Gəncəvin “VII gözəl” timsalında yeddi dünya gözəli aparıbmış. Əmir Teymurun hədiyyələr qoyulan çadırda, yeddi rəng tül altında dayanmış gözəllərə valeh olub və elə buna görə də İbrahimdən xoşu gəlib.

Bütün bunlara baxmayaraq, əsas məsələ odur ki, Şirvanşah Teymurla sazişə girərək Şirvan torpaqlarını dağıntılardan xilas edir. Danışıqlar zamanı Dərbənd keçidinin Qızıl Ordudan müdafiəsi məhz İ İbrahimə tapşırılmışdı.

Məhz bu ittifaq nəticəsində Toxtamış 1387-ci ildə yenidən Şirvana soxulub Kür çayına çatdıqda Teymur əmirlərinin başçılığı ilə qoşun göndərərək Şirvanşaha kömək göstərdi. Teymurun oğlu Miranşah Şirvanşahın qoşunlarının köməyinə çataraq Toxtamışı məğlubiyyətə uğratdı və Dərbənddən qovub çıxardı.

1387-ci ildə Əmir Teymur Toxtamışın Buxara və Səmərqənd üzərinə hücumu ilə əlaqədar Azərbaycanı tərk etməli oldu. O, burada öz şahzadələrindən və yerli əyanlardan ibarət canişinlərini qoydu. Lakin tezliklə Teymurun canişinləri arasında çəkişmələr başlandı. Eyni zamanda Azərbaycanda hakimiyyəti ələ almaq istəyən bir sıra yerli feodal qrupları da mübarizəyə qalxaraq, həm Teymurilərlə, həm də öz aralarında toqquşurdular. Cəlairi hökmdarı Sultan Əhməd, Qaraqoyunlular, Təbrizin yerli əmirləri və Teymuri əmirləri bu mübarizədə qalib gəlməyə çalışırdılar.

1392-ci ildə daxili çəkişmələrin kəskinləşdiyi bir vaxtda Teymur Təbrizə daxil oldu. Əmir Teymur Sultan Əhmədə tabe olmaq barədə məktub yazdı, lakin rədd cavabı aldı. Buna görə də o, Bağdadı qarət etdikdən sonra Əlincəyə qoşun göndərdi. Teymur qalanın mühasirəsini daha da gücləndirdikdən sonra Gürcüstana, oradan isə 1393-cü ildə Şəki vilayətinə daxil oldu. Şəki hakimi Seydi Əli Orlat düşmənə müqavimət göstərə bilmədiyi üçün qaçdı. Teymur buradan Muğana qayıtdı və Mahmudabadda qışladı.

1395-ci ildə Əmir Teymur Dərbənddən Qızıl Ordaya yürüş edərək Terek çayı sahilində döyüşdə Toxtamışı məğlub etdi. Teymurla danışıqlara əsasən bu döyüşdə Şirvanşah I İbrahim və Marağa hakimi Əmir Yadigar da iştirak etdi.

Əlincə qalası istisna olmaqla Teymur bütün Azərbaycanı zəbt etdi. Oğlu Miranşahı Dərbənddən Bağdada, Həmədandan Ruma qədər olan böyük bir əraziyə hakim təyin etdi və Səmərqəndə qayıtdı.

