VII MÖVZU
Azərbaycan Elxanilər (Hülakülər) dövlətinin tərkibində.
P L A N
1.XIII əsrin başlanğıcında Azərbaycanda ictimai-siyasi vəziyyət. Monqolların hücumlarinin başlanması.
2.Elxanilər dövlətinin yaranması.
3.XIII əsrdə təssərüfat həyatı. Şəhərlər və mədəniyyət.
Ədəbiyyat.
1.Azərbaycan tarixi.VII cilddə, III cild, Bakı, 1998. səh.14-76.
2.Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989. səh.121-137.
3.Azərbaycan tarixi. Bakı, 1994. səh.322-348.
4.Bakıxanov A. Gülüstani-İrəm. Bakı, 1991.
5.Əlizadə AA.XIII-XIV əsrlərdə Azərbaycanın sosial-iqtisadi və siyasi həyatı.Bakı, 1956.
6.Piriyev V.Azərbaycan Hülakülər dövlətinin tənəzzülü dövründə (1316-1360-cı illər). Bakı, 1997
XIII əsrin əvvəllərində Mərkəzi Asiyada Çingiz xanın (1206-1227) başçılığı altında yaradılmış güclü hərbi qüdrətə malik monqol feodal dövləti qonşu vilayətləri böyük təhlükə qarşısında qoydu. Güclü imperiya ilə üzləşən bu ölkələrdə hökm sürən feodal pərakəndəliyi isə Çingiz xanın işğalçı planlarının həyata keçməsi üçün əlverişli şərait yaratdı.
Monqol-tatar yürüşləri ərəfəsində Azərbaycanın daxili vəziyyəti çox acınacaqlı idi. Azərbaycan ərazisində güclü dövlətin olmaması feodal pərakəndəliyinin güclənməsinə səbəb olmuşdu. Belə ki, bu zaman Azərbaycanda Atəbəylər (1136-1225), Şirvanşahlar (861-1538) dövlətləri, Marağada isə Rəvvadilər nəslindən olan Ağsunqurilər (1108-1227) sülaləsi hökmranlıq edirdi.
XII əsrin sonunda Atabəylər dövlətində gedən hakimiyyət uğrundakı çəkşmələr ölkəni zəiflətmiş, dövlət əvvəlki qüdrətini itirmişdi. Atəbəylərin son nümayəndəsi Özbəyin İraqi-Əcəmə uğursuz yürüşü daxili çəkişmələri daha da artırdı. Xəzərin şərq sərhədlərində mövcud olan Xarəzmşahlar dövlətinin monqollara qarşı mübarizə apara bilməməsi nəticəsində monqol-tatar hərbi dəstələri ciddi müqavimət görmədən irəliləyə bildilər.
Belə bir vəziyyətdə monqol-tatarlar ilk dəfə 1220-ci ildə Azərbaycana yürüş etdilər. Monqol sərkərdələri Cəbə və Subatayın rəhbərliyi altında olan bu yürüş kəşfiyyat xarakterli idi. Onlar buradakı vəziyyəti öyrənməli, əgər Xarəzmşahların hərbi gücü çox olarsa əlavə dəstələrin gəlməsini gözləməli, əks halda isə bu dövlətin ərazisini işğal etməli idilər. Tezliklə monqol-tatar qoşunları Zəncan, Ərdəbil, Sərab, Marağa, Beyləqan və Şamaxını talan edərək Təbrizə yaxınlaşdılar. Şəhər möhkəm qala divarları ilə əhatə olunmuşdu. Lakin Atəbəy Özbək ehtiyat edərək monqollarla danışıqlar aparmağı lazım bildi. Beləliklə Təbrizdə xeyli xərac aldıqdan sonra qışlamaq üçün Muğana üz tutan monqol-tatarlar oradan da Gürcüstana yollandılar.
1221-ci ilin əvvəlində Cəbə və Subutay Azərbaycana dönərək, yenidən Təbrizə hücum etdilər. Təbriz hakimi Şəmsəddin Tuğrayi yenə xərac verməklə şəhəri talandan qurtardı. Bundan sonra monqol dəstələri qəflətən Marağaya hücum etsələr də xalq şəhəri qəhrəmanlıqla müdafiə etdi. Sonda divardağıdan qurğuların köməyi ilə monqol-tatarlar şəhərə soxularaq əhaliyə divan tutdular.
Bu hadisədən sonra monqol-tatarlar Həmədan və Ərdəbili yenidən talan etdilər. Monqol-tatar mühasirəsi ərəfəsində Ərdəbildə olan ərəb tarixçisi Yaqut əl-Həməvi bu hadisə haqqında belə yazırdı: “Mən gedəndən sonra tatarlar (monqollar) onlara hücum edib, camaatı qırmışdılar. Onlarla ərdəbillilər arasında döyüşlər oldu, əhali özünü çox yaxşı müdafiə edirdi və iki dəfə tatarları özlərindən uzaqlaşdıra bildilər. Lakin tatarlar üçüncü dəfə oraya qayıtdılar, zəif düşmüş şəhər əhalisi üzərində qələbə çaldılar və oranı zorla işğal etdilər. Tatarlar müsəlmanların üstünə düşüb, onları öldürdülər. Əhalidən tatarların gözünə dəyən heç kəs şəhəri tərk edə bilmədi. Yalnız gizlənənlər canlarını qurtara bildilər. Tatarlar şəhəri tamam dağıdıb, sonra çəkilib getdilər. ġəhər bir müddət belə dəhşətli xaraba vəziyyətdə, adamsız qaldı..."
Daha sonra monqol-tatar dəstələri üçüncü dəfə Təbrizə hücum etdi. Belə bir vaxtda Atəbəy Özbək Naxçıvana qaçaraq orada gizlənir. Şəhər hakimi Şəmsəddin Tuğrayinin başçılığı ilə xalq şəhərin müdafiəsinə qalxdı. Şəhəri ala bilməyəcəklərini görən monqol-tatarlar xərac almaqla kifayətlənib oradan Sərab və Naxçıvana doğru yönəldilər.
Növbəti hədəf Azərbaycanın Arran torpaqları oldu. Monqol-tatarlar Beyləqanı alaraq yandırdılar, əhaliyə amansız zülm etdilər və Gəncəyə doğru hərəkət etdilər. Ərəb tarixçisi İbn əl-Əsirin verdiyi məlumata görə “Şəhər müdafiəçilərinin çoxluğundan, onların gürcülərlə daimi mübarizədə əldə etdikləri dəyanətdən, qala divarlarının keçilməzliyindən xəbər tutan" monqol-tatarlar Gəncəni tııtmaq niyyətindən əl çəkib xərac alaraq yenidən Gürcüstana yollandılar. Gürcüstandan qayıdan monqol-tatarlar Şirvan ərazisinə hücum edərək üç gün mübarizədən sonra şəhəri ələ keçirdilər. Ərəb tarixçisi İbn əl-Əsir yazır ki, əhali "qılınca sarılmaq lazımdır, bizə ölümdən qurtuluş yoxdur, döyüşmək və şərəflə ölmək hər şeydən yaxşıdır" deyərək düşmənə ciddi müqavimət göstərsələrdə "şəhərdə əhalinin kökü kəsildi".
Monqol-tatarlar 1222-ci ildə Şamaxını talan etdikdən sonra Dərbənd keçidindən keçərək Azərbaycanı tərk etdilər. İlk monqol-tatar yürüşləri Azərbaycanda siyasi pərakəndəliyin hökm sürdüyünü göstərdi və düşmənə qarşı birgə mübarizə aparılmaması onların qələbəsi ilə nəticələndi. Eyni zamanda Azərbaycanın ictimai-iqtisadi, siyasi və mədəni həyatına böyük zərbə vurdu.
Monqol-tatar yürüşlərindən bir müddət sonra-1223-cü ildə Şimali Qafqazdan Dərbəndə gəlmiş qıpçaq tayfaları Eldənizlərin zəifliyindən istifadə edərək Şirvan, Qəbələ, Gəncəyə qədər gəlib çıxdılar, böyük talanlar törətdilər. Belə bir vəziyyətdən gürcü feodalları da istifadə edərək 1225-ci ildə Gəncəyə basqın etsələrdə onların hücumu dəf edili.
Xarəzmşah Cəlaləddinin Azərbaycanı işğalı etməsi və istilaçılara qarşı mübarizə. 1225-ci ildə isə Azərbaycan torpaqları monqol-tatar hücumları nəticəsində hakimiyyətdən məhrum olmuş Xarəzmşah Cəlaləddinin hücumlarına məruz qaldı. Xarəzmşah Cəlaləddin İraqi-Əcəm, Fars və Kirmanı zəbt edib Marağaya gəldi. Marağa əhalisi arasında rəğbət qazanmaq üçün burada bərpa işləri apardı. Az bir müddət sonra Təbrizə hücum etdi. Bu zaman Atabəy Özbək ailəsi ilə Gəncəyə, oradan isə Əlincəyə qaçdı və orada da vəfat etdi. Bununla da Azərbaycan Atabəylər dövlətinin varlığına son qoyuldu (1225).
