Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə38/115
tarix25.04.2017
ölçüsü7,78 Mb.
#15742
1   ...   34   35   36   37   38   39   40   41   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

197 


Uinston kölgəli cığırla gedirdi. Budaqların bir-birinə çatılıb tağ əmələ gətirmədiyi yerlərdə arabir 

qızılı rəngə çalan parlaq gün işığına çıxırdı. Sol tərəfdə ağacların altı başdan-başa zəngçiçəyi ilə 

örtülmüşdü. Hava elə bil insanın dərisini tumarlayırdı. Mayın ikinci günü idi. Meşənin 

dərinliklərindən alabaxtaların çığırtısı eşidilirdi.  

Vaxtından bir az tez gəlmişdi. Yolda heç bir çətinliklə üzləşməmişdi. Görünür, qız belə 

məsələlərdə o qədər təcrübəli idi ki, Uinston hətta normal vəziyyətdə də içini yeyən qorxunu hiss 

etməmişdi. Kifayət qədər təhlükəsiz yer seçildiyinə şübhə ola bilməzdi. Şəhər kənarında hər 

yerin Londonla müqayisədə daha təhlükəsiz olduğunu düşünmək sadəlövhlük idi. Əlbəttə, 

burada telekekran quraşdırılmamışdı. Lakin gizli mikrofon qorxusu həmişə vardı. Mikrofona səsi 

yazıb sonra sahibini tapmaq olurdu. İkinci tərəfdən, diqqəti çəkmədən təkbaşına səyahətə çıxmaq 

da asan məsələ deyildi. Doğrudur, yüz kilometrdən az məsafəyə gediş üçün pasportda müvafiq 

qeydiyyat aparılması tələb olunmurdu. Lakin bəzən dəmiryol stansiyalarının yaxınlığında 

patrullar dolaşırdılar. Onlar rastlarına çıxan bütün Partiya üzvlərinin sənədlərini yoxlayır, cəncəl 

suallar verirdilər. Bəxtindən, patrula rast gəlməmişdi. Stansiyadan çıxandan sonra bir neçə dəfə 

çevrilib ehtiyatla arxasına baxmış, izlənmədiyinə tam əmin olmuşdu. Qatar təkcə elə xoş yaz 

havasına görə özlərini bəxtəvər sayan bayram əhvali-ruhiyyəli prollarla dolu idi. Bütün yolu 

taxta oturacaqlı vaqonda gəlmişdi. Oturacaqların hamısını dişləri tökülmüş ulu nənədən tutmuş 

bir aylıq südəmər körpəyə qədər çoxsaylı prol ailəsi zəbt etmişdi. Onlar bir günlüyə kəndə, 

“qudalarına” qonaq gedirdilər. Həm də çəkinmədən Uinstona dedikləri kimi, qara bazardan bir 

az yağ tapmaq ümidində idilər.  

Cığır tədricən genişləndi. Uinston qızın təsvir elədiyi kolluqlar arasında mal-qaranın tapdaladığı 

talaya çıxdı. Saatı yox idi, amma vaxtından tez gəldiyini hiss edirdi. Zəngçiçəyi elə sıx bitmişdi 

ki, tapdamamaq mümkün deyildi. Uinston dizi üstə çöküb çiçək dərməyə başladı. Həm vaxtı 

öldürmək lazım idi, həm də qız gələndə sürpriz eləmək - ona çiçək dəstəsi vermək fikrinə 

düşmüşdü. Az qala bir qucaq zəngçiçəyi yığmışdı. Onları burnuna yaxınlaşdırıb başgicəlləndirici 

tünd ətrini sinəsinə çəkmək istəyirdi ki, arxadan eşidilən səsdən bütün bədənini soyuq tər basdı. 

Kiminsə ayağı altında qalıb sınan budağın şaqqıltısı eşidildi. Uinston heç nə olmamış kimi yenə 

gül dərməyə davam etdi. Bu ən düzgün qərar idi. Arxadakı qız da ola bilərdi. Amma bəlkə kimsə 

onu izləyib bura qədər gətirmişdi? Ətrafa boylanırsansa, deməli, nə isə şübhəli işin var. Odur ki, 

başını qaldırmadan zəncirçiçəyi dərirdi. Çiyininə yüngülcə bir əl toxundu.  