1399-cu ildə Azərbaycan torpaqlarına Teymurun tarixdə “Yeddiillik müharibə" adlanan üçüncü yürüş baş verdi və Kür çayının sahillərində məskən saldı. Bu vaxtda Şəki vilayətinə hakimlik edən Seydi Əhməd, həmçinin gürcü çarı Georgi Şirvanşah Şirvanşah I İbrahimin vasitəçiliyi ilə Teymurla ittifaqa girdilər. Belə ki, I İbrahim Şəki vilayətinin hakimliyini Əlincə ətrafındakı döyüşlərdə həlak olmuş Seyid Əlinin oğlu Seyid Əhmədə qaytarmaq barədə Əmir Teymurun razılığlını aldı. Həmçinin, I İbrahimin köməyi ilə gürcü çarı VII Georgi Teymula sülh müqaviləsi bağladı. Bununlada həm də Azərbaycan-Gürcüstan münasibətləri daha da möhkəmləndi. Həmin vaxtdan etibarən Gürcüstan və Şəki Əmirliyi Şirvanşahın mütəffiqi kimi çıxış edirdilər. İttifaq yaratmış Şirvan və Şəki qoşunları Teymurilərlə bərabər 1402-ci ildə Osmanlı Türkiyəsinə qarşı Ankara yaxınlığındakı döyüşdə iştirak etmişdilər. Nəticədə osmanlı sultanı I İldırım Bəyazid məğlub oldu və əsir düşdü. Bu qələbədən sonra yaxın Şərqin xeyli hissəsi Teymurun əlinə keçdi.

Şirvanşah I İbrahim Teymurla müttəfiqlikdən istifadə edərək gizli şəkildə Azərbaycan torpaqlarını birləşdirmək siyasəti yeridirdi. Birincisi O, Teymurla Toxtamış arasındakı ədavətdən istifadə edərək, Şirvanı düşmən hücumlarından qurtardı. Şirvan daxilən müstəqil qaldı. Şirvanşah I İbrahim öz təsirini Qarabağ, Şəki, Dərbənd və Qəbələyə yaymağa nail oldu. İkincisi, Teymur İbrahimi Dərbənddən Kür çayının sahillərinə qədər Şirvan vilayətinin hakimi təyin etdi.

Teymurun bu yürüşündə fasilələrlə (1387-1399) mərdliklə mübarizə aparan Əlincə qalası feodal çəkişmələri nəticəsində işğal olundu. Teymur sonra qalanı xüsusi heyranlıqla ziyarət etmişdi.

Azərbaycanın Teymur tərəfindən istila edilməsi və onun zülmü ölkənin təsərrüfat həyatına sarsıdıcı təsir göstərir, xalqı aclığa məhkum edirdi. Dövrün müasirlərindən biri yazırdı: “Teymur gedəndən sonra ölkəmizdə dəhşətli aclıq yarandı, aclıq hər yeri bürüdü... gözlərimizlə görüb, qulaqlarımızla eşitdiklərimizin hamısını insan nəslinin necə qırıldığını söyləməyə gücümüz çatmır”.

Bununla belə, Teymur Azərbaycanda xeyriyyə işləri də görmüşdü. O, Ankara vuruşmasından sonra, 1403-cü ildə Qarabağa gedərkən yolüstü Beyləqana gəlmiş və buranın dağlıb pis vəziyyətə düşdüyünü görmüşdür. Buna görə də Beyləqanın abadlaşdırılması və Araz çayından bura kanal çəkilməsinə göstəriş vernişdir.

Dünyaya hökmranlıq etmək istəyən Teymur “Göydə Allah tək olduğu kimi, yer üzündə də ancaq bir padşah olmalıdır. Bəşəriyyətə iki padşah ağalıq edə bilməz”- deyirdi. Lakin onun bu iddiası baş tutmadı. 1405-ci ildə Teymur Səmərqənd şəhərində vəfat etdi.

Teymurun ölmündən sonra onun yaratdığı böyük imperiya dağılmağa başladı. Varislər arasında hakimiyyət uğrunda mübarizə başladı. Azərbaycanın şimalında Şirvan dövləti mövcud olduğu bir zamanda ölkənin cənub vilayətlərinin idarəçiliyi Teymurun oğlu Miranşahın əlində idi. Miranşahın Azərbaycanda törətdiyi dağıntılar ölkənin təsərrüfatına və mədəniyyətinə mənfi təsir göstərirdi. Miranşahın qəddarlığı xalqın qəzəbinə səbəb olmuşdur. Xalq arasında ona “Maranşah” (ilanlar şahı) deyirdilər. Belə bir şəraitdə Azərbaycanın Gəncə, Şəki, Qarabağ, Təbriz, Ərdəbil, Marağa kimi şəhərlərində xalq üsyanları geniş vüsət aldı.