Təbriz əhalisi Şəmsəddin Tuğrainin qardaşı oğlu Nizaməddinin başçılığı altında 7 gün mərdliklə vuruşdular. Lakin Xarəzmşah Cəlaləddin 1225-ci ilin iyulun 25-də Təbrizi tutdu və Nizaməddin Tuğrayini bura rəis təyin etdi. Daha sonra bir-birinin ardınca Gəncə, Beyləqan, Bərdə, Şəmkir və başqa şəhərlər də Cəlaləddin ordusu tərəfindən istila olundu. 1227-ci ildə Marağanın tutulması ilə burada fəaliyyət göstərən Ağsunqurilər sülaləsinin (1108-1227) hökmranlığına son qoyuldu. Şirvanşahlar isə ildə 100 min dinar vermək şərti ilə Cəlaləddinin asılılığını qəbul etdilər.
Gəncə şəhəri Xarəzmşah Cəlaləddinin iqamətgahına çevrildi. Azərbaycanın idarəçiliyi Cəlaləddinin vəziri Şərəf Əl Mülkin ixtiyarına verildi. Onun Təbrizdə qeyri-qanuni vergilər toplaması şəhər əhalisinin üsyanına səbəb oldu. Lakin Gürcüstan yürüşündə olan Xarəzmşah Cəlaləddin Təbrizə gələrək üsyanı yatırdı və şəhər rəisi Nizaməddin Tuğrayini edamı etdirdi. Bir qədər sonra Təbriz əhalisi şəhər rəisi Bəhaəddin Məhəmməd ibn Bəşir Yarbəyin başçılığı altında yenidən üsyana qalxmışdı. Tezliklə xalq hərakatı Azərbaycanın bütün bölgələrini əhatə etdi.
Azərbaycan ərazisində Xarəzmşah Cəlaləddinin ağalığı dövründə vergilərin artırılması, məmur özbaşınalığı ölkənin müxtəlif bölgələrində üsyanların qalxmasına səbəb oldu. 1231-ci ildə Gəncədə baş vermiş üsyan xalq hərakatının ən yüksək pilləsi oldu. Sənətkar Bəndərin başçılığı ilə Gəncə əhalisi şəhər hakiminin sarayını ələ keçirdi. Hadisələrin şahidi olan ərəb tarixçisi Nəsəvi yazırdı ki, düşmənin hərbi dəstəsi məhv edilmiş və şəhər üsyançıların əlinə keçmişdi. Bunu görən Cəlaləddin üsyançılarla danışığa girib təslim olunmalarını tələb etsədə Gəncə əhalisi mübarizədən əl çəkmədi. Lakin qanlı döyüşdən sonra Xarəzmşah Cəlaləddin şəhərə soxularaq üsyanı yatıra bildi. Üsyançılardan 30 min nəfəri edam edildi, Bəndəri isə tikə-tikə doğradıldı. Üsyanın təsirilə Azərbaycanın Xoy, Mərənd, Naxçıvan və başqa şəhərlərində də Xarəzmşah Cəlaləddinə qarşı xalq çıxışları baş vermişdi. Belə bir şəraitdə qonşu vilayətlərin hakimləri ilə ittifaq yarada bilməyən Cəlaləddin onların qüvvələrindən istifadə edə bilmir. Nəticədə, monqol-tatarların Azərbaycanı və qonşu ölkələri zəbt etməsi üçün əlverişli şərait yarandı.
Monqolların Azərbaycana ikinci yürüşü və istilanın başa çatması. Beləliklə Gəncə üsyanından az müddət sonra monqol-tatarlar ikinci dəfə-1231-ci ildə Çingiz xanın üçüncü oğlu Büyük xaqan Üqedey sərkərdə Çormoğonun başçılığı ilə Rey və Həmədan şəhərlərini işğal edib 30 minlik qoşunla Azərbaycan üzərinə yürüşə başladı. Bunu görən Xarəzmşah Cəlaləddin cənuba doğru qaçaraq Diyarbəkr ərazisinə qaçdı və dağlarda həlak oldu.
Monqol-tatarlar Marağanı talan edib növbəti dəfə Təbrizə doğru hərəkət etdilər. Yenə də şəhər əyanları danışıqlar apararaq xərac verməklə şəhəri qırğından azad etdilər. Həmçinin, monqolların tələbi ilə Təbrizin bir çox sənətkarları Qaraqoruma (Çingiz xan imperiyasının paytaxtı) göndərildilər.
1235-ci ildə monqol-tatarlar Gəncəni mühasirəyə aldılar. Uzunmüddətli mühasirədən sonra şəhər alındı və yerlə-yeksan edildi. Ərəb tarixçi İbn-əl Əsirin yazdığına görə “Gəncə 4 il müddətinə xaraba vəziyətdə qaldı”. Bundan sonra onlar Şəmkirdə ciddi müqavimətlə üzləşsələrdə şəhər alınaraq yandırıldı və əhalisi qılıncdan keçirildi. Monqol-tatar hərbi dəstələri hücumlarını davam etdirərək Bakı və Tovuz şəhərlərini zəbt etdilər. 1239-cu ildə Dərbəndin tutulması ilə bütün Azərbaycanın monqollar tərəfindən işğalı başa çatdırıldı.
İkinci yürüşdə monqol-tatarların əsas məqsədi işğal etdikləri ərazilərdə möhkəmlənməkdən ibarət idi. Odur ki, onlar qələbə çal-dıqdan sonra Monqolustana qayıtmadılar və yeni ərazilərdə məskunlaşdılar.
1239-1256-cı illərdə Azərbaycan və eləcədə Cənubi Qafqaz ərazisi Ali monqol xaqanlığının təyin etdiyi canişinlər tərəfindən idarə olunurdu. İlk canişin olan Arqun ağanın yeritdiyi əsas siyasət yerli feodalların monqol əyanlarından asılılığını təmin etməkdən ibarət idi.
Monqol xaqanlığının Ön Asiya, Cənubu Qafqaz və Kiçik Asiyanı ələ keçirməsinə baxmayaraq XIII əsrin ortalarında həmin vilayətlərdə iri feodal malikanələri hələ də öz müstəqilliyini itirməmişdi. Elə bu məqsədlə Ali monqol xaqanı Münke 1253-cü ildə Hülakü xanın rəhbərliyi ilə Ön Asiyaya qoşun göndərdi. 1257-ci ildə Hülakü xanın başçılığı ilə monqolların üçüncü yürüşü nəticəsində Azərbaycan torpaqları tabe edildi. 1258-ci ilin fevralında Bağdadi ələ keçirərək 500 il hökmranlıq etmiş Abbasilər xilafətinə son qoydu.
Azərbaycan Hülakular dövlətinin tərkibində. Zəbt edilmiş ərazilər hesabına yeni Monqol ulusu (dövləti ) Hülakülər dövləti yarandı. Dövlətin hakimləri Elxan (sultan) adlandırıldığına görə bu dövlət, həmçinin Elxanilər dövləti kimi də tanınır. Hülakülər dövlətinin tərkibinə Azərbaycan, İraqi- Ərəb, İraqi-Əcəm, Kirman, Gürcüstan , Kiçik Asiya, Fars, Xrizistan, Xorasan vilayətləri daxil idi. Bu dövlət Azərbaycanda bir əsrə qədər (1357) fəaliyyət göstərmişdir. Azərbaycan dövlətin siyasi-inzibati mərkəzinə çevrildi. Əvvəlcə Marağa, sonra Təbriz, Sultaniyyə paytaxt oldu. Qarabağ Elxanilərin yay iqamətgahı, Muğan isə qışlağı idi. Hülakular dövlətinin yaranması və fəaliyyət göstərməsi tədricən Azərbaycanın ictimai-iqtisadi, siyasi və mənəvi həyatına təsir etdi, onun hüdudlarında, əhalisinin etnik tərkibində, dini görüşlərində, mədəniyyətində, dilində dəyişikliklər baş verdi.
Bu dövrdə Şərqdən Xəzər dənizi boyu uzanan Azərbaycan cənub-şərqdən Gilan, cənubdan isə Fars vilayətləri ilə həmsərhəd idi. Qərbdə sərhəd Urmiya, Səlmas, Xoy, Maku şəhərlərinin qərbindən uzanaraq Arrana çatırdı. Azərbaycan sərhədləri daha sonra Şəki vilayətinin qərbindən və şimalda Dərbənd şəhərinin şimalından keçərək Xəzərə qovuşurdu. Dərbənd şəhəri, həmçinin Hülakular dövlətinin şimal müdafiə istehkamı idi.
Hülakü xan (1256-1265) oturaq əhalinin, yerli feodalların istismarı və sıxışdırması nəticəsində güclü mərkəzləşmiş dövlət yaratdı. Yalnız Şirvanşahlar dövləti öz daxili müstəqilliyini qoruyub saxlaya bilmişdi.
Mənbələrin verdiyi məlumata görə XIII əsrin ortalannda Hülaku xanın hərbi hissələrinin tərkibində Cənubi Qafqaza, o cümlədən Azərbaycana bir çox türk-monqol mənşəli qəbilə gəlmişdi. Toponimik materiallar 20-dən artıq qəbilənin, o cümlədən sulduz-çobani, cəlairi, cığatay, kurqan, sukait, corat, budat, oyrat, tatar, dolan, onqut və s. qəbilələrin həmin dövrdə Azərbaycan ərazisində məskunlaşdıqlarını təsdiqləyir. Onların tərkibində türkdilli tayfalar çoxluq təşkil etmiş və türkdilli əhalinin sayının daha da artmasına səbəb oldu. Artıq XIV əsrdə türklər Azərbaycanda isə əsas yeri tuturdular. Türk dili dövlət dili mövqeyi qazandı.
Hülakü xanın ölümündən sonra hakimiyyətə Abaqa xan (1265-1282) keçdi. Onun hakimiyyətinin son dövrlərində mərkəzi hakimiyyətə qarşı narazılıqlar artdı. 1275-ci ildə Abaqa xana qarşı hətta Aranda üsyan baş verdi, lakin üsyan çətinliklə də olsa yatırıldı. Abaqa xandan sonra hakimiyyətə gələn Əhməd xan (1282-1284) cəmi iki il ölkəni idarə edə bildi. Arqun xan (1284-1291) və onun qardaşı Keyxatu xanın da (1291-1295) hakimiyyətləri uzun sürmədi. 1295-ci ildə Keyxatunu əvəz edən Baydu elxan elan edilsədə bir neçə aydan sonra hakimiyyətdən məhrum edildi.
Hülakulər sarayında baş verən çevriliş və çəkişmələr mərkəzi hakimiyyəti olduqca zəiflətmişdi. Bundan istifadə edən Qızıl Ordalılar 1263, 1265, 1288 və 1290-cı illərdə Azərbaycan torpaqlarına basqın edərək talanlar törətmişlər. Qızıl Ordalılarla Hülakulər arasında müharibələr fasilələr 100 ilə qədər davam etmişdir. Bu müharibələr xalqın iqtisadi vəziyyətini tamamilə ağırlaşdırmışdı. Qızıl Orda xanları Azərbaycan ərazisinin Çingiz xanın vəsiyyətinə görə Batı xanın payına düşdüyünü iddia edirdilər. Hülakü xanın Azərbaycanda dövlət qurması Qızıl Orda xanlarının mənafeyinə toxunur və onları gəlirdən məhrum edirdi. Hülakü dövləti və Qızıl Orda arasında ilk döyüş 1263-cü ildə Qızıl Orda xanı Bərkənin sərkərdəsi Noqayın 30 minlik qoşunla Şirvana daxil olması nəticəsində baş verdi. Dərbənd şəhəri tutulsada Qızıl Ordalılar ölkədən çıxarıldılar. 1288,1290-cı illərdə baş verən yürüşlərdə də Qızıl Ordalılar hec nəyə nail ola bilmədilər.
1295-ci ildə Hülakulər taxtına Qazan xan (1295-1304) yiyələndi. O, öz siyasətində digər Hülakü hökmdarlarından fərqli olaraq yerli feodallarla əlaqənin möhkəmlənməsi siyasəti yeridirdi. Bu məqsədlə Qazan xan islam dinini qəbul edərək onu yenidən dövlət dini elan etdi və Mahmud adı götürdü. Halbuki ona qədərki Hülakü hökmdarları bütpərəstliyi yaymaq məqsədilə islama qarşı ciddi mübarizə apardılar. Onalrın apardığı dini siyasəti yerli əhali ilə gəlmələr arasında ziddiyyətin artmasına, ölkənin daxili və xarici vəziyyətinin gərginləşməsinə gətirib çıxarırdı. Qazan xanın göstərişi ilə ilk dövrdə inşa edilmiş bütxanalar, kilsələr, yəhudi məbədləri (sinaqoqlar) dağıdıldı və onların yerində məscidlər tikildi. Köçəri monqol əyanları ona qarşı çıxsalar da o yerli feodallara arxalanaraq narazılıqları yatıra bildi. Mərkəzi hakimiyyəti möhkəmləndirməyə nail oldu. Ölkədə nisbətən sabit vəziyyət yarandı.
Qazan xan dövlət xəzinəsinə gəlirlərin davamlı axınını təmin etmək, monqol əyanlarının özbaşınalığına son qoymaq, əhalidən vergilərin yığılması prosesində mövcud olan sui-istifadə hallarının aradan qaldırılmaq, əkinçiliyin və şəhər iqtisadiyyatının yüksəlişini təmin etmək məqsədilə islahatlar keçirdi. Qazan xanın islahatlarının həyata keçirilməsində onun vəziri olmuş tarixçi Fəzlullah Rəşidəddinin xüsusi rolu olmuşdur. Bu islahatlar torpaq, vergi, məhkəmə, rabitə və ticarət sahələrini əhatə edirdi.
Torpaq islahatına görə monqol qoşununda qulluq edənlərə iqta adlanan torpaq sahələrinin verilməsi nəzərdə tutulurdu. 1303-cü ildə verilmiş qanuna görə kəndlilərin bir yerdən başqa yerə getməsi qadağan edildi, kəndli torpağa təhkim olundu. Bayrat torpaqların (istifadəsiz qalmış torpaqlar) sahibləri müəyyənləşdirildi, becərilməyən torpaqlar dövlət torpaqlarına qatıldı.
Vergi islahatına əsasən vergilərin növləri, həcmi, toplanma vaxtı dəqiq müəyyənləşdirildi. Qeyri-qanuni vergilər ləğv edildi, hər bir kənd və ya şəhərin ödəyəcəyi vergi məbləği lövhələrə həkk olundu. Vergilər pulla və ya natura ilə toplana bilərdi. Vergi toplanması mərkəzi divana həvalə olundu və vilayət hakimlərinin bu işə müdaxiləsinin qarşısı alındı.
Ölkədəki qanunsuzluqların, özbaşınalığın, rüşvətxorluğun qarşısını almaq məqsədilə məhkəmə islahatı keçirildi. Şəhər, mahal, kənd və s. qazılarının səlahiyyətləri müəyyənləşdirildi. Lakin bu islahat tam olaraq həyata keçirilə bilmədi.
Rabitə islahatı vahid rabitə sisteminin yaradılması üçün nəzərdə tutulmuşdu. Əsas yollarda hər üç fərsəxdən (təxminən 20 km) bir rabitə dayanacaqları-yamlar qoyuldu. Rabitə xidməti üçün əhalidən vəsait yığılması qadağan edildi. Bu islahat iki il müddətinə həyata keçirildi.
Ticarət islahatı nəticəsində isə vahid pul sistemi yarandı, çəki və ölçü vahidləri sabitləşdi.
Qazan xanın islahatları Azərbaycanda şəhər həyatının müəyyən dirçəlişinə, ticarətin və iqtisadiyyatın canlanmasına yardım etdi.
Qazan xanın qardaşı Məhəmməd Ulcaytunun dövründə də (1304-1316) bu sabitlik pozulmadı, mərkəzi hakimiyyəti daha da qüvvətləndi. Lakin 12 yaşlı Əbu Səidin hakimiyyətə gəlməsilə (1316-1335) feodal araçəkişmələri yenidən qızışdı. Faktiki olaraq hakimiyyətin Sulduzilər nəslindən olan Əmir Çobanın əlində cəmlənməsi bir çox feodalların narazılığına səbəb oldu. Azərbaycandakı gərgin daxili vəziyyətdən istifadə edən qonşu dövlətlər Hülakulara qarşı mübarizəyə qalxdılar. 1318, 1319, 1320, 1322-ci illərdə dövlətin müxtəlif ərazilərində iğtişaşlar qalxdı. Sultan Əbu Səid Baş əmir Çobanın köməyi ilə həmin qiyamları yatıra bildi. Sultaniyyə yaxınlığında döyüşdə isə Əbu Səidə üsyançıları məğlub etdiyinə görə “Bahadır” ləqəbi verildi. Xarici düşmənlərə qarşı mübarizə ciddi şəkil aldı və 1319-1325-ci illərdə Qızıl Orda dövlətinə təşkil olunan yürüşlərdə müvəffəqiyyət əldə edildi. Sultan Əbu Səid 1328-ci ildə Əmir Çobanı və bir neçə oğlunu öldürtdürərək Çobanilərin nüfuzundan xilas ola bildi.
Hülakular dövlətinin süqutu. Azərbaycanda Çobanilərin hökmranlığı. 1335-ci ildə Qızıl Ordu xanı Özbək yenidən Azərbaycana soxuldu. Elə bu zaman Hülakü hökmdarı Əbu Səid feodal araçəkişmələri nəticəsində öldürüldü. Nəticədə Elxanilər dövləti tədricən tənəzzülə uğradı və parçalandı. Qısa müddət ərzində hakimiyyətdə Arpa xan (1335-1336), Musa xan (1336), Məhəmməd xan (1336-1338) bir-birini əvəz etdi. Bu vəziyyətdən istifadə edən bir sıra əyanlar və nəsillər müstəqilləşməyə meyl etməyə başladılar. Belə qüvvələrdən Çobaniləri, Cəlariləri və Xorasan əmirlərini göstərmək olar.
Çobanilər hakimiyət uğrunda mübarizəyə qoşulan ən qüdrətli feodal qruplarından idi. Əmir Çobaninin tarixdə “Kiçik Həsən” kimi tanınan nəvəsi Şeyx Həsən Çobani 1338-ci ildə Məhəmməd xan və şeyx Həsən Cəlairiyə (tarixdə “Böyük Həsən” kimi tanınır) qalib gələrək Ulcaytu (Məhəmməd Xudavəndə) xanın qızı Satıbəy Xatunu padşah elan edib (1339-1340) dövləti onun adından idarə eməyə başladı. Çobanilər və Satıbəy xatun Azərbaycana sahib oldular. 1340-cı ildə Şeyx Həsən Satıbəy Xatunu hakimiyyətdən kənarlaşdırıb Süleyman xanı (1340-1344) padşah elan etdi. Şeyx Həsən Çobani öldürüldükdən sonra 1344-cü ildə hakimiyyət Məlik Əşrəfin əlinə keçir. Onun qəddarlığından cana doyan əhali Təbrizdə, həmçinin Qarabağda Dəli Bayazidin başçılığı ilə üsyan etdilər. Məlik Əşrəf üsyanı çətinliklə yatırdı. Yaranmış vəziyyətdən istifadə edən Qızıl Orda xanı Cani bəy 1357-ci ildə Təbrizə gəlir. Canı bəy Azərbaycanda Çobani ağalığına və Hülakü dövlətinin varlığına son qoyaraq hakimiyyəti ələ keçirir. Azərbaycan torpaqlarını idarəsini ələ keçirən Cani bəy oğlu Bərdi bəyi Təbrizdə səltənətə oturtdu. İki ay sonra atasının ölüm xəbərini alan Bərdi bəy Qızıl Orda dövlətinə qayıtmalı oldu.
Azərbaycan Cəlairilərin hakimiyyəti altında. Qızıl Ordalıların Azərbaycanı tərk etməsindən istifadə edən Cəlairi dövlətinin (1340-cı ildə Bağdadda Şeyx Həsən Cəlairi tərəfindən yaradılmışdı) hökmdarı Şeyx Uveys (1359-1374) 1358-ci ildə Azərbaycana yürüş etdi və hakimiyyətə yiyələndi. Azərbaycan torpaqları 1410-cu ilə qədər Cəlairlər dövlətinin tərkibinə daxil oldu. Təbriz dövlətin paytaxtı idi. Cəlairilər dövlətinin ərazisi Azərbaycan, İraq-i Ərəb, İraq-i Əcəm, Gürcüstanı əhatə edirdi.
Cəlairi Şeyx Üveysin dövründə Azərbaycanın təsərrüfat və mədəni həyatında canlanma baş verdi. Belə ki bu dövrdə suvarma kanalları çəkildi, memarlıq abidələri inşa olundu, kənd təsərrüfatını inkişaf etdirmək üçün müəyyən işlər görüldü.
Bununla yanaşı Şeyx Uveysin hakimiyyəti illərində mərkəzi idarəetmə aparatı möhkəmləndi. 1367-ci il də Şirvanşah hökmdarı Kavus Cəlairilərdən asılı vəziyyətə düşdü.
Lakin Cəlairi Şeyx Üveysin oğlu Sultan Hüseynin dövründə (1374-1382) ölkədə feodal dağınıqlığı gücləndi, mərkəzi hakimiyyətə qarşı mübarizə şiddətləndi.
Hakimiyyəti ələ almağa can atan Cəlairli Sultan Əhməd yerli feodalların narazılığından öz xeyrinə istifadə edərək 1382-ci ildə Sultan Hüseyni öldürtdürür və hakimiyyəti ələ keçirir. Sultan Əhmədin hakimiyyətə gəlməsi dövlətin siyasi və iqtisadi həyatında əhəmiyyətli dəyişiklik əmələ gətirmədi. Feodal müharibələri davam edirdi. Sultan Əhməd 1410-cu ilə qədər-Qaraqoyunlu dövləti yarananadək fasilələrlə Azərbaycanı idarə etdi.
Dövlət quruluşu və idarə sistemi. Hülakülər dövlətinin ərazisi vilayətlərə, onlar isə öz növbəsində tümənlərə bölünmüşdü. Azərbaycan müstəqil vilayət kimi 9 tümənə ayrılmışdı və onların hər biri ölkənin iri şəhərlərindən birinin adı ilə (məsələn, Təbriz tüməni, Naxçıvan tüməni və s.) adlanırdı. Vilayətlərin idarəsi isə hakimlərə həvalə edilmişdi.
Hülakulara (ümumiyyətlə, monqollara) məxsus olan dövlət quruluşu və idarə sistemi Azərbaycanda qərarlaşmış yerli dövlət quruluşu və idarə sistemi ilə çulğaşmışdı. Ölkədə yerli əhaliyə və köçəri monqollara məxsus olan sistemlərin qarşılıqlı təsiri nəticəsində tədricən vahid, təkmilləşmiş idarə sistemi meydana gəlmişdi.
Hülakular dövlətində ölkənin ali orqanı qurultay hesab olunurdu. Dövlətin başçısı elxan (və ya sultan) himayəsində olan ərazinin, əhalinin mütləq hakimi idi və onun səlahiyyəti məhdudlaşdırılmırdı. Hülakular taxt-tacına sahiblik irsi idi.
Elxanilər dövlətində bütün ordu tümənlərə (onminliklərə) ayrılırdı. Tümənlərə onminbaşılar başçılıq edirdilər. Tümənlər minliklərə, minliklər yüzlüklərə, yüzlüklər isə onluqlara bölünürdü. Minliklərə minbaşılar, yüzlüklərə yüzbaşılar, onluqlara onbaşılar rəhbərlik edirdilər.
XIII-XIV əsrlərdə Azərbaycanda Yarğu və şəriət məhkəmələri fəaliyyət göstərirdi. Ölkənin dini işlərinin idarəsi baş ruhani təşkilatının sərəncamında idi. Dini məhkəmələr öz fəaliyyətlərində müstəqil olub, yalnız baş qazıya və elxanın özünə tabe idi.
Kənd təsərrüfatı və aqrar münasibətlər. Monqol zülmü Azərbaycanda təsərrüfat həyatını dərin tənəzzülə uğratmışdı. XIII əsrin 60-cı illərindən XIV əsrin 50-ci illərinədək Azərbaycanın torpaqları Hülaku və Qızıl Orda hərbi qüvvələri arasında geniş miqyaslı müharibə meydanına çevrilmiş, ölkənin iqtisadiyyatına ciddi zərbə dəymişdi. Dağılmış şəhər və kəndlər uzun müddət xarabazarlıq halında qalmışdır. Kənd təsərrüfatı, sənətkarlıq, ticarətin inkişafı ləngimişdi. XIII-XIV əsrlərdə Azərbaycanda köçəri maldarlıqla məşğul olan əhalinin sayının gəlmə türk-monqol tayfaları hesabına kəskin şəkildə artması ölkənin müxtəlif vilayətlərində əkinçiliyin tərəqqisinə maneçilik törədirdi. Vaxtilə iri ticarət-sənətkarlıq mərkəzləri kimi tanınmış şəhərlərin aqrarlaşmasına, tənəzzülünə səbəb olmuşdu. Beyləqan, Şiz, Xalxal, Miyanə və digər başqa şəhərlər kəndlərə çevrilmişdi.
Əkinçiliyin əsas inkişaf etmiş sahəsi taxılçılıq olmuşdur. Buğda və darı əkilmiş sahələr ölkənin bütün vilayətlərini əhatə edirdi. Pambıqçılıq Naxçıvan, Beyləqan, Marağa, Mərənd vilayətlərində, Kür çayının aşağı axarında yerləşən bölgələrdə inkişaf etmişdi.
Təbriz, Xoy, Naxçıvan, Marağa, Bərdə, Meşkin, Ordubad, Xoy, Səlmas və başqa vilayətlər mühüm bağçılıq və üzümçülük bölgələri idi.
XIV əsrin əvvəllərində Azərbaycanın kənd təsərrüfatında baş vermiş nisbi yüksəlişə baxmayaraq, kənd təsərrüfatı istehsalının həcmi XIII əsrin əvvəllərindəki səviyyəyə çatmadı.
Maldarlıq əsasən iki formada inkişaf etmişdi. Köçəri maldarlar Muğanın, Arranın və Cənubi Azərbaycanın çöl bölgələrində qışlayır, yazda və yayda isə dağlıq ərazilərə köçürdülər.
Kənd təsərrüfatının monqol işğalları dövründə inkişaf etmiş yeganə sahəsi heyvandarlıq idi. Qoyunçuluq, atçılıq və iş heyvanlarının yetişdirilməsi heyvandarlığın mühüm sahələri idi. Azərbaycan atları xüsusi şöhrət qazanmışdı. Marko Polo yazırdı ki, “burada xeyli əla at vardır, bu atlar Hindistana satılmaq üçün aparılır, onlar çox bahadır”.
XIII-XIV əsrlərdə Azərbaycanda torpaq mülkiyyətinin əvvəllər də mövcud olmuş aşağıdakı formaları vardı: 1) dövlət torpaqları - divani; 2) hakim sülaləyə məxsus olan torpaq mülkləri - xassə, Hülakular dövründə isə incu və yaxud xass incu; 3) mülklər; 4) dini idarələrə və xeyriyyə təşkilatlarına məxsus olan vəqf torpaqları; 5) iqta torpaqları (dövlətə qulluq müqabilində verilmiş, çox zaman irsi səciyyə daşıyan torpaq sahələri); 6) camaat - icma torpaqları.
Dostları ilə paylaş: |