Gözlərini qaldırıb baxdı. Qız idi. Əlini dodağına qoyub susmaq işarəsi verdi. Sonra kolları 

aralayıb dar cığırla sürətlə meşənin içərisinə tərəf addımladı. İnamlı hərəkətlərindən əvvəllər 

dəfələrlə burada olduğu aydın sezilirdi. Əraziyə bələdliyi bataqlıq yerlərin yanından çox 

asanlıqla keçib getməsindən də bilinirdi. Uinston gül dəstəsini sinəsinə sıxıb onun dalınca 

addımlayırdı. Qızı görəndə əvvəlcə içərisində bir rahatlıq hiss etmişdi. İndi isə belindəki qırmızı 

qurşağın daha aydın nəzərə çarpdırdığı güclü və gözəl bədənini, yaraşıqlı ayaqlarını gözdən 

keçirəndə birdən-birə bu qıza layiq olmadığı fikri düşüncəsinə hakim kəsilmişdi. Hətta qızın 

arxaya çevrilib diqqətlə ona baxacağı təqdirdə, qərarını dəyişib geri qayıdacağı ehtimalı 

fikrindən keçdi. Havanın xoş rayihəsi, ağacların göz oxşayan yaşıllığı da Uinstonun qorxusunu 

artırırdı. Hələ stansiyadan gələndə gözəl may günəşinin şüaları altında özü öz gözündə çox çirkli, 

kif basmış, Londonun toz və qurumu az qala dərisinin hər santimetrinə işləmiş adam kimi 

görünmüşdü. Qızın indiyə qədər onu bir dəfə də günəş işığında, yaxud açıq yerdə görməməsi 

fikri qənaətini daha da möhkəmləndirirdi. Dünən nişan verilən ağacın yanına gəlib çatdılar. Qız 

qurumuş ağacın üstündən keçib divar kimi üzü yuxarı boy çəkmiş kolların arxasında görünməz 

oldu. Uinston da onun ardınca kolluğa girdi. Cavan ağacların dörd tərəfdən əhatə elədiyi seyrək 

otlu, təbii otağa bənzəyən kiçik talaya gəlib çıxdıqlarını gördü. Nəhayət, qız dayanıb üzünü 

Uinstona tərəf çevirdi. 

– Gəldik! - dedi. 

Uinston onun iki-üç addımlığında durub baxırdı. Elə bil yaxın gəlməyə cürəti çatmırdı.  


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

198 


– Cığırda özüm qəsdən danışmırdım. - Qız sükutu pozdu. - Çünki ətrafdakı kolların arasında 

mikrofon gizlədə bilərlər. Doğrusu, düşünmürəm ki, belə şey olsun. Amma istənilən halda 

işimizi ehtiyatlı tutmalıyıq. O donuzlardan birinin səsimizi yazıb tanıyacağını heç vaxt yaddan 

çıxarmamalıyıq. Bura isə tam təhlükəsiz yerdir.  

Uinston hələ də qıza yaxınlaşmağa cəsarət etmirdi.  

– Deyirsiniz bura təhlükəsiz yerdir? - deyə səfehcəsinə bir də soruşdu.  

– Əlbəttə! Siz bir ağaclara baxın. - Ətrafda əvvəllər kəsilmiş göyrüş ağacının kötüyündən qalxan 

pöhrələr dimdik ucalırdı. Gövdələri hələ adam biləyindən yoğun olmazdı. - Mikrofon gizlətməyə 

hündür, qalın yarpaqlı ağaclar yoxdur. Həm də bura birinci dəfə gəlmirəm. 

Yalnız bundan sonra arxayın danışmağa başladılar. Uinston çəkingənliyini üstələyib yaxın gəldi. 