Yaranmış vəziyyətdən Şirvanşah I İbrahim istifadə edərək Kür çayını keçməklə Gəncə və Qarabağı tutmağa nail olur. Bu zaman I İbrahimlə Gürcü çarı Konstantin, Şəki hakimi Seyid Əli, Qaraman tayfasının başçısı Əmir Yarəhməd və Ərdəbil hakimi Bistam Cəyir ittifaq bağlayaraq Teymurilərə qarşı çıxırlar. 1405-ci ilin yayında birləşmiş qoşun Kür sahilində Teymuri Ömər Mirzənin qoşunlarını məğlub edirlər.

1406-cı ilin yazında Ömərin böyük qardaşı Əbu Bəkr Təbrizə hücum edərək əhalidən 100 min qızıl istəyir. Bundan narazı olan xalq yenidən üsyan edərək Şirvanşah I İbrahimi özlərinə köməyə çağırırlar. 1406-cı ilin mayında I İbrahim Arazı keçərək Təbrizə daxil olur. Təbriz əhalisi onu mehribanlıqla qarşılayır və öz hakimi kimi tanıyır. Şirvanşah I İbrahim əahlidən alınan vergiləri qayadaya saldı. Beləliklə qısa müddətə də olsa Şirvanşah İbrahim Azərbaycanın böyük bir hissəsini öz hakimiyyəti altında birləşdirə bildi. Lakin O, Təbrizdə möhkəmlənə bilmədi. Çünki tezliklə Cəlairli sultan Əhməd və onunla ittifaqda olan Qaraqoyunlu hərbi birləşmələrinin başçısı Qara Yusif Təbrizə yaxınlaşırlar. I İbrahim məcburiyyət qarşısında qalaraq Təbrizi tərk etməli olur.

Hürufilik təlimi. Azərbaycanda ictimai-siyasi vəziyyətin durmadan kəskinləşməsi nəticəsində Teymurilərin zülmünə qarşı narazılıq durmadan artırdı. Belə bir şəraitdə hələ XIV əsrin sonlarında Azərbaycanda xarici müdaxiləçilərə qarşı yönəldilmiş dini-siyasi hərəkat-hürufilik yayılmağa başladı. Hürufilik (hərflər sözündəndir) şiəlikdə bir təriqəttir. Bu təlimin banisi Şeyx Fəzlüllah Nəimi dünyagörüşü, fəlsəfi təlimi, bədii yaradıcılığı ilə Azərbaycan fəlsəfi və bədii fikiri zəmnində yetişmişdir. XIV-XVI əsrlərdə Azərbaycanda, Türkiyədə, İranda, İraqda, Suriyada, Yaxın və Orta Şərqin digər ölkələrində geniş yayılmış hürufiliyin vətəni Azərbaycan idi. Hürufilik təlimi Azərbaycanın sosial fəlsəfi fikir tarixində mühüm yer tutan məzdəkilik, xürrəmilik və əxilik (qardaşlıq) hərəkatları ilə üzvi surətdə bağlı idi.

Hürufilik Allahın təbiətdə, əşyada sözdə xüsusən insanda təcəssümünü əsas götürürdü. Bu nəzəriyyənin dərin sosial kökü vardı. Hürufilər deyirdilər ki hökmdarlar qan içən, din-şəriət xadimləri riyakardırlar. İnsanları ədalətə qovuşdurmaq üçün yeni tipli hökmdar, kamil insan lazımdır. Belə insan isə Nəimidir. O,öz qüvvəsi ilə ədalətsizliyi, qanlı müharibələri, zülmü soyğunçuluğu aradan qaldıracaq dini ekamları, mənasız ekamları aradan qaldıracaq.

Deməli hürufilər Allahın təcəssümünü kamil insanları, qəsbkar zalım hökmrannlığa qarşı qoyurdular. Başqa sözlə bu dövrdə Teymurilər zülmünə qarşı geniş xalq kütlələrinin azadlıq mübarizəsinə Sərbədarlar (insan azadlığı üçün həyatından keçənlər), müxtəlif ideoloji cərəyanın başçıları rəhbərlik edirdilər. Fəzlüllah Nəimi də belə başçılardan biri idi. Hürufilikdə Allah eyni zamanda söz, kəlam şəkilində təcəssüm edir, sözlər isə hərflərlə ifadə olunur. Deməli Allah sözlərdə təcəssüm etdiyi üçün eyni zamanda hərflərdə əyan olur, hərflər isə kamala çatmış insanın üzündə əks olunur. Hürufilər ərəb əlifbasında olan hərflərə ilahi, mistik məna verirdilər. Yazını, nitqi və təfəkkürü ifadə edən hərfləri Allah, dünya və insanla eyniləşdirirdilər. Nəiminin təlimində hərf insanın və kainatın (ona məxsus olan bütün əşya və hadisələrlə birlikdə) ilahiləşdirilməsində vasitə roluna malikdir. Fəzüllah Nəimi farsın 32 hərfini əsas götürmüşdür. Onun “Cavidannamə” (Əbədiyyət kitabı) əsəri 32 hərfdən bəhs edir. İnsanın üzündə anadangəlmə yeddi xətt vardır: 2qaş, dörd kiprik, bir saç. Bunlar dörd ünsürdən, yəni od, su, hava və torpaqdan əmələ gəldiyi üçün hər biri dörd hesab edilir. Hamısının say isə 28 edir. Saç, ortadan ikiyə ayrıldıqda xətt 8 olur. Bu rəqəmi dörd ünsürə vurduqda 32 alınır.

Hürufilər başqa rəqəmlərlə də hərflərdən ibarət rəmzlər yaradır, ərəb əlifbası hərflərinin müqəddəs olduğunu, onun vasitəsilə dünyanın sirrlərini açmaq mümkün olduğunu qeyd edirlər. Hürufilərə görə, Allah yaratdığı dünya daim dövr edir və bu görünən dəyişikliklərin səbəbidir. Allah iki yolla təzahür edir- Allahın özünəbənzər yaratdığı insanda və Allahın nitqində. Yəni Quranda və şeylərin adında.

Hürufilik ilk dəfə Naxçıvanda, Astrabbadda yayılmış və Teymurilərə qarşı mübarizədə əhəmiyyətli rol oynamışdır. Hürufilik tərəfdarları istilaçılar tərəfindən amansızcasına təqib olunaraq cəzalandırılmışlar. Fəzullah Nəimi 1394-cü ildə Teymurun əmri ilə ilə Miranşah tərəfindən həbs edilərək Naxçıvandan Əlincə qalasına yaxınlığında dəhşətli surətdə edam edilir.

Hürufiliyin digər görkəmli nümayəndəsi –məşhur hürufi şairi İmaddədin Nəsimidir (əsl adı Seyid Əli). Şairin yaradıcılığında mərkəzi yeri insan tutur. Onuni fikrincə, son məqsəd və həqiqət İnsandır. O, İnsana kainatın yaradıcısı kimi yanaşır. “İnsan – Allahdır” tezisinin əsaslandırılması və hərtərəfli inkişaf etdirilməsi Nəsiminin poeziyasında başlıca yeri tutur. 1317-ci ildə Suriyanın Hələb şəhərində Nəsiminin diri-diri dərisini soyulur. Dahi Azərbaycan şairi M.Füzulinin əsərlərində də hürufilik motivləri vardır.



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin