Kənd təsərrüfatı və aqrar münasibətlər. XV əsrdə beş əsas torpaq mülkiyyət forması var idi: 1. Divan-dövlətə məxsus torpaqlar.2. Xassə-hökmdar və onun ailəsinə məxsus torpaqlar. 3. Mülk-xüsusi, irsi keçən torpaqlar. 4. Vəqf –müsəlman rühanilərinə məxsus olan torpaqlar. 5. Soyurqal (bəxşiş) - bu torpaqlar Qaraqoyunlu və Ağqoyunlu dövlətləri dövründə iqta torpağı əvəzinə yaranmışdı və hərbi-köçmə əyanlara xidmət üçün paylanırdı. İqtaya nisbətən soyurqal sahibinin hüquqları daha geniş idi. Onlar inzibati, məhkəmə və vergi toxunulmazlığı hüququna malik idilər.
Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində hakim sinif tərkib baxımından müxtəlif idi. Bu sinif əsasən aşağıdakı qruplardan ibarət olmuşdur:
a) padşah (sultan) başda olmaqla hakim sülalə; b) Barani, Sədli, Baharlı, Bayandur, Pörnak, Mosullu və Qacar tayfalarının hərbi-köçəri əyanlar kütləsi; c) yerli, oturaq əyanlar (məliklər); ç) ali mülki bürokratiya nümayəndələri; d) ali müsəlman (sünni) ruhaniləri. Ali xristian ruhaniləri təbəqəsi Azərbaycanın bəzi vilayətlərində torpaq sahələrinin mülkiyyətçisi idi. Azərbaycan tayfalarının hərbi-feodal əyanları göstərilən qruplar arasında aparıcı yer tutmurdular.
Bu dövrdə Azərbaycan kəndliləri və sənətkarları 30-dan çox adda vergi və mükəlləfiyyət var idi. Malcəhət (və yaxud bəhrə) - Uzun Həsənin "Qanunnamə"sinə əsasən bəhrə əldə edilən əsasən məhsulun 1/5 təşkil edirdi. Bəhrə-sudan istifadə müqabilində ödənilirdi. Çobanbəyi-maldarlar otlaqdan istifadəyə görə ödəyirdi. Tamğa və bac - monqollardan qalma vergi idi və sənətkar, tacirlər ödəyirdilər. Xristian əhalidən can vergisi alınırdı. Qeyri-qanuni surətdə, özbaşına şəkildə toplanan vergilər şiltaqat adlanırdı.
Ağqoyunlu hökmdarı Sultan Həsən feodal özbaşınalığını məhdudlaşdırmaq və vergilərin yığılması zamanı sui-istifadə hallarını aradan qaldırmaqla iqtisadiyyatın inkişafına təkan verdi. O, Əsasən aqrar və vergi məsələlərilə əlaqədar münasibətlərin tənzimlənməsinə dair “Qanunnamə" də tərtib etmişdi. Təkcə Azərbaycanda deyil, Uzun Həsənin hakimiyyəti altında olan bütün ərazilərdə qüvvədə olmuşdur. "Qanunnamə" dövrümüzədək gəlib çatmamışdır. Ölkədə yığılan vergilərin həcmi dəqiqləşdirilmişdi. Qanunnamə"də qismən mühakimə icraatı, qazıların vəzifəyə təyinatı və mülki hüququn iddialar institutuna, həmçinin iddia müddətlərinin hesablanması məsələlərinə də toxunulmuşdur. Belə ki, qazılar bu vəzifəyə artıq bilik və bacarıqları yoxlanmaqla təyin edilir, bəzən isə seçilirdilər.
Şəhərlər. Sənətkarlıq və ticarət. Pul dövriyyəsi. Bütövlükdə XV əsr (əsrin əvvəli və sonu istisna olunmaqla) Azərbaycanda şəhər həyatının nəzərəçarpacaq dərəcədə canlanması, şəhərlərin ticarət-sənətkarlıq əhəmiyyətinin artması dövrü kimi qiymətləndirilir. Qaraqoyunlu Cahanşahın, Ağqoyunlu Uzun Həsənin və Sultan Yaqubun hakimiyyətləri dövründə şəhər həyatı daha yüksək inkişaf səviyyəsində olmuşdur. Bu dövrdə Təbriz nəinki ölkənin ən böyük şəhəri idi, eyni zamanda əhalisinin sayına görə Yaxın və Orta Şərqin bütün şəhərlərindən üstün idi. Alman səyyahı Şiltberger qeyd edirdi ki, Teymuri hakimi Miranşahın yalnız Təbriz şəhərindən əldə etdiyi gəlir həmin dövrün ən güclü Avropa hökmdarlarının gəlirindən çox idi. Bakı Xəzərdə ən başlıca limana çevrilmişdi. Şəhər Həştərxanı, Orta Asiyanı, Moskva dövlətini ticarət əlaqələri ilə bağlayan mühüm mərkəz olmuşdu. Burada neft hasil olunur, sənətkarlıq və ticarət inkişaf edirdi. Bakıda sikkəxana da fəaliyyət göstərirdi. XV əsrdə, həmçinin Şamaxı, Sultaniyyə Marağa, Ərdəbil, Gəncə və Xoy şəhərləri də iri ticarət-sənətkarlıq mərkəzləri idi.
Asiya ilə Avropanı əlaqələndirən çox mühüm beynəlxalq karvan yolları Azərbaycan ərazisindən keçirdi. Avropalılar Azərbaycan ərazisindəki ticarət mərkəzlərindən müxtəlif şərq malları, xüsusən xam ipək, ipək və pambıq parçalar, xalça-palaz məmulatı, ədviyyat, nadir boyalar, daş-qaş və s. alıb aparırdılar. XV əsrdə Azərbaycanın Avropa ölkələri ilə əlaqələri də genişləndi. Bu dövrdə Azərbaycanla Venesiya Respublikası, Roma papalığı, Neapol krallığı, Avstriya, Macarıstan, Çexiya, Almaniya dövlətləri, habelə Kipr, Rodos və s. dövlətlər arasında əlaqələr yaranmışdı. Qərb ölkələri ilə əlaqələrdə Azərbaycan ipəyi mühüm rol oynayırdı. Azərbaycan ipəyinin əsas alıcıları olan İtaliya tacirləri Qara dənizdən Azov və Don vasitəsilə Volqaya keçir, Xəzərsahili ticarət mərkəzləri ilə geniş əlaqələr yaradırdılar. Onlar müxtəlif şərq malları xüsusən xam ipək almaq üçün Təbriz bazarlarına gəlib çıxırdılar. İtalyan səyyahı Odorik de Pordenon XIV əsrdə Təbrizə "dünyanın hər yerindən tacirlər gəldiyini" qeyd edir.
XV əsrdə Təbriz, Gəncə, Ərdəbil və Şirvan şəhərləri Azərbaycanın mühüm toxuculuq mərkəzləri hesab edilirdi. XV əsr Azərbaycanda xalçaçılığın inkişafında mühüm mərhələdir. Bu dövrdə Təbriz və Şirvan xalçaları xüsusi şöhrətə malik idi. Niderland rəssamı Hans Memlinqin 1472-ci ildə çəkdiyi məşhur "Məryəm ana uşaqları ilə" əsərində Quba-Şirvan tipli xovlu Azərbaycan xalçası təsvir edilmişdir.
Azərbaycanda dulusçuluğun ən böyük mərkəzi Təbriz idi. Metal emalının inkişaf etdiyi şəhərlər Təbriz, Ərdəbil, Gəncə və Şamaxı sayılırdı. Metal emalının əsas sahələri misgərlik və dəmirçilik idi. Azərbaycanda ağac emalı və şəbəkəli oyma sahəsində çoxlu mahir sənətkar çalışırdı.
XV əsrin sonunda Teymur imperiyasının meydana gəlməsi ilə Azərbaycanın da pul tədavülündə dəyişiklik baş verdi. Teymurun Hindistan təcrübəsindən əxz etdiyi yeni pul vahidi (təngə) əvvəlki pul vahidini (Ərəb xilafəti dövründə yeddi əsrdən artıq şərq dövlətlərində pul vahidi kimi istifadə olunan gümüş dirhəmi) dövriyyədən sıxışdırıb çıxardı. Nəticədə təngə XV əsr Azərbaycan dövlətlərinin (Şirvanşahların, Qaraqoyunluların və Ağqoyunluların) pul sisteminin əsasını təşkil etmişdi. Gümüş sikkələrin zərb edilməsi Şamaxıda həyata keçirilidi, mis sikkələr isə Dərbənd və Bakıda kəsilirdi.
Maarif. Elm. Bu dövrdə əsas təhsil müəssisələri məktəb və mədrəsələr idi. Şagird məktəbdə müxtəlif fənlər haqqında ilkin məlumatlar əldə edirdi. Məktəb mədrəsə üçün hazırlıq mərhələsi sayılırdı. Mədrəsələrdə dini təlim əsas yer tuturdu. Lakin bununla yanaşı, ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, nücum, məntiq, fəlsəfə dərsləri də keçirilirdi.
XV əsrdən etibarən Azərbaycan ədəbiyyatı əsasən doğma dildə inkişaf etməyə başladı. Böyük şairlərdən İmaməddin Nəsimi yaradıcılığında mükəmməl bildiyi üç dildən (Azərbaycan, ərəb, fars) istifadə etmişdir və Azərbaycan dilində böyük divan yaratmışdır. Qaraqoyunlular dövlətinin hökmdarı Cahanşah Həqiqi, Nemətullah Kişvəri, Xətai Təbrizinin “Yusif Züleyxa” poeması, Həqirinin “Leyli və Məcnun” u, Nizaminin motivləri üzrə fars dilində “Xəmsə” yaratmış Əşrəf Marağai bu dövrdə geniş şöhrət tapmışdır.
XV əsrdə tarix və coğrafiya elmləri də inkişaf etmişdir. Coğrafiyaşünas və tarixçi Əbdürrəşid Bakuvi, Cəlaləddin Məhəmməd Dəvvani, Şamaxılı filosof və münəccim (astronom) Seyid Yəhya Bakuvi kimi alimlər bu dövrdə yaşayıb yaratmışdılar.
Musiqiçilərdən Əbdülqadir Marağai muğam və mahnılar yaratmışdır. Rəssamlardan Əmir Dövlətyar, Əbdül Müsavir məşhur idilər.
MEMARLIQ. XIV əsrin sonu - XV əsr memarlığının tərəqqisində Təbriz istiqaməti (ölkənin cənubunda) və Şirvan-Abşeron məktəbi (Azərbaycanın şimal ərazisində) aparıcı mövqedə olmuşdur. Təbriz, Şamaxı və Bakı bu memarlıq məktəblərinin əsas mərkəzləri idi. XV əsrin ən görkəmli memarlıq abidəsi Şirvanşah I İbrahim tərəfindən Bakıda inşa edilmiş Şirvanşahlar saray kompleksidir. Bu kompleksdə divanxana və “Bayıl daşları” nın bədii tərtibatı çox böyük maraq doğurur. Həmçinin, Mərdəkan qalası kitabəsi diqqəti xüsusilə cəlb edir. Qaraqoyunlu hökmdarı Cahanşahın əmri ilə 1465-ci ildə Təbrizdə tikilmiş “Göy məscid” memarlıq sənətinin ən nadir incilərindən biri kimi tanınmışdır. Ağqoyunlu hökmdarı Yaqub padşahın göstərişi ilə 1483-cü ildə Təbrizdə “Həşt-behişt” (səkkiz cənnət) saray kompleksi, Ağqoyunlu Sultan Həsənin əmri ilə Təbrizdə Qeysəriyyə (örtülü bazar), Həsən padşah camesi ucaldılmışdı. Dərbənddə tikilmiş “Darülqiyamət” adlı qala, Dərbənd divarlarının “Qırxlar qapısı, Bakıda İçəri şəhərdə tikilmiş “Cümə məscidi”, Qəbələ rayonu Həzrə kəndində ucaldılmış Şeyx Bədrəddin məqbərəsi, Mərdəkanda Tabaşah məscidi, Səngəçalda (Bakının 40 km-də) tikilmiş karvansara da bu dövrün memarlıq nümunələridir.
Mövzu:IX
Azərbaycan Səfəvilər dövləti
PLAN
1. Qızılbaşlar hərəkatı. Səfəvilər dövlətinin yaranmasında onun
rolu.
2. I Şah İsmayıl. Azərbaycan torpaqlarının birləşdirilməsi.
3. Səfəvilər dövlətinin daxili və xarici siyasətinin başlıca
istiqamətləri.
4. XVII əsr-XVIII əsrin birinci yarısında Səfəvi dövlətinin
zəifləməsi və beynəlxalq rəqabət meydanına çevrilməsi.
Ədəbiyyat
1. Azərbaycan tarixi. VII cilddə, III cild, Bakı, 1999. səh 182-346.
2. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı,1989. sənəd N 29-
41, 50-51,55
3. Azərbaycan tarixi, Bakı, 1994, səh. 392-459.
4. Azərbaycan tarixi. S. Əliyarlının redaktorluğu ilə
Bakı,1996. səh.364-459.
5. Mahmudov Y.A. Odlar yurduna səyahət. Bakı,1980. səh.9-62.
6. Fərzəliyev Ş. F. Azərbaycan XV –XVI əsrlərdə. Bakı,1983. səh.73-
82,113-127.
7. Şah İsmayıl Xətai.(məqalələr toplusu). Bakı,1988.
8. Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti. Bakı,1993.
Səfəvilər sülaləsinin yüksəlişi XIII əsrə təsadüf edir. Həmin dövrdə kəndli və sənətkarlar arasında sufi (təsəvvür, sirr, müəamma anlamlı dini-fəlsəfi təlim) dərviş təriqəti yarandı. Bu təriqətin yüksəlişi Şeyx Səfiəddinin (1252-1334) adı ilə bağlıdır. Sufi dərviş təriqəti əsasən Ərdəbil və onun ətraf yerlərində yayılır və bu yerlərin əhalisi Səfəvilərin müridləri sayılırdılar. Artıq XV əsrdə təriqətin təkcə Azərbaycanda deyil, Rumda, Farsda, İraqda, Gilanda da ardıcılları meydana gəlir.
Görkəmli rus tarixçisi Petruşevski Səfəvilərin tarixini 4 dövrə bölür:
1-ci dövr XIII əsrin sonlarından 1447-ci ilə qədər-bu dövrdə səfəvilər şiəliyi yayır, xalq kütlələrinin antifeodal hərəkatına başcılıq edirdilər:
2-ci dövr: 1447-1501-ci illər - bu dövrdə Səfəvilər artıq müstəqil ruhani feodalları kimi fəaliyyət göstərərək, Azərbaycanın siyasi həyatında mühüm rol oynayırdılar:
3-cü dövr: 1501-1587-ci illər-bu dövrdə Səfəvilərin hakimiyyəti yaranır, möhkəmlənir və onlar ölkənin həyatında mühüm rol oynayırlar:
4-cü dövr: 1587-1736-cı illər-bu dövrdə isə Səfəvilər dövlətinin mahiyyətinin dəyişilməsi dövrü sayılır. Paytaxt Təbrizdən İsfahana köçürülür. Bu bölgü əsasında Səfəvilərin Ərdəbil hakimiyyəti dövrü 1501-ci ilə qədər, bütün Azərbaycanda hakimiyyət dövrü isə 1736-cı ilə qədər qəbul olunur.
Şeyx Səfiəddin və ondan sonrakı Səfəvilərin görkəmli başçıları Şeyx Səfiəddin Musa (1334-1392), Şeyx Xacə Əli (1392-1427), Şeyx İbrahim (1427-1447) müxtəlif vədlərlə xalq kütlələrini öz tərəfinə çəkməyə çalışır və hakimiyyət uğrunda mübarizə aparırdılar. XV əsrin ortalarından başlayaraq isə Səfəvilər daha fəal siyasət yeritməyə başlayır və Ərdəbildə öz mövqelərini möhkəmləndirirlər. Çox çəkmir ki, Muğan, Qarabağ və Azərbaycanın Talış dağlarına qədər olan şərq torpaqları Səfəvilərin təsiri altına düşdü.
Bu vaxt Azərbaycanın cənubunda Qaraqoyunlu Cahanşah hökmranlıq edirdi. 1447-ci ildə Ərdəbil hakimi olan Şeyx Cüneyd (1447-1460) Qaraqoyunlularla düşmənçilik siyasəti yeridirdi. Qaraqoyunluların rəqibi olan ağqoyunlu Uzun Həsənlə ittifaqa girən Seyx Cüneyd müstəqil fəaliyyətə başlayır. O, 1460-cı ilin martın 3-də Dağıstana və Şirvana yürüş etdi. Samur çayı sahilində Şirvanşah I Xəlilullah qaraqoyunlu Cahanşahla ittifaqa girərək Səfəvilərin qarşısını kəsir və burada böyük toqquşma olur. Döyüş Səfəvilərin məğlubiyyəti və Şeyx Cüneydin ölümü ilə nəticələnir. Onun oğlu Şeyx Heydər (1460-1488) atasının siyasətini davam etdirirdi. O, dayısı Uzun Həsənin qızı ilə evlənərək, atasının ağqoyunlularla yaratdığı ittifaqı daha da möhkəmləndirdi. Şeyx Heydərin səfəvi döyüşçüləri başlarına 12 imamın şərəfinə on iki zolaqlı çalma bağlayırdılar və buradan “qızılbaşlar” termini yaranmışdır.
Şeyx Heydər qaynı Ağqoyunlu Sultan Yaqubla razılaşdıqdan sonra 1483, 1487-ci illərdə Şirvana və Dağıstana yürüşlər edir. Lakin, onun uğurlu yürüşləri Sultan Yaqubu narahat etdiyindən 1488-ci ildə Şeyx Heydərin Şirvana növbəti hücumü zamanı Sultan Yaqub Şirvanşah hökmdarı Fərrux Yasara kömək etdi. Həmin il iyunun 9-da Şahdağın ətəyində Tabasaran yaxınlığında birləşmiş ağqoyunlu və şirvan qoşunları ilə Səfəvilər üz-üzə gəlirlər. Qanlı döyüş nəticəsində hər iki tərəf xeyli itki verdi və Şeyx Heydər öldürüldü.
Beləliklə, XV əsrdə Səfəvilərin öz hakimiyyətlərini Şirvana yaymaq cəhdləri baş tutmadı. Səfəvilərin Ərdəbil hakimiyyətləri zəiflədi. Şeyx Heydərin oğlanları Sultanəli, İbrahim və İsmayıl Agqoyunlu Sultan Yaqub tərəfindən əsir alınır. Onlar Sultan Yaqubun bacısı Aləmşahbəyimin övladları idilər. Onlar Şiraz yaxınlığında İstəxr qalasına salınmış və dörd il yarım orada əsirlikdə qalmışdılar. Ağqoyunlu padşahı Rüstəm Mirzə hakimiyyətə gələrkən qardaşları 1492-ci il-də əsirlikdən azad edir. Lakin Sultanəli öz dədə-baba hakimiyyətini (Ərdəbil) bərpa etmək məqsədilə hazırlığa başlayır və 1494-cü ildə Ərdəbil yaxınlığında Şəməsi adlı yerdə döyüşə Ağqoyunlu Rüstəm Mirzənin qoşunu döyüşə girsədə məğlub olur, Sultanəli həlak olur. Ağqoyunlular Ərdəbili və Səfəvilərin digər mülklərini ələ keçirirlər. Ağqoyunlu sərkərdəsi Əbih Sultan Ərdəbilə daxil olaraq Səfəvilərin çoxunu qılıncdan keçirir. Lakin qızılbaş əmirləri İsmayılı xilas edə bilirlər. Uzun təqiblərdən sonra İsmayıl Lahicana gəlir və 6 ilə yaxın orada yaşıyır.
Səfəvilər dövlətinin yaranması. 1499-cu ilin avqustunda 13 yaşlı İsmayıl Lahicanı tərk edərək, Ərdəbilə yola düşür. Bu səfərdə İsmayılı onun əsas tərbiyəçisi və qəyyumu Hüseyn bəy Lələ, həmçinin digər qızılbaş tayfa başçıları Əbdüləli bəy Dədə (Dədə bəy Talış), Xadim bəy Xülafə, İlyas bəy Ayqutoğlu (Xınıslı), Qarapiri bəy Qacar, Rüstəm bəy və Bayram bəy (hər ikisi Qaramanlı tayfasından idi) müşaiyət edirdilər.
Yerli Ağqoyunlu hakimləri İsmayıla Ərdəbildə qışlamağa imkan vermədiyindən O, yolüstü Ərcivanda (Astara) qışlayır. Artıq bu dövrdə onun bayrağı altında şamlı, ustaclı, rumlu, təkəli, zülqədərli, əfşar, qacar, varsaq adlanan qızılbaş tayfaları birləşmişdilər. Mənbələrin məlumatına görə Ərzincanda keçirilən müşavirədə əsas zərbəni Şirvana vurmaq qərara alındı.
İsmayıl birinci növbədə Şirvanşahlar dövlətinə zərbə vurmaq istəyirdi, çünki Təbrizə hücum etməklə dərhal üç düşmənlə - Ağqoyunlu Əlvənd Mirzə və Muradla, habelə onları müdafiə edən Şirvanşah Fərrux Yasarla toqquşmalı olardı. Belə olduqda qızılbaşların qələbəsi şübhə altında qalırdı. Bununla yanaşı Qızılbaşların nəzərində Şirvanşahlar Şeyx Cüneydin və Şeyx Heydərin ölümünün əsas səbəbkarı - "qatilləri" idilər.
Beləliklə, 1500-ci ilin payızında qızılbaş qoşunu Kürü keçib Şirvan ərazisinə daxil olur. Şirvanşah Fərrux Yasar acizlik göstərərək Qəbələyə qaçır. Qızılbaşlar heç bir müqavimətə rast gəlmədən Şamaxını tutaraq şəhər yaxınlığındakı Gülüstan qalasına yollandılar. Şirvanşah Fərrux Yasar 1500-ci ilin sonunda qoşunla geri qayıdır və Gülüstan qalasından bir qədər aralıda Cabanı düzündə səfəvilərlə döyüşə girir. Şirvanşahlar sayca qızılbaşlardan azı iki dəfə üstün olsalar da döyüş səfəvilərin qələbəsilə başa çatır və Fərrux Yasar öldürülür.
Cabanı döyüşündən sonra İsmayıl Muğana qışlamağa getdi. Burada o xəbər tutdu ki, Bakı sakinləri xərac verməkdən imtina edir və qızılbaşlara müqavimət göstərirlər. Belə olduqda 1501-ci ilin yazında İsmayıl Bakı qalasını ələ keçirmək məqsədilə sərkərdələri Məhəmməd bəy Ustaclı və İlyas bəy Xunuslunu ora göndərir. Lakin şəhər hakimi Şirvanşah Fərrux Yasarın oğlu Qazı bəyin arvadı qalanın müdafiəsini təşkil edir. Belə olduqda İsmayıl Bakıya doğru hərəkətə başladı. O, qalanın dinc yolla təslim olunması üçü bakılılara müraciət etdi. Tarixçi Həsən bəy Rumlunun məlumatına görə Qazı bəyin arvadı Səfəvi elçisinin edam edilməsini əmr edir.
Bakılıların inadlı müqaviməti qızılbaş əmirlərini qalanı hücumla almağa məcbur etdi. Qızılbaşlar qala divarlarının altından lağım ataraq şəhərə daxil olurlar. Şəhər əyanları darvazaları İsmayılın üzünə açırlar və Səfəvilər şəhərə daxil olaraq Şirvanşahların xəzinəsini ələ keçirirlər. İsmayılın ən nüfuzlu silahdaşlarından biri olan Hüseyn bəy Lələ Şamlı Səfəvilərin Şirvan canişini təyin olunur.
Bakını aldıqdan sonra Qızılbaşlar Kür çayını keçib Naxçıvana doğru hərəkətə başlayır. Belə bir vaxtda Ağqoyunlu hakimi Əlvənd Mirzə Naxçıvanın şimal-qərbindəki Şərur düzündə dayanmışdı. İsmayıl Araz çayının cənub sahili boyunca irəliləyərək Naxçıvan bölgəsində çayı keçdi və düşmənin qarşısına çıxdı. Burada 1501-ci ilin ortalarında tərəflər döyüşə girdilər.
Bu döyüşdə İsmayıl əsl sərkərdəlik məharəti nümayiş etdirirdi. Ağqoyunlu Əlvənd Mirzə öz döyüşçülərinin gücünə inanmırdı. Döyüş meydanını tərk etməmələri üçün onları hər tərəfdən dəvələrlə əhatə etməyi əmr etdi. Ağqoyunluların 30 min, səfəvilərin isə 7 min nəfərdən ibarət olmalarına baxmayaraq Ağqoyunlular məğlub olaraq dağılışmağa başladılar, Əlvənd Mirzə isə Ərzincana qaçdı. Beləliklə 1501-ci ilin payızında İsmayıl heç bir müqavimətsiz Təbrizə daxil olur və özünü şah elan edir, adına xütbə oxutduraraq sikkə zərb etdirdi. Paytaxt Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyulur (1501-1736). Səfəvilər dövlətinin mövcudluğu dövründə Azərbaycan torpaqlarının vahid mərkəzləşdirilmiş halda birləşdirilməsi tariximizdə mühüm hadisə olmuşdur.
Səfəvilər dövləti sosial-iqtisadi cəhətdən daha çox inkişaf etmiş Azərbaycan ərazisində yarandı. Bu dövlətin iqtisadi əsasını zəngin Azərbaycan vilayətləri (Şirvan, Qarabağ, Naxçıvan, Muğan və Qızılüzən çayına qədərki Cənubi Azərbaycanı) təşkil edirdi. Ağqoyunlu Əlvənd Mirzənin məğlubiyyətindən sonra əsas təhlükə onun qardaşı Fars və İraqi Əcəmin hakimi olan Murad Mirzədən idi. O, Həmədanda qoşun toplayaraq qızılbaşlara zərbə endirməyə hazırlaşırdı. Odur ki, 1503-cü il iyunun 21-də Həmədan yaxınlığında, Almaqulağı deyilən yerdə İsmayıl ağqoyunlularla vuruşa girir. Şiddətli döyüş qızılbaşların qələbəsilə başa çatır və Murad Mirzə Şiraza qaçır. Əgər, Şah I İsmayıl Ağqoyunlu Əlvənd üzərində qələbə ilə Azərbaycana sahib olmuşdusa Ağqoyunlu Murad Mirzə üzərində qələbə ilə isə Fars və İraqi Əcəmə yiyələnir, həmçinin Ağqounlular dövlətinin varlığına son qoyur.
Elə həmin ildə Şah I İsmayıl Şirazı, Qumu, Kaşanı və İsfahanı tutdu. 1505-ci ildə isə Yəzdə və Kirmana yiyələndilər. 1506-1508-ci illərdə Bağdad şəhəri daxil olmaqla Diyarbəkri, Xilat, Bidlis və Ərəb İraqını fədh etdilər. Artıq 1510-cu ildə bütün İran vilayətləri (Xorasan istisna olunmaqla) Səfəvilər dövlətinə birləşdirilmişdi. Beləliklə, Səfəvi dövləti şərqdə Şeybani xanın Özbək dövləti (Şeybanilər dövləti) və qərbdə Osmanlı Türkiyəsi ilə həmsərhəd oldu.
I Şah İsmayılın daxili və xarici siyasəti. Dövlətdə əhalinin etnik və mədəni birliyə malik çoxluğunu Azərbaycan türkləri təşkil edirdilər. Azərbayacan etnik ünsürü Səfəvilər dövlətin siyasi həyatında rəhbər rol oynayırdı. Hərbi komandanlıq, maliyyə işləri, vilayət əmirləri vəzifəsi, demək olar ki, bütün saray vəzifələri Azərbaycan türklərinin əlində cəmləşmişdi. Dövlətin 74 əmirindən 69-cu azərbaycanlı idi. Ordu da demək olar ki, azərbaycanlılardan təşkil olunurdu. Sarayda, qoşun içərisində, diplomatik yazışmada Azərbaycan türkçəsi işlədilirdi.
Azərbaycan Səfəvilər dövlətinin güclənməsi Osmanlı Türkiyəsi və Orta Asiyadakı Şeybanilər dövləti ilə münasibətlərinin mürəkkəbləşməsinə səbəb oldu. Şeybanilər dövləti ilə ziddiyət əsasən Xorasan vilayəti ilə əlaqədər idi. Səfəvilərin İran feodallarına qarşı başlarının qarışmasından istifadə edən Şeybani xan Xorasanı tutur və hətta İsmayıla tabe olmaq tələbini irəli sürmüşdü. Şeybani xan hədə ilə bildirmişdi ki, əks halda “mən İran və Azərbaycan sərhədlərinə qoşun çəkərəm, bu ölkələri işğal edəndən sonra Ərəb İraqına və Hicaza gedərəm”. Bu səbəbdən Şah I İsmayıl Xorasana doğru hərəkətə başlayır. Şeybani xan əsas qüvvələri ilə birləşmək üçün Heratdan Mərvə qoşun toplamağa gedir. Qızılbaşlar Mərv qalasını mühasirəyə aldılar. Şah I İsmayıl Şeybani xanın qoşununu qaladan çıxarıb döyüşü səhrada keçirmək üçün taktiki tədbirlər keçirtdi. O, əsas qüvvə ilə Mərvdən uzaqlaşıb Mahmudi kəndi yaxınlığında dayandı. Şeybani xan şah İsmayılın Azərbaycana qayıtdığını zənn edərək Mərvdən çıxdı. 1510-cu il dekabrın 2-də burada özbəklərlə döyüş oldu və Şah İsmayıl qələbə çalaraq hətta Şeybani xanı döyüşdə öldürülür. Beləliklə Şah İsmayıl Mərv, Bəlx və Herat şəhərləri daxil olmaqla Xorasanı ələ keçirir. Amu-Dəryaya (Orta Asiyada çay) qədər bütün ərazilər səfəvilərin hakimiyyəti altına keçdi.
Səfəvilərin qüdrətinin artması Osmanlı Türkiyəsini çox narahat edirdi. Sultan II Bəyazid 1504-cü ildə Səfəviləri tanımalı olsa da, Osmanlı feodalları Azərbaycanı və qonşu ölkələri ələ keçirmək iddialarından yan keçmirdilər. Şah İsmayıl Türkiyə ilə toqquşmanın labüd olduğunu hiss edirdi və mübarizə üçün müttəfiq axtarırdı. 1505-ci ildə Səfəvilər Osmanlı imperiyasına qarşı birgə mübarizə aparmaq üçün Venesiya ilə danışıqlar aparırılar. Lakin Avropa dövlətlərindən kömək almaq cəhdləri nəticə vermədi. Sultan II Bəyazidin oğlu Sultan Səlim hakimiyyətə gəldikdən sonra (1512) səfəvilərlə düşmənçiliyə başladı. 1512-ci ildə Şah I İsmayılın qoşunu Kiçik Asiyada Qarahisar və Malatya şəhərlərinə yiyələndi. Sərkərdə Məhəmməd xan Ustaclı Diyarbəkir şəhərini tutdu və buradan Şah I İsmayılın göstərişi ilə Sultan I Səlimə təhqiramiz məktub yazdı. Sultan I Səlim Səfəvilərlə döyüşə girməzdən qabaq Macarıstan və Venesiya ilə müqavilə bağladı, öncədən Şeybanilər tərəfindən yardım vədini aldı. Onun əmrilə Osmanlı imperiyasının hər tərəfindən qoşun toplandı. Sultan qoşunun döyüş ruhunu qaldırmaq üçün yeniçərlərə məvacib payladı. 140 min nəfərlik osmanlı qoşunu döyüşə hazır vəziyyətə gətirildi.
Sultanın qoşunu 1514-cü ilin yayında Osmanlı-qızılbaş sərhəddi ilə axan Çaysu çayını keçib Ərzincana daxil oldu. Şah I İsmayıl döyüşü yubatmağa çalışırdı. O, osmanlı ordusunu qarşıdakı qışda çətin vəziyyətə salmaq məqsədilə əhalini köçürərək ərzaq və yem ehtiyatlarını məhv edilməsinə, su mənbələrini yararsız hala salınaraq "yandırılmış torpaq" taktikası həyata keçirilməsinə göstəriş verdi.
Nəhayət, 1514-cü il avqustun 23-də Çaldıran düzündə (Maku yaxınlığı) döyüş baş verdi. Fars mənbələrinə görə hələ döyüşdən əvvəl hərbi şurada qızılbaşlar düşmən üzərinə gecə hücuma keçməyi İsmayıla təklif etdilər. Onların fikrinə görə, gecə atəşi qızılbaş süvarilərini silah və atəş topundan xilas edər. Ancaq Şah İsmayıl etiraz edərək dedi: “Mən karvan basan quldur deyiləm, qoy allahın məsləhət bildiyi kimi olsun”.
Osmanlı tarixçisi İdris Bidlisinin verdiyi ən dolğun məlumata görə, Osmanlı ordusunda 100 min, qızılbaşlarda isə 40 min nəfər döyüşçü olmuşdur. Sultan I Səlim yalnız ordusunun sayına görə deyil, həm də Avropa tipli hərbi təşkilatı ilə də İsmayıldan üstün idi, osmanlılarda qızılbaşlarda olmayan böyük topxana vardı. Məhz bu amil osmanlıların qələbəsində böyük rol oynadı. Nəticədə bu qanlı döyüş türklərin qələbəsi ilə başa çatdı. Şah I İsmayıl Osmanlı ordusunda özünün bahadır gücü və igidliyi ilə məşhur olan Əli bəy Malcuqoğlu ilə təkbətək döyüşdə türk sərkərdəsini qılınc zərbəsilə məğlub etdi. Döyüşdə Qızılbaşların məhşur sərkərdələri Məhəmməd xan Ustaclı, Hüseyn bəy Lələn, Sarı Pirə Ustaclı, Xadim bəy Hülafə həlak oldular.
Döyüşdə Şah I İsmayıl yaralanır və döyüş həlqəsini qıraraq olkənin içərilərinə çəkilir. Bundan sonra Sultan Səlim Şah İsmayılı təqib edərək Xoy, Mərənd və Təbrizi ələ keçirir. Lakin türklər müharibəni davam etdirmək iqtidarında deyildilər. Qışın yaxınlaşması, ərzaq qıtlığı və qızılbaş döyüşçülərinin vətən torpağı uğrunda misilsiz igidliyi Sultan Səlimin Azərbaycanı tezliklə tərk etməsinə səbəb oldu. O, gedərkən Təbrizin ən yaxşı ustalarını da ozü ilə apraır. Çaldıran döyüşünün nəticəsi olaraq Türkiyə Ərzurum şəhəri ilə birlikdə Qərbi Anadolu və Şimali Mesopotomiyaya yiyələndilər.
Çaldıran döyüşü tarixə ən qanlı qardaş qırğını kimi düşmüşdür. Sultan I Səlim üçün böyük zəfər sayılan Çaldıran vuruşu, əslində Türk dünyasının ümumi faciəsi, qərb dünyası diplomatiyasının isə strateji qələbəsi idi.
Çaldıran döyüşündəki məğlubiyyət Səfəvilərin qüdrətinin zəifləməsinə səbəb oldu. 1514-cü ildə başlanan Səfəvi-Türkiyə müharibələri isə fasilələrlə 100-ilə qədər davam etmişdi.
Çaldıran döyüşündən sonra I Şah İsmayılın odlu silah almaq istədiyi Portuqaliya onun ümidlərini doğrultmadı. Əksinə, Şah İsmayılın xeyirxah münasibətindən istifadə edən Portuqaliya İran körfəzində möhkəmlənməyə başladı. Portuqallar 1515-ci ildə Hörmüz limanını ələ keçirərək Səfəvilərin Hind okeanına çıxış yolunu bağladılar.
Osmanlılarla müharibə dayandıqdan sonra, Səfəvilər dövlət daxilində öz hakimiyyətlərini möhkəmlətməyə çalışırdılar. Şirvanşahlar Şah I İsmayıla tabe olmaqdan boyun qaçırsalarda Şirvanşah hökmdarı II İbrahim (1502-1524) 1517-ci ildə Səfəvilərdən asılılığı qəbul edir. Bununla yanaşı, Şah İsmayıl Şirvanşahlarla sülh münasibətlərinə meyil edir və qızı Pərixan xanımı Şirvanşah II İbrahimin oğlu Xəlil (II Xəlilullah) ilə nişanlayır. Bu münasibətlər sonralar da müsbət istiqamətdə inkişaf etmişdi.
1517-ci ildə Səfəvilər Gürcüstana yürüş edərək oranı asılı vəziyyətə saldılar. Az bir müddət sonra Şəki də yenidən Səfəvilərin hakimiyyəti ilə barışır.
Dostları ilə paylaş: |