Qız qarşısında dayanmışdı. Sifətində elə bil cavan kişinin belə yerdə bu qədər ləng 

tərpənməsindən təəccübləndiyini bildirən qınaq ifadəsi vardı. Uinstonun qucağındakı zəngçiçəyi 

dəstəsi dağıldı. Sanki gülləri kimsə əlindən alıb yerə səpələdi. Yaxınlaşıb qızın əllərindən 

yapışdı.  

– İnanmazsınız, - dedi, - indiyə qədər gözlərinizin nə rəngdə olduğunu bilmirdim.  

Qızın gözləri qonur, daha doğrusu, açıq qonur rəngdə idi. Uzun, qara kirpikləri vardı.  

– İndi gözlərimin rəngini görəndən sonra baxmağa yenə ehtiyat edirsiniz?  

– Bir az ehtiyatlanıram. Qoy özümü sizə bir az tanıdım. Otuz doqquz yaşım var. Evliyəm. 

Arvadımla heç cür üzülüşə bilmirəm. Ayaqlarımda varikoz damarlarının genişlənməsindən 

əziyyət çəkirəm. Dişlərimin beşi protezdir.  

– Mənim üçün bunların elə bir əhəmiyyəti yoxdur.  

Təşəbbüsün kimdən gəldiyini söyləmək çətin olsa da, bir an sonra qız artıq onun qolları arasında 

idi. Əvvəlcə Uinston ilk təmasdan heç bir şey hiss etmədi. Şüuruna yalnız bir fikir hakim 

kəsilmişdi: baş verənlər mümkün olan şey deyil! Cavan qadın bədəni ona sarılmışdı. Sifəti gur, 

qara saçların içərisində görünməz olmuşdu. Nəhayət, qız başını yuxarı qaldırdı. İndi Uinston 

onun dolğun, qırmızı dodaqlarını öpürdü. Qız qollarını Uinstonun boynuna dolamışdı, nəvazişlə 

“əzizim”, “həyatım”, “sevimlim” deyirdi. Heç bir tərəddüd, yaxud müqavimətlə üzləşmədən onu 

ehtiyatla otların üstünə uzatdı. Demək, istədiyini edə bilərdi. Lakin bədənlərinin təmasından 

başqa heç bir fiziki istəyinin olmadığını çox tezliklə anladı. Hələ də düşüncəsinə hakim kəsilən 

yeganə hiss baş verənlərin mümkünlüyünə inamsızlıq olsa da, qızın məhz onu seçməsindən də 

qürur duyurdu. Münasibətlərin belə asanlıqla yoluna düşməsinə sevinir di gəl, fiziki yaxınlıq 

istəyi duymurdu. Hər şey gözlədiyindən daha sürətlə baş vermişdi. Qızın gəncliyi və gözəlliyi 

onu qorxutmuşdu. Bəlkə uzun müddət qadınsız yaşamağın törətdiyi fəsadlar rol oynamışdı. 

Uinston həyəcanının səbəbini bilmirdi. Qız yerindən qalxdı. Saçlarına ilişmiş zəngçiçəyini 

qoparıb atdı. Sonra Uinstonun qarşısında oturdu, əlləri ilə onun belini qucaqladı.  

– Narahat olma, əzizim. Tələsən yerimiz yoxdur. Hələ nə qədər vaxtımız var! Görürsən, nə əla 

gizli görüş yeridir? İctimai turist gəzintisi zamanı, dəstədən geri qalanda buranı bələdləmişdim. 

Əgər işdir, təsadüfən kimsə yaxınlaşsa, lap yüz metrlikdən də eşitmək olur.  

– Adın nədir?-deyə Uinston soruşdu.  

– Culiya. Səninkini bilirəm. Uinstondur. Uinston Smit.  

– Haradan öyrənmisən? 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

199 


– Görünür, məlumat toplamaqda səndən daha bacarıqlıyam, əzizim. Düzünü de, kağızı sənə 

verməmişdən əvvəl haqqımda nə fikirləşirdin?  

Uinstonun qıza yalan danışmaq istəmirdi. Bəlkə ən xoşagəlməz şeylərdən başlamaq məhəbbət 

izharının qəribə üsullarından biri sayıla bilərdi. 

– Sənə nifrət edirdim,-dedi.-Səni zorlamaq, sonra da öldürmək istəyirdim. İki həftə əvvəl başını 

çaylaq daşı ilə əzməyi qətiləşdirmişdim. Düzünü bilmək istəsən, Fikir Polisi ilə əlaqəli olduğunu 

düşünürdüm.  

Qız qəhqəhə ilə güldü. Eşitdiyi sözləri rolunu əla oynamasının təsdiqi kimi qəbul eləmişdi.  

– Bircə Fikir Polisi çatışmırdı! Doğrudan belə fikirləşirdin? 

– Bəlkə də tam belə deyildi. Amma zahiri görünüşündən, belə cavan, sağlam, təzə-tər 

olmağından... Başa düşürsən... Fikirləşirdim ki, yəqin...  

– Fikirləşirdin ki,yəqin nümunəvi Partiya üzvüyəm. Əməllərimdə və fikirlərimdə büllur 

kimiyəm. Bayraqlar, yürüşlər, şüarlar, gəzintilər, idman oyunları, ictimai turist səfərləri və başqa 

buna bənzər şeylər. Fikirləşirdin ki, əlimə imkan düşsə, səni fikir cinayətində ittiham edəcəyəm, 

o biri dünyaya göndərilməyinə qərar verəcəyəm? . 

– Aha! Təxminən oxşar şeylər düşünürdüm. Bilirsən, indiki qızların çoxu məhz belə olur.  

– Yəqin hamısı bu andıra qalmışın ucbatındandır!-deyə Culiya Anti-Seks Liqasının qırmızı 

qurşağını açıb kolların üstünə atdı.  

Əlini belinə toxunduranda yadına nə isə düşdü. Kombinezonunun ciblərini axtarıb balaca, yastı 

şokolad çıxardı. İki yerə bölüb bir parçasını Uinstona uzatdı. Uinston hələ şokoladı əlinə 

almamış ətrafa yayılan xoş qoxudan onun qeyri-adiliyini hiss etdi. Şokolad qaramtıl və parıltılı 

idi, gümüşü rəngli kağıza bükülmüşdü. Gördüyü şokoladlar, adətən, solğun-qəhvəyi rəngə çalır, 

adamın əlində ovxalanır və yandırılan zibil iyi verirdi. Uinston nə vaxtsa indicə qızın verdiyi 

həqiqi şokoladın dadına baxmışdı. Ətrafa yayılan xoş qoxu onda güclü, həyəcanlandırıcı hiss 

oyatmışdı. Çalışsa da gözlənilməz hissin təsirindən çıxa bilmirdi.  

– Bunu haradan tapmısan?-deyə soruşdu. 

– Qara bazardan- qız laqeyd halda cavab verdi. - Düzünü bilmək istəsən, elə düşündüyün kimi 

qızam. Yaxşı idmançıyam. Kəşfiyyatçılar dərnəyində dəstə başçısı olmuşam. Həftədə üç axşam 

Gənclərin Antiseks Liqasında könüllü çalışıram. Saatlarla onların cındır plakatlarını London 

küçələrində yapışdırıram. Nümayişlər zamanı mütləq transparantın bir tərəfindən tuturam. 

Sifətimdə həmişə məmnun ifadə olur. Heç bir işdən boyun qaçırmıram. Şüarım daim kütləyə 

qoşulub bağırmaqdır. Başı salamat saxlamağın yeganə yolu budur.  

Şokoladın ilk tikəsi Uinstonun ağzında əridi. Çox nəfis idi. Damağında hiss etdiyi dad şüurunun 

dərin qatlarındakı xatirəni yenidən oyatdı. Gözün ucu ilə görünən əşya kimi düşüncəsinə qəfildən 

hakim kəsilən anılarına hec cür dəqiq şəkil verə bilmirdi. Uinston bu mübhəm xatirəni özündən 

uzaqlaşdırmağa çalışıdı. Yaddaşını çözələyən hissin nə vaxtsa məmnuniyyətlə görmək istədiyi, 

amma bacarmadığı bir işlə bağlı olduğuna əmin idi. Üzünü qıza tutub: 

– Çox gəncsən, - dedi. - Yəqin, məndən on, bəlkə on beş yaş cavan olarsan. Qəribədir, mənim 

kimi adamda diqqətini nə cəlb edə bilərdi? 

– Sifətində nə isə fərqli ifadə gördüm. Bəxtimi sınamaq qərarına gəldim. Məndə daxilən ora 

bağlı olmayanları iyləyib tapmaq qabiliyyəti var. Səni görən kimi onlardan olmadığını başa 

düşdüm. 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

200 


“Onlar” deyəndə Partiyanı, həm də yəqin ki, Daxili Partiyanı nəzərdə tutur. Özü də bu haqda gör 

necə istehza qarışıq nifrətlə danışır! -deyə Uinston fikrindən keçirdi. Ümumiyyətlə, “təhlükəsiz 

yer” mövcuddursa, buranın ən salamat yer olduğunu bilsə də, narahatlıq hissi Uinstonu tərk 

etmirdi. Təəccüb qaldığı başqa cəhət isə qizin kobud ifadələr işlətməsi idi. Partiya üzvlərinin 

söyüş söyməsi məqbul hərəkət sayılmırdı. Uinston nadir hallarda dilinə sərbəstlik verirdi. 

Culiyanın isə Partiya, xüsusən də Daxili Partiya haqqında hasarlara təbaşirlə gizlicə yazılan 

sözləri işlətmədən danışması mümkün deyildi. Lakin hər adamın dilinə gətirə bilmədiyi kəlmələr 

Uinstonu qızdan qətiyyən uzaqlaşdırmırdı. Belə danışıq tərzi Culiyanın Partiya əleyhinə, Partiya 

ilə bağlı olan hər şey əleyhinə üsyanının təzahürü idi. Qabağına çürümüş ot qoyulan atın etiraz 

dolu fınxırtısı kimi, bu hərəkət də təbii və məntiqi idi. Onlar taladan çıxıb yenə ağacların 

kölgəsində gəzməyə başladılar. Cığır geniş olduğundan qucaqlaşıb yanaşı addımlayırdılar. 

Antiseks Liqasının qurşağını açıb bir tərəfə atandan sonra qızın belinin necə zərif, yumşaq 

olduğu Uinstonun diqqətini çəkdi. Hələ də pıçıltı ilə danışırdılar. Taladan çıxandan sonra qız 

mümkün qədər səs salmadan yeriməyi məsləhət görmüşdü. Artıq balaca meşənin kənarına gəlib 

çatmışdılar. Culiya onu dayandırdı.  

– Açıqlığa çıxma. Bəlkə kimsə bizi izləyir. Kolların arxası daha təhlükəsizdir.  

Qoz ağacının kölgəsində dayanmışdılar. Amma sıx yarpaqların arasından süzülən günəş şüası 

sifətlərini hələ də isindirirdi. Uinston başını çevirib çəmənliyə baxdı. İlk dəfə olduğu yerin 

gözlərinə çox tanış görünməsindən yüngülcə heyrətlənmişdi. Buraları baxan kimi tanımışdı. 

Ortasından cığır keçən köhnə, otları tapdanmış çəmənlik, göstəbəklərin eşib çıxardıqları torpaq 

topaları...Qarşı tərəfdə budaqları mehdən yüngülcə silkələnən, sıx yarpaqları qadın saçlarını 

xatıtrladan tər göyrüş ağacları əyri-üyrü canlı hasar kimi uzanıb gedirdi. Haradasa lap yaxınlıqda 

yaşıl sulu gölməçələrində balıqlar üzən balaca çay da olmalı idi.  

– Yaxınlıqda balaca çay yoxdur ki?-deyə pıçıltı ilə soruşdu.  

– Düz tapmısan, var. Qarşıdakı talanın qurtaracağındadır. Ağacların altındakı nohurlarda iri 

balıqlar üzür. Diqqətlə baxsan suda o baş-bu başa şütüyüb quyruqlarını tərpətdiklərini də görə 

bilərsən.  

– Deməli, Qızıl Ölkə buradır... - Uinston öz-özünə pıçıldadı.  

– Qızıl Ölkə? 

– Elə-belə, sözgəlişi dedim. Qəribədir, buranı bir neçə dəfə yuxuda görmüşəm.  

– Ora bax!-Culiya başı ilə qarşı tərəfi göstərdi.  

Təxminən beş addım aralıda, başları bərabərində olan kola qaratoyuq qonmuşdu. Deyəsən onları 

görmürdü. Çünki quş gün işığında idi, Culiya ilə Uinston kölgədə dayanmışdılar. Qaratoyuq 

əvvəlcə qanadlarını geniş açdı, sonra ehtiyatla yığdı. Tələsmədən başını bir neçə dəfə tərpətdi. 

Elə-bil günəşə təzim edirdi. Sonra şövqlə cəh-cəh vurmağa başladı. Günortanın lal sükutunda 

səsi gur və şaqraq çıxırdı. Biri-birlərinə sarılan Uinstonla Culiya heyrətdən yerlərində donub 

qalmışdılar. Dəqiqələr keçib gedirdi. Quşun səsi isə kəsilmək bilmirdi. Qaratoyuq sanki qəfil 

qonaqların qarşısında məharətini nümayiş etdirirdi. Öz-özünü təkrarlamır, nəğməsini hər dəfə 

yeni zəngulələrlə zənginləşdirirdi. Arada bir neçə saniyəliyə susurdu. Qanadlarını yığıb-açır, çil-

çil sinəsini qabardır, sonra əvvəlkindən də yüksək, şövqlü səslə oxuyurdu. Uinston səbəbini özü 

də anlamadığı heyranlıqla qaratoyuğa tamaşa edirdi. Görəsən, quş burada niyə, kimin üçün 

oxuyurdu? Yaxınlıqda nə rəfiqəsi, nə də rəqibi vardı. Onu meşənin kənarındakı tənha ağacın 

budağına qonub heç kəsin eşitmədiyi gur, şaqraq nəğməni oxumağa vadar edən hansı qüvvə idi? 

Ağlına hətta quşun ötməsinin də bir tələ, qurma olduğu fikri gəldi. Bəlkə haradasa yaxınlıqda 

mikrofon gizlədilib?! Bayaqdan bəri güclə eşidiləcək pıçıltı ilə danışmışdılar. İstəsələr belə 

səslərini yaza bilməzdilər. Quşun səsini isə yazmaq mümkün idi. Bəlkə xəttin o biri başında 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

201 


balacaboy, böcəyəbənzər adam oturub diqqətlə qulaq asır? Qaratoyuqun pillə-pillə yüksələn səsi 

bir an sonra gərəksiz fikirləri Uinstonun başından çıxardı. Mahnı sərin meh kimi bədənini 

oxşayır, yarpaqların arasından süzülən günəş işığına qarışıb qeyri-adi bir gözəllik və rahatlıq 

hissi yaradırdı. İndi Uinston heç nə fikirləşmirdi, yalnız musiqini dinləməyə, his etməyə çalışırdı. 

Qucaqladığı cavan qız beli yumşaq və hərarətli idi. Culiyanı özünə tərəf çəkdi. Sinəsini döşlərinə 

dayadı. Sanki bir-birlərinə yapışmışdılar. Əlini bədəninin harasına aparırdısa, Culiya yağ kimi 

əriyir, su kimi axıb gedirdi. Özlərindən asılı olmayaraq dodaqları bir-birini tapdı. Bu bayaqkı 

tələsik, qətiyyətsiz öpüşə bənzəmirdi. Aralanıb nəfəslərini dərdilər. Qaratoyuq elə bil nədənsə 

duyuq düşmüşdü. Qanadlarını çalaraq uçub getdi.  

Uinston dodaqlarını qızın qulağına yapışdırıb pıçıldadı: 

– Gəl... 

– Burada yox, - Culiya da pıçıltı ilə cavab verdi. - Bayaqkı talaya qayıdaq. Ora daha 

təhlükəsizdir. 

Tələsə-tələsə, budaqları şaqqıltı ilə aralayaraq çəmənliyə qayıtdılar. Təzədən göyrüş pöhrəliyinin 

arxasında görünməz olandan sonra Culiya ona tərəf çevrildi. İkisi də kəsik-kəsik nəfəs alırdı. 

Bayaqkı zərif təbəssüm yenə qızın dodaqlarında peyda olmuşdu. Bir neçə saniyə sakitcə dayanıb 

Uinstona baxdı, sonra əlini kombinezona atdı. Nəhayət! Demək olar ki, eynən Uinstonun 

xəyallarında canlandırdığı kimi bir göz qırpımında onu sivirib əynində çıxardı, sanki bütöv bir 

sivilizasiya ilə vidalaşırmış kimi teatral jestlə kənara tulladı. Ağappaq bədəni gün işığında bərq 

vururdu. Amma o anda Uinston qızın bədəninə baxmırdı. Gözlərini onun qorxmadan bütün 

dünyaya meydan oxuyan zərif təbəsüm dolu çil-çil sifətinə zilləmişdi. Culiyanın əlini əllərindən 

buraxmadan onu yaşıl otların üstünə tərəf çəkdi.  

– Sən... əvvəllər də belə iş görmüsən? 

– Əlbəttə. Yüz dəfə... Yaxşı, olsun on dəfələrlə... 

– Kiminlə? Partiya üzvləri ilə? 

– Əlbəttə. Ancaq Partiya üzvləri ilə.  

– Aralarında Daxili Partiya üzvləri də olub?  

– Yox. O donuzlarla yox! Əlbəttə, əllərinə balaca bir imkan düşsə, çoxları istərdi. Onlar zahirən 

göründükləri qədər də müqəddəs deyillər.  

Uinstonun ürəyi sürətlə döyündü. Deməli, qız belə işlə dəfələrlə məşğul olub. Uinston isə yüz, 

hətta min dəfələrlə təkrarlanmasını istəyirdi... Aşılanan, korlanan, pozulan hər şey onda vəhşi bir 

ümid oyandırırdı. Kim bilir, bəlkə Partiya içəridən çürümüşdü. Hər yerdə gözə soxulan 

coşqunluq ruhu, fədakarlıq əhvali-ruhiyyəsi tənəzzülü gizlətməyə xidmət edən butaforiyadan 

başqa bir şey deyildi? Uinsonun imkanı olsaydı, Partiya üzvlərinin hamısını cüzama, yaxud 

sifilisə yoluxdurardı. Həm də necə ləzzətlə yoluxdurardı! Hər şeyin tənəzzülə uğraması, 

çürüməsi, dağılması üçün əlindən gələni eləməyə hazır idi. Qızın qollarından tutub aşağı çəkdi. 

İndi ikisi də çəmənlikdə, dizləri üstdə üz-üzə oturmuşdular. 

– Qulaq as. Nə qədər çox kişi ilə olmusansa, səni bir o qədər çox sevirəm. Nə demək istədiyimi 

başa düşürsən? 

– Əlbəttə.Yüz faiz! 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

202 


– Təmizliyə nifrət eləyirəm. Əxlaq qaydalarına nifrət eləyirəm. İstəyirəm dünyada saxta ləyaqət, 

fəzilət kimi qələmə verilən heç nə qalmasın. İstəyirəm hər şey son zərrəsinə, son damlasına 

qədər pozulsun, korlansın! 

– Onda biz bir-birimizə tam uyğun gəlirik, əzizim. Mən də iliklərimə qədər pozulmuşam. 

– Bu işdən xoşlanırsan? İndiki görüşümüzü demirəm. Ümumiyyətlə, kişilərlə olmağı 

xoşlayırsan?  

– Xoşlayırsan nədir? Ölürəm belə şeylərdən ötrü! 

Uinston ən çox bu sözləri eşitmək istəyirdi. Qoy qadınlarda tək bir kişiyə məhəbbət olmasın. 

Qoy onlara heyvani instinkt, idarəedilməz şəhvət duyğusu hakim kəsilsin. Partiyanı parçalayıb 

dağıda biləcək yeganə qüvvə budur! Culiyanı çəmənliyə, bayaq əlindən yerə dağılmış zəngçiçəyi 

güllərinin üstünə uzatdı. Bu dəfə hər şey çox asanlıqla alındı. Nəfəslərini dərib rahatlıqla dolu 

gücsüzlük içərində yan-yana uzandılar. Bir an öncə həyəcandan bərk-bərk döyünən ürəkləri 

tədricən sakitləşməyə başladı. Günəşin hərarəti daha da artmışdı. İkisinin də yuxusu gəlirdi. 

Uinston əlini uzadıb yaxınlıqdakı kombinezonu götürdü. Ehtiyatla qızın üstünü örtdü. Deyəsən, 

gözlərini yuman kimi dərhal yuxuya getdilər. Təxminən yarım saat yatdılar.  

Uinston birinci ayıldı. Qalxıb oturdu. Hələ də başını ovcunun içinə qoyub dərin yuxuya dalmış 

Culiyanın çil-çil sifətinə tamaşa etməyə başladı. Dolu, al-qırmızı dodaqlarını çıxmaq şərtilə onun 

gözəl olduğunu demək çətin idi. Diqqətlə baxanda gözlərinin kənarındakı xırda qırışları da 

görmək olurdu. Qısa, qara saçları həm sıx, həm də çox yumşaqdı. Uinston hətta o “işdən” sonra 

da qızın familiyasını, harada yaşadığını bilmədiyini təəccüblə düşündü.  

Culiyanın yuxuda tənha, köməksiz görünən cavan, hərarətli bədəni Uinstonda qıza qarşı qəribə 

himayədarlıq duyğusu oyatmışdı. Amma bununla belə, bir az əvvəl, qoz ağacının altında dayanıb 

qaratoyuğun nəğməsinə qulaq asdıqları vaxt duyduğu zərif hisslər nədənsə qayıtmırdı. 

Kombinezonu azacıq qaldırıb Culiyanın hamar, ağappaq bədəninə tamaşa etdi. Fikirləşdi ki, 

əvvəllər kişi qadına baxıb özündə istək duyanda məsələ həll olunmuş sayılırdı. İndi isə nə təmiz 

məhəbbətdən, nə də həqiqi ehtirasdan söhbət gedə bilər. Heç bir ülvi hiss qalmayıb. Hər şey 

qorxu və nifrətə bulaşıb. Onların sevişmək üçün bir-birlərini qucaqlamaları döyüş, işi uğurla 

qurtarmaları qələbə sayıla bilərdi. Bu, Partiyaya endirilmiş zərbə idi. Siyasi etiraz idi.  

 

 

III fəsil 



– Bura bir dəfə də gələ bilərik, - Culiya dilləndi. - Bir yerə iki dəfə gəlmək o qədər də qorxulu 

deyil. Amma aydın məsələdir ki, yalnız aradan bir, bəlkə də iki ay keçəndən sonra burada 

görüşmək olar.  

Yuxudan oyanandan sonra qızın davranışı tamam dəyişmişdi. Yenə əvvəlki kimi qətiyyətli və 

işgüzar görkəm almışdı. Dərhal paltarlarını geyindi, qırmızı qurşağını belinə bağladı. Qayıtmaq 

planının təfərrüatlarını izah eləməyə başladı. Təşkilatçılığı əlinə alması çox təbii görünürdü. 

Uinstonla müqayisədə gündəlik həyat məsələlərində böyük təcrübəsinin olduğu hər addımda hiss 

edilirdi. Üstəlik də, çoxsaylı ictimai turist səfərləri zamanı London ətrafını incəliklərinə qədər 

öyrənmişdi. Uinstonun qayıtması üçün tamam fərqli marşrut seçmişdi. Şəhərə dönüşü başqa 

vağzalda sona çatmalı idi. Qız “Heç vaxt gəldiyin yolla qayıtma!”-deyə hansısa mühüm prinsipi 

elan edirmiş kimi, sözlərinə təntənəli ahənglə yekun vurdu. Birinci o getməli idi. Uinston yarım 

saat gözləyəndən sonra yola çıxa bilərdi.  



Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin