“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
203
Culiya dörd gün sonra, iş qurtarandan sonra harada görüşə biləcəklərini də izah etdi. Bu şəhərin
kasıblar yaşayan məhəlləsindəki küçələrdən biri idi. Qarşı tərəfdə bazar yerləşdiyindən həmişə
səs-küy və basabas olurdu. Culiya xırda dükanların arasında gəzib özünü ayaqqabı bağı, yaxud
tikiş sapı axtaran kimi göstərəcəkdi. Əgər təhlükə hiss olunmasa, Uinston yaxınlaşanda bərkdən
asqıracaqdı. Əks təqdirdə isə o, özünü görməməzliyə vurub yoluna davam etməli idi. Bəxtləri
gətirsə, kütləyə qarışıb on-on beş dəqiqə danışa biləcəkdilər. Növbəti görüşlə bağlı vədələşmək
imkanları da olacaqdı.
– Tez getməliyəm, - deyə Culiya təlimatlarının dəqiq anlaşıldığına inanandan sonra vidalaşmağa
başladı. - Gərək düz saat on doqquz otuzda şəhərdə olum. Hələ bundan sonra vaxtımın iki saatını
da Gənclərin Antiseks Liqasına sərf etməli olacağam. Deyəsən nə isə intibahnamə paylamaq
lazımdır. Özün de, buna rəzalətdən başqa nə ad vermək olar? Zəhmət olmazsa, üst-başımı çırp.
Saçlarımda yarpaq, ya ot qalmayıb ki? Əminsən? Elə isə sağ ol, əzizim. Hələlik!
Culiya özünü Uinstonun qolları arasına atdı. Onu dəlicəsinə öpməyə başladı. Bir neçə saniyədən
sonra isə pöhrəliyə girib meşədə yox oldu. Uinston yalnız indi xatırladı ki, yenə də qızın soyadını
və ünvanını öyrənə bilməyib. Amma bunun elə bir əhəmiyyəti yox idi. Nə zamansa bir dam
altında görüşəcəklərini, yaxud bir-birlərinə məktub göndərəcəklərini hətta təsəvvürə gətirmək də
mümkün deyildi.
Amma işin tərsliyindən, meşədəki talaya qayıda bilmədilər. Bütün may ayı ərzində yalnız bir
dəfə görüşə bildilər. Yenə də Culiyanın tapdığı başqa gizli yer idi. Otuz il əvvəl, müharibə vaxtı
atom bombası düşən, sonralar heç kəsin yaşamadığı ərazidəki yarıuçuq kilsənin zəng qülləsində
görüşmüşdülər. Yolu çox təhlükəli olsa da, sığınacağın etibarlılığına söz ola bilməzdi. Qalan
vaxtlar hər axşam küçədə görüşürdülər. Hər dəfə yeni ünvan tapır, heç vaxt yarım saatdan çox
birlikdə olmurdular. Küçədə qırıq-qırıq da olsa danışmağa imkan yaranırdı. Heç vaxt yanaşı
getməmək, bir-birlərinə baxmamaq şərtilə səkiləri doldurmuş insan kütləsinə qarışıb qəribə
tərzdə-qısa, kəsik-kəsik ifadələrlə söhbət edirdilər. Belə söhbət əslində mayak işığının yanıb-
sönməsinə bənzəyirdi. Yaxınlıqda teleekran olduğunu təxmin edəndə, yaxud qarşıdan
kombinezonlu Partiya üzvünün gəldiyini görəndə dərhal susurdular. Sonra söhbəti qaldıqları
yerdən, elə cümlənin, ya da ifadənin ortasından davam etdirirdilər. Ayrılmağı şərtləşdikləri
nöqtəyə çatanda Uinston, yaxud Culiya sözünü ağzında yarımçıq qoyub uzaqlaşırdı. Növbəti gün
isə, müqəddiməsiz-filansız, danışığa ara verdikləri yerdən başlayırdılar. Culiya belə söhbət
üsuluna çox tezliklə alışmışdı. Onu “möhlətli danışıq” adlandırırdı. Həm də, demək olar ki,
dodaqlarını tərpətmədən danışmaq kimi qəribə vərdişə yiyələnmişdi. Bir aylıq axşam görüşləri
ərzində yalnız bir dəfə öpüşə bilmişdilər. Sakitcə dalda küçələrin biri ilə addımlayırdılar.
(Adamların gur olduğu yerlərdən uzaqlaşanda Culiya danışmamağı daha üstün tuturdu). Birdən
qulaqbatırıcı gurultu qopdu, ayaqlarının altında torpaq titrədi, hava qaraldı. Səki elə bil ikisini də
göyə qaldırıb təzədən yerə çırpdı. Uinston özünə gələndə böyrü üstdə yıxıldığını, sir-sifətinin
cızıldığını gördü. Bərk qorxmuşdu. Deyəsən, yaxınlıqda mərmi partlamışdı. Culiyanın təbaşir
kimi ağarmış sifəti bir qarışlığında idi. Qızın hətta dodaqları təbaşir rəngində idi. “Öldürülüb!”-
Uinstonun beynindən keçən ilk fikir bu oldu. Culiyanın başını əlləri arasına alıb özünə tərəf
çəkdi. Bir an sonra sevinc içərisində öpdüyü sifətin istiliyini hiss etdi. Əhəng tozu pudra kimi
dodaqlarına yapışmışdı. İkisinin də rəngi həm qorxudan, həm də tozdan ağappaq ağarmışdı.
Elə axşamlar da olurdu ki, şərtləşdikləri yerə gəlir, amma bir-birlərinə baxmadan, kəlmə
kəsmədən ayrılırdılar. Çünki gah döngədən patrul çıxır, gah başlarının üstündə helikopter asılıb
qalırdı. Hətta təhlükə yaranmasa belə, görüş üçün vaxt tapmaq müşkülə çevrilmişdi. Uinston
həftədə altmış saat işləyirdi. Culiyanın iş günü daha uzun idi. Müxtəlif sahələrdə
çalışdıqlarından, asudə saatları çox vaxt üst-üstə düşmürdü. Culiyanın tamam boş qaldığı
axşamlar isə nadir hallarda olurdu. O, günün çoxunu mühazirə və nümayişlərdə keçirir,
Gənclərin Antiseks Liqası xətti ilə ədəbiyyat paylanmasında, Nifrət Həftəsi üçün şüarlar
hazırlanmasında, könüllü ianə toplanmasında və başqa oxşar tədbirlərdə iştirak edirdi. Belə
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
204
maskalanmağın əvəzini sonra artıqlaması ilə çıxdığını deyirdi. Culiyanın fikrincə, kiçik
qaydalara əməl etmək böyük qaydaları pozmağa imkan yaradırdı. O, Uinstonu da dilə tutub bir
axşamını ictimai-könüllü işə qurban verməyə razı salmışdı. Nəticədə Uinston ən təəssübkeş
Partiya üzvləri kimi hərbi sursat hazırlığında iştirak edən könüllülərin siyahısına yazılmışdı. İndi
həftədə bir dəfə canını dişinə tutub axşam saatlarını içərisində yel vurub yengələr oynayan, hər
tərəfi bürümüş çəkic taqqıltıları ilə teleekranın aramsız musiqisi biri-birinə qarışan yarıqaranlıq
emalatxanada keçirir, çox güman ki, bombaların partladıcı mexanizmində istifadə edilən hansısa
kiçik dəmir parçalarını döyəcləyib əyirdi.
Kilsənin zəng qülləsində görüşdükləri gün kəsik-kəsik söhbətlərinin arasındakı boşluğu doldura
bildilər. Bürkülü bir günorta idi. Zənglərin üstündəki kiçik dördkünc otağın durğun, boğanaq
havasında nəfəs almaq olmurdu. Hər tərəfə göyərçin zılının kəsif iyi hopmuşdu. Artıq neçə saat
idi ki, kağız və çör-çöp qırıntıları ilə dolu tozlu döşəmədə oturub danışırdılar. Arada hərdən gah
Uinston, gah da Culiya ayağa qalxıb otağın dar pəncərəsindən ətrafa baxır, kimsənin gəlib-
gəlmədiyini yoxlayırdılar.
Culiyanın iyirmi altı yaşı vardı. Otuz qızla birlikdə yataqxanada yaşayırdı. “Hər yerdən arvad iyi
gəlir. Heç bilirsən bu arvadlara necə nifrət edirəm?!” - deyə sözarası yataqxananın dözülməz
şəraitindən narazılığını dilə gətirmişdi. Əvvəlcədən də təxmin etdiyi kimi qız Ədəbiyyat
Departamentində, roman yazan maşınlara texniki xidmət sahəsində işləyirdi. Güclü, lakin şıltaq
elektrik motorlarına qulluq etmək xoşuna gəlirdi. İntellektual sahədə çalışmaq üçün Culiyanı
kifayət qədər “ağıllı” saymamışdılar. Amma əlinin çevikliyinə, texnikadan yaxşı baş çıxardığına
görə işini qiymətləndirirdilər. Romanların yazılması prosesini Plan Komitəsi tərəfindən
direktivlərin verilməsindən tutmuş Son Redaktə Qrupunun tamamlama işlərinə qədər, bütün
təfərrüatı ilə təsvir edə bilərdi. Böyük zəhmət bahasına yaranan hazır məhsul isə onu qətiyyən
maraqlandırmırdı. “Oxumaq həvəskarı deyiləm”-deyirdi. Culiyanın təsəvvüründə kitab da alma
cemi, yaxud çəkmə bağı kimi adi istehlak mallarından biri idi.
60-cı illərdən əvvəlki dövrlə bağlı yadında heç nə qalmamışdı. Tanıdığı adamlardan İnqilaba
qədərki hadisələr haqqında yalnız bir nəfər-səkkiz yaşı olanda gözlənilmədən yoxa çıxan babası
danışmışdı. Məktəbdə xokkey komandasının kapitanı olmuşdu. İki il dalbadal gimnastika üzrə
birinciliyi qazanmışdı. Kəşfiyyatçılar dərnəyində bölük komandiri, Gənclərin Antiseks Liqasına
qoşulmamışdan əvvəl Yeniyetmələr İttifaqının sahə katibi vəzifələrini tutmuşdu. Hər yerdə adı
yalnız yaxşılığa çəkilmişdi. Onu hətta Pornosekdə (bu da inanılmış şəxslərə göstərilən etimadın
təzahürü sayılırdı) işə cəlb etmişdilər. Pornosek Ədəbiyyat Departamentinin şöbələrindən biri
idi. Prolların arasında yaymaq üçün ucuz pornoqrafiya nümunələri hazırlayıb çap edirdi. Qızın
dediyinə görə, hətta əməkdaşlar özləri həmin şöbəni “Peyin Damı” adlandırırdılar. Culiya orada
təxminən bir il işləmiş, “Yaddaqalan tarixçələr”, “Qızlar məktəbində bir gecə” kimi kitabların
hazırlanmasında iştirak etmişdi. Bu kitabları mağazalara ağzı bağlı zərflərdə göndərirdilər.
Proletar gəncliyi onu gizlincə alır, bir müddət qadağan edilmiş ədəbiyyatla tanışlıq sevincinin
təəssüratı altında yaşayırdı.
– O kitablarda nə yazılır? - deyə Uinston soruşdu.
– Dəhşətli cəfəngiyyat. Həm də darıxdırıcı şəkildə. Cəmi altı süjet var. Sadəcə, hər dəfə ora-
burasını dəyişdirirlər. Mənim işim yalnız kaleydoskopla bağlı idi. Son Redaktə Qrupunda heç
vaxt olmamışam. Çünki, əzizim, hətta bu səviyyədə də ədəbiyyatdan başım çıxmır.
Uinston təəccüb içərisində Pornosekin bölmə rəhbərlərindən başqa bütün işçilərinin cavan qızlar
olduğunu öyrəndi. Çünki geniş yayılmış fikrə görə, qadınlarla müqayisədə kişilərdə cinsi
instinkti nəzarətdə saxlamaq daha çətin sayılırdı. Onların təmasda olacaqları bu çirkabdan
yoluxmaq ehtimalları daha böyük idi.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
205
– Orada heç ərli qadınların da olmasını istəmirlər,-deyə Culiya sözünə davam etdi. Hesab edirlər
ki, qızlar pak, təmiz varlıqlardır. Qarşında dayanan şəxs isə bunun tam əksi olan məxluqdur.
Culiya ilk seksual təcrübəsini 16 yaşında, altmış yaşlı bir Partiya üzvü ilə yaşamışdı. Bir müddət
sonra həmin şəxs həbsdən canını qurtarmaq üçün intihar etmişdi. “Çox düzgün seçim idi!”-deyə
Culiya əlavə etdi. - Yoxsa istintaqda mənim adımı da dilindən çəkib qoparardılar”. O vaxtdan
bəri müxtəlif kişilərlə gəzib-dolaşmışdı. Onun təsəvvürünə görə həyat çox sadə bir sxem
üzərində qurulmuşdu. Sən yaxşı yaşamaq istəyirsən, “onlar” (Partiya üzvlərini nəzərdə tuturdu)
isə buna imkan verməməyə çalışırlar. Onda sən də qaydaları bacardığın kimi pozmalı olursan.
“Onların” yaxşı yaşamağa mane olmaq cəhdi Culiyaya özünün qaydaları pozmaq və ilişməmək
istəyi qədər təbii görünürdü. Culiya Partiyaya nifrət edir, nifrətini də həmişə ən kəskin sözlərlə
dilə gətirirdi. Lakin heç vaxt ictimai xarakterli tənqidə meyil göstərmirdi. Şəxsi həyatı ilə əlaqəli
məsələlər istisna olmaqla, Partiyanın fəaliyyəti və təlimi Culiyanı qətiyyən maraqlanmırdı.
Uinston gündəlik danışıq dilindəki tək-tük kəlmələrdən başqa, qızın Yenidil sözləri işlətmədiyinə
də diqqət yetirmişdi. Qardaşlıq haqqında heç vaxt eşitməmişdi. Onun mövcudluğuna inanmaq
istəmirdi. Partiya əleyhinə təşkil edilən, lakin uğursuzluğa düçar olacağı əvvəlcədən bilinən
qiyam cəhdinə səfehlik kimi yanaşırdı. Culiyanın fikrincə, ağıllı iş qaydaları mənafeyinə uyğun
şəkildə pozmaq və bu zaman sağ-salamat qalmağı bacarmaq idi. Uinston öz-özünə sual verirdi
ki, görəsən İnqilab dövründə boya-başa çatan gənc nəslin sıralarında Culiya kimi çox şeydən
xəbərsiz olan, Partiyanı torpaq, yaxud səma kimi əbədi, əzəli sayan, ona qarşı mübarizə
aparmaqdansa, itin dişlərindən qurtardığına sevinən dovşan kimi gözdən yayınıb öz həyatını
yaşamaq istəyənlərin sayı nə qədərdir?
Evlənməkdən heç vaxt danışmırdılar. Bu o qədər əlçatmaz arzu idi ki, hədər yerə vaxt itirib
müzakirə açmağa da dəyməzdi. Hətta Uinston möcüzə nəticəsində arvadından-Ketrindən xilas
olsaydı belə, heç bir komitə onlara talelərini birləşdirməyə icazə verməzdi. Boş ümidlərlə
yaşamağın mənası yox idi.
– O qadın..., sənin arvadın necə adam idi?-deyə Culiya soruşdu.
– Necə adam idi? Yeni dildə belə bir söz var: xoşgörülü. Bilmirəm, eşitmisənmi? Anadangəlmə
mühafizəkar prinsiplərə etiqad edən, hətta xəyallarında belə həmin prinsiplərdən kənara çıxmağa
qadir olmayan adamlar haqqında işlədilir.
– Yox, dediyin sözü eşitməmişəm. Amma o tipli adamları yaxşı tanıyıram.
Uinston ailə həyatından danışmağa başladı. Çox qəribə idi: Culiya danışdıqlarının bir çox
mühüm məqamlarını əvvəlcədən bilirdi. Culiya ərinin əli toxunan zaman Ketrinin bədəninin az
qala qıc olması, onu bərk-bərk qucaqladığı halda həm də sanki var gücü ilə özündən kənara
itələməsi haqda elə dəqiq təsəvvürə malik idi ki, sanki qadının yerinə özü Uinstonla bir yatağa
girmiş, aralarında olan hər şeyi özü yaşamış, özü hiss etmişdi. Belə məsələlərlə bağlı Culiya ilə
söhbətin asan olduğunu dərhal başa düşmüşdü. Ketrinə gəldikdə isə, arvadı indi onun aləmində,
iztirablı keçmişdən daha çox ürəkbulandıran xatirəyə çevrilmişdi.
– Əgər bir məsələ olmasaydı, bəlkə hər şeyə dözərdim, - deyə Uinston Ketrinin hər həftənin eyni
günü onu heç bir həzz duymadığı soyuq mərasimə məcbur etməsindən danışmağa başladı. - Özü
də bu işə nifrət edirdi. Lakin məhz mühafizəkar münasibətinə görə heç vəhclə əsla ürəyindən
olmayan bu istəyin qarşısını ala bilmirdi. Bilirsən, o işə necə ad qoymuşdu? Yox, heç
təsəvvürünə də gətirə bilməzsən!
– Bizim partiya borcumuz! - deyə Culiya fikirləşmədən cavab verdi.
– Bunu haradan bilirsən?
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
206
– Əzizim, mən də məktəbə getmişəm. On altı yaşı tamam olan şagirdlərlə ayda bir dəfə seksual
münasibətlər mövzusunda söhbət aparılır. Sonra Yeniyetmələr İttifaqında olmuşam. Belə
cəfəngiyyatı illərlə adamın beyninə yeridirlər. Hətta deyərdim ki, çox vaxt bəhrəsini də görürlər.
Amma təbii ki, hamıya eyni gözlə baxmaq olmaz. Çünki insanlar əksərən qeyri-səmimidirlər.
Culiya mövzu ilə bağlı fikirlərini şərh etməyə başladı. Söhbətə nədən başlasalar da, əvvəl-axır
gəlib seksuallıq məsələsinin üstünə çıxırdılar. Bu məsələdə isə onun mülahizələri həmişə çox
ağıllı səslənirdi. Uinstondan fərqli olaraq Culiya Partiyanın hər vasitə ilə puritanlıq təbliğatı
aparmasının mənasını yaxşı başa düşürdü. Məsələ təkcə cinsi instinktin özünəməxsus dünyasının
olmasında, yaxud Partiyanın öz nəzarətindən kənarda qalan həmin dünyanı bütün mümkün
yollarla məhv etməyə çalışmasında deyildi. Məsələ seksual aclığın isteriya yaratmasında idi. Bu
isteriya Partiyanın işinə yarayırdı. Çünki onu asanlıqla müharibə ehtirasına, yaxud rəhbərə
pərəstiş hissinə çevirmək olurdu. Culiya mürəkkəb mətləbləri öz sadə məntiqi ilə izah edərək
deyirdi:
– Bir adamla yatanda enerji itirirsən. Amma özünü xoşbəxt sayırsan, dünyanı vecinə almırsan.
Onlar isə heç vaxt heç kəsin xoşbəxtlik duyğusunu yaşamasını istəmirlər. Həmin enerjinin daim
sənin içində qaynamasını istəyirlər. Bütün bu mənasız yürüşlər, şüarlar, bayraqların dalğalanması
- seks istəyinin söndürülməsindən başqa bir şey deyil. Əgər sən daxilən özünü xoşbəxt
sayırsansa, niyə Böyük Qardaşdan, Üç İllik Planlardan, Nifrət İkidəqiqəliklərindən və başqa
mənasız cəfəngiyyatlardan ötrü həyəcanlanıb coşmalısan?
Uinston ürəyində qızın dediklərinin hamısı ilə razılaşırdı. Həqiqətən də, seksual bakirəliklə siyasi
mühafizəkarlıq arasında sıx və birbaşa əlaqə vardı. Güclü instinkti möhkəm əllərlə idarə
etmədən, ondan qorxunc qüvvə kimi yararlanmadan qəzəbi, nifrəti, kütbeyin sədaqəti necə son
həddə qədər qızışdıra bilərsən, onları hansı yolla işinə yarayan enerjiyə çevirə bilərsən? Cinsi
ehtiras Partiya üçün qorxuludur. Bu səbəbdən də Partiya onu xidmətində dayanmağa məcbur
edir. Eyni oyunu valideynlik instinktinin də başına açıblar. Ailə duyğusunu birdəfəlik aradan
qaldırmaq mümkün deyil. Odur ki, keçmiş vaxtlarda olduğu kimi, valideynləri öz övladlarını
sevməyə təşviq edirlər. O biri tərəfdənsə, uşaqları düşünülmüş şəkildə ata-analarının üstünə
qaldırırlar. Onları casusluğa, valideynlərinin Partiya mövqeyindən yanlış görünən söz və
hərəkətləri haqqında xəbərçiliyə alışdırırlar. Bütün bunlar mahiyyət etibarı ilə ailənin Fikir
Polisinin əlavəsinə çevrilməsinə gətirib çıxarır. Hər insanın yanında gecə-gündüz fəaliyyətdə
olan xəbərçi - onun ən yaxın adamı dayanır.
Özü də fərqinə varmadan yenə Ketrini xatırladı. Əgər Ketrin beyninə doldurulmuş fikirlərə
sədaqət baxımından həqiqətən də belə səfeh olmasaydı, ərini çox asanlıqla Fikir Polisinə təslim
edə bilərdi. Həmin anda Ketrini yadına salan isə günortanın boğucu bürküsü, bir də dəhşətli
istidən alnında muncuqlanan tər damlaları idi. On bir il əvvəl, eynən belə isti yay günü baş verən,
daha doğrusu, baş verməyən hadisə haqqında Culiyaya danışmağa başladı.
Evliliklərinin üçüncü, yaxud dördüncü ayı idi. Kent qraflığına ictimai turist yürüşü zamanı
azmışdılar. Dəstədən cəmi bir neçə dəqiqəliyinə dala qalmışdılar. Nəticədə yolu səhv salmış,
gedib dərin uçurumu xatırladan köhnə əhəng daşı karxanasının kənarına çıxmışdılar. Qarşılarını
dibində sal qayalar görünən on, bəlkə də iyirmi metr dərinliyində qorxunc yarğan kəsmişdi. Yolu
soruşmağa kimsə yox idi. Azdıqlarını bilən Ketrin bərk narahatlıq keçirirdi. Turistlərin səsli-
küylü dəstəsindən bircə dəqiqəliyə də olsun aralanmaq onun nəzərində intizamı kobud şəkildə
pozmaq sayılırdı. Vaxt itirmədən gəldikləri yolla qayıdıb axtarışı davam etdirmək istəyirdi. Elə
bu vaxt Uinston yarğanın dibindəki qayaların arasında topa-topa bitmiş kolları gördü. Onlardan
birində, eyni budaqda al-qırmızı və bənövşəji rəngdə iki müxtəlif çiçək açılmışdı. Uinston
ömründə belə şey görməmişdi. Tez Ketrini çağırdı ki, gəlib təbiətin qəribə möcüzəsinə tamaşa
eləsin.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
207
– Ketrin, bax! Bax, gör necə çiçəklər açılıb! Lap aşağıdakı o kolu deyirəm. Orada eyni koldakı
iki müxtəlif rəngli gülü görürsən?
Ketrin bir neçə addım aralanmışdı. Amma əsəbiliyini gizlədərək geri qayıtdı. Hətta Uinstonun
göstərdiyi yeri görmək üçün yarğanın dibinə tərəf əyildi. Uinston bir az arxada dayanıb yüngülcə
onun belindən yapışmışdı. Birdən fikirləşdi ki, burada tamam yalqızdırlar. İkisindən başqa
ətrafda ins-cins yoxdur. Hər şey susub, hər şey dayanıb. Hətta ağacların yarpağı tərpənmir, hətta
bir quş da ötmür. Belə yerdə gizli mikrofondan qorxmamaq olardı. Hətta mikrofon olsa belə,
yazmağa bir səs yox idi. Günortanın ətalət və yuxu gətirən ən isti vaxtı idi. Günəş bütün hərarəti
ilə yandırıb-yaxırdı, Uinstonun üzündə tər damlaları parıldayırdı. Qəflətən ağlına gəldi ki...
– Niyə onu itələyib uçuruma yıxmadın? - Culiya sözünün dalını gətirməyə imkan vermədi. - Mən
olsaydım, belə fürsəti əldən verməzdim.
– Elədir, əzizim, qətiyyətliliyinə inanıram. İndiki ağlım olsaydı, yəqin mən də fürsəti əldən
buraxmazdım. Bilmirəm. Bəlkə də yox... Əmin deyiləm.
– Onu uçuruma itələmədiyinə görə təəssüflənirsən?
– Aha. Ümumilikdə götürəndə, təəssüflənirəm.
Tozlu döşəmədə yanaşı oturmuşdular. Uinston qızı özünə tərəf çəkdi. Culiyanın başı çiyinlərinə
söykəndi. Saçlarının xoş rayihəsi göyərçin peyininin qoxusunu yoxa çıxardı. Uinston fikirləşdi
ki, qız hələ çox cavandır, hələ həyatdan nə isə gözləyir. Başa düşmür ki, xoşuna gəlməyən adamı
itələyib uçuruma yıxmaq heç nəyi həll etmir.
– Əslinə baxsan, yenə də heç nə dəyişməyəcəkdi.
– Bəs elə isə niyə təəssüf edirsən?
– Hər hansı hərəkəti hərəkətsizlikdən üstün tutduğuma görə. Qoşulduğumuz oyunda qalib
gəlməyimiz mümkün deyil. Sadəcə bəzi uğursuzluqlarımız qalanlarına nisbətən daha münasib
görünür.
Culiya çiyinlərini çəkməklə narazılığını bildirdi. Uinston belə danışanda həmişə etiraz edirdi. O,
insanın daim məğlubiyyətə məhkumluğu fikrinin təbiətin qanunu olması haqda hətta eşitmək
istəmirdi. Təbii ki, məhvə məhkum olduğunu, əvvəl-axır Fikir Polisinin əlinə düşüb ölümə can
verəcəyini anlamamış deyildi. Amma beyninin hansısa hüceyrələri ilə gizli dünya qurmağın,
orada istədiyin kimi yaşamağın mümkünlüyünə də inanırdı. Fikirləşirdi ki, bunun üçün gərək
həm bəxtin gətirsin, həm də hiyləgər və cəsur olasan. Culiya hələ də başa düşmürdü ki, bu
dünyadakı həyatda xoşbəxtlik deyilən şey yoxdur, qələbə yalnlz uzaq gələcəkdə, onlar yer üzünü
tərk edəndən çox-çox sonra qazanıla bilər. Anlamırdı ki, Partiyaya müharibə elan etdiyin andan
özünü canlı insan yox, meyid saymalısan.
– Biz hamımız meyitik. - Bunu Uinston dedi.
– Hələ meyit deyilik. - Culiya laqeyd şəkildə düzəliş verdi.
– Cismən meyit deyilik. Altı ay, bir il, uzaqbaşı beş il. Mən ölümdən qorxuram. Sən gəncsən,
deməli, məndən daha çox qorxmalısan. Aydındır ki, bacardığımız qədər ölümü yaxına
buraxmamağa çalışacağıq. Amma bizim istəyimiz vəziyyəti çox az dəyişdirir. İnsan indiki
halında qaldıqca, ölümlə həyatın heç bir fərqi olmayacaq.
– Cəfəng sözlərdir! Mənimlə yatmaqdan daha çox həzz alırsan, yoxsa skeletlə? Məgər həyatda
olduğuna, yaşadığına görə sevinmirsən? Mənə baxmaq, əllərimə, ayaqlarıma toxunmaq,
yeridiyimi, nəfəs aldığımı, yaşadığımı görmək, bütün bunları hiss etmək sənə xoş deyil?
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
Dostları ilə paylaş: |